Page 3 of 3 · 67%

Çeşməkli kişi

Elə bildim nə üçün axtardığımı soruşursunuz. Mənim ata-babadan qalma bir daxmam vardı, dayanmışdı yolun ortasında, şəhərin bütün gözəlliyini pozurdu. Nə dediniz?

Ceyran xala

Mən bir söz demədim.

Çeşməkli kişi

Hə, demək istəyirsiniz sökdülər, ya yox? Əlbəttə, sökdülər. Budur, üçüncü mərtəbədə üçotaqlı mənzil almışam, uşaqlarımla, nəvələrimlə bərabər köçürəm, xahiş eləyirəm, məni ləngitməyin, gecikirəm.

Ceyran xala

Buyurun, buyurun, mən sizi saxlamıram.

Çeşməkli kişi

Yox-yox, gərək gedim. Demək, üçüncü mərtəbənin yolu ikinci mərtəbədəndir. (Gülür) Sağ olun! (Gedir)

Ceyran xala

Bu kişi kimdir?

Camal

Təqaüdçüdür, vaxtilə çox gözəl usta olub.

Zərifə, Bənövşə içəri girirlər.

Zərifə

Odur bax... Nə yaxşı oldu gəldi. Siz nigarançılıqdan qurtardınız.

Bənövşə

Camal!

Camal (həyəcanla)

Mən burada ana ilə söhbət eləyirdim.

Ceyran xala

Mənim dalımca gəlmisən, Zərifə?

Zərifə

Yox... Hə...

Ceyran xala

Gedək. (Bənövşəyə yavaşdan) Get görüş, orada ona deyiblər ki, iş məhkəməlikdir, təzə tikintilərə baxmağa gedibmiş, ürəyinə toxunma, onsuz da peşmandır.

Zərifə ilə Ceyran xala çıxırlar.

Bənövşə

Camal, hara getmişdin? Niyə bu vaxta qədər özündən bir xəbər vermirdin?

Camal

Nə xəbər verəydim? Kələf elə dolaşıb ki...

Bənövşə

Mən sənə çox dedim. Sən isə başa düşmək əvəzinə, hətta mənim özümdən də şübhələnməyə başladın.

Camal

Heç ağlıma belə gəlmirdi ki, gecə-gündüz sədaqətdən danışan adamlar mənə xəyanət edə bilərlər.

Bənövşə

Bəs mənim xəyanət eləməyim necə ağlına gəlirdi?

Camal

Sevgi ilə qısqanclıq adamın ürəyində hər zaman yan-yana durur.

Bənövşə

Camal, əvvəl onu deyim ki, bu, tamamilə yanlış fikirdir, sonra da... mən səndə sevgi görmədim, yalnız kor və mənasız qısqanclıq gördüm.

Camal

Mən sonralar başa düşdüm ki, şübhələrim çox səhv imiş. Bağışla, Bənövşə...

Bənövşə

Yox, Camal, belə şeyi bağışlamaq çox çətindir. Tramvayda iki adam təsadüfən bir-birinə toxunanda bu sözü demək olar və bağışlamaq da mümkündür. Ancaq ürəyə toxunanda...

Camal

Səhv yol ilə getmişəm. Bənövşə, indi dərindən anlayıram. Necə olmuşdu ki, o adamların murdar sifətini mən görə bilmirdim?

Bənövşə

Çünki xırda hörmətlər sənin gözünü tutmuşdu. Heç kəsi görmürdün. Qasım məclislərdə sənin sağlığına məzəli tostlar deyirdi. Sən papiros çıxardan kimi Mindilli kibrit yandırırdı. Sən ayağa duran kimi Mindilli palto tuturdu. Mindilli şifoner tap, hazırdır, yoldaş Camal. Sağ ol, Mindilli, qızılsan, qızıl. Ancaq soruşmurdun ki, Mindilli bunları haradan alır?

Camal

Şifoner? Şifoneri ki, mən özüm almışam.

Bənövşə

Sənin adına bizim dülgər sexində sifariş edib.

Camal

Dayan, Mindilli, səni mindilli qarmona döndərəcəyəm!

Bənövşə

İş onda deyil, səndədir. Sən vaxtilə onu müdafiə eləməsəydin, əsl siması çox tez bəlli olardı və bu qədər də ziyan vurmazdı.

Camal

Mən yalnız səninçün, Bənövşə, deyirdim, ev-eşik olsun, dolu olsun.

Bənövşə

Əgər ürək boşdursa, dolu ev mənim nəyimə lazımdır? Sevgi olmadıqda, sənin evində çilçırağın üçü də birdən yansa, yenə mənim üçün qaranlıq olacaq. Mən görəcəyəm ki, mebel var, xalı-xalça, bəzəkli otaqlar var, ancaq səadət yoxdur. (Getmək istəyir)

Camal

Dayan, Bənövşə, neçə ildən bəri arzu elədiyim söhbət hələ indi başlayır. Amma sən gedirsən...

Bənövşə

Dostun bura gəlir.

Camal

Kimdir? Hə, mən onunla iki kəlmə danışmaq istəyirəm.

Bənövşə

Danış, sonra mən də onunla öz söhbətimi eləyəcəyəm.

Bənövşə çıxır. Mindilli içəri girir.

Mindilli (böyük sevinclə)

Yoldaş Camal!..

Camal

Sənsən?

Mindilli

Mənəm, özüməm. Dünən gecə yuxuda səhərə kimi sizinlə söhbət eləmişəm. Yuxum gör necə düz çıxdı!

Camal

Yuxuda niyə? Gəl, həqiqətdə söhbət eləyək.

Mindilli

Eləyək. Siz buradan gedəndən sonra mən qüssədən yorğan-döşəyə düşdüm. Söhbət eləməyə, dərdimi deməyə bir dost tapa bilmədim.

Camal

Deməli, biz dostuq.

Mindilli

Buna şübhə eləmək göydə günəşi danmaq kimi bir şeydir. Sizsiz bu idarə susuzluqdan qurumuş ağac kimidir. Başlarına öz adamlarını yığırlar. Eybi yoxdur. Bunlar hamısı materialdır. Şikayət üçün yaxşıca əsasdır. Ağacın həmişə iki ucu olur, bir ucu əldə olanda o biri ucu yerə dirənir.

Camal

Biz hara şikayət edəcəyik ki?

Mindilli

Yuxarıya. Mən iki imzasız kağız düzəldib göndərmişəm.

Camal

Bəs imzasız niyə?

Mindilli

İmzasız daha yaxşıdır. Arxayınçılıqdır. Başa düşmürsünüz?

Camal

Yavaş-yavaş lap aydın başa düşürəm, mən səni bu neçə ildə bu qədər yaxşı tanımamışam.

Mindilli

Hələ bu harasıdır, bircə işlərimiz düzəlsin, görün, gələcəkdə sizə nə keflər verəcəyəm.

Camal

Mən elə bilirdim ki, sən böyük bir dənizsən, amma qabağını duman tutub.

Mindilli (utanır)

Çox sağ olun, yoldaş Camal.

Camal

Ancaq indi yavaş-yavaş duman çəkilir. Hava açılır.

Mindilli

Olmaya təşbehlə danışırsınız?

Camal

Duman çəkildikcə də məlum olur ki, onun arxasındakı dəniz deyilmiş, bataqlıq imiş.

Mindilli

Bataqlıq?..

Camal

Bəli, bataqlıq... Bu bataqlığın çirkli suyunda heyf ki, mən öz sifətimi görmürəm...

Mindilli

Deyəsən, bir az əydiniz axı?

Camal

Əyməmişəm, indi-indi düzəltməyə başlayıram.

Mindilli

Yox, lap pis əydiniz. Nişanlınızı, qulluğu itirdiniz, dostu da belə itirirsiniz.

Camal

Sənin kimi “dostlar” ilə görüşmək üçün çox ağır əlim var, Mindilli.

Mindilli (qorxu ilə geri çəkilir)

Mindilli yox. Mindilov, familiyamı düz deyin.

Camal

Mənə bu saat sənin familiyan yox, özün lazımsan. Yaxanı əlimdən daha qurtara bilməyəcəksən.

Mindilli

Qorxmuram, sizin öz yaxanız əldədir. Demək məni, yaxın dostunuzu tənqid eləməyə başlamısınız? Çox gözəl. Mən də keçirəm bu dəqiqədən tənqidə. Hanı iclas? Dayan, gör sənə neyləyəcəyəm! Mənə bu saat bir odlu iclas lazımdır. (Çıxır)

Camal

Necə oldu ki, bu vaxta qədər mən buna inandım. (Gedir)

Camal gedən kimi Mindilli tez qayıdır.

Mindilli

Onun canı bu kağızlardadır, bunları ələ keçirsəm, o, məhkəmə qarşısında oturacaq, mən də şahid olacağam. Heyf ki, qanun bərkiyib. Heç bir şey çıxarmağa qoymurlar. Yoxsa çatmayan taxtaların hamısını yıxardım onun üstünə. (Şkafı axtarır)

Zərifə daxil olur.

Zərifə

Sən yenə buradasan? Neyləyirsən?

Mindilli

Hə?.. Çıxışa hazırlaşıram, tənqid eləyəcəyəm.

Zərifə

Kimi tənqid eləyəcəksən?

Mindilli

Hamını, od olub dünyanı yandıracağam! Mane olma. Axırını fikirləşirəm. (Çıxır)

Zərifə (onun arxasınca)

Görəsən, bu kəllənin içində nə var? Mən imtahana canlı kəllənin üstündə hazırlaşacağam.

Zərifə onun getdiyi tərəfə gedir. Qasım gəlir.

Qasım (çağırır)

Mindilli, Mindilli, Mindilov!

Mindilli (qayıdır)

Nə var, nə çığırırsan? Bu Zərifədən quyruğumu qurtara bilmirəm ki.

Qasım

Gəl bəri, sözüm var. Əmrin surətini aldım. Deyirlər, Camal gəlib, gedim ondan bir tərcümeyi-hal alım, birbaş Bakıya... Haradadır?

Mindilli

Əlaqəmiz pozuldu. Mən keçdim tənqid cəbhəsinə. İclas axtarıram.

Qasım

Axmaq olma. Səndən tənqidçi çıxmaz. Yaxşısı budur mənə vəd elədiyin ağ kağızı ver, bir də bu zəhrimara bir möhür vurdur.

Mindilli

Görüm, nə kağızdır? Diplom? Necə-necə? Qırx altıncı ildə institut bitirmisən?

Qasım

Hə, ancaq möhür vurmaq yadlarından çıxıb. Elə vur ki, aydın düşməsin.

Mindilli

Bəs, Qasım, mən bilən sən qırx altıncı ildə bir az kefsiz kimi idin. Yadındadır?

Qasım

Uzatma, vaxt qiymətlidir.

Mindilli

Elə o da qiymət üstündə olmuşdu da... Qiymətini qaldırıb qədərini çoxaltmışdın. Yəqin institutu elə o vaxtlarda, kamerada bitirmisən.

Qasım

Bura bax, Mindilli, zarafat vaxtı deyil.

Mindilli

Zarafatı sən eləyirsən, mən yox. Bizə bu saat qara kağız verirlər, sən ağ kağız axtarırsan. Mən təhvil verirəm, sən məndən mühəndislik diplomu almaq istəyirsən. Professor-zad deyiləm ki!

Qasım

Sən professorlara dərs deyə bilərsən. Ancaq onu da bil ki, mən hər deyənə də təslim olan deyiləm. Bu diplom heç mənə lazım deyil. Mən diplomsuz mühəndisəm. Bu əmri dəyişməyə mən o xanımı məcbur eləməsəm, bu qaşları qırxdıraram. Qaldı ki, sən daha bir də mən işləyən idarələrə hərlənmə, yoxsa üyüdüb un eləyərəm... (Əlbəyaxa olurlar, tez ayrılırlar) Sənə əl bulaşdırmaq istəmirəm, daha vacib işlərim var.

Mindilli

Ömründə bir dəfə səmimi danış. Hara, eşidirsən?

Qasım

Maymaq adamlar o qədərdir ki, birisinin kölgəsinə sığınacağam.

Onlar getmək istədikdə Camal içəri girir.

Camal

Qasım, dayan. Bakıda nazirlikdə sənin saxta sçotlarını mənə göstərdilər, indi bu işləri pərdələmək üçün ərizəbazlıq eləyirsən, alçaq!

Bənövşə gəlir.

Qasım

Mənə qara yaxma, Camal. Özün dolaşmısan, namuslu adamları da özünlə bərabər dolaşdırma.

Bənövşə

Namus barədə danışmağa nə sənin haqqın var, nə də dostunun. (Mindillini göstərir)

Mindilli

Məni o siyahıdan çıxardın, yoldaş Bənövşə. Mən bu saat tənqidlə məşğulam. Tənqidçi dost-məst tanımaz.

Bənövşə

Gördüyünüz işlərə görə orada cavab verəcəksiniz – məhkəmədə.

Qasım

Mən məhkəmələrdən keçib gəlmişəm. Elə hədələrdən gözüm qorxmur. Bura, sənin hüzuruna, Bənövşə xanım, otuz nəfərlik bir komissiya ilə qayıtmasam, bu qaşları qırxdıraram. (Çıxır)

Mindilli

Çox kobud adamdır. Qadınla rəftar etməyin də qaydasını bilmir. Tərbiyəsi elə olub, onu öyrədənlər var. Nə vaxt iclas çağıracaqsınız, yoldaş Bənövşə? Mənə bərk lazımdır.

Bənövşə

Siz, vətəndaş Mindilov, gedin işinizi təhvil verin, daha bəsdir.

Mindilli

Xəstəyəm, bülletendəyəm, ancaq sizin bircə əmriniz mənimçün yüz penisillin iynəsindən təsirlidir. Sizinçün başımdan keçərəm. (Camalı göstərir) Amma onun üçün yox. (Gedir)

Bənövşə (gülə-gülə)

Sənin sağ əlin getdi, Camal.

Camal

O doğrudan da mənim sağ əlim olsaydı, kəsib atardım.

Bu halda Ceyran xala, Qəmər, Yusif gəlirlər.

Ceyran xala

Bənövşə, Qəmər yenə də bizi atıb gedir.

Bənövşə (onlara baxır, Qəmərin Yusiflə yan-yana dayandığını görüb gülümsünür)

Bu cür getməyin eybi yoxdur, anacan!

Zərifə qaça-qaça səhnəyə gəlir.

Zərifə

Mindilli uçdu... Mindilli uçdu.

Bənövşə

Nə olub, Zərifə?

Mirzə Salman tələsik səhnəyə çıxır.

Zərifə

Mindilli uçdu.

Mirzə Salman

Deməli, uçdu? Hansı şəhərə uçduğu məlum olmadı?

Zərifə (gülür)

Şəhər nədir? Yerə uçdu! Taxtaların altı çürük imiş, ancaq hamısını sağ taxta əvəzinə təhvil vermək istəyirmiş. Ölçmək üçün üstünə çıxanda, altındakılar davam gətirmədi. Mindilli kəlləmayallaq getdi.

Bənövşə

Sonra nə oldu?

Zərifə

Heç bir şey. Təcili yardıma zəng etməyə qoymadı, qaçmaq istəyirdi, prokuror gəlib tutdu.

Mirzə Salman

Hə, çox gözəl, deməli, quş uça bilmədi. Bəs Qasım?

Zərifə

Onu da apardılar.

Hamı gülür.

Yusif

Qəmər xanımın da adından, öz adımdan da xahiş edirəm, buyurun, bizim təzə evimizə. Burada bizə lojə mənzil veriblər. Mirzə, qabağa düşün!

Mirzə Salman (Camal ilə Bənövşəyə)

Siz də gəlin. Bənövşə, yenə də qabağa düş, yol göstər. Nişanlı qızın qədəmləri yüngüldür.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets