Nizami şeirinin özünəməxsusluğu
Page 1 of 2
Etibardan düşürdüm caduları sehrimlə,
Mələkləri çaşdırdım sənətimlə, şerimlə..
Nizami
Təbim qadın deyildir, atəşi özündəndir,
Bakir ikən o doğur, Məryəm əyarındadır.
N i z a m i
Həyatından bəhs olunarkən göstərildiyi kimi, Nizami, şərqli-qərbli bütün tədqiqatçıların fikrincə, klassik İran ədəbiyyatında sənətin ən yüksək zirvəsinə qalxmış bir ustaddır. O, eşq dastanı ilə poema yazmaqda İslam şərqində tayı-bərabəri olmayan bir şairdir; ədəbiyyatın bu növündəki yaradıcılıq haqqı hər kəs tərəfindən tanınmış böyük sənətkardır.
Tədqiqatçılar “Xosrov və Şirin”və “Həft peykər” müəllifi Nizaminin eşq dastanı yazmaqda rəqibsiz olmasında yekdildirlər. Heç kəsə bu ölçüdə və bu biçimdə bir dastan yazmaq nəsib olmamışdır.
Bu dastanların qəhrəmanları olan Xosrov ilə Bəhramın macəralarını Firdovsi də qələmə almışdır. Fəqət Nizami onların bütün həyatları ilə deyil, yalnız eşq macəraları ilə maraqlanmışdır; bunu da Firdovsidə olmayan bir genişliklə və özünə xas bir yeniliklə yazmışdır. Əslində, Nizami sənətkarlığının əsaslı keyfiyyətlərindən başlıcası bu yenilikdir. Şair gedilmiş yolla yeriməyib özünəməxsus yol açmağı əsas şüarı etmişdir. Necə ki belə deyir: “Alimin (yəni Firdovsinin) söyləmiş olduğunu bir daha demədi, çünki təkrar yaxşı deyildir; “eşqbazlıq” sahəsindən qalan hissədə qazilərin qılıncı kimi kəskin sözlər işlətdim”.
“Xosrov və Şirin” poemasının müqəddiməsindən götürdüyümüz bu beytlərə “İskəndərnamə”nin başlanğıcındakı bu beytləri də əlavə edək:
“Sözü bir gəlin kimi bəzəyən tuslu alim (yəni Firdovsi) bu “namə”dən (yəni “İskəndərnamə”dən) bəhs etmişsə də, deyilməli bir çox şeyləri deyilməmiş qoymuşdur. Çünki tarixdəki bütün hadisələri yazsaydı, dastan həddindən çox uzanardı. Zövqünə yatmayanlardan sərfnəzər etməklə, o, yalnız zəruri saydıqlarını qeyd etmişdir. Halvanı tək yemək adət olmadığından, beləliklə, dastanın bir qismini də dostlar üçün saxlamışdır”.
Nizami bu əqidədədir ki, “İskəndərnamə”ni də (Firdovsinin toxunduğu fatehlik mövzusunu da ehtiva etməklə) yeni bir tərzdə, “Şahnamə”ni tamamlayacaq şəkildə qələmə almışdır.
“Xəmsə”yə daxil olan poemalar “məsnəvi” adlanan müstəqil qafiyəli beytlərlə yazılmışdır. Firdovsinin əsəri də bu şəkillə yazılmışdır. Fəqət “Şahnamə” timsalında ancaq qəhrəmanlıq mövzularına, başqa sözlə, epik əsərə münasib sayılan bu forma, Nizamidə didaktika və lirikaya da uğurlu tərzə tətbiq olunmuşdur. Bunun üçündür ki, Nizami məsnəviçiliyin mahir yaradıcılarından ən böyüyü kimi qəbul edilmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi, dastan dilinə lirik və emosional bir çalar bəxş etmişdir.
Islamdan sonrakı türk ədəbiyyatının əsaslarını şərh edəb M.Fuad Köprülü də, Nizamidən əvvəl məsnəvi yazanların mövcudluğunu və bu formada müxtəlif mövzuların işləndiyini qeyd etməklə bərabər, Nizaminin bu tərzdə yenilikçi olduğunu aşağıdakı cümlələrlə təsdiq etmişdir: “...hissiyyatının riqqət və dərinliyi, ifadə tərzinin poetikliyi və zərifliyi etibarı ilə həqiqətən misilsiz bir şair olan Gəncəli Nizami, sonralar, “Pənc-gənc” ümumi altında birləşdirilən beş məsnəvisi ilə sələflərini ötüb keçərək, bu yolda bir çox xüsusiyyətlər göstərmiş və əvvəlki şairləri az qala unutdurmuşdur. Əvvəlki məsnəvilərdə əlfaz və qafiyəyə, tərtibə, ədaya böyük bir etina edilmir, yalnız hekayə ilə kifayətlənilirdi. Nizami isə forma və məzmunda olan bu qüsurları aradan qaldırmaqla yanaşı, təhkiyədə də daha artıq qüvvət və ustalıq göstərmiş, bir sözlə, bu tərzə ən mükəmməl bir şəkil vermişdir”.
“Məsnəvi yazanların şeyxi” deyə anılan Nizami, ədəbiyyatın başqa növ və janrlarında da öz qüdrətini isbat etmiş bir ustaddır. Qəsidələri, mövzu etibarilə, klassik mədhlərə bənzəməməklə yanaşı, forma və sənətkarlıq baxımından onların ən parlaqları ilə müqayisə ediləcək bir səviyyədədir. H.Daniş, Nizaminin “Səramədani-süxən”ə daxil etdiyi bir qəsidəsindəki əzəmət və ahəngi “qorxunc bir fırtına qopduğu əsnada eşidilən göy gurultusuna” bənzədir: “vəzn kəlmələr və hərflər ilə insan qulağında əjdaha nərəsi kimi səslənir”.
Qəsidədə bu qüdrəti göstərən şairin qəzəlləri də gözəl və nəfisdir. Nizami qəzəldə də özünəməxsus bir üslub və keyfiyyətə malikdir. Şair mövzu etibarı ilə qəzəldə də ona xas olan ideyalılığa sadiq qalmaqla yanaşı, forma baxımından da yeniliklər nümayiş etdirmişdir.
Məlum olduğu kimi, qısa, adətən 5 və ya 7 beytdən artıq olmayan lirik bir parçadan ibarət olan qəzəlin beytləri arasında məna baxımından məntiqi bir bütövlük axtarılmaz; hər beyt özlüyündə müstəqil bir fikir ifadə edir. Nizaminin qəzəllərində isə, Bertelsin də qeyd etdiyi kimi, beytləri bir-birinə bağlayan məzmun bütövlüyü vardır. Belə ki, Nizaminin qəzəlindən götürülən bir beyt, təkbaşına, digər beytlərdən ayrılıqda müstəqil bir məna ifadə etməz. Onun qəzəlləri özlüyündə üzvi vəhdət təşkil edən əsərlərdir.
Nizami dövrünün misilsiz bir hekayətçisidir. Onun hekayələrində müasir romançılığa məxsus keyfiyyətlər vardır. Onun yazmış olduğu poemalar hər hansı mahir rejissor və rəssama müasir kino üçün növ və təxəyyül baxımından zəruri olan ən parlaq mövzu və materiallar verir. Nizami yaradıcılığında “Min bir gecə” nağıllarındakı Şərq fantaziyası ilə müasir Avropa ədəbiyyatındakı “obraz” məfhumunun realistliyi çulğaşır. Şair əlindəki materiallar üzərində işləyərək, ədəbi obrazlarını stilizə etməyi bacarır. “Qısa boyluları uzadır; həddindən artıq boy atmış uzunları isə qısaldır”.
Nizaminin ədəbi obrazı necə anladığına yuxarıda bir münasibətlə toxunmuşduq. “Doğruya bənzər yalan” adlandırdığı bu realizmdən, bəzən qələmə aldığı məsəl janrı vasitəsilə gerçək olmayan hadisələrdən bəhs etdiyi zaman belə, şair incə bir işarə ilə oxucularını ayıq saxlamağı unutmur: Şirinin Xosrova bağışladığı “Şəbdiz” adlı qara atın qara daşdan düzəldilmiş bir ayğır heykəlinə sürtünərək hamilə qalmış madyandan doğulduğu barədə rəvayəti nəql edərkən, məsələn, “Bu bəhsi tez qurtaraq, yoxsa o biri söylədiklərimiz üçün də şübhə oyanar” – deyir. Və ya Fərhadın ölərkən əlindən atdığı külüngün nar çubuğundan olan sapının yaş torpağa batıb cücərdiyindən və bütöv bir ağaca çevrilərək narla dolduğundan danışanda “Nizami bu ağacı görməyib, yalnız hekayətini bir kitabda oxumuşdur” – deyir.
Nizami yalnız qəhrəmanlarının daxili aləmini açan psixoloji təhlildəki məharəti və ya hadisələrin baş verdiyi mühit və şəraiti təsvirdəki qüdrəti ilə deyil, eyni zamanda, peyzaj yaratmaqda misilsizliyi ilə də diqqəti cəlb edir.
Təbiət Nizami şerinin ən canlı bir ünsürüdür. Təbiət qədər qüdrətli və onun qədər gözəl qələmindən, sehirli bir fırça möcüzəsi ilə yaradılan qeyri-adi tablolar kimi çıxan canlı təbiət mənzərələri “Xəmsə”nin oxuduqca zövqündən doyulmayan səhifələrini təşkil edir. Hələ şairin, heyvan olsun, bitki olsun, hətta cansız olsun, təsvir etdiyi təbiət ünsürlərində bir can və şüur təsəvvür etməsi və onları ruhi bir həyat ilə yaşatması özlüyündə ayrı aləmdir.
Nizami yaradıcılığında təbiət, bizim bildiyimiz kimi, baş verən hadisələrə heç də laqeyd deyildir. Əksinə, şeylər sevinən və ya iztirab çəkən insanla daxilən bağlıdırlar. Onu anlayır və ona yanırlar. Təbiətin bu şəkildə qavranılması “Leyli və Məcnun” poemasında bütün dərinliyi ilə üzə çıxır. Özündən keçmiş və daimi “cəzb” halında olan Məcnun insanlardan qaçaraq təbiətə sığınır. Insanlar “Məcnun” deyə ondan üz çevirdikləri halda, heyvanlar onunla dost olurlar. Yalnız heyvanlar deyil, bitkilər belə onu anlayırlar. Məcnunun ağacla etdiyi söhbət buna misal ola bilər.
Nizamidə rəmzçilik (simvolizm) müasir impressionistlərin də yetmədikləri bir yüksəklikdədir. Nizami avropalıların “metafora” adlandırdıqları istiarənin misilsiz ustadıdır. Şair fikirlərini bol-bol işlətdiyi məcazi deyimlər və nadir təşbehlərlə ifadə edir ki, H.Ritter buna “təmsil” və ya “təsvir dili” mənasını verən “biedersprache” deyir.
Nizaminin bu dili özlüyündə bir sənətdir. Bu sənət haqqında müəyyən təsəvvür verə bilmək üçün burada şairin istiarələrindən bir neçə nümunə gətirməyi faydalı sayırıq.
Məsələn, gecənin düşdüyünü bildirmək istərkən, şair “günəşin camı daşa dəydikdə, dünya xalq üçün dar bir şüşəyə döndü” – deyir:
Cəhan bər xəlq şod çun şişe-ye təng
Ço aməd şişe-ye xorşid bər səng.
Nizami istiarəsində günəşin çıxması da özünəməxsus bir dillə verilir: “Sübh tezdən fələyin çırağı dünyanın gözəl üzünü işıqlandırdıqda...” – deyir.
Ke çun bamdadan çerağ-e sepehr
Cəmal-e cəhan-ra bər əfruxt çehr.
Çayda çimən gözəldən bəhs edərkən, şair çeşmə ilə güldən istifadə edir və:
Əcəb başəd ke qol-ra çeşme şuyəd
Qələt qoftəm, ke qol bər çeşme ruyəd –
deyir: Şirinin Mədainə gedərkən yolda bir çeşmədə çimdiyini bilirik. Bu zaman Mədaini tərk edən Xosrovun Şirinə rast gələrək onu uzaqdan seyr etdiyini də xatırlayırıq. Bu səhnəni təsvir edərkən, Nizami gənc kişinin baxışlarından utanan çılpaq gözəlin halını çeşmədə titrəyən aya bənzədir:
Ze şərm-e çeşm-e u dər çeşme-ye ab
Həmi lərzid çun dər çeşme məhtab!
Müəyyən vaxtda – səhərə yaxın üfüqdə bərabər görünən günəş ilə ayın evləndiklərini qeyd edən şair, bu cütləşmədən “dan yeri analığının hamilə qaldığına” işarə edir:
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-nizami-seirinin-ozunemexsuslugu
Use ← → keys to move, R for a random poem
More by this author
MÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Stalinlə ixtilal xatirələriKitab Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cüildə Türkiyədə çap etdirdiyi seriya məqalələrindən ibarətdir. Buraya böyük
Poems by other poets
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Neylərəm ol cənnəti içində dildar olmasaNeylərəm ol cənnəti içində dildar olmasa,Qoy anı viranə qalsın bağçada bar olmasa.