Faşistin qəlbindən daha qaranlıq bir gecə idi. Hitler istilaçılıq xülyası ilə məst olaraq artırmada oturmuş, özünün “Mənim mübarizəm” kitabını tamamlamaq üçün ərkani-hərb ilə birlikdə hazırlamış olduğu dünyaya hakim olmaq planını nəzərdən keçirirdi. Sovet hökumətinə hücum planını gözdən keçirərkən tək səbir gəldi. Bu tək səbir onun qəlbində acı şübhə doğurdu, qürurla yumruğunu masaya çırparaq: “Bu tək səbir nədir? Mənim səbir etməyə vaxtım yoxdur; faşizm bütün dünyaya hakim olmalı, bütün millətlər “nəcib” alman millətinə köləlik etməlidir! Dünya alt-üst olsa da bu fikrimdən dönməyəcəyəm” – dedi.

Hitler, planı bir də gözdən keçirməyə başladı. Elə bu arada otaqdakılardan birisi yenə asqırdı. Hitler bu tək səbirdən acıqlandı, başını oynadaraq: “Ah, yenə tək səbir” dedi. Bu tək səbirlər onu əsəbiləşdirmişdi. Oturduğu yerdən qalxdı, bığlarını çeynəyə-çeynəyə artırmada gəzinməyə başladı. Onun buludlu gözləri qaranlıqda şimşək kimi parıldayırdı, ürəyi çırpınaraq dərin düşüncəyə dalmışdı. Düşünməkdən yorulmuş başını əlləri içinə alaraq hiddətlə oturdu, zəngi basdı, xidmətçi qız gəldi, bir fincan su istədi, qız su gətirdi. Hitler əsəbi, titrək əli ilə suyu alıb içdi. Kin və qürurla parlayan gözlərini göylərə dikərək daldı, fikri plan, gözləri isə ulduzların seyri ilə məşğul ikən birdən gözü Marsa sataşdı. Onu bütün qüvvəti ilə özünə cəlb edən Mars cahangirin qəlbində dadlı bir xülya oyatdı. Əlini ona uzadaraq: “Ey Mars, dünya işlərini bitirdikdən sonra sənə də əl atmağa bir yol tapacam” – dedi. Bu fikir onun qəlbindəki kədərini büsbütün dağıtdı. Gülməyə yad olan simasını süni bir təbəssüm bürüdü: “Yavaş, sənə də kəmənd atmasam cahangir Hitler deyiləm”.

Bu sözləri deyib Hitler yerindən fırladı. Öz xüsusi təyyarəsinə minərək Marsa yol tapmaq məqsədi ilə havaya qalxdı. O qaranlıqlar içində getdikcə yüksəlirdi. Az getdi, üz getdi, silsilə şəklində uzanmış böyük bir bulud dəstəsinə çatdı. Diqqətlə ətrafa baxarkən qızıl taxt üstündə oturmuş qoca bir kişi gördü. Hiddətindən gözləri bərəldi.

– Məndən də uca yerdə, bu qızıl taxt üstündə oturan qoca kimdir? – deyə ona yanaşdı. Sonra qalın hiddətli bir səslə:

– Ey, sən kimsən? – deyə soruşdu.

Qoca gülümsəyərək dedi:

– Mən allaham!

Hitler heyrətlə açılan gözlərini ona dikərək:

– Sən allahsan? Mən səni çoxdan axtarırdım – deyə əlini ona uzatdı, yumşaq bir səslə:

– Qoca, bəlkə sən bilirsən, bu Mars ulduzuna necə getmək olar? – deyə soruşdu. Qoca gülərək ona baxdı, sonra əlini onun qəlbinə qoyaraq:

– Ora sevgi və qardaşlıq dünyasıdır, bu taxta ürəklə Marsa gedilməz! – dedi. Sonra soyuqdan donmuş əlini nəfəsi ilə qızdıra-qızdıra:

– Bu taxta deyil, dondurucu şaxtadır – dedi. Cahangir başı ilə qocanın sözünü təsdiq etdi:

– Doğrudur, bu dondurucu şaxta ürəklə bütün dünyaya meydan oxuyaram.

Bu zaman təyyarənin propelləri xırıldamağa başladı. Hitler benzinin qurtardığını anlayıb yerə enməyə məcbur oldu.

Qocanın elə yüksəkdə oturması, altındakı qızıl taxt cahangirin qəlbindəki kin və həsəd atəşini yelpikləməyə başladı. Qaşlarını çataraq:

– Güclə olmasa da, hiylə ilə onun taxtına, rütbəsinə sahib olmalıyam – deyərək düşünməyə başladı. O yenə zehnində mühüm bir plan tökürdü. cızdığı plandan məmnun qalaraq sevinclə başını qaldırdı. Yanında duran iki zabiti, qonaq çağırmaq üçün allahın evinə elçi göndərdi. Elçilər havaya qalxaraq ədəblə qocanın ayağı altında durub Hitlerin tapşırığını ona yetirdilər. Qoca gülümsəyərək cavab verdi:

– Bağışlayın, mən taxtımdan yerə enməyə qorxuram, çünki endimmi, Hitler taxtıma oturar. Mənim də allahlığımı əlimdən alar.

Elçilər qayıdıb əhvalatı Hitlerə söylədilər. Hitler acıqlandı, tez beş nəfər topçu zabit çağırdı, təyyarəyə iki zenit topu qoyaraq havaya qalxdı, qocanı görüncə bağırdı:

– Ey, qoca, en taxtından, bir dünyaya iki allah sığmaz!

Qoca cavab vermədi. Əli topun qundağında olan cahangir sözünü bir də təkrar etdi; qoca yenə cavab vermədi. Cahangir acıqlandı. Üzünü topçulara tutaraq amiranə bir səslə: “atəş!” deyə bağırdı. Toplar hiddətlə gurladı. Hitler topun dəhşətli səsindən oyandı, qaranlıqda atəş böcəyi kimi parlayan gözlərini görüncə yumruğunu göylərə doğru sıxaraq:

– Dayan ey qoca, yer üzünə sahib olduqdan sonra sənə də bir əncam çəkərəm – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets