Page 2 of 3 · 33%

Ceyran xala

Məni qınama, ananam. Deyir, qızın isməti – ananın dövləti. Yaxşı, gözünü sil, bu boyda idarənin böyüyü də ağlayar?

Bənövşə

Ağlayan özünsən, mənə deyirsən?

Ceyran xala

Mən heç... Ağlamağımla gülməyim bir olur, gözünü sil.

Bənövşə

Yaylığı mənə ver.

Ceyran xala

Niyə yaylıq götürməmisən? Al.

Bənövşə

Götürmüşəm, çantamdadır.

Ceyran xala

Çantan hanı?

Bənövşə

Orada, idarədə qoymuşam.

Ceyran xala

Nişan üzüyün hanı?

Bənövşə

O da çantamdadır.

Ceyran xala

Nişan üzüyü həmişə qızın barmağında olmalıdır.

Bənövşə

Bilirsən nə var, ana? Sən həmişə mənə deyirsən ki, ər-arvad bir-biri üçün işıq gətirməlidir. Əgər onun əlində işıq yoxdursa, mən neyləməliyəm?

Ceyran xala

Çalışmalısan ki, o da sənin kimi işıqlı olsun. Başa düşdün?

Bənövşə

Əgər sevgi yoxdursa, mənim çalışmağım heç bir nəticə verməz. Mən artıq onun sevgisinə də şübhə ilə baxıram.

Ceyran xala

Bura gələn var. Çəkil kənara, gözünü sil.

Onlar bir kənara çəkilir. Zərifə ilə Qəmər gəlirlər.

Zərifə (o yan-bu yana baxır)

Atam da burada yoxdur. (Çağırır) Ata! Yoldaş Mirzə Salman!

Qəmər

Onda mən gedirəm, siz sonra gələrsiniz.

Zərifə

Bəs Yusifi görmək istəmirsən?

Qəmər

Yusifi neyləyirəm?

Zərifə

Səni inandırıram ki, hamısı yalandır.

Qəmər

Nə yalandır?

Zərifə

Qəmər! Gecə yuxuna kim girir, onu da mən bilirəm. Sən bura gələn kimi Yusiflə bir-birinizi sevdiyinizi başa düşdüm. Ali təhsilim olmadığına nə baxırsan? Bilirsən, necə iti gözlərim var?

Qəmər

Kaş ki, sən dediklərin düz olaydı.

Zərifə

Hamısı düzdür. Mindilli milyon dil töküb girib aranıza.

Qəmər

Bəs Camal qardaşın dedikləri?

Zərifə

Onu da Mindilli yoldan çıxarıb.

Qəmər

Deyirsən, yalandır?

Zərifə

Lap ağ yalandır.

Bənövşə

Ana can, eşitdin?

Ceyran xala

Eşitdim. (Qabağa gəlir). Qəmər, qızım səninlə belə danışmışdıq?

Qəmər

Düzdür, Ceyran xala, günah məndə olub, bağışlayın.

Ceyran xala

Yox-yox, evə gəlməsən, barışan deyiləm. Bəs sən mənim qızım olmuşdun? Yəqin ananın xasiyyətini yaxşı öyrənməmisən. Mənimlə küsmək də çətindir, barışmaq da.

Qəmər

Evdə sizdən bir də üzr istəyərəm.

Ceyran xala

Hə, mənimlə evə getsən, heç üzr istəmək lazım olmaz.

Bənövşə (qabağa gəlir)

Amma mən Qəmərlə elə burada danışacağam.

Ceyran xala

Danışın. Bu nədir? Belə işlərdən mənim xoşum gəlməz. “Örtülü bazar, dostluğu pozar”. Zərifə, gedək.

Zərifə

Gedək, Ceyran xala.

Zərifə ilə Ceyran xala gedirlər.

Bənövşə (Qəmərə məzəmmətlə baxır)

Hə, sənə güvəndiyim dağlar... (Sükut) Sən də məndən küsüb gedərsənmiş...

Qəmər

Mən küsməmişdim ki... Qızımın dalınca getmişdim.

Bənövşə

Yalan danışmaq sənə yaraşmır, Qəmər! O nə sözdü mənə deyirdin? “Ev tikməyə gəlmisən, ürək sındırmağa yox!” Mən kimin ürəyinə toxunmuşam ki? Camal da incidi getdi, sən də... Yusiflə mənim nə əlaqəm?

Qəmər

Bəs mənim nə əlaqəm?

Bənövşə

Dilin bir söz deyir, gözlərin ayrı söz.

Qəmər

Gözlərim? Gözlərim nə deyir ki?

Bənövşə

Gözlərin deyir: Qəmər elə bir sevgi çiçəyi qoxlayıb ki, məst olub. Gözlərin deyir: Qəmər tamamilə bu sevginin əsiridir, ona görə də səbəbsiz yerə qısqanmağa, küsməyə, inciməyə başlayıb... Gözlərin deyir: Qəmər öz yaxın rəfiqəsini də, onun başına gələnləri də, hər şeyi unudub... Gözlərin...

Qəmər (sözünü kəsir)

Bəsdir, Bənövşə, öz gözlərimin məni bu qədər ifşa edəcəyini güman eləməzdim.

Bənövşə

Bir şey çox maraqlıdır. Məni Yusifə qısqanmaq haradan ağlına gəldi?

Qəmər

Ağıl bu işdə iştirak eləmədi, Bənövşə! Mən tamamilə hissiyyatın təsiri altına düşdüm... Bir yandan da Camal...

Bənövşə

Camal? Camal sənə nə dedi?

Qəmər

Nə bilim, o qədər söz danışdı ki... İkimiz də od olmaya-olmaya tüstüləndik. Bağışla məni, Bənövşə! Bir dəfə aldanmışam, ikinci dəfə, daha qorxuram.

Bənövşə

Qorxma, Yusif sənin bu cür atəş içərisində yanmağa layiq oğlandır.

Qəmər

Məni bağışla. Əziz rəfiqəmi özümdən incitmişəm.

Bənövşə

Eybi yoxdur. Evdə, anam mənim heyfimi səndən çıxacaq.

Yusif içəri girir.

Yusif

Doktor, siz haradasınız, burdasınız?

Bənövşə

Yusif elə xəstələnib ki, bir gün doktorsuz dayana bilmir.

Yusif

Sizin nəyə işarə elədiyinizi mən anlamıram.

Bənövşə

İşarələrin hamısı aydındır, Yusif! Məndən gizlətmək lazım deyil.

Yusif

Məni utandırdınız.

Bənövşə

Siz niyə utanırsınız? Qoy mənim yaxın yoldaşım utansın. Əvvəl gizlədib, sonra qısqanıb... (Gedir)

Yusif

Qəmər, məni qısqanmısınız?

Qəmər

O barədə danışmayaq, Yusif! Mən lap başımı itirmişəm.

Yusif

Düz deyirsiniz, qısqanclıq haqqında danışmayaq, sevgi haqqında isə danışmaq lazımdır. Neçə vaxtdır, mən öz ürəyimdə deyirəm: Qəmər, sizi sevirəm, bu sözü açıqdan-açığa deməyə icazə verin.

Qəmər

Dediniz də. İcazə nəyə lazımdır?

Yusif

Sizin də dilinizdən bu sözü eşidim, sonra qısqansanız da, küssəniz də mənə xoşdur.

Qəmər

Yusif, mən bu saat çox həyəcanlıyam, ürəyim çırpınır.

Yusif

Mən sizi sevirəm, Qəmər. Nə qədər sevdiyimi sözlə deyə bilmirəm.

Qəmər

Kifayətdir, Yusif, başım fırlanır.

Yusif

Qəmər! Ürəyim o qədər doludur ki...

Qəmər

Gedirəm, Yusif. Məni bu cür həyəcan içərisində görməsinlər.

Yusif

Bundan sonra mən sizi tək heç yerə buraxmaram.

Yusiflə Qəmər çıxırlar, içəri girən Camalı görmürlər. Camal onların arxasınca təəccüblə baxır, sonra evə, meydançaya göz gəzdirir. Ceyran xala və Zərifə içəri girirlər. Camalı görüb dayanırlar.

Ceyran xala (Zərifəyə pıçıltı ilə)

Camal buradadır ki!

Zərifə

Necə də fikirlidir, qəmgindir. Onun gəldiyini Bənövşə bacıya gərək birinci özüm xəbər verəm.

Zərifə çıxır. Ceyran xala Camala yaxınlaşır.

Ceyran xala

Camal, oğlum, haradasan?

Camal

Ceyran xala, indicə qatardan düşmüşəm. Bakıdan gəlirəm.

Ceyran xala

Bakıya niyə getmişdin, oğul?

Camal

İşlərimi qaydaya salmağa.

Ceyran xala

Bəs nə oldu? İşlərin qaydasına düşdü?

Camal

Yox... əksinə... dedilər iş məhkəməlikdir. Gözlədiyim olmadı. Məni danladılar. Eyiblərimi üzümə dedilər. Bir yoldaşıma rast gəldim, mənimlə söhbət eləyəndə o qədər təzə texnika adı çəkdi ki, utandığımdan başımı aşağı saldım, çünki o maşınların heç birini tanımıram. Bağışla, Ceyran xala, bəlkə bunları dinləmək sizin üçün maraqsızdır.

Ceyran xala

Danış, oğlum, danışmaq dərdi yüngülləşdirir.

Camal

Sonra məni yeni tikintilərə göndərdilər. Onun üçün də bu qədər gecikmişəm. Gözümlə gördüklərim mənə bəs oldu. Bütün yolu düşünmüşəm. Dərdimi deməyə heç kəsim yoxdur. Bir nişanlım vardı...

Ceyran xala

Nə üçün vardı, deyirsən? İndi nişanlın deyil?

Camal

Neyləyim, özüm onu uzaqlaşdırdım... Səadət quşu başımın üstündə fırlanırdı, əlimi atıb onu tutmaqdansa, uçurdum, nə bilim, nə oyun çıxartdım, hirsləndim, çığırdım, qısqandım... Onun sözləri hələ də qulağımdadır: “Sən məni çox ağır təhqir elədin, Camal!”

Ceyran xala

Nə demişdin ki?

Camal

Bənövşəyə yaraşmayan mənasız bir söz... Əsl səbəbi axtarmırdım, kənardan kiminsə müqəssir olduğunu düşünürdüm. İndi gələndə Yusif ilə Qəmərin qol-qola getdiklərini gördüm. O qədər şirin-şirin söhbət edirdilər ki, yanlarından keçdim, görmədilər. Mənim isə ürəyimə min cür şübhə dolurdu. Gecələri yata bilmirdim. Bənövşəni Yusifə qısqanırdım. Nə isə, bu saat, Ceyran xala, mən uzun, ağır xəstəlikdən qalxmış adamlar kimiyəm.

Ceyran xala

Eybi yoxdur, oğul! Ümidini itirmə... Mənim qızım dəyanətli qızdır. Buradan heç yerə getmə... Başını aşağı sal, işlə.

Camal

Hara gedirəm? Heç yerə getmək lazım deyil... Əlbəttə, burada, yalnız burda, Bənövşənin yanında...

Çeşməkli kişi əlində bir bağlama içəri girir.

Çeşməkli kişi (Ceyran xalaya)

A kişi! (Diqqətlə baxır) Siz qadınsınız? Hə, qadınsınız, bacı, üçüncü mərtəbəyə haradan çıxırlar?

Ceyran xala

Üçüncü mərtəbəyə ikinci mərtəbədən çıxarlar da.

Çeşməkli kişi

Əcəb yaxşı söz dediniz. Onda, deməli, ikinci mərtəbəyə də birinci mərtəbədən çıxarlar. Bəs birinci mərtəbənin yolu haradandır?

Ceyran xala

Birinci mərtəbənin yolu qapıdan.

Çeşməkli kişi

Daha sizinki oldu söz güləşdirmək. Bəs qapı haradandır?

Ceyran xala

Onu bilmirəm.

Çeşməkli kişi

Əsas suala cavab verə bilmədiniz. Gedim qapını axtarım. Bəs bu tikintinin rəisi kimdir?

Ceyran xala

Rəis mənim qızımdır.

Çeşməkli kişi

O cür qızı olan anaya hörmət və ehtiram. Sizin qızınız olmasaydı, bu ev qurtaran deyildi. Ondan qabaqkı rəis maymağın biri idi.

Ceyran xala

Elə deməyin, eşidər.

Çeşməkli kişi

Özü olsaydı, ondan da bərk deyərdim. Heyf ki, gözə görünmürdü.

Ceyran xala (Camala)

Belə sözlərdən incimə, oğlum!

Camal

Niyə inciyirəm, haqlıdır.

Çeşməkli kişi

O vaxt mən onu ha axtardımsa, tapa bilmədim. Nə buyurdunuz?

Ceyran xala

Mən danışmadım ki.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets