Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Page 3 of 8 · 25%

Üçüncü şəkil

Tikiş fabriki. Umudun kabineti və onun qarşısında katibənin otağı. Umud aramsız zəngi basır. Xumar qaça-qaça gəlir, öz otağından keçib kabinetə girir.

Umud

Haradasan? Zəng çalmaqdan yoruldum, gəlib çıxmırsan?

Xumar

Məşğul idim, buyurun.

Umud

Təcili bir stəkan çay.

Xumar

Bu saat. Siz o kağızlara qol çəkin, tələsdirirlər.

Umud

Qol çəkim də... Tələsdirirlər... Hamı tələsir. Elə bil qaçaqaçdır. (Kağızlarla məşğul olur)

Xumar öz otağına keçir, telefonların üçü də birdən zəng çalmağa başlayır.

Xumar

Əvvəlcə hansına cavab verim? Bəxtəbəxt birini götürəcəyəm. (Telefonlardan birinin dəstəyini götürür) Alo, bəli, buradadır... Bu saat! (Çay töküb kabinetə aparır) Univermağın müdiri sizinlə danışmaq istəyir.

Umud

Dedin buradayam?

Xumar

Əlbəttə, yalan danışmayacağam ki?

Umud

Vay, vay, batdıq getdik ki. Az, yalansız katibə olar? (Dəstəyi götürür, çay içə-içə danışır. Xumar qol çəkilmiş kağızları götürüb öz otağına keçir) Mənəm, Umud yoldaş... Nə? Geri qaytarırsınız? İxtiyarınız yoxdur. Artikul hansıdır? 95. Gül kimi maldır, satmağı bacarmırsınız, mən neyləyim? Hara istəyirsən de, mən ondan da yuxarıya deyərəm. Xoş gəldin. (Dəstəyi qoyur) Xumar! (Xumar bu tərəfə keçir) Şamili çağır yanıma. Dünyanı bir-birinə qarışdırıb. Aqronomdan da tikiş fabrikinə müdir müavini olar? Bakıda saxlamaq xətrinə nə işə olsun, göndərirlər. Çağır, gəlib gözləsin, bu saat qayıdıram. (Gedir)

Xumar (zəng eləyir)

Kommutator, Şamili müdir çağırır, tez onun yanına gəlsin. Məşq baş tutmadı. Pyesi oğurlayıblar. Hə, hə, onu de, kaş dramaturqu oğurlayaydılar, pyes qalaydı. (O biri telefon zəng çalır) O biri telefon yazıq-yazıq mələməyə başladı. Qoy götürüm, sakit olsun. Sağ ol. (Bu dəstəyi asır, o birini götürür) Alo, alo! Yenə susur. A yoldaş, işin-gücün qurtarıb? Nəfəsini eşidirəm, ey.

Zəki içəri girir.

Zəki

Kimin nəfəsini eşidirsən?

Xumar

Bir avaranın. Bütün günü zəng eləyir, amma danışmır. (Dəstəyi acıqla asır)

Zəki

Portfeldən çıxan şəkil... Sükut içərisində keçən telefon zəngləri... Mənim qulağıma qorxaq bir aşiqin titrək ayaq səsləri gəlir.

Xumar

Zəki, iş vaxtı kənar söhbətlərlə məşğul olma...

Zəki (yavaşdan)

İçəridədir?

Xumar

Yox, sexə gedib.

Zəki

Onda, bəs niyə elə rəsmi danışırsan? Nə olub, yenə dağ başını bulud-qar alıb?

Xumar

Əlindən yığmışam. Bir pyesi də saxlaya bilmədin, hələ adını rejissor qoymusan.

Zəki

Cinayət işləri ilə məşğul olan idarəyə zəng eləmişdim. Cavab verdilər ki, pyes oğruları ilə biz məşğul olmuruq, yazıçılar ittifaqına müraciət eləyin. Oraya da heç kəsin işi düşməsin.

Xumar

Sənin ucbatından iynə ilə gor qazmağa başlamışıq.

Zəki

Neyləyim, qəzadır da... Səndən bir xahişim var, Xumar!

Xumar

Şikayət qutusunu açım?

Zəki

Aç, mənim də dərdimi qəbul elə. İşdən çıxanda bir bəhanə ilə Kəkliyi də özünlə götür, sizi yolun ayrıcında gözləyəcəyəm. Sənin yanında onunla qəti danışmaq istəyirəm.

Xumar

Yoldaş rejissor, mizanı düz qurmursan. Məhəbbət söhbətində şahid iştirak eləməməlidir.

Zəki

Kəkliklə şahidsiz danışmaq olmur.

Xumar

Yəqin ürəyinin tellərini dilləndirə bilmirsən.

Zəki

Bilmirəm. Acizəm. Sevgi dilimi bağlayıb.

Xumar

Yalvarırsan, zavallı?!

Zəki

Rəhm elə, ey mərhəmət göyərçini!

Şamil içəri girir.

Şamil

Yenə nə həngamədir?

Zəki

Məşq eləyirik.

Şamil

Bizim bu kolxozun işi başdan-ayağa teatrdır... (Kabinetə keçir)

Xumar

Fabrikə həmişə kolxoz deyir.

Zəki

Kəkliklə gəlməyi unutma, sizi gözləyəcəyəm. (Xumar ona dilini çıxardır) Sizinlə ciddi danışmaq olmur ki... (Gedir, Umud kabinetinə qayıdır)

Şamil (Umuda)

Məni nə üçün çağırmısan?

Umud

Univermaqdan xəbərin yoxdur?

Şamil

Yox, nə olub?

Umud

Qan su yerinə axır.

Şamil

Vuruşurlar? Nə üstə?

Umud

Bizim kostyumlarımızın üstündə baş yarılır.

Şamil

Hə, gördün fəaliyyətimizi?

Umud

Gördüm. (Zəngi basır. Xumar gəlir) Get, katibəyə de, mənim müavinim Şamilə şiddətli töhmət yazsın. (Xumar gedir)

Şamil

Mənə töhmət? Bilmək olarmı, nə üçün?

Umud

Böyük fəaliyyət göstərdiyin üçün.

Şamil

Sağ ol əvəzinə?

Umud

Bilirsən univermaqda dava-dalaş nə üçündür? Sən tikdirdiyin kostyumları almaq üçün yox, geri qaytarmaq üçün, şikayət dəftərinə yazmaq üçün. Bütün şəhərdə biabır olmuşuq, onunçun sənə “sağ ol” deyək?

Şamil

Bura bax, Umud yoldaş, mənim üstümə yıxma, özün qol çəkmisən, rəsmi olaraq məsulsan. Töhməti də özünə yaz.

Umud

Boş qazanı dolu qazana vurma, sınar. (Zəngi basır, içəri girən Xumara) Baş mühəndisi bura çağır.

Xumar

Xəstədir.

Umud

Müavinini çağır.

Xumar

Futbola gedib.

Umud

Sex müdirini çağır.

Xumar

Raykoma iclasa gedib.

Şamil

Əcəb kolxozumuz var.

Umud

Plan şöbəsindəki Saleh hardadır? Bəlkə o da yoxdur, kosmosa uçub?

Xumar

Xeyr, hələlik işdədir, çağırım?

Umud

Denən doxsan beşinci artikulun materiallarını gətirsin.

Xumar

Baş üstə. (Çıxır)

Şamil

Qanını qaraltma, akt bağla, ver traktorun ağzına, təzədən şumlasınlar.

Umud

Bura səninçün kolxoz deyil, qoyunçuluq ferması deyil. Siz orada kababı yeyib, canavarın ayağına yazmağa adət eləmisiniz. Amma burada hər balaca brak üçün bizim özümüzdən akt bağlayırlar.

Şamil

Cavabdeh sənsən, mənə nə! (Saleh içəri girir)

Saleh

Mən hazır.

Umud

Saleh yoldaş, bax o kağızlara, de görüm, axırıncı dəfə satışa göndərdiyimiz kostyumları mən nə vaxt istehsalata buraxmışam?

Saleh (kağızları diqqətlə yoxladıqdan sonra)

İstehsalata üç ay bundan qabaq buraxılıb. Amma o vaxt siz burada yox idiniz, müavininiz qol çəkib.

Şamil

Yalan deyirsən.

Saleh

Yalnız qorxaqlar yalan danışar. Mən qorxaq adam deyiləm. Bu naryad, bu da sizin qolunuz.

Umud

Buna nə deyirsən?

Şamil

Yadıma gəlmir. Lap tutaq ki, qol çəkmişəm, məhkəmə qurmusan, iş verəcəksən?

Umud

Əvvəlcə şiddətli töhmət verəcəyəm, sonra da işdən çıxardacağam.

Şamil

Ver görüm, necə verəcəksən. Sən hələ məni yaxşı tanımamısan. (Qapını çırpıb gedir)

Umud (Xumarı çağırır)

Töhmət nə oldu?

Xumar

Yazır.

Umud

Bir saat qurdalanacaq. Yaxşısı budur özüm məşğul olum.

Gedir. Xumarla Saleh danışa-danışa katibənin otağına keçirlər.

Saleh

Xumar, oradan mənə bir dərman ver.

Xumar

Nə dərman?

Saleh

Nə olur olsun, dərman olsun. Qanıqaralıq ki, oldu, ürəyim relsdən çıxır.

Xumar

Dərman yoxdur, konfet var, eybi yoxdur?

Saleh

Ver gəlsin. (Xumar ona konfet verir) Eh, ay Xumar, mənim ürəyimə bir konfet nə təsir eləyəcək?

Xumar (ona yenə konfet verir)

Al, Saleh əmi, birini də.

Rəfiqə içəri girir.

Rəfiqə (Salehə)

Nə olub, rəngin ağarıb?

Saleh

Bir az artıq-əskik danışıq oldu, özümü pis hiss elədim. Dərmanlarım yanındadır?

Rəfiqə

Yenə dərman? İndi hansını istəyirsən?

Saleh

Üstündə “M-D” yazmışam. Yəni, müdiriyyətlə dalaşanda.

Rəfiqə

O dərmandan yoxdur, qurtarıb.

Saleh

Bu qədər dava-dalaşa dərman davam gətirər?

Rəfiqə

Dava nə üstündə idi?

Saleh

Kişi kostyumları brak çıxıb. Onun üstündə.

Rəfiqə

Bəs onları sərgidə tərifləmişdilər.

Saleh

Sərgi üçün elə tikirik, min göz gərək tamaşa eləsin. Camaat üçün tikəndə isə gözlər görməsin.

Umud gəlir.

Umud

Rəfiqə bacı, xoş gördük. Saleh kişi, sən bir plan şöbəsi müdiri kimi gərək baza ilə möhkəm əlaqə saxlayasan. Mal ki, pis oldu, çalış mərkəzdən uzağa göndərsinlər, rayona, kəndə. Xumar! Yanıma heç kəsi buraxma. Məşğulam. (Öz kabinetinə keçir, kağızlarla məşğul olmağa başlayır)

Rəfiqə

Demək rayondakıları, kənddəkiləri aldatmaq olar, hə?

Saleh

Hər bir ticarətin içində müəyyən faiz yalan olmalıdır.

Rəfiqə

Ondansa fabriki qaydasına salın, heç kəsi aldatmayaq. (Gedir)

Saleh

Salmaq olur ki? Min naçalnikimiz var, bilmirsən hansının sözünə qulaq asasan. (Getməyə hazırlaşdıqda, Şəlalə içəri girir. Saleh təəccüblə bir tərəfə çəkilir)

Şəlalə (Xumara)

Göyçək qız, yaxına gəl, səni öpüm.

Xumar

Necəsiniz, Şəlalə xanım?

Şəlalə

Lap yaxşıyam. Sənin kimi gözəl qız ərimin qarovulunu çəkir, pis olaram? Umud kabinetindədirmi?

Xumar

Bəli, amma deyib heç kəsi buraxma.

Şəlalə

Mən onun ruhuyam, ruhsuz bədən orada neyləyəcək?

Şəlalə kabinetə keçir, ayağının ucunda yaxınlaşıb Umudun gözlərini tutur.

Umud

Kimdir? (Şəlalə cavab vermir)

Saleh (dili dolaşmış halda)

Bu... bu... kimdir?

Xumar

Müdirin arvadı.

Saleh

Konfet!

Xumar ona konfet verib, qolundan tutub səhnədən çıxardır.

Umud

Kimdir idarədə mənimlə zarafat eləyən?

Şəlalə

Səni sevən bir qadın. (Əlini onun gözündən götürür)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets