Page 3 of 4 · 50%

Mindilli

Öz gözünlə görsən, inanarsan ki... Dayan getmə. Bəs mənə bir söz demədin?

Qəmər

Axır sözüm budur: mən bütün dünyalar qədər sənə nifrət eləyirəm. (Gedir)

Camal, Qasım, Zərifə içəri girirlər.

Camal

Deyir, təhvil ver, buyur, bu da təhvil. Mən baş mühəndisəm. Mənə kağız-kuğuz lazım deyil. Zərifə, götür Mindilliylə bir yerdə bunları saf-çürük elə.

Zərifə

Yoldaş Camal, kiminlə deyirsiniz hazıram, ancaq o adını çəkdiyiniz adamla yox.

Qasım

Mənimlə necə, Zərifə xanım?

Zərifə

Nə olar ki? Heç olmasa, sənin min dilin yoxdur.

Onlar kağızlara baxırlar.

Qasım

İcazə verin, aparıb arxayın yerdə məşğul olaq. Elə deyilmi, Zərifə xanım?

Zərifə

Nə olar ki? Heç olmazsa sənin yalan danışmağın yoxdur.

Çıxırlar.

Camal (Mindilliyə)

Bənövşə haradadır?

Mindilli

Təzə rəisi soruşursunuz?

Camal

Mən Bənövşəni soruşuram.

Mindilli

Onda daha Bənövşəlik qalmayıb ki, o indi dönüb olub tikanlı gül.

Camal

Deyəsən, tikanları sənə bərk batır!

Mindilli

Təkcə mənə batmır. O gülü yetişdirən bağbanın da əlləri qan içindədir.

Camal

İndi daha sən mənimlə ayrı cür danışırsan, Mindilli?

Mindilli

Əstəğfürullah! (Durub ona yaxınlaşır) Mən Mindilovam. Dostluqda vəfalı olmaq mənim əsas ixtisasımdır. Siz bu hadisələrə bir dırnaq qədər də fikir verməyin. Böyük adamların həyatında titrəyiş olar. Yəni insan həmişə qabağa gedə bilməz ki? Bir yerdə də dayana bilər, bir-iki addım geri də çəkilə bilər.

Camal

Bəs sən mənə cavab vermədin? Bənövşə haradadır?

Mindilli

Harada olacaq? Yusifin yanında.

Camal

Bu nə sözdür? Mən səndən soruşmuram kimin yanındadır.

Mindilli

Siz soruşmasanız da demək mənim borcumdur. Dostumun qeyrəti mənim qeyrətimdir.

Camal

Saxla... De görək, nə var?

Mindilli

Səhər bir yerdə, günorta bir yerdə, axşam bir yerdə. Yusif də subay oğlan... Siz də belə, stul tərpətməkdən yoruldunuz. Adamın ürəyinə min cür ilan-qurbağa dolur.

Camal

Bu saat yenə bir yerdədirlər?

Mindilli

Budur, bax. (Pəncərədən göstərir) Orada dayanıb özləri mənim sözümün altından möhür vururlar.

Camal

Qan vurdu başıma, əşi, bu mədəniyyət bizi yıxmadı?

Getmək istədikdə, Aslan onun qabağına çıxır.

Aslan

Yoldaş baş mühəndis, dedilər, bizi soruşmusunuz. Mən Aslanam.

Camal (hirsli halda)

İstər lap pələng ol. (Gedir)

Aslan (Mindilliyə)

Bu nə hirsli adamdır?

Mindilli (hirsli halda)

Mən qarışan iş deyil. (Gedir)

Bənövşə və Mirzə Salman gəlirlər.

Bənövşə

Hə, Aslan, nə oldu? Briqadan yığıldı?

Aslan

Yığılırlar, yoldaş rəis! Hamı hazır olanda sizə xəbər verəcəyəm. Ancaq hələ tapşırıq almamışıq, işi bizə tanıtsınlar ki, vaxtı çatan kimi başlayaq.

Aslanın briqadasından üç-dörd nəfər gəlir.

Bənövşə

Qalxın dördüncü mərtəbəyə, Yusif də bu saat ora gələr.

Bir fəhlə

Mən oranı gəzdim, usta, bir səliqəsizlik var ki, necə işləyiblər, bilmirəm.

Aslan

Eybi yoxdur. Biz orada səliqə düzəldərik. Sənət məktəbini qurtarmış cavan ustaların məharətini göstərərik. İcazə verin, obyektimizə çıxıb, qabaqcadan iş yeri ilə tanış olaq, yoldaş rəis.

Bənövşə

Yaxşı yol! Müvəffəqiyyətlər arzu eləyirəm!

Aslan

Sizin arzunuz yerinə yetiriləcəkdir!

Aslan və fəhlələr çıxırlar, onların oxumaq səsi eşidilir. Camal ilə Mindilli qayıdırlar.

Camal

Bütün kağız-kuğuzları tökdüm Qasım ilə Zərifənin qabağına. Nizama salıb təhvil verəcəklər.

Mirzə Salman

Hansı kağızları Qasıma tapşırmısınız?

Bənövşə

Quzuları qatıb qurdun qabağına ki, apar otar. Onlar haradadırlar?

Camal

Əşi, siz də həddindən artıq sayıqlıq göstərməyin! Köhnə kağızları Qasım yeməyəcək ki. Yanında Zərifə də var.

Mindilli

Qasımda bir iştaha var ki, kağızları da yeyər, hələ, üstəlik, Zərifəni də.

Bənövşə

O kağızlara bir baxım. (Çıxır)

Camal

Qəribə işdir, özüm onları nizama salmayacağam ki? Bu, mühəndis işidir?

Bənövşənin arxasınca gedir.

Mirzə Salman

Bu boş qazanı bura kim qoyub? (Mindilli cavab vermir) Mən bu qazanı soruşuram, kim qoyub?

Mindilli

Bilmirəm. Mən burada deyildim, indicə gəlmişəm.

Mirzə Salman

Qəribə işdir, bizim qazana oxşayır. Bəs niyə boş?

Mindilli

Ay Mirzə, sən də bu qazan məsələsini lap prinsipial yüksəkliyə qaldırdın. Bəlkə səhv olub.

Mirzə Salman

Mətləb xörəyin yeyilməyində deyil. Bu gün mənim stolumun üstündən icazəsiz yemək götürüb yeyən, sabah icazəsiz pul sənədi də götürər.

Mindilli

İşə düşmədik... Mirzə! Hər şeydən ötrü əsəbiləşmə, yenə ürəyin xarab olar.

Mirzə Salman

Yox... Daha o vaxtlar keçdi... İdarəni qaydasına salıb, mənim xəstəliyimi sağaltdılar.

Bənövşə, Camal, Qasım və Zərifə gəlirlər.

Bənövşə

Hamısını verin Mirzə Salmana. Mirzə, siz də öz vəzifənizi layiqincə yerinə yetirməyəndən sonra daha mən başqalarına nə deyim?

Mirzə Salman

Qoyurlar ki... Orada neçə aydan qol çəkilməyən kağızlar var.

Bənövşə (Zərifəyə)

Qoy bura Mirzə Salmanın stolunun üstünə!

Zərifə

Atamda heç bir təqsir yoxdur... (Kağızları qoyur) Min dil ilə danışanların hesabını çəkmək lazımdır.

Bənövşə (Qasıma)

Bəs siz diplomunuzu gətirmədiniz?

Qasım

Bir də ondan ötrü iş-gücümü atıb Bakıya gedim?

Bənövşə

Bakıdadır? Bəs, deyirdiniz, burada evdədir.

Qasım

Mənim evim Bakıdadır. Eybi yoxdur. Yazaram, göndərərlər. Məni diş ilə sındırmaq çətindir. O qədər də asan qırılan qoz deyiləm. (Çıxır)

Mirzə Salman

Bunların hamısını mən Camala vermişəm. O da mənimlə birlikdə məsuliyyət daşıyır, ya yox? Bundan sonra heç onun qolu mənə lazım deyil.

Camal

Sənə nə var, ay Mirzə? Dünən mənim qolumla olan kağızları götürürdün, ayrılarına məhəl qoymurdun, amma bu gün mənim qolumla olan kağızları qatlayıb qoyursan bir tərəfə, ayrı imzanın qabağında baş əyirsən.

Mirzə Salman

Çox sağ ol, mənim əməyimə bu cür yüksək qiymət verdiyin üçün acizanə təşəkkür eləyirəm. (Hirsli və kəskin halda) Əgər imzaların, rəqəmlərin dövlət pulu, xalq pulu demək olduğunu başa düşmürsənsə, heç olmasa mənim saçlarımın ağlığına hörmət elə.

Mindilli

Mirzə Salman, biz, yəni köhnə rəhbərlik, Camal yoldaşla mən, bir ildırım zərbəsi ilə yıxılmış qocaman ağaclarıq. Baltanı götürüb üstümüzə cummaq sənə layiq deyil.

Camal

Mindilli, yum.

Mindilli

Siz daha əmr verməyin, yoldaş Camal! Sizə daha başqaları əmr verəcək.

Bənövşə

Camal, mənim Yusiflə söhbətim var, istəyirəm o söhbətdə sən də iştirak edəsən.

Camal

Nə söhbət? Səhərdən axşama kimi danışdığınız bəs deyil?

Bənövşə

Mən ona bir vəzifə təklif eləyəcəyəm. Yusif çox gözəl oğlandır, güman eləyirəm ki, boyun qaçırmaz.

Mindilli

Əlbəttə... Mən bunu hər vaxt təsdiq eləyə bilmərəm.

Bənövşə

Siz yoldaş Mindilli!..

Mindilli

Mindilli yox, Mindilov.

Bənövşə

Burada hamı sizə Mindilli deyir. Yaxşı, olsun Mindilov, siz də sənədləri bu gün-sabah təhvil verib qurtarın, işlərimiz qalır.

Mindilli

Bu qərarınız qətidir?

Bənövşə

Qətidir!

Mirzə Salman

Lap qətidir!

Zərifə sevinir.

Bənövşə (Zərifəyə)

Zəhmət çəkin, Yusifi tapın.

Zərifə

Bu saat. (Çıxır)

Mindilli (Camala)

Bir dəqiqə onsuz dayana bilmədi. (Bənövşəyə yumşaq səslə) Mən sizə mane olmayım, gedim, başqa yerdə məşğul olum. Yusif yoldaşı da bu saat tapıb sizin yanınıza göndərərəm. (Çıxır)

Bənövşə

Bu adam heç mənim xoşuma gəlmir, sən isə özünü ona yaxın dost kimi aparırsan.

Camal

Nə olsun ki? Mənim də xoşuma gəlməyən adamlar var, sən də onlarla dostluq eləyirsən.

Bənövşə

Özün bil. (Yusif içəri girir) Yusif, yadıma düşmüşkən sizdən bir xahiş eləyim. Tapşırıq verin prorabdan, bir də Mindillidir, Mindilovdur, kimdir, ondan göz-qulaq olsunlar, tikinti sahəsindən bir çöp də çıxarmağa qoymasınlar.

Yusif

Onsuz da bizim işçilər duyuq düşüblər, onları gözdən qoymurlar. Ancaq yenə tapşıraram. İndi isə gedək, təzə maşınlara baxaq.

Bənövşə

Ondan qabaq bir sözüm var. Sizi bizim idarənin baş mühəndisi təyin eləmək istəyirik, etiraz eləmirsiniz ki?

Camal

Necə, necə? Bu idarənin baş mühəndisi mənəm.

Bənövşə

Yusifin olmağı daha məsləhətdir. Biz bu saat tikinti sahəsini tikinti-montaj sahəsinə çeviririk. Bütün işlərimiz mexanikləşir. Baş mühəndis texnikanı qiymətləndirməyi bacaran adam olmalıdır.

Camal

Mən bu saat trestə gedirəm. Baş mühəndisi onlardan başqa heç kəs yerindən tərpədə bilməz.

Bənövşə

Trestdəki yoldaşların da fikri belədir. Bu, hamının arzusudur.

Camal

Demək, qabaqcadan hazırlıq görmüsünüz?

Bənövşə

Hə, mən hazırlıqlı iş görməyi sevirəm. Yusif, razısınızmı?

Yusif

Bilmirəm, bacararammı?

Bənövşə

Bacararsınız, bir yerdə işləyərik.

Yusif

Əgər trestdəki yoldaşlar, siz məni bu vəzifəyə layiq görürsünüzsə, etiraz eləməyə haqqım yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets