Page 1 of 3

Bayram axşamı idi. Məktəb şagirdlərinin bir qismi öz evinə, bir qismi qohum-əqrəbasının, yaxın dost-aşnasının evinə, bir qismi də teatr və müsamirəyə getmişdi. Bayram Əhməddə acı bir düşüncə doğurmuş olduğundan o bu axşam heç bir yerə getməyərək geniş, səssiz dəhlizlərində dalğın-dalğın dolaşır, yalqızlığını, kimsəsizliyini düşündükcə amansız bir duyğu qurd kimi qəlbini gəmirirdi. Bu sıxıntılı düşüncələrlə salona girdi. Hər zaman yoldaşlarının şən gurultuları ilə canlanan salon indi səssiz-səmirsiz, onun kimi yalqız və kimsəsiz görünürdü. Köksünə sığmayan kədərlərini unutmaq fikri ilə pəncərəyə yanaşdı. Yoldan keçən arabaları, evlərinə şirni daşıyan üstü-başı təmiz adamları, qoltuqları dolu evlərinə tələsən şən uşaqları gördükcə acı bir düşüncə qəlbini dəlir, ruhunun işığını söndürürdü. Hətta yiyəsinin arxasınca qaçan köpəkləri gördükdə dərindən içini çəkdi: “bax. bu köpəklər də məndən xoşbəxtdir! Bunlar da bayram olduğunu hiss edərək, quyruqlarını oynada-oynada yiyələrinin şadlığında iştirak edirlər. Mən isə...”.

İçindəki sıxıntı və həyəcandan sözlərini bitirə bilmədi. Gözləri yaşardı. Başını pəncərədən çəkərək, ortalıqdakı skamyanın üzərinə yıxıldı. Həzin-həzin düşünərək, qəlbində bu bayram axşamı münasibəti ilə Məhərrəm əminin evinə getmək arzusu canlandı. Bu xüsusda bir az düşündü. Qəlbi ona “Get!”, əzm və iradəsi isə “Getmə!” deyirdi. Bu tərəddüd içində stola dirsəklənərək, əlindəki rus şairlərindən Lermontovun əsərini vərəqləməyə, kitabın içərisində “Mtsıri” sərlövhəli poemanı istər-istəməz mütaliə etməyə başladı. Poemanın mündərəcəsi həyatına uyğun olduğundan daha böyük bir maraqla oxumağa, əsərin qəhrəmanı olan uşağın halını öz halına bənzətməyə çalışırdı. Bu düşüncə onu uzaqlara aparır, ixtiyarsız olaraq öz ata-anasını, yoxsul olmaqla bərabər şən və sadə ailə həyatını, atasının, anasının vəfatını, yetimliyini, həyatın qaranlıq və qorxunc çöllərində başsız. kimsəsiz, çaşqın-çaşqın dolaşdığı zaman Məhərrəm əminin yol göstərən bir ulduz kimi qarşısında parlayaraq, ona həyat və səadət yolunu göstərdiyini acı-acı düşünürdü. Sonra əsərin qəhrəmanı olan uşağın əsir düşüb vətənindən, ata-anasından, azad, geniş yaşıl yamaclardan, güllü çəmənlərdən ayrılaraq, bahar ömrünü monastrın sıxıntılı, kədərli qalın divarları arasında keçirməsini özünün məktəb divarları arasında inləyə-inləyə yaşamasına bənzətdi. bu fikirlərlə o qədər məşğul idi ki, qapı ağzına qədər gələn ayaq səslərini eşidə bilməmişdi. Birdən-birə qulaqları dibində gurlayan qəhqəhədən dik qalxdı. Əşrəfi görüncə əlini uzadaraq:

– Vay Əşrəf, sənsən? – dedi.

Əşrəf həm güləş, həm də məğrur bir səslə:

– A yetim! Tək-təkinə bu salonda neyləyirsən? – deyə soruşdu.

Əhməd qırıq və kəsik bir səslə:

– Heç bir şey... Lermontovun “Mtsıri” poemasını oxuyuram, – deyə cavab verdi.

– Oxumaqdan bir şey çıxmaz, qalx, qalx! səni gözəl bir müsamirəyə aparacağam. Müsamirədən sonra tans olacaq, mənim tansda qazandığım məharəti görəcəksən, – deyə Əhmədin qoluna girdi.

Əhməd bir az düşündükdən sonra:

– Mürəbbimiz tələbələrlə gedib, ondan izinsiz...

– Ay qorxaq! Bu müəllimlərin, mürəbbilərin qabağında nə qədər boyun əyəcəksən? Bir də bu axşam bayram axşamıdır. Mürəbbi nə deyəcək? – deyə Əhmədi müsamirəyə apardı.


Əhməd, Əşrəf kimi yoldaşlarına qibtə edərək: “Bax, bunlar doğrudan yaşayır, həyatın bütün zövq və nəşəsini dadır, bizim kimi sürünmür” deyirdi. Bununla bərabər dərslərini də unutmurdu, çünki düşündüyü məsul həyatı yalnız elmlə qucaqlaya biləcəkdi. Bunu bildiyi üçün məktəbin və dərslərin bütün ağırlığına qatlanaraq, siniflərin heç birində qalmadan məktəbin təhsil dövrünü bitirdi. Son imtahanlarını verdiyi gün sevincindən məktəbin geniş, işıqlı otaqlarına və dəhlizlərinə sığmayaraq, özünü sevinclə küçəyə atdı. Geniş bir nəfəs aldıqdan sonra: “Uf, qurtardım” – deyə üzündə-gözündə sevinc qığılcımları parladı. Lakin bu sevinc çox sürmədi. Üzündəki parlaqlıq birdən-birə sönərək bulaşdı, yerinə həzin və solğun bir rəng çökdü.

O sevinirdi, çünki orta məktəbi bitirmiş, on il çalışmış, çapalamış, sərf etdiyi əmək və fəaliyyətinin bu gün mükafatını almışdı. Əhməd kimi yoxsul, kimsəsiz bir uşaq üçün bu az müvəffəqiyyət deyildi. Onun üçün sevinirdi. Kədərlənirdi, çünki qəlbində coşub-daşan, onu rahatsız edən hissiyyatını söyləyəcək, onun sevincinə şərik olacaq heç kimi yox idi. O gün kimsəsizliyinin acısını hər zamandakından daha çox hiss edərək. qol-qanadsız bir quş kimi inildədi. Bundan başqa təhsilini davam etdirmək niyyətində idi. O yalnız Məhərrəm əmiyə güvənir, ondan kömək gözləyirdi. Ona görə də ondan bir “afərin” almaq və gələcəyi haqqında fikrini öyrənmək üçün onun evinə getdi. Məhərrəm əmi onu bir ata kimi qarşıladı. Onun müvəffəqiyyətini alqışlayaraq: “Afərin oğlum! Xalqına, vətəninə səni faydalı bir oğul görmək istərəm! – deyə əllərini əlləri içində sıxdı. Əhməd də cavabında:

– Məhərrəm əmi, xalqımızın ən namuslu oğlu olacağıma sizin qarşınızda bütün vicdanımla, namusumla söz verirəm! – dedi.

Qocanın ürəyi kövrəldi, gözləri yaşardı. Titrək bir səslə:

– Oğlum, yetimliyin, kimsəsizliyin hər üzünü görmüş, hər acısını dadmısan. Unutma ki, bizim xalqımız, vətənimiz səndən daha yetim, daha kimsəsizdir! O sizinlə böyüyəcək, canlanacaq və şənlənəcəkdir. Bu ağır və olduqca şərəfli olan vəzifəni mətanətlə yerinə yetirənləri tariximiz unutmayacaq. Bu yolda açdığınız izləri gələcək şüurlu nəsil addım-addım izləyəcək. Tarixin bu ağır imtahanında sizi alnıaçıq, üzüağ. vicdanı təmiz görmək son arzumdur, – dedi.

Ana dilini bir qədər yadırğamış olan qoca öz fikrini Əhmədə gözəl təsir etsin deyə, rusca söylədi.


Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onun pulsuz vəkili olmuşdu. tərbiyəsindən, biliyindən uzun-uzadı söz açaraq, ali məktəblərdə təhsilini davam etdirmək üçün dövlətlilərdən maddi kömək istəyirdi. Nəhayət, Bakı varlılarından birini ayda 15 manat verməyə razı etmişdi. Əhməd maddi cəhətdən təmin edildiyindən artıq üz-gözü gülür, Moskva universitetinin neft şöbəsinə girməyə hazırlaşırdı. Bu arada dostu Əşrəflə görüşüb, Moskvada xüsusi kurslarda çalışaraq, az zamanda orta məktəbin son sinfinə imtahan verə biləcəyinə onu inandırdı. Əşrəf bu təklifi böyük bir məmnuniyyətlə qəbul etdi, çünki onda oxumağa olan maraq hələ tamamilə sönməmişdi. Əhməd kimi yoxsul və kimsəsiz uşaqların orta məktəbi bitirməsi ona olduqca ağır gəlirdi. Məsələni atasına söylədiyi zaman Ağamürsəl onun fikrini böyük sevinclə qarşıladı.

Təhsil illərinin birinci günündən hər ikisi Moskvada – Əşrəf kursda, Əhməd isə universitetin neft şöbəsində oxumağa başladı. Əhməd universitetə qəbul olunduqdan sonra Məhərrəm əmiyə belə bir məktub yazdı: “Əziz atam!

Universitetin neft şöbəsinə qəbul edildim. Bilsən nə qədər sevinirəm, məni düşündürən bir şey varsa, sizin mənə etdiyiniz bu qədər yaxşılıqlara qarşı heç bir şeylə əvəz verə bilmədiyimdir. Mən doyunca ailə həyatı, ailə məhəbbəti görmədim, ata-anamın isti qoynunda bəxtiyar bir həyat sürə bilmədim. Atalıq vəzifəsini tamamilə siz icra etdiniz. Sizin işıqlı və məhəbbətli qanadınız altında bu müvəffəqiyyətləri qazandım. Daha kamil bir insan olmaq üçün indi bütün qüvvəmlə çalışıram. Ana dilini daha yaxşı öyrənmək üçün ən qiymətli saatlarımı sərf edirəm.

Ana dili deyirəm, ana, ana! Uf! Nə qədər sevimli, nə qədər dadlı bir kəlmə... hər uşaq ilk dəfə “ana” deyə dil açır. Ana kəlməsinin mənə verdiyi coşqun hissi və geniş mənanı mən heç bir dillə təsvir edə bilməyəcəyəm. Elə hisslər vardır ki, insan onun mənasını bütün qəlbi ilə, bütün ruhu ilə hiss edir, ancaq onu qələmlə, dillə təsvir edib başqalarına duydurmağı bacarmır. Ana, bir məhəbbət heykəli – ana; bir səadət timsalı – ana; bütün istəklərin, diləklərin beşiyi – ana; işıqlı və hərarət ocağı – ana..., o hər şey, hər şey... Uf! Ana bu qədər sevimli, dəyərli olduğu halda doyunca üzünü görmədim, onun günəş qədər qızğın qoynunda, sevgi qədər əziz qucağında mənəvi hərarət və məhəbbət ala bilmədim.

Ana qucağı görməyənlər taxta kimi quru, daş kimi qatı, buz kimi soyuq olur, deyirlər. Əcəba bu sözlər doğrudurmu? Doğru olursa, yazıqlar olsun mənə...

Ancaq, o biri tərəfdən düşünürəm, ata-anam olsaydı, kim bilir, bəlkə də bu müvəffəqiyyəti qazana bilməzdim, deyə təsəlli tapıram. Nə isə, fərdi bəxtiyarlığın ictimai həyatda nə əhəmiyyəti var?

Fikrimdən uzaq düşməyim. Mən sizin zəhmətinizə nə ilə əvəz vermək haqqında danışarkən atımı bax haralara sürdüm. Sevimli atam, məni yetişdirən xalqımız üçün namuslu və dəyərli bir oğul yetişə bilsəm, sizin mükafatınızı vermiş olmazmıyam? Sizə bundan böyük bir mükafat təsəvvür edə bilmirəm. Sizi müzəffər və bəxtiyar ata görmək üçün özümü namuslu, şərəfli bir oğul yetişdirməyə çalışıram. Sağ olun! Əlinizi hörmətlə sıxıram. Oğlunuz Əhməd”.

Məhərrəm əmi məktubu aldı. Onu azından on kərə oxudu, oxudu. Məktubu ilk dəfə oxuyarkən aldığı təsirdən köksü qabardı. Gözləri sevinclə parladı. Əhmədə, ümumiyyətlə yetişməkdə olan gənclərə məhəbbət və inamı artdı. Ürəyində: “Bu fırtınalı dənizin qudurmuş dalğaları ağzından gəmimizi ancaq bu gənc sükançılar salamat sahilə çıxaracaqlar” – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tülkü və dovşan

Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?

1 min
Hacıleylək və sərçə

Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:

1 min
Tülkü və dəvə

Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.

1 min
Dəvə, tülkü və qurd

Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?

2 min

Poems by other poets