Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Page 4 of 8 · 38%

Umud

Şəlalə! Sənsən!

Şəlalə

Mənəm, mənim pişiyim, mənim dovşanım!

Umud

Yavaş danış, Şəlalə, bura idarədir.

Şəlalə

Sənin özünə də qurban olum, idarənə də... niyə dilxorsan?

Umud

Bir az əsəbiləşdim, ona görə...

Şəlalə

Ay mənim yazıq ərim, burda səni dinc qoymurlar, hə? Çıx bu fabrikdən. Mən sənin bir santimetr əsəbini dünyanın bütün fabriklərinə dəyişmərəm... Kiminlə dalaşmısan?

Umud

Heç...

Şəlalə

Şəlalədən söz gizlədirsən?

Umud

Müavinim ilə sözümüz oldu.

Şəlalə

Ay onun boynu sınsın, ay onu dünya işığı görməsin. Mənim Umudumu incitmək olar? (Qapını açır, Xumara) Xumar xanım, zəhmət olmasa, o başı batmışı bura çağırın!

Xumar

Hansı başı batmışı deyirsiniz, Şəlalə xanım?

Şəlalə

Umudun müavinini.

Xumar

Çağırım, Umud yoldaş?

Umud

Çağır, çağır, qoy onun mübarək üzünü bizim arvad da görsün.

Xumar

Baş üstə. (Gedir)

Şəlalə

Sənin bu katibəndən gözüm su içmir, çox qaş-göz oynadır.

Umud

Nə danışırsan, Şəlalə, sənə mən xəyanət eləyərəm?

Şəlalə

Dünyada ailə dağıdan arvadlar o qədərdir ki, bir budaqda oturub, min budağı silkələyirlər...

Umud

Bilirsən səni nə qədər istəyirəm...

Şəlalə

Məndə olan sevgi heç kəsdə ola bilməz. Mənim qədər heç bir qadın öz ərini istəməyib. Düzdür, səndən qabaq da ərim olub, ancaq toydan iki ay sonra rəhmətə gedib. Sevgi nədir, bilməmişəm. İndi isə bilirəm, sənin bir tükünün üstündə bütün qadınları məhv eləyərəm.

Umud

Şəlalə, evində sənin kimi qızılı olan gedib kənarda dəmir-dümür axtararmı?

Şəlalə

Axtarar. Haram ləzzətli olur. Pişik qulağını gətirsin. Şəlaləsi onun qulağından çəkmək istəyir, gətir, gətir. (Umudun qulağını tutur) Bu, gözəl katibə saxladığın üçün... Bu da, katibə sənə göz süzdürdüyü üçün...

Şamil içəri girir. Onlar özlərini düzəldirlər.

Umud

Şəlalə, məni dilxor eləyən budur. Bax, ləzzət çək!

Şamil

Kim kimi dilxor eləyib, mən səni, sən məni?

Şəlalə

Nə kobud müavinin var, ay Umud? Qadına salam verməyi də bacarmır.

Şamil

Şəlalə xanım, tanış deyilik, ona görə də cürət eləmədim.

Umud

Tanış ol!

Şamil (Şəlalə ilə görüşür)

Bağışlayın... Kolxozçu adamıq da.

Şəlalə

Kolxozçunun şəhərdə nə ölümü var, zəhmət çəkib kəndə getsin, pambıq düzəltsin.

Şamil

Pambığı düzəltməzlər, əkərlər.

Şəlalə

Ək, sözüm yoxdur, amma kolxozda, mənim ərimin başında yox...

Umud

Nə dedin, Şəlalə, lap ürəyimdən tikan çıxartdın...

Şəlalə

Kolxozçu qardaş, zəhmət çək, onun əlini sıx, üzr istə.

Şamil

Şəlalə xanım, axı mənim bir təqsirim olmayıb.

Şəlalə

Onun kimi təmiz, alicənab adamın qarşısında hamı səcdə eləməlidir. Üzr istə!

Şamil (Umudla görüşür)

Üzr istəyirəm.

Umud

Qurban olasan, Şəlaləyə...

Şamil

Bəs töhmət? Mən boyda kişiyə töhmət vermək yaxşı deyil.

Umud

O barədə danışma. Dünya gəlsə, o töhməti dəyişən deyiləm.

Şəlalə

Töhmət yazmısan? Ver baxım. (Stolun üstünü axtarır)

Umud

Oraları qarışdırma, Şəlalə!

Şəlalə

Qorxdun? Bəlkə burda məktub gizlətmisən?

Umud

Yox, ey, məktub hardadır? Demək istəyirəm ki, əmr orada deyil. Katibədədir. Bu saat gətirdim. Xumar! Xumar! Yoxdur, gedim özüm gətirim. (Çıxır)

Şamil

İcazə verin, əlinizdən öpüm.

Şəlalə

Çəkil o yana... Mən olmasam bir gün dünyada baş saxlaya bilməzsən.

Şamil

Çox sağ olun. Zəng eləyən kimi özünüzü çatdırdınız.

Şəlalə

Mən elə qadınam. Bir adamı ki, sevdim, özümü oda-alova ataram. Amma sən... nəfəsini də yalandan alırsan.

Şamil

Dünən gələ bilmədim. Bir tərəfdən idarə, bir tərəfdən də... Umudun qabağında vicdanım razı olmur...

Şəlalə

Cəhənnəm olsun Umud da, idarə də, sənin vicdanın da... Mən ki, zəng eləyib çağırdım, gərək quş kimi uçub gələsən.

Şamil

O cür səhv bir də təkrar olunmaz. Nə vaxt desəniz, qulluğunuzda hazıram.

Umud əlində kağız gəlir.

Şəlalə (pıçıltı ilə)

Mənim zəngimi gözlə.

Umud

Bir də oxudum, əmri yaxşı yazmışam. Bu cür töhməti o, ömründə görməyib.

Şəlalə

Əgər gizli deyilsə, ver baxım.

Umud

Gizli niyə olur? Al, oxu! (Şəlalə əmri alıb oxumadan cırır) Neylədin, niyə cırdın?

Şəlalə

Yazığım gəldi. Görmürsən, qorxudan nə günə düşüb? Yumaq kimi yumulub. (Şamilə) Kolxozçu qardaş, bir də mənim ərimi əsəbiləşdirməyin. Gedə bilərsiniz.

Şamil

Çox sağ olun. (Çıxır)

Umud

Əmri nahaq cırdın, Şəlalə, bilirsən, o, dövlətə nə qədər ziyan vurub?

Şəlalə

Sən töhmət verməklə ziyan ödənəcək? Nahaqdan özünü işə salma, yuxarılarda adamı olmasaydı, aqronomu fabrikə işə göndərməzdilər. Sataşmağa adam tapmısan?

Umud

O da düzdür. Sən lap qızıl kimi arvadsan, Şəlalə!

Şəlalə

Mən olmasam bir gün bu dünyada baş saxlaya bilməzsən. Elə bilirsən, bura təsadüfən gəlmişəm? Zəng eləmişdim, dedilər, qanı qaradır. Taksiyə minib özümü çatdırdım. Mən elə qadınam. Bir adamı ki, sevdim, özümü oda-alova ataram. Pişik yaxına gəlsin, Şəlaləsi onu sığallamaq istəyir. (Umudu qucaqlayır)

Səhnə qaranlıqlaşır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets