Page 2 of 4 · 25%

Mindilli

Məhəbbət? Hanı məhəbbət, məhəbbət yoxdur.

Zərifə

Niyə yoxdur? Budur, bax, yazdığın məktublar cibimdədir.

Onun məktublarını göstərir.

Mindilli

Ver onları, yandırıb külünü havaya sovurum. Məhəbbət yoxdur, aliment var, məhkəmə var.

Zərifə

Bu məktublar da mənə məhkəmə üçün lazımdır.

Zərifə qapını çırpıb çıxır. Mindilli yenə diksinir.

Mindilli

Başa düşmədim. Deməli, bu da məni məhkəməyə verir? Bəli, bu oldu iki məhkəmə. Ah, Qəmər, Qəmər! Mən haradan biləydim ki, sən gələcəkdə, həqiqətən, həkim olacaqsan, bu cür gözəlləşəcəksən. Onda sən nə idin, arıq, kasıb bir tələbə. (Zərifənin gətirdiyi yeməyə tərəf baxır) Bu yeməyin də nə yaxşı iyi var. Qoy görüm, qız atasına nə gətirib.

Stolun üstündəki qazanı açır, yeyəndə Mirzə Salman içəri girir. Mindilli cəld ayağa qalxır.

Mirzə Salman

Mənim stolumun başında durub nə çeynəyirsən?

Mindilli

Hirsimdən dil-dodağımı çeynəyirəm.

Mirzə Salman

Hirslənmək nə üçün? Təqsir özündədir. Səni məhkəməyə veririk. Təzə müdirin əmridir.

Mirzə Salman yeşikləri açarla bağlayır. Bir dəstə kağız götürüb çıxır.

Mindilli

Bəli, bu da üç. Məhkəmə sədri üç, ancaq Qəhrəman bir. Amma nə ləzzətli yeməkdir. Yəqin Zərifə bişirib. İyindən başa düşdüm. Çox bişirib, gətirib yemişəm. Nə qədər ki, burada işləyirdim, yeyəcəkdim də... Heyf, ürkütdülər. İndi məni görəndə dəli ceyran kimi vaz atıb qaçır.

Qasım içəri girir.

Qasım

Buradasan? Kefindən qalmırsan. Arvadını həyətdə gördüm.

Mindilli (ağzı dolu)

Kimi? Məryəmi?

Qasım

Mən doktoru deyirəm, onun adı Qəmər deyil? Bəs Məryəm kimdir?

Mindilli

Qorxumdan tikəmi çeynəməmiş uddum. Məryəm, Qəmərdən əvvəlki arvadımdır. Qəmərə nə var ki? Mədəni bir qadındır, uzaq başı məni məhkəməyə verəcək. Amma Məryəm, aman, aman!

Qasım

Aşna, ondan qorxursan, deyəsən?

Mindilli

Canın üçün, Qasım, aramızdakı səmimiyyət haqqı, Allahdan o qədər qorxmuram, nə qədər ki, Məryəmdən qorxuram. Axırıncı dəfə ona vağzalda rast gəldim. Bir haray saldı ki, az qala vağzalı uçurdacaqdı... Tavarnı vaqona özümü salmasaydım, yaxamı qurtara bilməyəcəkdim.

Qasım

O sənin birinci arvadındır?

Mindilli

Yox, birinci arvadım Cavahirdir. Allahın yazığıdır, hələ də evdə oturub məni gözləyir, tez-tez falçıya gedir, fala baxdırır. Ondan sonrakı Dusyanın mənimlə işi yoxdur. Harada qulluğa girsəm, məvacibimin başını bağladır, iyirmi beş faizini alır. Amma Məryəm... gözlər görməsin. Elə çığırmağı var ki, pojarnı maşın onun yanında elə bil yetim quzudur, mələyir.

Qasım

Cəmisi üst-üstə gələndə neçə uşağın var?

Mindilli

Dörd dənə, hər arvaddan biri.

Qasım

Oho, böyük təsərrüfatın var ki... Neçəsi oğlandır, neçəsi qız?

Mindilli

Onu hələ yaxşı müəyyənləşdirməmişəm. Gərək öyrənəm. Məhkəmədə-zadda soruşarlar, bilmərəm. O da bir maddə olar. Deyirsən, Qəmər həyətdədir?

Qasım

Hə, bizim rəis xanımı axtarırdı. Gördün dünən onun anasının mərifətsizliyini?

Mindilli

Hədiyyəni deyirsən? Yaxşı ki, atmağa qoymadın, yoxsa xıncım-xıncım olardı.

Qasım

Sınmağının eybi yoxdur, ancaq pərtlik olacaqdı, yaxşı iş görmür də. Heç eybi yoxdur, nə olar? Bizim də əlimizə imkan keçəcək, yox? Bəs o nə idi, sənin başına gətirdilər?

Mindilli

Gördün də.

Qasım

Qəsdən düzəltmişdilər. Ürəyini sıxma, elələrini görə-görə gəlmişik. Mənə də Qasım deyərlər, qorxma, dalında dağ kimi durmuşam. Nə oldu? Sçotları qoparda bildin?

Mindilli

Eh... Mənim özümü qopartmasalar yaxşıdır.

Qasım

Qorxma, qəhrəman ol. Birinci dəfə deyil ki?

Mindilli

Bilmirəm, Bənövşə xanıma necə yol tapım.

Qasım

Yeganə körpü Camaldır.

Mindilli

O körpü özü xarab olub, laxlayır.

Qasım

Nə qədər laxlasa, yenə bizi üstündə saxlayar. Pulların hamısını qaytar kassaya. Onda məhkəmə əhəmiyyətini itirər.

Mindilli

Pul, pul... hanı pul? Bəs mən onun ovçusu deyiləm?

Qasım

Pul, bir dənə kağızın başında.

Mindilli

Nə kağız?

Qasım

Ağappaq bir kağız.

Mindilli

Sən məni işə salacaqsan!

Qasım

Mən səni işdən çıxartmaq istəyirəm. (Pəncərədən baxır, birdən həyəcanla) Bura gəlirlər. Bizi işsiz görməsinlər, gəl başlayaq.

Mindilli

Başlayaq.

Hər ikisi əllərinə qovluq götürürlər.

Qasım

Min üç yüz əlli dörd.

Mindilli

Tapdım.

Qasım

Yanına bir quş qoy.

Mindilli

Bu da quş.

Qasım

Min üç yüz əlli beş.

Mindilli

Tapdım.

Qasım

Yanına quş qoy...

Mindilli

Qoya bilməyəcəyəm, yoxdur.

Qasım

Göyə uçdu? Necə yoxdur?

Mindilli

Heç kəs yoxdur, qulağın aldanıb.

Qasım

Aldanmayıb. Yusif gəlir. Onu ayağının səsindən tanıyıram.

Mindilli

Onda, de gəlsin.

Yusif içəri girir.

Qasım (bərkdən)

Beş yüz yetmiş, tapdın?

Mindilli

Əlbəttə, tapdım, mənim gözümdən beş yüz yetmiş yayınar?

Qasım

Yanına quş qoy.

Mindilli

Lap istəyirsən təyyarə qoyum.

Yusif onlara yaxınlaşır.

Yusif

Siz çox ləng işləyirsiniz. Nə işlətdiyimizi, nə qədər işlədiyimizi təyin eləyə bilmirik.

Qasım

Görürsən ki, gecəni qatmışıq gündüzə.

Yusif

Görmürəm. Siz neçə gündür ki, bu kiçik tapşırığı yerinə yetirmirsiniz. Yəqin sərfəli deyil.

Mindilli

Yusif, atmaca ilə danışma.

Qasım

Dur gedək, xatadır bununku.

Yusif

Əlbəttə, ortada bir xata var.

Mindilli (qovluqları yığır)

Canını da qoyursan, yenə bir qiymət qoyan yoxdur.

Qasım

Xalq özü qiymət qoyacaq.

Mindilli ilə Qasım çıxırlar. Yusif geri dönmək istədikdə, içəri girən Qəmərlə rastlaşır.

Yusif

Qəmər! Siz burada neyləyirsiniz?

Qəmər

Bənövşə sizin tibb məntəqənizi yoxlamağı məndən xahiş eləmişdi. Bura haradır? Bənövşənin kabinetidir?

Yusif

Hamının stolu burada, bu iki otaqdadır. Dünənki gəzintidən sonra yorulmadınız ki?

Qəmər

Bütün şəhəri gəzdiyimizə baxmayaraq, heç yorulmadım. Çünki o qədər yenilik gördüm ki... Yeni evlər, yeni idarələr... Hamısı yeni... Gecədən xeyli keçənə qədər yatmayıb, bu yeni şəhər haqqında düşünmüşəm.

Yusif

Mən də yatmamışam. Sizin haqqınızda düşünmüşəm.

Qəmər

Mənim haqqımda? Nə düşünmüsünüz?

Yusif

Keçən günləri... O sevgi və səadət günlərini düşündükcə təzədən yaşamağa başlayıram.

Qəmər

Mənə o sözlər daha yaraşmır, Yusif!

Yusif

Nə üçün? Sizə o sözlər həmişə yaraşır, Qəmər. O hisslərin, o həyəcanların mənim ürəyimdə çox dərin kökü var. Sizi görən kimi yenidən göyərməyə başlayıb.

Qəmər

O vaxt mən təcrübəsizdim, həyatı yaxşı anlamırdım, odur ki, məni tez aldatdılar, qəlbimizdə yetişən o sevgi çiçəklərinin üstünə kölgə saldılar.

Yusif

İndi kölgə çəkilən kimi bütün qönçələr təzədən açılmağa başlayır, Qəmər!

Pəncərədən çağırırlar: “Yoldaş mühəndis! Yoldaş Yusif! Sizi Bənövşə bacı çağırır”

Yusif

Məni çağırırlar, Qəmər! Siz bura gələndən sonra necə işlədiyimi bilmirəm. Elə bil, göyün yeddinci qatındayam.

Yusif Qəmərin əlindən tutur, qapıdan əyilib onlara gizli tamaşa edən Mindilli özünü saxlaya bilməyib, səhnəyə yıxılır. Yusif özünü itirib səhnədən çıxır. Qəmər təəccüblə o yan-bu yana baxır.

Mindilli (qalxıb üst-başını çırparaq yaxınlaşır)

Mən... Mən...

Qəmər

Bu yıxılan sən idin?

Mindilli

Mən səni atdığım gündən yıxılmışam, Qəmər can!

Qəmər

Dörd ilin alimentini borclusan, səni məhkəməyə verirəm.

Mindilli

Eşitmişəm, dözürəm, çünki sevirəm.

Qəmər

Pulu sevirsən, gündə bir yalan söz danışmağı sevirsən, eləmi?

Mindilli

Qəmər can! İcazə ver, qayıdım öz yuvama, qızımızı özüm yedirib-içirdim, özüm tərbiyə eləyim. Qoy biz məhkəmələrdə yox, yumşaq divanların üstündə səninlə söhbət eləyək!

Qəmər

Başa düşdüm, məhkəmənin dərdindən bu oyunu çıxarırsan. Qorxma mənim qızımın sənin bir qəpiyinə də ehtiyacı yoxdur. Hətta, məhkəmədə də mən səninlə üz-üzə gəlmək istəmirəm.

Mindilli (arxayın, dərindən nəfəs alır)

Çox gözəl. Məsələnin biri həll olundu. Bəs o biri?

Qəmər

O biri hansıdır?

Mindilli

Sevgi, məhəbbət, eşq.

Qəmər

Çəkil! Burada sənə yaxşı ad qoyublar: Mindilli. Doğrudan da sənin min dilin var. Ancaq min deyil, milyon da dil töksən, xeyri yoxdur. İnsan bu cür ağır səhvi həyatda yalnız bir dəfə eləyə bilər. Onun üçün də bütün ömrüm boyu əzab çəkirəm. Bəsdir, kifayətdir.

Mindilli

Deməli, belə?

Qəmər

Belə.

Mindilli

Deməli, kifayətdir?

Qəmər

Kifayətdir.

Mindilli

Çox gözəl, deməli, Yusif məndən yaxşıdır?

Qəmər

Heç müqayisə eləmək mümkün deyil.

Mindilli

Bənövşə xanım da elə deyir.

Qəmər

Təkcə Bənövşə xanım yox, hamı elə deyir.

Mindilli

Yox, Bənövşə xanım, xüsusən. Yusif bu saat dönüb olub səbəb.

Qəmər

Nə?

Mindilli

Səbəb. Sənin mənimlə bu cür danışmağına səbəb, Bənövşə xanımın nişanlısı ilə pozuluşmağına səbəb, Camalın işdən götürülməyinə səbəb.

Qəmər

Bəlkə, sənin də işdən götürülməyinə səbəbdir?

Mindilli

Bəlkə də... Ümumiyyətlə, Yusif bu saat səbəbdir. Camal yazıq gərək başına bir əlac eləsin. Qulluq getdi, nişanlı getdi.

Qəmər (hirsli halda)

Kəs, onlara böhtan atma! Sənin bu dediklərinin hamısı alçaq bir iftiradır. (Getmək istəyir)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets