İkinci fəsil
Page 2 of 3 · 33%
Əşrəf gecəli-gündüzlü realnı məktəbə davam edirdi. Sinif yoldaşları ilə birlikdə çalışır, dərslərini hazırlayır, boş vaxtlarında isə bir yerə toplanaraq gülüb danışırdılar. Məktəb həyatı Əşrəfdə gözəl təəssürat oyadırdı. Get-gedə yoldaşlarını, müəllimlərini sevməyə başlayırdı. Hətta bazar axşamları xidmətçi onu evə aparmağa gələrkən kədərlənirdi. Yoldaşları ilə dəniz sahilində bərabər dolaşmaq onu daha çox şənləndirirdi. Evdə onu sevindirəcək, ona zövq, nəşə verəcək heç bir şey yox idi. Gündən-günə əriməkdə, sönməkdə olan anası Məryəmin oxşamaları da ona təsəlli verə bilmirdi. Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. Qayınana ilə gəlinin arası şiddətli surətdə açılmışdı. Vuruşma, deyişmə olmayan, göz yaşları tökülməyən gün çox az olurdu.
Məryəm qayınanasına Ağamürsəldən şikayət edərək qarğıyarkən qarı buna dözə bilmirdi: “Dilin qurusun, balamı qarğıma, sənin bu qarğışların mənim ocağımı söndürəcək” – deyirdi.
Məryəm göz yaşlarını əli ilə silə-silə deyirdi:
– Necə qarğımayım. O mənim cavan ömrümü bu dörd divar arasında yandırıb kül etdi. Belə yaşayış olmaz, o ancaq özünü düşünür, mən də onun kimi insanam, mən də onun kimi yaşamaq istəyirəm.
Hər gün gəlin ilə qayınana arasında deyişmələr, vuruşmalar beləcə uzanıb gedirdi. Bu ürək sıxıntısına davam gətirməyən ana çarşabını götürüb qonşulara gedərdi.
Əşrəf bu faciəli həyatı görməkdən yorulmuş, təngə gəlmişdi. Atasının ailəyə qarşı soyuq hərəkəti, anasının bitməz-tükənməz göz yaşları onun ruhunu, qəlbini əzir, parçalayırdı.
Bir gün Məryəm Əşrəfin boynuna sarılıb:
– Oğlum, Əşrəf, səndən başqa ümidim, pənahım yoxdur. Atam yox, anam yox, günüm yox, diriliyim yox, mənim üçün yalnız sən varsan. Mənim qolum-qanadım, ümidim, pənahım yalnız sənsən. Mən ancaq səni xoşbəxt görmək üçün yaşayıram. Çalış, oxu, adam ol, mən də şad olum. Amandır, oğlum, mənim bəxtsizliyimə, göz yaşlarıma yazığın gəlsin. Oxu, oxu, hər ikimizi bu qara günlərdən qurtar...
Xəyalpərəst uşaq gecələr yatağına girdiyi zaman bədbəxt anasını gözləri önünə gətirir, onun dərdlərini unutdurmağa, göz yaşlarını qurtarmağa çarə və tədbirlər düşünür, öz xəyalında dağı arana, aranı dağa daşıyırdı. Xəyal aləmində orta məktəbi, tibb fakültəsini bitirir, anası Məryəmi atasından ayıraraq kirə ilə oturduğu evə köçürür, hər gün anasını faytonlarda teatrlara, kinoya aparır, anası da: “Oğlum, yaşa, xoşbəxt ol. Sən məni məşəqqətli həyatdan qurtardın”, – deyə onu bağrına basaraq öpürdü.
Əşrəf gecələr bu dadlı xülyalar içində yuxuya gedir, yuxuda anasını görürdü: o yenə nənəsi ilə savaşmış, əllərini dizlərinə vuraraq, hıçqıra-hıçqıra ağlayır. Əşrəf o kiçik qollarını açaraq, anasının göz yaşlarını qurutmaq, dadlı ümidlər və xoş vədlərlə ona təsəlli vermək istərkən gözlərini açar, yatağının içində dərdindən, kədərindən səhərə qədər gözlərinə yuxu getməzdi. Həyatında ən çox sevdiyi yalnız yaralı quş kimi çırpınmaqda olan bədbəxt anası idi. Hətta məktəb salonunda dərslərinə çalışdığı zaman bir az çətinlik hiss edincə: “Bax, ana can,. hər zəhməti, hər sıxıntını ancaq səni qurtarmaq, səni yaşatmaq üçün çəkirəm”, – deyirdi.
Son zamanlar Əşrəfin qəlbini gəmirməkdə olan sıxıntı, kədər üzgözünü duman kimi bürümüş, onun qol-qanadı qırılaraq yanına düşmüşdü. Keçən həftə evə gedərkən xəstə anasını çox halsız görmüşdü. Hətta ayda, ildə bir dəfə üzünü görmədiyi atası Ağamürsəl də evdə idi. Həkimlər Məryəmi müayinə edib, o biri otağa keçdikləri zaman: “Sağalmağına ümid yoxdur, vərəm xəstəliyi sürətlə irəliləyir” sözlərini qapı arasından eşitmiş, içində bir şeyin qırıldığını hiss etmişdi. Bu acı xəbər onun vücudunu sarsıdaraq, bütün ümid çiçəklərini qırıb yerə tökmüşdü. Yalnız atası Ağamürsəlin evdə olması, arabir anasına dərman içirməsi ona təsəlli verirdi. Bundan sonra onların arasında səmimi məhəbbətin olacağına, anasının bu xəstəlikdən qurtaracağına inanırdı. Bilirdi ki, anasını üzən, onu vərəm yatağına sərən Ağamürsəlin çirkin və qaba hərəkətləri olmuşdur. Bundan sonra isə anası üzülməyəcək, düşünməyəcək, hamısı şən, bəxtiyar həyat keçirəcəkdir. Əşrəfi bu ümid və xəyallar sevindirir, həftəni böyük bir maraq və intizar içində keçirir, hər gün ona bir il qədər uzun görünür, o ata-anası arasında olan barışığın davam etməkdə olduğunu öyrənməyə tələsirdi.
İkindi çağı idi. Əşrəf yoldaşları ilə bərabər salonda dərs hazırlarkən mürəbbi qapını açaraq “Əşrəf!” deyə bağırdı. Əşrəf tez yerindən fırlayaraq qapıya tərəf qaçdı. Qapı ağzında xidmətçi Rəcəbi görüncə titrək bir səslə:
– Nə var? – deyə soruşdu.
Rəcəb həzin bir səslə:
– Heç, xanım səni görmək istəyir, – deyə cavab verdi. Bu söz onun qəlbində dərin bir həyəcan doğurdu. Əşrəf bir şey sezmiş olduğundan çox dalğın idi. Rəcəblə evə gedərkən yolda ondan bir şey soruşmağa belə cəsarət etmədi. Həmin həyəcan və iztirabla anasının otağına girdi. Anasını çox halsız gördü. Atası Ağamürsəl Məryəmin yatağı ucunda oturmuşdu. Xəstə isə ağır-ağır nəfəs alırdı. Əşrəf çarpayının aşağı tərəfində səssiz duraraq, gözlərini anasının üzündən ayırmırdı. Xəstənin ağır bir böhran keçirməkdə olduğunu hiss etdiyindən gözləri dolmuş, içindəki həyəcan və iztirabdan yanaqları qızarmışdı. Əşrəf qollarını açmaq, anasının boynuna sarılmaq, ağlamaq, onun kəhrəba kimi saralmış ətsiz, quru, sümük üzünü göz yaşları ilə islatmaq istəyirdi. Atası Ağamürsəlin orada olması Əşrəfi sıxır, qəlbinə bir ağırlıq verirdi. Ağlaya bilmədiyindən göz yaşları qəlbinin içinə axırdı. Məryəm dərin bir nəfəs aldıqdan sonra gözlərini açdı, bir şey axtarırmış kimi çuxura çökmüş sönük gözləri ilə ətrafı süzdü. Əşrəf orada olduğunu bildirmək üçün yerindən qımıldandı, yaş dolu gözlərini anasının üzünə dikərək qaldı. Məryəm Əşrəfi görüncə başını yastıqdan qaldırmaq istədi, mümkün olmadı, başı yenə taqətsiz halda yastığa düşdü. Quru, sümük əlləri ilə Əşrəfi yanına çağırdı. Əşrəf qollarını açaraq anasına sarıldı. Artıq dayana bilmədi, bir an əvvəl qəlbinə axan göz yaşları indi onun gözlərindən tökülməyə başladı. Başını anasının quru, soyuq köksünə dayayıb, hıçqıra-hıçqıra ağladı. Məryəm əlləri ilə onun başını oxşayır, qəlbinin son atəşi ilə, uzun və qara kirpikləri arasından süzülən qızğın göz yaşları ilə quru yanaqlarını isladırdı.
Bir müddət Əşrəfin başını qucaqlayıb durdu. Sonra onun alnını dodaqlarına doğru çəkib öpdü, qoxuladı, əlləri ilə başını bir az qaldırdı; həsrətli gözlərini ona dikərək baxdı, başını yenə dodaqlarına aparıb doyunca öpdü. Sonra başını yastıqdan qaldırmaq istəyərək həzin bir halda Ağamürsələ baxdı. Bir saniyə iki cüt göz bir-birinə dikildi. Bir söz söyləmədi, yenə də hər ikisi gözlərini aşağı dikib qaldılar. O ani baxışlardan hər ikisi bədbəxt bir ailənin fərəhsiz tarixini, on beş illik bir həyatın ən müdhiş və qaranlıq səhifələrini oxudular. Məryəm Əşrəfi köksünə sıxdı. Gözlərini kirpikləri arasında gizlədərək titrək və həzin bir səslə:
– Ağamürsəl, Əşrəf əmanəti!.. Heç olmasa bunu sev, – deyə bildi.
Rəngin qanadlarını ətrafdan toplamaqda olan günəş üfüqlərə sarı şəfəqlərini yaymaqda davam edirdi.
Məryəmin ölümü Əşrəfdə olduqca acı bir təsir oyatmışdı. O, gündən-günə əsəbiləşir, bədbinləşir və atası Ağamürsələ anasının qatili kimi baxırdı. Bunu duymuş olduğundan Ağamürsəl bu yaralı ceyranı özünə ram etmək üçün hər gün onun cibini pul ilə doldurur, arabir özü ilə bərabər kinoya, teatra, hətta kazinoya belə aparırdı. Bu həyat Əşrəfin əhval-ruhiyyəsi və əxlaqı üzərində silinməz qara izlər buraxır, dərsə olan eşq və həvəsi get-gedə sönməyə başladığından məktəb ona bir zindan görünürdü. Dərslərinə o, yalnız anası Məryəmi bəxtiyar yaşatmaq üçün çalışırdı. İndi dərslərin çətinliklərinə, məktəbin ona zindan kimi görünən həyatına nə üçün və kim üçün dözəcəkdi? Atasının sərvəti tükənməz bir dənizdir. Bu yanlış mühakimə onu yolundan azdırır, qaranlıq, uçurumlu yollara salmağa kömək edirdi.
Məryəmin ölümündən beş-altı ay sonra Əşrəf çox sürətlə dəyişməyə, əxlaqındakı xəstə, zəif cəhətlər qüvvətlənməyə, daha qabarıq bir şəkildə üzə çıxmağa başladı. Hər gün sinifdə dörd-beş saat oturmaq ona cəhənnəm əzabı kimi müdhiş görünürdü. Müəllimlər şirin dərs dediyi zaman onun fikri tamamilə başqa yerlərdə dolaşır, başqa şeylər düşünürdü. Bunun nəticəsi olaraq axır zamanlarda o, fənlərdən orta qiymət də ala bilmirdi. O, dördüncü sinifdə qalacağını yəqin etmişdi. Əşrəf bunu qüruruna sığışdıra bilmədiyindən məktəbi atmaq üçün bir bəhanə axtarırdı. Qəribədir ki, dördüncü sinif Əşrəf kimi düşünən, Əşrəf kimi tərbiyə almış uşaqların təhsil taleyini həll edən müəmmalı bir mərhələ idi. Məktəb müdiri də dördüncü sinfə “zadəgan sinfi” adını vermişdi. Çünki Əşrəf kimi zadəgan balaları çox zaman ya bu sinifdə qalmağa, ya da məktəbdən tamamilə çıxmağa məcbur olurdular.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-esrimizin-qehremanlari-ikinci-fesil
Use ← → keys to move, R for a random poem