Xalam Rübabəyə

Xalamgilin həyətində bircə ağac var,Neçə ömür yola salmış püstə ağacı.Xalam ona hər baxanda oğlunu anar,Köks ötürər, səbr eləyər, nədir əlacı?!

Yazda ağac bəzənəndə təzə gəlintəkOğul toyu gəlib durar gözündə onun.– Balam hanı? Çərxin dönsün,- deyər, ay fələk!Bir cavabsız sual gəzər üzündə onun.

Sinəsində çarpazlaşar sevinc ilə qəm,O baxanda bir cavanın uca boyuna...Oğlunun toy axşamını anarsa, bu dəmTəsəlliylə qanadlanar nəvə toyuna.

Yayda püstə salxım-salxım gətirəndə bar,Dərər, onu qonşulara paylayar xalam.Balasının sovqatını torbada saxlar

İnam ilə yol gözləyən ixtiyar xalam.

Mənim xalam həsəd çəkər, qibtə eləyər,Meyvəsiylə fərəhlənən bu xilqətə də.Ürəyində oğul dərdi hər axşam-səhərGileylənər allaha da, təbiətə də.

Hamı örtər qapısını girincə payız,Bir qəriblik, bir sakitlik çökər hər yerə.Külək əsər... xalam gəzər həyətdə yalqız.Səpələnər qızıl-qızıl xəzəllər yerə.

Xalam baxar üryan qalmış ağaca bu dəm.Baxar, baxar, özünü də oxşadar ona.Xatırladar o günü ki, çaxnaşdı aləm,Səmum yeli həsrət qoydu onu oğluna...

Qışda püstə başdan-başa bürünər qara,Budaqlardan buz sallanar almaz sırğatək.Onda xalam ümidini bağlar bahara,Deyər: - Oğlum harda olsa, yazda gələcək.

Axı yazda həyat gülür, təbiət gülür,Köçüb gedən quşlar belə, qayıdır geri.Arzu dolu hər ürəyə səadət gülür,Cana gəlir püstənin də düyməcikləri.

Deyirlər ki, atılanda novruzun topuHasil olur neçə mətləb, neçə arzu-kam.Səbrim dönüb ümman olar həqiqətsə bu,Təki bayram axşamına qayıtsın balam!

O, haçandır yol gözləyir bu minval ilə,Bir il deyil, beş il deyil, illərdən bəri.Qorxusundan xəyalına gətirmir beləÜmidini puç edəcək bəd fikirləri.

Oğlu gəlib göz önündə canlanır müdam,İynə ucu şübhə belə ondan kənardır.Püstə ilə bir sürəcək ömrünü xalam,Onun barı, bunun isə balası vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets