Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Page 2 of 8 · 13%

İkinci şəkil

Tikiş fabrikinin qabağındakı bağça. Kəklik səhnəyə çıxıb çağırır.

Kəklik

Xumar! Xumar! Xumar!

Xumar küçə tərəfdən qaça-qaça gəlir.

Xumar

Nə var, Kəklik?!

Kəklik

O tərəfdən niyə gəlirsən, hara getmişdin?

Xumar

Sus, yavaş!..

Kəklik

Gizli görüşün vardı?

Xumar

Yazıq canım, kiminlə görüşəcəyəm? Nişanlım yox, sevgilim yox... Şikayət bürosunu açmışdım.

Kəklik

Heç nə başa düşmürəm.

Xumar

Az, mən bu fabrikdə dönüb olmuşam şikayət bürosu... Kimin dərdi var, gəlib mənə danışır.

Kəklik

Hə, onu deyirsən... İndi kimdən şikayət qəbul eləyirdin?

Xumar

Müdirin arvadından.

Kəklik

Köhnəsindən, ya təzəsindən?

Xumar

Təzə arvad xoşbəxtdir, mən hələ xoşbəxtlikdən şikayət eləyən görməmişəm. O biri, yazıq, ərini əlindən alıblar, ürəyini mənə açır, kədərini mənimlə bölüşdürür. Hamilədi, bu gün-sabah uşağı olacaq, öz dərdinə qalmaqdan, ərinin dərdinə qalır. Hər gün gəlib məndən soruşur: Umud necədir, yemək yeyirmi, istirahət eləyirmi, evdən gələndə kefsiz görünmür ki? Mən də deyirəm çox dərdlidir, qaşqabağından qar yağır. Peşmandır...

Kəklik

Doğrudan elədir?

Xumar

Yox ey, tərsinə, təzə arvadını görəndə, qanadsız uçmaq istəyir.

Kəklik

Bəs niyə yazıq arvada yalan danışırsan?

Xumar

Təsəlli verən, yaralı ürəklərin sağalmasına kömək eləyən yalanı danışmaq olar. Məni niyə çağırırdın?

Kəklik

Məşq eləyəcəyik.

Xumar

İkimiz?

Kəklik

Gəlirlər... Bircə sən heç yerə getmə... Elə itirsən ki, tapmaq olmur.

Xumar

Katibəyəm də. Ora qaç, bura qaç, o telefon, bu telefon...

Kəklik

Telefonla da şikayət qəbul eləyirsən?

Xumar

Bəli, elə birinci Zəkinin şikayətini. Kəklik, Kəklik deməkdən məni boğaza yığıb.

Kəklik

Zəki elə məni də boğaza yığıb.

Xumar

Boğaza yığıb, hə? Bura bax, sevirsən sev, sevmirsən birdəfəlik sözünü de! Yazıq oğlanı qoymusan kosmik fəzada...

Kəklik

O barədə danışma, xahiş eləyirəm, qoy Zəki bir aşiq kimi fəzalarda uçsun, amma bir rejissor kimi mənə aktrisalıq öyrətsin. Mən dünyada yalnız səhnəni sevirəm.

Xumar

Səni də anlamaq olmur. Gah rəssamlıq, gah teatr...

Kəklik

Teatr nədir? Canlı rənglərin palitrası. Aktyor rəssam olmalıdır ki, səhnədə cürbəcür lövhələr yaratsın. Mən bir rəssam kimi tamaşaya tərtibat verəcəyəm, bir aktrisa kimi elə oynayacağam, alqış səslərindən salon titrəyəcək.

Xumar

Pəh, pəh... hələ aktrisa deyilsən, salonu titrədirsən, olandan sonra teatrı dağıdarsan ki...

Kəklik

Dağıtmaq lazımdır. Bizim yolumuz yeni teatr yoludur.

Saleh və Rəfiqə içəri girirlər. Saleh birdən belini tutub dayanır.

Rəfiqə

Qızlar, xoş gördük.

Saleh

Tez ol, Rəfiqə, o dərmanımı ver.

Rəfiqə

Hansıdır?

Saleh

Üstündə yazmışam. “B-A”, yəni böyrüm ağrıyanda (Rəfiqənin verdiyi həbi udur).

Xumar

Nə olub, Saleh əmi?

Saleh

Sol böyrümün sancısı tutub.

Kəklik

Bəlkə “Təcili yardım” çağıraq?

Saleh

Lazım deyil, elə mən özüm yarı həkiməm. Bu qiyamət dərmandır, keçdi. Hə, qızlar, indi salaməleyküm, bir deyin görək, Zəki bizi bura niyə çağırıb?

Xumar

Rol oynamaqdan ötrü.

Saleh

Onsuz da mən bir plan şöbəsi kimi fabrikin həyatında mühüm rol oynayıram.

Kəklik

Həyatda yox, səhnədə.

Saleh

Deməli, Rəfiqə, axırımız gəlib artistlikdə dayandı?

Kəklik

Rəfiqə xala bizim xalq teatrının ən aktiv üzvüdür.

Saleh

Oynayıb?

Xumar

O qədər...

Saleh

Məni aldadıblar, ay camaat, bu yaşımda gəlib artiska ilə evlənmişəm. Rəfiqə, bəs niyə mənə bu barədə bir söz deməmisən?

Rəfiqə

Dərmanların əlindən macal tapmışam ki?

Saleh

Hirs vurdu başıma, ürəyim sancdı. Rəfiqə, tez ol, oradan dərman ver. Üstündə “H-T” yazmışam.

Rəfiqə

“H-T” nədir?

Saleh

Yəni hirsim tutanda.

Kəklik (Xumarın qulağına)

Bu cür xəstə adam bizim tamaşada oynaya bilər?

Xumar

Xəstə-zad deyil, yalandan arvadına əzilir. Saleh əmi, heç səhnəyə çıxmısınız?

Saleh

Mən həyatda elə səhnələr görmüşəm ki, teatr onun yanında muştuluqdur.

Kəklik

Görmüsünüz, ya iştirak eləmisiniz?

Saleh

Baş rolu oynamışam.

Zəki içəri girir. O, çox gəncdir, ancaq özünü təcrübəli rejissor kimi göstərməyə çalışır.

Kəklik

Axır ki, gəldin.

Zəki

Hamı yığılmayıb?

Xumar

İş indicə qurtaracaq.

Zəki

Hamı yığışsın, gedək zala.

Saleh

Zəki müəllim, mən də gərək artistlik eləyim?

Zəki

Saleh əmi, siz bizim təzə işçimizsiniz, bilmirsiniz, Rəfiqə bacı danışar? Bu fabrikdə teatrı çox sevirlər, bizim teatrımız məşhurdur. Sizinçün bu əsərdə yaxşı rol var.

Saleh

Bacararam?

Rəfiqə

Bacarmasan, Zəki Səməndəroviç öyrədər, bilmirsən, nə rejissordur (qızlar gülüşürlər).

Zəki (qızlara tərs-tərs baxdıqdan sonra)

Bu saat əsərdən bir parça oxuyum, nə rol oynayacağınızı görün... Konstantin Sergeyeviç deyib ki... (Portfeli açır, bir neçə əzik kağız çıxarıb yerə atır, təəccüblə) Bu nədir, bəs, əsər hanı? Deyəsən, heç bu portfel mənim deyil... Dəyişik düşüb... yəqin trolleybusda... yanımda biri oturmuşdu, əlində də bu cür portfel...

Xumar

Üzü yoxdur?!

Zəki

Yox, cavan dramaturqdur, makinada yazdırmağa da macal tapmamış, əlyazmasını mənə vermişdi. Bəs, necə olsun? Dayan, dayan, əlimə bir şey dəyir. (Portfeli axtarır, bir böyük şəkil çıxardır) Şəkildir... Xumarın şəkli...

Xumar

Mənim şəklim?

Zəki

Budur, bax!

Xumar

Mənim şəklim xalqın portfelində nə gəzir?

Kəklik

Sirlərin üstü açılır. Bəs, deyirdin “nişanlım yox, sevgilim yox...”

Xumar

Mənim heç nədən xəbərim yoxdur.

Saleh

Bəlkə, bu da bir növ teatr priyomudur, hə?

Rəfiqə

Demək istəyirsən ki, “Yalan”ın itməyi yalandır?

Zəki

Təəssüflər ki, həqiqətdir.

Saleh (Xumarın şəklini alıb baxır)

Kim isə “Yalan”ı apardı, əvəzində bizə Xumarın şəklini göndərdi ki, yalanla yox, bu cür göyçək qızın sevgisilə məşğul olun.

Xumar

Şəkli bura verin, Saleh əmi, hamının yanında biabır oldum.

Şəkli Salehin əlindən alır. Utanaraq səhnədən çıxır.

Zəki

Dramaturq xəbər tutunca bir çarə eləmək lazımdır.

Kəklik

Bütün trolleybusları axtar, milisə xəbər ver.

Zəki

Axtararıq, əgər tapmasaq, gərək şəkil-şəkil, pərdə-pərdə mətni yadımıza salıb yazaq.

Rəfiqə

Bu da bizim məşqimiz.

Saleh

Bəli, deməli, “Yalan” dönüb oldu yalan. Gedək uşaqlar, yalandan tamaşa göstərməkdənsə, öz doğru işimizlə məşğul olaq.

Çıxırlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets