I

Əvvəl Ələsgərdi Əlişin adı.
Müharibəyəcən belə yaşadı.
Yarımçıq qayıtdı müharibədən,
Dedilər:
Ələsgər qayıdıb-gəlib,
Gördülər,
qayıdan Ələsgər deyil,
Alışdır, dəli Əliş...
Rus dili müəllimimiz
demişkən:
"Kontujını" Əliş,
"Nenujını" Əliş.
Əliş qayıtmışdı,
adamlar hələ
Deyirdi,
Ələsgər qayıdıb gələr.
Əlişin arvadı da gözləyirdi
Ələsgəri.
Əliş yazıq da başladı
Ələsgəri gözləməyə.

Ələsgər qayıdıb gəlmədi ancaq.
Adamlar
Alışa öyrəşdi axır,
Əliş baxdı
Ələsgərin arvadına
fağır-fağır.
Ələsgərin arvadı
atmadı Alışı.

II

Əliş "kontujnı" idi,
amma "nenujnı" deyildi.
Papağında ulduz yeri vardı,
döşündə medalı vardı.
Bir də velosipedi...
Velosipedinin
bircə sol pedalı vardı,
Əliş sağ ayağıyla
irəli itələyərdi velosipedi.
Məktub daşıyardı Əliş evlərə,
İtlər də Alışa hürməzdi qəsdən.
Hirslənib söyərdi Əliş itlərə,
İtlər onu adam saymırlar deyə.

III

Əliş zarafata dözən deyildi,
İllah uşaqların zarafatına.
Uşaqlar Alışa sataşardılar,
Bir dəfə qutuya məktub saldılar
Ələsgərin arvadının
adına.
Guya Ələsgərdi məktubu yazan,

Qürbətdə əsirmiş guya nə vaxtdı,
İndi əsirlikdən qayıdacaqdı.
Əliş nə biləydi
bu nə iş idi.
Məktubu oxuyub,
inanıb yəqin,
Sonra hayandasa gizlətmiş idi.
Öləndə cibindən tapıldı məktub,
Göz yaşı pozmuşdu sətirlərini.

IV

Əlişin cibində
pul olmazdı heç,
bircə şahı da.
Əliş deyərdi:
Allah var,
Amma çox yuxarıdadır,
ya da biz çox aşağıda.

V

Yuxu kimiydi, yuxu kimi...
Əlişin
Ələsgərin arvadının
yatağına girməsi.
Hıçqırığını
papiros kötüyütək sıxardı
dişlərində.
Əlişin öpüşləri
daha "utancaq" idi,
daha "ağıllı" idi
Ələsgərin öpüşlərindən.

VI

Nə zamansa kəndimizdə
bir Ələsgər doğulmuşdu.
Qaldırdılar
Əlişin tabutunu.
Birdən bir ağ atlı çıxdı
buludların içindən.
Gördülər ki,
Ələsgərdir ağ paltarlı.
ağ atlı.
Yerə düşdü atından.
Adamlar yol verdilər -
Ələsgər də yapışdı
Əlişin tabutundan.
Apardılar
Alışı dəfn etməyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets