Toy da mənimkidir, yas da mənimki,Ölən də mənimdir, qalan da mənim.Zil də mənimkidir, pəs də mənimkiQanmaz da mənimdir, qanan da mənim.Bu bərli-bəzəkli gəlin otağı,

O yanıb kül olmuş otaq da mənim,O kömürə dönmüş körpə qundağı,Bu kukla - gəlincik uşaq da mənim.

Bir maşın rəngbərəng lent ilə əlvan,Bir maşın güllədən deşmə-deşmədir.Birində fışqırır qırmızı şampan...Birində qızıl qan çeşmə-çeşmədir.

Ərənlərim gedir, ərlərim ötür.Qara xəbər gəlir hər axşam çağı.Zurna-qavalına millətlər gülür,Bəs necə götürüm mən bu danlağı?!

Nə olar, eybi yox, toyun mübarək!Qırx bir qırx beşdə də toylar çalıblar.Ancaq xısın-xısın qan-yaş tökərəkNakam uşaqları yada salıblar.

Toyu ləngitmək də günahdır, bəli,Bu da el sözüdür, el məsləhəti.Bəs sən şəhər boyu siqnal verəli -

Bəs mən hara yazım bu xəcaləti?!

Haranın külünü töküm başıma?Sən də mənimkisən, ay başa bəla!Yalan xeyir-dua gəlmir xoşumaƏllərim gicişir vallah, az qala...

Axı necə yatsın canıma bu toy?Arsız hay-həşirin çəkir mənə dağ.Yə’ni heç yadına düşmür goranboy?Yə’ni heç vecinə gəlmir Qarabağ?!

Qeyrətə çağırır Şuşa ceyranı,Çağırır yaralı-yaralı səni.Çağırır axdıqca gözünün qanı,Bu gün Qarabağın maralı səni.

Bir maşın rəngbərəng lent ilə əlvan...Bir maşın güllədən deşmə-deşmədir...Birində fışqırır qırmızı şampan...Birində qızıl qan çeşmə-çeşmədir.

1 oktyabr, 1991.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland