Cərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm...Millətimə budur sözüm:Çadırlara alışmayın!

Nə gen-bolu, nə də darı,Nə qırışı, nə hamarı...Yığışdırın bu bazarı,Çadırlara alışmayın!

Vurun, deşin dolu kimi,Qırın tikan kolu kimi,Uzaqlaşan dəli kimi...Çadırlara alışmayın!

Əski-üskü dam-daşımız?!Burda xeyir-şər aşımız?!Qaraçı da yoldaşımız?!Çadırlara alışmayın!

Burda tapmayın rahatlıq,Bir dəqiqə, bir saatlıq,

Aman günü! El-elatlıq...Çadırlara alışmayın!

İmarətə tən olsa da,Pəncərəsi gen olsa da,Dövrəsi gülşən olsa da,Çadırlara alışmayın!

Tayfa deyil, millətik biz,Bir evik, bir külfətik biz,Saraylara şöhrətik bizÇadırlara alışmayın!

Burum-burum qalxır tüstü,Deməyiniz bu da bəsdi.Məst etməsin sizi isti,Çadırlara alışmayın!

Sən ey xalqım, ey diyarım,Ey cavanım, ixtiyarım,Ey didərgin balalarım,Çadırlara alışmayın!

Barışqanlıq cinayətdir,Lap bir anlıq - cinayətdir,Alışqanlıq - cinayətdir,Çadırlara alışmayın!

3 dekabr, 1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets