Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Page 1 of 8

Birinci şəkil

Küçə. Aslan gəlib ətrafa diqqətlə baxır, heç kimsənin olmadığını görüb fit çalır, əlində portfel olan Fərman tələsik səhnəyə çıxır.

Fərman

Buyur, şef!

Aslan

Tez ol, danış.

Fərman

İzinə düşmüşəm.

Aslan

Ətraflı.

Fərman

Tapmışam, qarabaqara izləyirəm. Bir-iki günə əli-qolu bağlı gətirəcəyəm qulluğuna.

Aslan

Yenə yalan?

Fərman

Yalan həyatımızın bəzəyidir.

Aslan

Kəs səsini, nəyə lazımdır o həyat ki, bəzəyi yalan ola?

Fərman

Nə danışırsan, şef, yalansız ayaq atmaq mümkün deyil. Yalan daş-qaş içində parıldayan gözəl qadın kimidir.

Aslan

O cür qadına yaxınlaşıb görürsən ki, gözəlliyi də, əynində parıldayan daş-qaşı da saxtadır. Mənə bəzəkli söz lazım deyil. Düz danış, çılpaq.

Fərman

Soyunub danışım?

Aslan

Fərman, bu saat sənin ciyərini çıxardıb qoyaram cibimə, xəbərin olmaz. Ələ salırsan? Bilmirsən, mənimçün hər gün, hər saat qiymətlidir? Uzatma, de görüm, tapmısanmı, ünvanını öyrənmisənmi?

Fərman

Öyrənmişəm deyəndə...

Aslan

Yalansız.

Fərman

Yalansız danışa bilmirəm, axı. (Aslan əsəbi halda dönüb getmək istədikdə onu saxlayır) Yaxşı, indi ki, düzünü istəyirsən, deyim, heç nə öyrənə bilməmişəm. Neyləyim? Yalnız adını mənə demisən, Saleh...

Aslan

Bəli. Saleh... Bu ad neçə ildir məni yuxuya həsrət qoyub, bu ad...

Fərman (onun sözünü kəsir)

Bu adda o qədər adam var ki... Familiyasını bilsəydim...

Aslan

Familiyasını bilsəydim özüm məlumat bürosundan öyrənərdim. İtil gözümdən, yenə hirsim başladı tvist oynamağa. Gecə-gündüz işləyib, üç illik dustaqlıq vaxtımı iki ilə saldırmışam. Bilirsən nə üçün?

Fərman

Niyə bilmirəm? İntiqam üçün.

Aslan

Neçə yerə işə göndərdilər, getməyib bura, bu şəhərə gəlmişəm. Nə üçün?

Fərman

İntiqam üçün.

Aslan (onu yamsılayır)

İntiqam üçün... Sənə ümid olsam, intiqam ürəyimdə bir yara kimi qalar. Hələ adını dost qoymusan, mənə şef deyirsən?

Fərman

Dostluğuma şübhə eləyirsən? Bax, bu başımı kəs apar, bir kəlmə söz demərəm.

Aslan

Nəyimə lazımdır? Öz başımı bədənimdə saxlaya bilmirəm.

Fərman

Şef, and içirəm...

Aslan

Kəs səsini! Bunun görkəminə bax! Portfel nədir gəzdirirsən?

Fərman

Heç...

Aslan

Necə heç? Cavab ver!

Fərman

Evlənmək istəyirəm.

Aslan

Evlənmək istəyənlər portfel ilə gəzirlər? Təzə çıxıb?

Fərman

Bu portfeldə bir qızın şəkli var. Tez-tez çıxardıb baxmasam, pedalı basa bilmirəm.

Aslan

Kimdir?

Fərman

Ahudur, quzudur, oynaq keçi balasıdır.

Aslan

Heyvanatı başımıza yığma. Yaxşı tanıyırsan, ya uzaqdan görmüsən?

Fərman

Bizim qonşuluğumuzda yaşayırdı. Ordan tanıyıram. İşgüzardır, sədaqətlidir, möhkəm qızdır. Taksi şoferinin də arvadı gərək möhkəm olsun, yoxsa, rulun dalında arxayın otura bilməz.

Aslan

Adı nədir?

Fərman

Xumar. Tikiş fabrikində işləyir.

Aslan

Dərzidir?

Fərman

Yox, katibədir. Boş vaxtım olan kimi avtomatdan ona zəng eləyib danışığına qulaq asıram, dinmirəm, çünki səsimi eşidən kimi dəstəyi asır.

Aslan

Sevdiyini bilmir?

Fərman

Niyə bilmir? Yüz dəfə demişəm. Amma şofer olduğumdan xəbəri yoxdur. Özümü vurmuşam elm cəbhəsinə. Çünki indiki qızların alimlərdən xoşları gəlir, maaşları çoxdur. Bir gün dedim ki, səni sevirəm, özüm də ali məktəbdə işləyirəm. Üzümə baxmaq istəmədi. Sonra dedim ki, özüm müdafiə elədim, məni namizəd təyin elədilər, hirsləndi, qədeş canı, professorluğa qədər çıxacaqdım, heyif ki, daha ağzımı açmağa qoymur.

Aslan

Ağıllı qız imiş. Yaxşı, de görüm, yağlamısan?

Fərman

Özünün başı ətlidir.

Aslan

Sığallamısan?

Fərman

Yox, saçı əlimə keçir ki, sığallayım?

Aslan

Bəlkə bıçaq göstərəsən?

Fərman

Bıçaqlıq qız deyil. Şəklinə bax, gör bu cür gözəli qorxutmaq rəvadır? Budur portfeldədir. (Portfeli açır, təəccüblə baxır, bir dəstə kağız çıxardıb vərəqləyir) Bu nədir?

Aslan

Nədir ki?

Fərman

Peysa.

Aslan

Peysa nədir?

Fərman

Teatrda oynayırlar, ey... ondan.

Aslan

Səndə peysa nə gəzir?

Fərman

Mən nə bilim? Portfelim yəqin bir dramaturqun portfelilə dolaşıq düşüb. Xumarın şəklinin əvəzinə peysa, adı da “Yalan”.

Aslan

Ver görüm. (Pyesi alıb baxır) Eşq, məhəbbət – yalan. Dostluq, sədaqət – yalan. Pyesa yazırlar, o da yalan? Adam bilmir, hara qaçıb yalandan yaxasını qurtarsın. (Cırmaq istəyir)

Fərman

Cırma, ver mənə. Yalan həmişə lazım olan şeydir (pyesi alır).

Aslan

Əksinə, yalan pis yoldaş kimidir, adamı həmişə pis yola aparır. Əgər eşq axtarırsansa, heç vaxt yanında yalan gəzdirmə.

Fərman

Elə demə. Mənim kimisi aldatmasa, evlənə bilməz.

Aslan

Mənim təcrübəm var, başa düş, eşq ilə yalan bir-birini məhv eləyir. At onu!

Fərman

At deyirsən, atım da... (Təəssüflə kağızlara baxır, birdən çığırır) Şef!

Aslan

Nə var, ədə, nə çığırırsan?

Fərman

Burada həm eşqdən yazılıb, həm də yalandan.

Aslan

Mənə intiqam lazımdır.

Fərman

O da var.

Aslan

Ver baxım.

Fərman

Bura göz qabağıdır, gedək, oturaq bir tərəfdə, oxuyaq, maraqlıdır. (Gedirlər)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets