Page 1 of 4

Beşinci şəkil

Tikinti idarəsi. Birinci pərdənin dekorasiyası. Böyük səliqə hiss olunur.

Bənövşə içəri girir. Bir az sonra Aslan daxil olur.

Aslan

Yoldaş rəis, olar?

Bənövşə

Olar... Siz kimsiniz?

Aslan

Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm.

Bənövşə

Hə, xoş gördük. Nəhayət, gəldiniz.

Aslan

Bizim briqadamızı tələb etdiyinizi trestdən elə bu saat dedilər. Həm sevindik, həm də təəccüb elədik.

Bənövşə

Bu cür böyük tikintilərdə işləməyə kim sevinməz? Ancaq anlamıram, nə üçün təəccüb eləmisiniz?

Aslan

Təəccüb eləmişik, ona görə ki, sizdən qabaqkı rəis bizi tamam avara qoymuşdu. Elə hey deyirdi ki, plan doldururam, başım qarışıqdır, sonra gəlin. Guya biz bura işləməyə yox, oynamağa gəlirdik.

Bənövşə

Sizin briqada üzvləriniz hanı?

Aslan

Bu saat hamısı yığılar. Odur, oxuya-oxuya gəlirlər.

Bənövşə

Hamı yığışanda mənə xəbər verin, işə başlamamışdan qabaq sizinlə söhbət aparacağam.

Aslan

Mən özüm də bunu sizdən xahiş eləmək istəyirdim. İcazə verin gedim, hamı toplaşanda sizə xəbər verərəm.

Bənövşə

Yaxşı, gedin. (Aslan gedir. Bənövşə telefonun dəstəyini götürür) Mənə ikinci obyekt lazımdır. Kimdir? Yusif, sizsiniz? Nə oldu, gətirdilər? Bura gəlirsiniz? Gəlin. (Ayrı telefonla) Tresti verin. Yoldaş Əliyev! Xahiş eləyirəm, bizə ayırdığınız bütün texniki vəsaiti bu gün verəsiniz mənim sərəncamıma. Təşkil eləyərəm bir gündə daşıyarlar. Bir-bir deyin, qeyd eləyirəm. (Telefona qulaq asa-asa bloknotuna qeydlər eləyir. Camal içəri girir)

Camal (portfelə diqqətlə baxır, sonra onu stolun üstünə atır)

Səninlə də aramızda bir şey qalmayıb, bu gün haqq-hesabı üzürük. Bu günə kimi kişi qoltuğunda gəzirdin, indi düşdün arvad qoltuğuna.

Bənövşə

Yaxşı, sağ olun! (Dəstəyi asır) Camal, sən təhvil-təslim məsələsini çox uzadırsan, tez qurtar, gələcək işlərimiz haqqında qəti qərara gələk.

Camal

Yaxşı, Bənövşə can, bəs biz ailə məsələmiz haqqında nə vaxt qəti qərara gələcəyik?

Bənövşə

Mən o işdə böyük bir dönüş yaratmaq fikrindəyəm.

Camal

İdarədə dönüş, ailədə də dönüş? Məni onsuz da döndərib başıaşağı qoymusan. Sonra nə olacaq?

Bənövşə (gülür)

Başıaşağı dayanmaq yaxşı deyil axı. Mən istəyirəm ki, əvvəllərdə olduğu kimi başı yuxarı dayanasan.

Camal

Olsun da... Gah başıaşağı, gah başıyuxarı, lap firfira kimi.

Yusif və Qasım içəri girirlər.

Bənövşə

Yusif! Bu saat trestin göndərdiyi maşınları təhvil alırıq. Onları qurmaq üçün mühəndis yoldaşlardan bir neçəsini ayırmışam. Siz harada neyləmək lazım gəldiyini göstərin!

Qasım

Mən özüm başlarının üstündə dayanaram, vəzifəm nədir? Deyir ki, “muzdur, düz dur!”.

Qasım gülür, heç kəs bu gülüşdə iştirak etmir.

Bənövşə

Kimin nə iş görə biləcəyini mən yaxşı bilirəm, Yusif! Çox az vaxt vermişəm, onu nəzərdə tutun.

Yusif

Çertyojlar hanı?

Bənövşə

Budur, diqqətlə oxuyun. Bu vaxta kimi bu çertyojların ipini də açmayıblar, ona görə kran qurban olub prorabın ala gözlərinə.

Qasım

Bənövşə xanım! Mənim gözlərim ala deyil.

Bənövşə

Bilmirəm, rəngini başa düşmək olur ki!

Yusif

Ola bilməzmi, iki briqada ayıraq, ikisi bir zamanda işə başlasın? Həm vaxta qənaət olar, həm də tez başa gələr.

Bənövşə

Öhdəsindən gələ bilərikmi?

Yusif

Bəli! Arxayın olun. Hər ikisinə özüm göz olaram. (Çıxır)

Camal

Bənövşə, mən beş il bu sənətdə can çürütmüşəm, plan doldurmağın elmini bilirəm. Bu saat sən maşına-zada vaxt sərf eləmə, daşı-daş üstünə qoy, gözə görünsün. Mən də qollarımı çırmayıb düşüm ortaya, istəyirsən, lap palçıq tapdayım, əhəng daşıyım.

Bənövşə

Camal, bundan sonra ağır işlərin hamısını maşın görəcək. Sənin paslandırdığın maşınların hamısından istifadə edəcəyik. İş qaydasını dəyişirik. Briqadaları təzədən qururuq. Hər kəs öz ixtisasına görə işləyəcək. Daha sənin vaxtında olan kimi malakeş taxta daşımayacaq.

Camal

Əşi, nə ixtisas, nə razryad! Qoy araba yerindən tərpənsin, dalı asandır.

Qasım

Mənə bir göstəriş verin, gedin oturun evinizdə, ayrı iş ilə işiniz olmasın. Ayın axırında telefonla soruşun: “Qasım, necədir?” Yüz deməsəm, bu qaşları qırxdıraram.

Bənövşə

Ay yoldaş prorab, mən bu gün bütün tikintiləri gəzdim, sizin kiçik bir göstəriş verdiyinizi də eşitmədim. Sizin adınız gələndə həm mühəndislər, həm də fəhlələr dad çəkirlər. Buna nə deyirsiniz?

Qasım

Nə deyəcəyəm? İgidin gərək adı dillərdə gəzsin.

Bənövşə

Yoldaş Qasım, siz zarafatla başınızı qurtara bilməyəcəksiniz.

Qasım

Bilirsiniz, yoldaş rəis, ortada düşmənçilik var, bu söhbətlər ondandır. Mən qoymamışam ki, bu idarədə özbaşınalıq olsun.

Bənövşə

Bəlkə tərsinə?

Qasım

Məncə, bu cür danışmağınız yaxşı deyil. Biz ikimiz həmkarıq. Mən də özümə görə bir mühəndisəm axı.

Bənövşə

Siz çoxdan mühəndissiniz?

Qasım

Başımın tükü sanı ev tikmişəm.

Bənövşə

Məktəbi nə vaxt bitirmisiniz?

Qasım

Şeydir... 46-da bitirmişəm.

Bənövşə

Bakıda?

Qasım

Şeydir... Əlbəttə, Bakıda. Daha harada olacaq ki?

Bənövşə

Onda gərək Camal sizi tanımış olsun. 46-da Camal institutda oxuyurdu.

Camal

Bəs mənə deyirdin Saratovda oxumuşam?

Qasım

Şeydir... Əvvəlcə Bakıda oxuyurdum, sonra keçdim Saratova. Bakının havası sinəmə düşmədi.

Bənövşə

Maraqlıdır, diplomunuz bizdədir?

Qasım

Yox, sizdə niyə olur? Tər töküb diplom almışam, idarələrdə qoymayacağam ki! Evdə, qırmızı qutunun içindədir.

Bənövşə

Zəhmət çəkin, onu gətirin baxım.

Qasım

Gətirərəm... Ancaq siz nahaq məni bu qədər sıxışdırırsınız, yaxşı deyil. Axı mən Camal ilə qardaş olmuşam, çörək kəsmişəm. Qaydadır, hər müdir təzə işə gələndə özünü göstərmək üçün idarəyə bir əl gəzdirir. Ancaq siz nahaq bunu Camalın dostlarından başlayırsınız.

Ağlamsınır, gözlərini silib çıxır.

Camal

Nahaq incitdin, Bənövşə can, Qasım qızıl kimi oğlandır.

Bənövşə

Bu qızıl kimi oğlanlar səni dövlət qarşısında mis kimi qızardıblar. Bundan xəbərin yoxdur!

Camal

Bənövşə! Bu hesabların axırı nə olacaq? Mən sənin nişanlınam, yaxın yoldaşınam, ya düşmənin?

Bənövşə

Məndən heç bir mərhəmət gözləmə, Camal!

Camal

Mənim heç kəsin mərhəmətinə ehtiyacım yoxdur. Ancaq mənimlə danışanda arabir barmağındakı üzüyə də bax.

Bənövşə

Bütün bu dolaşıq məsələləri bir nişan üzüyü həll eləyə bilməz.

Camal

Demək, o üzüyü sən beş il barmağında nahaq gəzdirmisən? Qoy elə olsun. Ancaq bu idarədə mənim də səsim var. Bir baş mühəndis kimi, sənin bu başladığın yeniliklərin çoxu ilə mən razı deyiləm. Bunlar modadır, xarici görkəm üçündür. İş isə görünmür. Neçə gündür Yusifin obyektində yarım metr daş qoyulmayıb. Bu işlər üçün siz müqəssirsiniz, mən yox.

Camal qapını çırpıb çıxır. Mirzə Salman içəri girir.

Mirzə Salman

Heç bilmirəm, bu qapıların nə təqsiri var. Tənqid bir az da güclənsə, hamısı həngaməsindən çıxacaq.

Bənövşə

Mirzə, yoxladınız?

Mirzə Salman

Yoxladım. Kim isə bizim vəkalətnamə ilə materialları alıb, ancaq apara bilməyib.

Bənövşə

Demək, mallar getməyib?

Mirzə Salman

Yox, bu gün səhər tezdən gəlib aparacaqlarmış. Vaxtında qabağını aldıq. Vəkalətnamə tamamilə ayrı bir adamın adınadır. Ancaq, altında bizim peçat. Camalın da qolu.

Bənövşə

Bunları mən deyəndə Camalın acığı tutur, qapını çırpır. Mindillinin sçotları sizdədirmi?

Mirzə Salman

Məndədir.

Bənövşə

Onları qəbul eləməmisiniz ki?

Mirzə Salman

Yox, hamısı uydurmadır.

Bənövşə

Günü bu gün yazın prokurora.

Mirzə Salman

Bax, buna varam.

Bənövşə

Sonra, Mirzə, bizdəki texniki alətlərin mükəmməl siyahısını düzəldib mənə verin. Gedək, sizinlə əldə olan inşaat materiallarını gözdən keçirmək istəyirəm. Ürəyiniz necədir?

Mirzə Salman

Saz, maşın kimi. Necə olacaq?

Mirzə Salman və Bənövşə gedir. Mindilli kefsiz gəlib oturur, yeşikdən bir dəstə kağız çıxarıb baxır. Pərişandır. Bir səs gələn kimi diksinir, əsəbiləşir. O, birdən-birə böyük fəlakətə düçar olmuş adamlar kimidir. Qabağındakı kağızlara baxıb nə isə donquldanır. Bir azdan Zərifə içəri girir, atasının stolu tərəfə baxır.

Zərifə

Atam hanı? Yeməyi qoyum stolun üstünə, gələndə götürər. (Gətirdiyi yeməyi atasının stolunun üstünə qoyub geri döndükdə Mindillini görür) Hə, Mindilli, birinci və axırıncı məhəbbətin necədir? Qəmər səni məhkəməyə verir, dörd ilin alimentini borclusan.

Mindilli

Mən, məhkəmə? Gör iş nə yerdədir ki, Mindilovu məhkəməyə verirlər! Axırda qadın əlində məhv oluram, nə şərəfsiz ölümdür.

Zərifə

Hələ məhkəmənin sədri də qadındır.

Mindilli

Füzuli rəhmətlik haqlı imiş. O deyib ki, “Ax, qadınlar, qadınlar!”

Zərifə

Nə olsun ki? Sonra?

Mindilli

Sonrasını yazmağa arvadı qoymayıb.

Zərifə

Lap ağıllı iş görüb. Arvadlar elə o vaxtlardan kişiləri düz yola çəkirlərmiş. Məni aldadan adam hələ bu dünyaya gəlməyib. Çox tez kələklərinin üstü açıldı. Birinci və axırıncı məhəbbət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets