Page 3 of 4 · 50%

Səadət

Yasəmən, bağla dəftəri!..

Yasəmən

Bağladım. Onsuz da, elə tez-tez danışırlar ki, heç nə yaza bilmirəm.

Nazlı

Qoyun yazsın, qoyun hamı bilsin ki, otellolar dövrü çoxdan keçib, qan qaraltmağın mənası yoxdur.

Rövşən

Mən gedirəm. Ancaq onu da bil ki... O naməlum adam... Sənə əl uzadan o xain, o “Ə” kimdirsə, qoy o “Ə” olsun, mən də “R”. Gəl, əmioğlu! (Gedir)

Kamal

Bağışlayın, bu vəziyyətdə onu tək qoya bilmərəm. (Gedir)

Nazlı

Onun gülünü özünə qaytar. Humay, tez ol, nə qədər ki, uzaqlaşmayıblar, apar ver özünə.

Humay

O boyda gül dəstəsinə mənim gücüm çatmaz.

Nazlı

İndi ki, belə oldu. Mən də ayrı cür eləyərəm. (Güldanı götürür, sulu-zadlı pəncərədən küçəyə boşaldır). Onun özü də mənə lazım deyil, gülü də!

Humay

Ay qız, neyləyirsən, küçədən keçənlər nə deyər! Baho, kiminsə başına düşdü. Heç olmasa, qonaqlardan utan!

Nazlı

Qonaqlar məni bağışlasınlar! Humay, evdə nə varsa, gətir süfrəyə. Yeyək, deyək, gülək, çalaq, oynayaq... Azad, Səadət, oynayın, toyunuzu görməmişik, heç olmasa indi oynamağınızı görək. Yasəmən, keç pianonun arxasına.

Yasəmən

Mən niyə çalıram? Orkestr buradadır ki... (Dirijora müraciətlə) Maestro, rica edirəm!

Orkestr çalır. Səadət, Azad oynayır. Sonra Nazlı və Humay da oynamağa başlayırlar.

Xəlil kişi su içində, əlində gül dəstəsi gəlir.

Xəlil (öz-özünə)

Deyəsən, toydur. (Ətrafdakılara) Olsun, olsun, toyunuz mübarək olsun! (Musiqi kəsilir, hamı təəccüblə baxır) Küçədən keçəndə başıma həm su atdılar, həm də gül... Gəlin hanı, qoy bu gülü gəlinə təqdim eləyim. İçinizdə hamıdan çox gəlinə bu qız oxşayır. (Nazlıya yaxınlaşır, gülü ona uzadır)

Nazlı (təəccüblə)

Əmi, siz kimsiniz?

Xəlil

Mən Xəliləm.

Humay (Nazlıya)

Az, gülü götür, kişinin əli havada qaldı.

Nazlı (gülü alır)

Çox sağ olun.

Səadət

Nazlı, sənin indicə atdığın gülə oxşayır.

Yasəmən

Rövşənin gülünü həyat təkrar özünə qaytardı.

Azad

Kişiyə yer göstərin, qalıb evin ortasında.

Humay

Əyləşin, pencəyinizi çıxardın, yaşdır.

Xəlil

Çıxardaram da, hələ bir az da o yana gedərəm. O gülü tez suya qoyun, solar. Gülün kökü gərək həmişə suda olsun. Görmürsünüz, mənim də başımdan aşağı su töküblər ki, solmayım? (Evə diqqətlə baxır) Deyəsən, səhvən ayrı evə düşmüşəm, doğrudan toydur?

Humay

Xeyr, Nazlının anadan olan günüdür, balaca şadyanalıq eləyirik.

Xəlil

Əcəb eləyirsiniz... Təbriklər və gözəl-gözəl cümlələr! (Nazlı ilə görüşür) Bağışlayın ki, mane oldum. Bir deyin görüm, Rövşən adlı bir oğlan və onun həyat yoldaşı bu evdə hansı mərtəbədə, hansı mənzildə yaşayır?

Azad

Elə buradır, əmi, düz gəlmisiniz.

Xəlil

Buradır? Əşi, qoy oturmuşuq.

Yasəmən

Bu da ki, Rövşənin həyat yoldaşı.

Nazlı

Yasəmən!

Xəlil

Bir də salaməleyküm! (Nazlı ilə bir də görüşür) Lap yerinə düşüb ha! Getdim o evə... Qonşular dedilər ki, burada yaşayırsınız. Qumralın xətrinə gəlmişəm. Qoy bu saat ona xəbər verim, sakit olsun.

Humay

Qumral kimdir?

Xəlil

Bizim bacıqızı. Darıxma, bu saat hamısını danışacağam. Telefon sazdır?

Humay

Sazdır, buyur zəng elə. (Nazlıya) Mən gedim bu kişiyə pay gətirim. (Gedir)

Xəlil telefonun dəstəyini götürüb nömrəni yığır.

Xəlil

Qumral, sənsən? Danışan Xəlil dayındır... Kamalın əmisi oğlugildən. Heyf, Kamal özü burada yoxdur. Sənin yanındadır? Nə danışırsan? Sənin məsələni həll eləməyə gəlmişəm də... Qoyaram canına yel dəysin? Nə? Necə? Nahaq yerə gəlmişəm? Niyə? Alo! Alo! Acığı tutub, dəstəyi asdı. (Dəstəyi asır, aparata müraciətlə) Heç çəmxəm eləmə, Xəlil ki, bir işə girişdi, öldü var, döndü yoxdur.

Səadət

Yasəmən, yəqin bu qocada bir iş var.

Yasəmən

Səs salma. Əlimə göydən düşüb.

Nazlı

Heç nə başa düşmürəm.

Xəlil

Mən bu saat sizə hər şeyi başa salım. Əvvəlcə Rövşən kimdirsə, onu çağırın gəlsin.

Nazlı

Rövşənin daha bu evdə adı çəkilmir, əmi!

Xəlil

Əşi, qoy oturmuşuq. Rövşənə nə oldu ki, işdən çıxartdılar?

Azad

Çıxartdılar.

Xəlil

Bəs, vəzifəsini kimə veriblər?

Səadət

Yeri hələ boşdur.

Xəlil

Nazlı xanım, əgər cavan olsaydım, ərizə verərdim ki, o boş yerə məni götürəsiniz, heyif ki, bir az gecikmişəm.

Nazlı

Kişilərin qocası ilə cavanını bir-birindən seçmək olmur.

Yasəmən

Sən xarici görkəmə nə baxırsan? Ürək cavan olsun. Düzdür, əmi?

Xəlil

Lap düppədüz. (Yasəmənə diqqətlə baxır) Sən mənim gözümə tanış gəlirsən. Yenə köhnə yerindəsən?

Yasəmən

Köhnə yer hansıdır?

Xəlil

Buna bax, məndən soruşur ha!.. Sanqaçalda bufetdə işləmirdin? (Hamı gülür) Niyə gülürsünüz? Yoxsa, səhv salmışam?

Nazlı

Əmi, Yasəmən yazıçıdır.

Xəlil

Nədir?

Səadət

Yazıçı, şair.

Xəlil

Hə... eşitməmişəm. Məhsəti xanım – eşitmişəm. Natəvan Xurşud xanım – eşitmişəm. Amma Yasəmən adlı şair eşitməmişəm.

Səadət

Eşidərsiniz də...

Azad

Hələ cavandır.

Səadət

İndi də pyes yazmaq istəyir.

Xəlil

Nə olar – gözləyərik. Öyrəşmişik. O qədər pyes yazmağı vəd eləyib, yerinə yetirməyən yazıçı var ki...

Azad

Bu elələrindən deyil, əmi: dedi, eləyər.

Xəlil (Azada)

Sən də gözümə tanış gəlirsən axı, qardaşoğlu?

Azad

Mən də sizi haradasa görmüşəm!

Xəlil

Məni hər yanda görə bilərsən. Xəlil dayını hamı tanıyır. Sən Zərdabda prokuror olmamısan?

Azad

Xeyr, mən prokuror deyiləm.

Xəlil

Orada mənim bir prokuror dostum var idi, lap sənə oxşayırdı. Hərçənd bir az cüvəllağı idi, amma yaxşı oğlanlardan biri idi.

Azad

Mən sovxoz direktoruyam. Bu da maarif şöbəsinin müdiridir. Mənim həyat yoldaşımdır.

Xəlil (Səadətlə görüşür)

Salaməleyküm! (Azada) Lap yaxşı tapmısan. Sovxozun planı dolmayanda maarif müdiri tələbələri göndərər ixtiyarına...

Yasəmən

Nə məzəli qocadır!

Səadət

Qoca niyə olur? Görmürsən, hələ canı suludur, ürəyi cavandır.

Xəlil

Lap düz dedin, qızım. İndi bildim ki, əsil müəlliməsən. Xarici görkəmə nə baxırsınız. Mənim kimi həyatdan zövq alan insanların ürəkləri qocalmır. (Yasəmənə) Sən şairsən, bilərsən. Kitabın qabığı nə qədər cırıq, köhnə olur-olsun, içərisindəki yazılar həmişə cavan qalır.

Səadət

İyidin çulu cırıq olar.

Nazlı

Amma bəzi məzmunsuz kitablar da var ki, əl vuran olmur, həmişə bəzəkli qalır.

Xəlil

Bilirəm siz nəyə işarə eləyirsiniz. İnsan çətin kitabdır. Onu diqqətlə oxumaq lazımdır. Tələsik vərəqləyib bir tərəfə atmaq olmaz.

Səadət

Sözü gör hara gətirib çıxartdı!

Xəlil

Hə, dinmirsiniz, Nazlı xanım, düz demirəm?

Nazlı

Siz məni də tanıyırsınız?

Xəlil

Nə yalan deyim, tanımıram. Çünki sənin kimilərini bizim rayonlarda bir gün işləməyə qoymurlar.

Azad

Niyə?

Xəlil

Bu saat deyim “niyə”. Bir göyçək qız işə təyin olunan kimi, məsul işçilər başının üstünü kəsdirirlər, nəfəs almağa qoymurlar. Göz açıb yumunca, görürsən toyu eləyiblər.

Azad

Əmi, sən niyə bizim rayonlara böhtan atırsan?

Xəlil

Böhtan niyə atıram?! Elə götürək sənin özünü. Bax, bu Səadət xanım maarif müdiri təyin olunan kimi, qaraquş kimi aldın onu caynağına.

Yasəmən

Amma nə dedi!..

Səadət

Düz sözə nə demək olar! Heç əməlli-başlı toy eləməyə də qoymadı.

Azad

Ancaq bir məsələ var, əmi, mən ki, onu qulluqdan çıxarmamısan, işləyir.

Xəlil

Övladınız olana qədər! Bir uşağınız olan kimi bütün maariflə mədəniyyəti qurban eləyəcəksiniz o uşağa...

Yasəmən

Elə bil xəzinə tapmışam.

Səadət

Əmi, mən o siz deyən arvadlardan deyiləm. Öz sənətimi heç nəyə qurban vermərəm.

Xəlil

Bax, buna varam. Sən ki, belə mübarizsən, deməli uşağı sovxoz direktoru özü saxlayacaq.

Humay yemək gətirir.

Xəlil

Hə, uşaqlar, bir tədbir tökmək lazımdır.

Nazlı

Tədbir hazırdır. Biz onsuz da sabah axşam saat səkkizdə Humayın məsələsi üçün bu qarşıdakı bağda olacayıq. Əliqulu kişiyə də de, gəlsin ora... Lap mən özüm danışaram, arxayın olun, yola gətirərik...

Xəlil

Heç mən deməklə gələr?

Səadət

Məktub yazsanız, çağırsanız, gələr.

Azad

Səadətin bu barədə təcrübəsi var.

Yasəmən

Məktub məndə. Bu saat yazım, onu da çağırım. Yasəmən ağacının altına.

Hamı onun yazdığı məktubla maraqlandıqda otaq qaranlıqlaşır. Səhnə qabağında işıq yanır. Kamal və Qumral tələsik gəlirlər.

Kamal

Çatmışıq, onların evi buradı.

Qumral

Dayım bizi biabır eləmədi? İndi mən tanımadığım evə necə gedim? Utanıram.

Kamal

Getməsək işi daha da dolaşdıra bilər.

Qumral (avtomat telefonu götürür)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hər ürəkdə sevgi var

Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?

19699 min
Cavanlaşmaq dərmanı

Ağaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!

196412 min
Tükəzban xalanın məktəbi

Tərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..

197010 min
Nişanlı qız

5 pərdə, 6 şəkildə*İştirak edənlər

19531 min

Poems by other poets