Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Page 4 of 7 · 43%

Mirzə Əliabbas

Kim olacaq? Ticarət dünyasının iki böyük tülküsü.

Kəblə Muxtar

Ey, çörəyimi yeyib mənə təpik atma, ağzının sözünü bil.

Mirzə Əliabbas

Sizi nəzərdə tutmuram, Kəbleyi, siz düzlüyün, vicdanın, namusun canlı heykəlisiniz.

Kəblə Muxtar

Bərəkallah, yaxşı danışdın, xoşuma gəldin. Pal-paltarın niyə bu gündədir? Bu kostyumu cəmisi bir aydır sənə vermişəm, gör nə kökə düşüb, ləkə-ləkədir.

Mirzə Əliabbas

Mənim bu kostyumum canlı muzeydir, Kəbleyi. Bu böyük ləkəyə bax, Hacının qonaqlığında konyak töküblər, bu ləkəni upravanın banketində...

Kəblə Muxtar

Evə gedən kimi atarsan zibil yeşiyinə, mənim qəhvəyi kostyumumu geyərsən. Qonaqlardan ayıbdır.

Mirzə Əliabbas

Təşəkkür, yerdən göyə qədər.

Kəblə Muxtar

Bəri gəl, bu teleqramı bir də oxu... Sonra adlarını çaşbaş salaram.

Mirzə Əliabbas (teleqramı oxuduqdan sonra)

Biri Nəsrullah bəy Otaylinski, o biri Əhməd bəy Butaylinski...

Kəblə Muxtar

Adları bizim adlardır. Ancaq familiyaları birtəhərdir.

Mirzə Əliabbas

Mənə elə gəlir ki, bunlar ya acardırlar, ya tatar... Bəlkə də bir qolları Asetiya müsəlmanları tərəfə uzanır.

Kəblə Muxtar

Kimdirlərsə mənimçün fərqi yoxdur. Ticarətdə millət yoxdur, pul var. Puldan da yəqin kalandırlar. Birbaşa mənim üstümə teleqram vurublar. Milyoner olmasaydılar bu qələti eləyə bilməzdilər.

Mirzə Əliabbas

Əlbəttə, eləyə bilməzdilər. Pulu olmayan kasıbın Kəblə Muxtar ilə nə işi var? Pul çox yaxşı şeydir, Kəbleyi.

Kəblə Muxtar

Onu sən də başa düşmüsən?

Mirzə Əliabbas

Onu dünyada yalnız mən bilirəm, Arximed istinad nöqtəsi axtarır ki, dünyanı çevirsin. İstinad nöqtəsi puldur. Ver mənə, bütün kainatı baş-ayaq eləyim.

Kəblə Muxtar

Sən yalnız dünyanın şərab dükanlarını başayaq eləyə bilərsən.

Mirzə Əliabbas

Şərab haqqında hörmətsiz danışmayın. Dünya nədir? Əzəmətli bir şərab çəlləyi.

Əlibaba içəri girir.

Kəblə Muxtar

Haradasan, a bivec?..

Əlibaba

Əleykəssalam. Kəbleyi, müsəlman müsəlmana əvvəlcə salam verər.

Kəblə Muxtar

Sənin kimi müsəlmanın başına kül olsun.

Əlibaba

Mirzə Əliabbas, necəsən, əziz canın üçün səni bu atamdan çox istəyirəm.

Mirzə Əliabbas

Ürəkdən ürəyə yol var!

Kəblə Muxtar

Tfu sənə, sözümə cavab da vermir. Səndən soruşuram, haradasan?

Əlibaba

Qədeş, bilirsən ki, klubdayam.

Kəblə Muxtar

Ay səni klubda basdırım.

Əlibaba

Qədeş, yaxşı dedin. Lap ölüb, qalmalı yerdir.

Kəblə Muxtar

Ha, ha, ha... A köpək oğlu, söz üçün cibinə girmirsən ha!

Əlibaba

Mal yiyəsinə oxşamasa haramdır.

Kəblə Muxtar

Gəl, gəl gedək qonaqları qarşılamağa. Allah mənə sənin kimi oğul verincə bir qatır versəydi, daha mərifətli olardı. Düz deyirəm, Mirzə Əliabbas?

Mirzə Əliabbas

Necə diliniz gəlir, a Kəbleyi?

Əlibaba

İstədiyindən elə deyir. Bura bax, Mirzə Əliabbas, üzünü o yana çevir, qədeşə bir kəlmə söz deyəcəyəm.

Kəblə Muxtar

Yenə nə kələyin var, ay haramzadə?!

Əlibaba

Bəri gəl! (Onu bir tərəfə çəkir) Bura bax, saqqal, bir az pul burax.

Kəblə Muxtar

Rədd ol buradan, mən də deyirəm bəxtəvər olmuşam, oğlum ağıllı bir söz deyəcək.

Əlibaba

Puldan ağıllı bir söz mənim fikrimə gəlmir.

Kəblə Muxtar

O avara dayına oxşadığın gün dağılaydı. Caladım qanımı it qanına.

Əlibaba

A, a... Məməyə deyəcəyəm. Sən onu itə oxşadırsan.

Kəblə Muxtar

Sus, ata ilə oğul arasında min söz olar. Gedib orada-burada danışmazlar.

Əlibaba

Neyləyim ey... Bir qəpik pul istəyən kimi cibini yumub, ağzını açırsan.

Kəblə Muxtar

Pul sabah... Bu gün bir qəpik də olmaz. Axşam bacının nişan məclisidir. Sən gərək evdə olasan. Bildin? Di gəl, gedək, körpüyə.

Əlibaba

Yeri, gəlirəm. (Kəblə Muxtar gedir) Sən öl, bu cür yapışqan kişi görməmişəm.

Mirzə Əliabbas

Valideyniniz haqqında bu cür danışmağınız yaxşı deyil.

Əlibaba

Neyləyim, ay Mirzə Əliabbas, bu qədər yaşamaq olar ki, o yaşayır? Mən nə qədər gözləyim ki, əlim dövlətə çatsın?!

Mirzə Əliabbas

Bu dünyada daimi heç bir şey yoxdur.

Əlibaba

Tamamilə haqlısan, bu dünyada daimi heç bir şey yoxdur. Dünən gecə sən birdən-birə ömrünü bizə bağışladın.

Mirzə Əliabbas

Necə, yuxuda görmüsən ki, mən ölmüşəm?

Əlibaba

Yuxuda yox, həqiqətdə sən öldün.

Mirzə Əliabbas

Bu sözlərin fəlsəfi mənasını başa düşmürəm.

Əlibaba

Bu gün başa düşərsən, canım üçün, Mirzə Əliabbas, səni qucaqlamaq, hönkür-hönkür ağlamaq istəyirəm. Səndən necə ayrılacağam, bilmirəm, xəcalətimdən muncuq-muncuq tər tökürəm.

Əliabbası qucaqlayır. İmamqulu içəri girir.

İmamqulu

Neyləyirsən?

Əlibaba

Bu cür qızıl kimi bir şəxsdən ayrılıram.

İmamqulu

A kişi, bir fırlan görüm.

Mirzə Əliabbas

Neyləyim?

İmamqulu

Bundan sonra bir sözü məndən iki dəfə soruşma, fırlan!

Əliabbas bir dəfə yerində dönür.

Əlibaba

Quş kimidir, maşallah...

İmamqulu

Ağırdır, bir az arıqlasa yaxşıdır. Adam öldürmək bacarırsan?

Mirzə Əliabbas

Yox, ömrümdə heç kəsi öldürməmişəm.

İmamqulu

Bu lap keydir ki. Eybi yoxdur, öyrədərəm. (Əlibabaya) Çox təcrübəsizdir.

Əlibaba

Yaxşı xətti var...

İmamqulu

Nəyimə lazımdır, dəftərxana açmıram ki? (Əliabbasa) A kişi, düş qabağıma, bir yeri, baxım.

Mirzə Əliabbas

Mən heç nə başa düşmürəm.

Əlibaba

Neyləyim, başa salmağa vaxt qalmadı, tələsik oldu.

İmamqulu

Hə, yeri görək. Ayağını iri-iri at, əlini belinə qoy.

Çıxırlar. Jandarm kapitanı ilə casus içəri girirlər.

Kapitan

On üç nömrəli.

Casus

Bəli, cənab kapitan!

Kapitan

Bu gün burda rristavda şübhəli adamlar görmüşəm. Onlar deyəsən, Həştərxandan gələn gəmini qarşılayırlar. Demək, bu gəmi ilə kim isə gəlir.

Casus

Doğru buyurursunuz, cənab kapitan, gəmi boş gəlməyəcək ki?

Kapitan

Bu gələn adam bizi çox maraqlandırır, on üç nömrəli!

Casus

Gözümdən qaçmaz, cənab kapitan, məni ki, tanıyırsınız, sərçəni dimdiyindən vururam.

Kapitan

Bu sərçəni vurmaq yox, tutmaq lazımdır.

Casus

Bir suala icazə verin.

Roza səhnədən keçib gedir.

Kapitan

Dayan, diqqətlə bax, bu qızı gördünmü?

Casus

Gördüm, cənab kapitan, bu mələyi kim isə hürküdüb, salıb Bakının cəhənnəminə.

Kapitan

Bu nə söhbətdir eləyirsən? Farağat, iki addım qabağa, gözlərinlə məni ye!

Casus

Yeyirəm, cənab kapitan!

Kapitan

Sən əlahəzrət padşahın xidmətində dayanmış bir qarışqasan. Səndə heç bir insani hiss olmamalıdır.

Casus

Onsuz da yoxdur, cənab kapitan.

Kapitan

O bizimçün qadın deyil, obyektdir. Yanında bir oğlan da var, bura ikisi bir yerdə gəliblər. Onları gözdən qoyma, gör kimi qarşılayırlar, kiminlə danışırlar, nə barədə danışırlar? Qızın əlindəki çantadan gözüm su içmir. Çalış o çanta ilə yaxından tanış ol, gör içində nə var. Hamısını öyrənib mənə xəbər ver.

Casus

Baş üstə, cənab kapitan!

Kapitan

İndi sualını ver!

Casus

Lazım olsanız, sizi haradan tapım?

Kapitan

Cəhənnəmin dibindən.

Casus

Birbaş ora gedirsiniz?

Kapitan

Mənimlə zarafat eləyirsən, haramzadə? Farağat, iki addım qabağa. Sən nəsən?

Casus

Qarışqayam, cənab kapitan!

Kapitan

Qarışqa lal olmalıdır. Biz danışmırıq, danışdırırıq, gülmürük, güldürürük. Diqqətlə qulaq as, heyvan, insan ol, çaşdırma! Mən saat yeddiyə kimi idarədə olacağam. Yeddidən sonra Parapetin yanındakı mehmanxanada...

Casus

Başa düşürəm, cənab kapitan.

Kapitan

Qaş-gözünü mənasız-mənasız oynatma. Bu gün cənab general-qubernator preferans buyuracaqlar, qapısında növbə çəkməliyəm. Məni orada tapa bilərsən. Əgər orda yoxamsa, bilirsən haradayam?

Casus

Xeyr, sizin olduğunuz yer böyük dövlət sirridir, heç kəs bilməməlidir.

Kapitan

Sənə demək olar. Orada tapılmasam, Kəblə Muxtargildə olacağam. Bu gün onun qızına mənim dostum nişan gətirir. Get, tapşırığa əməl elə. Dayan! (Yavaşdan, qulağına) Bizi bir yerdə gördülər, şübhələnə bilərlər. Ehtiyatlı gəlmisən?

Casus

Bığ, saqqal, yapışqan yanımdadır.

Kapitan

Çəkil bir tərəfə, sifətini, yerişini dəyiş. İkimiz də gözdən itirik.

Gedirlər. Roza çıxıb, səhnə arxasına işarə eləyir. Xosrov ilə Əyyub əmi gəlirlər.

Roza

Jandarma kapitanı buralarda hərlənir, bir nəfərlə pıçıldaşırdı, deyəsən məni nişan verirdi.

Əyyub əmi

O adamı yaxşı-yaxşı görə bildin?

Roza

Ötəri. Daz kişidir, bığ-saqqalı da yoxdur.

Xosrov

Burnu toxumluq xiyar boyda?

Roza

Bilmirəm. Mən kişilərin burnuna baxmıram.

Əyyub əmi

Sən dediyin adamı mən tanıyıram. Molla əmi şəklini də çəkmişdi. Yox, onu bura göndərməzlər, hamı tanıyır.

Roza

Ağac kimi dayanmışdı, elə bil oxlov udmuşdu.

Xosrov

Yəqin təzə adamdır.

Əyyub əmi

Ehtiyatlı olun, quyruğunuz var.

Xosrov

Bizim quyruqsuz vaxtımız olur ki?.. (Rozaya) Yanındadır?

Roza

Budur, çantada.

Xosrov

Birdən bir bəhanə ilə bizi axtara bilərlər. Əyyub əmi, bir əmanətimiz var, onu qoyun cibinizə, sonra alarıq.

Əyyub əmi

Belə getsə mənə də quyruq yapışdıracaqsınız. Verin bəri. (Rozadan kağızları alıb gizlədir) O kağızlardandır, qızım?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 min
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 min
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 min
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 min

Poems by other poets