Page 1 of 3

Məhərrəm əmi Gəncə vilayətinin Palçıqlı kəndində anadan olmuşdu. Atası Heydər kişi ağır bir ailə sahibi və yoxsul bir kəndli idi. Var-dövləti iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o öz ağır ailəsini idarə edə bilmək üçün başqalarına rəncbərlik etməyə məcbur olurdu. Məhərrəm on beş yaşında ikən atası Heydər ağır xəstəlikdən vəfat etmişdi. Avam və bacarıqsız anası yoxsul ailə həyatının ağır zərbələrinə davam gətirməyib, bir il sonra həyata vida etmiş olduğundan uşaqları tamamilə başsız qalmışdı. Ailə həyatında olan bu iki müdhiş faciə kiçik Məhərrəmin bütün varlığını sarsıtmış, həyatını alt-üst etmişdi. Ömrünün bahar çiçəklərini qoxulamadan, gənclik zövq və səfasını duymadan iki müdhiş xəzan görmüş olan gənc Məhərrəm, həyatın ağır boyunduruğu altına girməyə, onunla üz-üzə gələn ağır həqiqətlərlə çarpışmağa məcbur olmuşdu. Kimsəsiz yetim bacılarının yaşlı gözləri yalnız ona dikilmişdi. O, gənc ikən arxasına almış olduğu bu yükü namusla daşımaq üçün çox yollar düşündü. Bu ağır vəziyyətin altından çıxmaq üçün o, şəhərə köçməyə qərar verdi. Fəhləlikdən qazandığı pulla bacılarını dolandırırdı. Şəhər həyatı çalışmaq üçün onun gözləri önündə geniş bir sahə açmışdı. Çalışmaq və çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Onun zəif vücudu ağır yük daşımağa qadir olmadığından şəhərdə bir əttar dükanı açdı. Ancaq yazı-pozu bilmədiyindən, gəlirçıxarını lazımınca təyin etmədiyindən oxumaq fikri ilə qohumlarından bir mollanın yanına gedib yazı-pozu öyrətməsini ondan xahiş etdi. Molla istehza ilə gülərək: “Bu mahal bir əmrdir, yazı-pozu öyrənmək üçün azı yeddi-səkkiz il çalışmaq lazımdır” – deyə onu başından etdi. Məhərrəmin azərbaycanca oxumaqdan ümidi kəsildikdən sonra rusca oxumağa başladı. Cahil məhəllə adamları rusca oxuduğuna görə ona “rus Məhərrəm” adı verdilər. Məhərrəm bu sözlərə əsla əhəmiyyət verməyib oxumaqda davam edirdi. Bu aralıq hər iki bacısını köçürmüş olduğundan özünü daha sərbəst hiss edirdi. şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı onu sıxdığından bu mühitdən uzaqlaşmaq, daha mədəni bir həyata atılmaq üçün tədbirlər düşünməyə başladı. Nəhayət, kasıb bir ailədən yenicə evləndiyi Firuzəni də götürərək, Rusiyanın mərkəzi olan Peterburqa köçdü, tam qırx il orada ticarətlə məşğul oldu. O, yalnız ticarət adamı deyildi; eyni zamanda cəmiyyət adamı idi də. Xüsusi ticarət işlərindən artıq onu Qafqaz türklərinin iqtisadi, siyasi və mədəni həyatı da düşündürürdü. O bu yolda çalışmaq, bacardığı köməkliyi etmək istəyirdi. Lakin təhsili az olduğundan buna lazımınca müvəffəq ola bilmirdi. O özünü bir yanı iflic adam kimi hiss etdiyinə baxmayaraq, bu yolda çalışmağı bir vəzifə bilirdi. O zaman az da olsa Peterburqun ali məktəblərində təhsil almaqda olan azərbaycanlı tələbələrlə görüşür, onlara maddi kömək edir, tələbələrə məxsus yardım kassası açmaq, qiraətxana təsis etmək kimi məsələlər ortaya ataraq onun tətbiqinə çalışırdı. Öz xalqının istedadına inanmış olduğundan: “Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişdirə biləcəkdir” deyirdi. Ona görə də Peterburq universitetində təhsil almaqda olan dörd-beş studentin gələcəyinə böyük ümid bəsləyirdi. Onlarla tez-tez görüşür, bütün dərdlərinə, sevinclərinə şərik olurdu. Bu dörd-beş tələbə ona bir ordu kimi görünürdü. Onlarla görüşdüyü zaman özündə o qədər ruh yüksəkliyi hiss edir, o qədər şən və bəxtiyar görünürdü ki, sevincindən dünyalara sığmırdı. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirdilər. O görünən kimi hamısı başına toplanaraq, onu danışdırmağa çalışırdı. Məhərrəm əmi Qafqaz müsəlmanlarının geri qalmasını ruhanilərdə və köhnə İran padşahlarında görürdü. Ona görə də arabir söz açaraq, tələbələrə deyirdi:

– Bizim iki böyük düşmənimiz var: biri İranda, Ərəbistanda təhsil almış ruhanilər və İranı aşıb gələn mərsiyəxanlardır. İkincisi xalqı istibdad pəncəsində əzməkdə olan əyyaş və başsız İran padşahlarıdır. Birincilərdən yaxamızı qurtarmaq üçün Qərb mədəniyyətini xalqımızın içinə geniş-geniş yaymaq və mənimsəmək, ikincidən qurtarmaq üçün isə İranda geniş bir inqilab hazırlayıb, ölkəni bu əyyaş, məğrur və xudpəsənd Qacar nəslinin ağır pəncəsindən qurtarmaq lazımdır.

Məhərrəm əmi fikirlərini təsdiq etmək üçün yeri gələndə maraqlı hadisələr də danışırdı. Məsələn, İran ruhanilərinin cahilliyini göstərmək üçün o, həmişə aşağıdakı əhvalatı nağıl edirdi:

– Bir dəfə İran müctəhidlərindən Ağa Mirzə Həbib bir qafqazlıya vasitəçilik etmək fikri ilə rus konsuluna bir məktub yazdırmaq istəmişdi. Məktubu bir qafqazlı vətəndaşa yazdırdıqdan sonra ağa ondan soruşmuşdu:

– Sizin məmləkətinizdə ruslar çoxdurmu?

– Çoxdur, ağa.

– Onların da İran dövləti kimi mətin dövləti var?

– Vardır!

– Şübhəsiz əsgərləri də var?

– Vardır!

– Yəni İranın ordusu qədər müsəlləhmidir?

Qonşu Rusiyadan xəbərsiz olan belə korlar xalqa rəhbər olduqca, bizim üçün qurtuluş yoxdur.

Məhərrəm əmi bu qisim söhbətlərlə qafqazlı tələbələrin gözünü açmaq, onlarda xalqı və vətəni sevmək üçün dərin bir hiss oyatmaq istəyirdi. Hər il bayram axşamları tələbələr tərəfindən tərtib edilən şərq müsamirələrində Məhərrəm əmini görməmək olmazdı. O, məmləkətlər fəth edən bir komandan qədər şən və bəxtiyar görünərdi. Xüsusən müsamirə başlandığı zaman tələbələrin səhnədəki müvəffəqiyyətlərini gördükcə riqqət və sevincindən gözləri yaşarar, iri dodaqlarını qımıldadaraq:

– Çox şükür, ölmədim, bu günləri gördüm, xalqımızın gələcəyini bunlar hazırlayacaqlar. – deyərdi.

Həmin il iki nəfər universiteti bitirmişdi. Məhərrəm əmi onların şərəfinə təntənəli bir ziyafət verdi. Bu gün onun üçün ən böyük bayram və unudulmaz bir xatirə idi. Zira ki, məmləkətin yetişdirmiş olduğu bu gənclərə son sözlərini söyləməli idi. Məhərrəm əmi bunu unutmadı. Söylədiyi qızğın nitqində çarizmin azğın milli siyasətindən yanıqlı bir dillə danışdı, dərdlərini açıb bir-bir söylədi. Bu onun birinci müvəffəqiyyəti idi.

Daha sonrası var. Məhərrəm əmi Qafqaz müsəlmanlarının mədəni həyatındakı hər yeniliyi böyük sevinclə qarşılayırdı. O, müxtəlif zamanlarda satıcı dükanlarında rast gəldiyi “Əkinçi”, “Ziyayi-Qafqaz”, “Kəşkül”, “Tərcüman” qəzetlərini gördükdə çox şad olmuş və sevincindən qəzetin hər nömrəsinə bir manat vermişdi. Oradan birbaş tələbələrin yanına gələrək: “Balalarım, bircə bunu mənə oxuyun!” deyə qəzetləri başdan-ayağa onlara oxutmuşdu. Sonra kiçik gözlərini çevirərək: “Çox şükür, bu böyük neməti də görə bildim. Rusiya müsəlmanları ayılır” – demişdi.

Məhərrəm əmi ömrünün son günlərini yenə də öz vətənində, öz xalqının içində keçirməyə qərar verdiyindən Peterburqdan Gəncəyə dönmüşdü. O, çox xəyalpərəst olduğundan vətənini bambaşqa təsəvvür edirdi; lakin vətənə qayıtdıqdan sonra fikirlərində yanıldığının, bu uzun zaman içərisində onun çox az dəyişmiş olduğunun şahidi oldu. Köhnə mövhumat, bidət və dini etiqad hələ də xalqın ruhunda yaşamaqda idi. Bu acı həqiqətlərlə üz-üzə gələn Məhərrəm əmi faydalı işlər görmək məqsədi ilə inqilabçı tərəqqipərvər ziyalılara yaxınlaşmağa qərar verdi. Xalqın hələ də çox geridə qalması onu düşündürürdü. Onda ictimai şüur, ictimai məfkurə kifayət qədər doğmamışdı. Azçox təhsil görmüşləri də donuq və bacarıqsız idi. “Bütün bunların başlıca səbəbi mollalardır” – deyə Məhərrəm əmi hər yerdə onları rüsvay edirdi. Bu isə onu axırda Gəncədən qaçmağa məcbur etdi, çünki “rus Məhərrəm” adını almış və o, kafirlikdə şöhrət qazanmışdı.

Məhərrəm əmi Gəncədən Bakıya gəldi.

Lakin bu dəfə o, arvadından başqa bacısı qızı Nəzakəti də özü ilə bərabər gətirmişdi. Övladı olmadığından bu qumral gözlü, xoş simalı qızı o, qızlığa qəbul etmişdi. Bakıya gəldiyi gündən həm Nəzakətin təlim-tərbiyəsi ilə məşğul olur, həm də ictimai-mədəni işlərdə fəal çalışırdı. Ömründə əyilmək bilməyən bu adam, apardığı təbliğat yolunda bəzən cahil, nadan adamlara yalvarmalı olurdu. Hisli, tozlu küçələrdə döyüşən, söyüşən uşaqları görüncə yanaşır, qolundan tutub kim olduğunu soruşur, evlərini, atasının dükanını, kontorunu öyrəndikdən sonra birbaşa ora gedir, oğlunu məktəbə verməyə atasını zorgüc razı salırdı. Hətta çox zaman uşağı özü məktəbə aparıb adını qeyd etdirirdi.

Məhərrəm əmi yoxsul uşaqları daha çox sevir, bütün ümidini onlara bağlayırdı. Onun maarifpərvərliyinə bəzi cahil və nadan şəxslər başqa məna verirdi. “Bu qoca rus xəfiyyəsidir” – deyə onu töhmətləndirirdilər. Bakıda ona başqa bir ad verilmişdi: “Qaz otaran rus”. Uzaqdan onu görüncə: “Odur, qaz otaran rus gəlir” deyirdilər.

Xalq içində təbliğat apardığı zaman Məhərrəm əminin təhqir edildiyi, hətta söyülüb qovulduğu zamanlar da olurdu. Vətəndaşlarının ona qarşı olan bu qaba hərəkətləri onun saf və odlu qəlbinə bir tikan kimi batırdı. Ona yalnız gəncliyin gələcəyi və bəzi ziyalıların onu təqdir etməsi az-çox təsəlli verirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets