Page 2 of 7 · 14%

Bədbəxt həmşirəniz Sitarə

Sevgili məsləkdaşım!

Asari-bədayeyi-nümunənizi qəzetlərdə oxuyuram. Müvəffəqiyyətinizi təbrik edirəm. Mən isəm artıq yazammıram. Zehnim, fikrim məşğul, ruhum, qəlbim isə başqasında, necə yazayım? “Başqasında”– bu kəlmə sizi çox düşündürəcək, deyilmi? Əvət başqasında! Ruhum uçmuş da bir qızın ruhu ilə birikmiş, könlümdə qulaqlarına guşvarə olaraq asılmışdır.

Ciddi, sevgili bəradərim! Sözlərimi çocuqluğa həml etmiyəcəksiniz, həqiqi söyləyirəm. Bir kərrə bu mələkparəni görsəniz, etiraf edərsiniz... Oh nə qədər gözəl, nə qədər şux, nə qədər dilbər. On səkkiz, on doqquz radələrində bir pəri yavrusu. Ələlxüsus o da məni sevir, hər gün pəncərələrinin önündən keçərkən zavallı qız mənə doğru boynunu əymiş, sevdadan qızarmış qara, iri-iri gözlərini uzun kirpikləri arasından üzümə dikərək baxır, lətif-lətif gülümsəyir. Dəlicəsinə mənə aşiqdir. İndi güləcəksiniz ha!.. “Sənin sarı, solğun bənizinəmi? Əyri-üyrü bığlarınamı? Qısa, biçimsiz qamətinəmi?” – deyəcəksin. Onu mən də bilməm ki!.. Hətta dünən pəncərələrinin önündən keçərkən: “Aya bax, ulduza bax!” türküsünü mənə oxudu. Biixtiyar üzünə baxdım, ah nə qədər şairanə halları var: gözlərindən sevda damır, dodaqlarından güllər açır. Mən isəm, bəradər, öz halıma ağlayıb da onun sadəliyinə, çocuqluğuna gülürəm. Zavallı qız, mənim evli olduğumdan xəbəri yox. Gizli-gizli olaraq, bu atəşi-sevda məni də bihalət edir, əridir, soldurur. Mütəəhhil olduğumu yazıb bildirmək istəyirdim, lakin nədənsə bir qüvvə məni mən edir. Əgər mən də onun kimi apaçığına münaqişəyə girişsəm, vicdanca məsul deyilmiyəm? Zavallı zövcəmə xəyanət olmazmı? Ah, vicdan əzabı! Hər halda bu pəri yavrusundan hissimi, əfkarımı gizli saxlamalıyam. Hankımızın əzabı şiddətlidir: mənimki yaxud onunku? Məncə yenə yazıq o... Zira elə nazik əndama atəşi-sevda yakışır şeymi? Zəfimdən barmaqlarım qələm tutmayır. Bu qədərə iktifa olundu. Yenə yazacağam. Xudahafiz!

Bəradəriniz Cavad

Gözəl Rəmziyyəm!

Gün-gündən halım kəsbi-vəxamət edir. Azadə və sərbəst könlüm atəşi-sevda ilə tutuşub yakılır, məni də yaxır. Belə keçərsə dayanamıyacağam, həmşirəsiz qalacaqsınız. Bu dəliqanlı gənc də bilmən necə bir adam? Onu sevdiyimi min dürlü ima işarətlərlə anlatdım. O isə çox soyuq, bilməm qəlbi buz parçasımı? Əsla əhəmiyyət verməyir. Ölürəm həmşirəm. Bu gün adını belə öyrəndim: Cavad, anladınızmı? Baxınız, adı belə nə qədər gözəl! Bu gün bir şey yapdım. Bu məzmunda ona bir məktub yazdım: “Bəy əfəndim! Sizlə əsla əlaqəsi olmayan bir qız tərəfindən yazılmış bu məktubdan əsla təəccüb etmiyəsiniz. Zira təbii bir hal. Bilsəniz nə qədər mütəəzziyəm. Tam bir ay oldu, sevda denilən vərəmin pənceyi-qəhri altında əzilib, qəlbim, ruhum bütünə parçalanıb əriməkdədir. Bu nə hal? Bir kərrə belə üzümə baxmayırsan? Təqsirim nə? Sizi sevməkmi? Ona mən nə yapayım? O isə könülə rəbti olan bir şey. Sevda ixtiyarı olsaydı, minlərcə mənə doğru boynunu əymiş gənclərlə yapardım. Vicdanınıza əminəm ki, mənim kimi saf və sadə bir qızın ürəyinin həqiqi sərairini qurnazlıqlara, bilməm nələrə həml etmiyəcəksiniz, deyilmi? Sevirəm sizi... hər an, hər dəqiqə sizi düşünürəm, sizinlə qonuşuram. Röyalarımı, xülyalarımı ancaq sizinlə keçirirəm. Ah, əyər siz də məni sevəcək, olsanız, bilsəniz bu zavallı qızı nə qədər sevindirəcək, məsud edəcək olursunuz. Cəsarətim əfv olunsun, eşq cünun deməkdir. Mən də bu dərdin ən qəvi zəncirləri ilə sarılmış bir acizəyəm”.

Bilmirsiniz, bu məktubu Cavad əfəndiyə necə təqdim etdim? Bakayım tədbirimi bəyənəcəkmisən, həmşirəciyəzim? Sevda elə bir şeydir ki, hər müşkül üçün yol bular, yalnız öz dərdinə çara bulamaz. Cavad əfəndi yenə adəti üzrə pəncərəmizin önündən keçirdi. Məktubu üsulluca yerə ataraq, arxasından: “Bəy əfəndi, bu məktub sizdən düşdü” dedim. Zavallı dəliqanlı geri döndü. Solğun baxışlarla, bir mənə baxdı, bir də yerdəki qapalı məktubu süzdü. Məktubu əyildi, götürdü, bir daha mənə baxmadan dönüb getdi. Fəqət çox dalğın idi. Zavallının bilməm bir dərdimi var, nədir? Mən onu düşündüyüm kimi, o kimi düşünür? Çıldıracağam həmşirəciyəzim. Ah, əyər elə olursa, yazıq mən...

Sitarə

Ciddi arqadaşım!

Siz romançısınız, fikriniz də çox əsaslı, çox mətin. Bu giriftarı olduğum mələkparə ilə aramızda olan vaqeatı götürünüz də bir roman yazınız. Bilsəniz, bu pəri yavrusundan saçılan sevda qığılcımları nə qədər qəlbimi rahətsiz edir. Bəradər, indi isə özümə daha yazığım gəlir. Zira o məndən daha məsud. O yalnız bir sevda vərəminin pəncəsində boğulursa, mən həm sevda, həm vicdan pəncəsində əzilməkdəyəm. İkincinin əzabı daha şiddətli deyilmi? Zavallı zövcəm yanıma oturaraq: “Cavad, neçə gündür çox düşüncəli, çox dalğınsan” – deyir. Bir üzri-məcul ilə sirrimi, kədərimi gizləməyə çalışıram. Fəqət nə çarə, zahir batinin ayinəsi deyilmi? “Abe ruxsar xəbər midəhəd əz sirri-dərunəm”. Bilsəniz, mənim bu əfsürdə və pərişanlığım bu zavallıya nə qədər təsir etmişdir. Onun da elə ölgün və dalğın haləti məni bir tərəfdən yakır, ruhumu, qəlbimi parçalayır. Bəradər, hər tərəfdən dərd, qəm dolu kimi üzərimə tökülür. Qorxuram altında əzilib qurtulamayım.

Alınız sizə Sitarəmdən bir maraq. Sitarə, anladınızmı?

Ah, nə qədər gözəl bir ad! İsmi ilə müsəmması belə mütabiqdir: “Sitarəyi-sevda”, “Sitareyi amal” deməkdir.

Dünən məşğələmdən evə qayıdırdım. Yenə pəncərələrinin önündən keçəcək idim. Ayaqlarım titrəyir, bədənim əsir, ruhum, qəlbim dar qəfəsdə məhbus bir quş kimi çırpınırdı. Sanki bu vərəmli, kədərli sinəm dar gəlmiş kimi onu qırıb, parçalamaq istəyirdi. Nə görürəm? O!.. Pəncərələrinin önündə yolumu gözləyir. Adətim üzərinə, ruhumla, vicdanımla çarpışaraq keçirdim. Birdən-birə arxamdan: “Bəy əfəndi, bu məktub sizdən düşdü”, – deyən mütəəssir bir sədadan mıxlı kimi qaldım. Biixtiyar arxama döndüm. Gözlərim o sevdalı gözlərə dikildi. Gülürdü... Dodaqlarından çiçəklər saçılır kimi lətif-lətif gülümsəyirdi. Başdan-dırnağa qədər bir atəşi-səyyal bütün əsabımı titrətdi. Əyildim, məktubu alaraq odama çəkildim, Məktubu açdım. Təkrar sevə-sevə oxudum. Ah, başdan ayağa sevda və xülya! Doğrusu, bu zavallı və sadə qızın halına çox acıdım. Məktubumun cəvfində göndərirəm, alınız da oxuyunuz. Bu qızdakı məhəbbət nə qədər sadə, nə qədər həqiqi olmaqla bərabər: “Qadınlarda sevgi olmaz, zira onlarda ürək yox. Onlar yalnız özlərini sevdirmək yolunu bilirlər” – deyə təriz etdiyiniz fikrinizdən vaz keçək. Qadınların ürəklərində həqiqi məhəbbət bəslədiklərini etiraf ediniz! Fəqət bu gözəl məktubu yenə özümə qaytarmanızı rica edirəm.

Bəradəriniz Cavad

Fikrimin, qəlbimin süruru həmşirəm Rəmziyyə!

Dərdim bir qat daha artmış. Göz yaşlarımı saxlaya bilmirəm. Get-gedə sirlərim faş olur. Validəm ağladığımı görmüş, zatən rəngi-ruyumun solğunluğundan dəxi əvvəlcə bir şey duymuşdu. Yanıma gələrək: “Nəyindir, qızım? Nə üçün kədərlənirsən?” dedi. Üzümü pəncərəyə çevirərək göz yaşlarımı qurutduqdan sonra, məcburi bir təbəssümlə sözünü kəsərək: “Nəyə kədərlənəcəyəm, nə var ki...” – deyə cavab verdim.

– Yox, yox, görürəm bu az vaxtda çox solmuş, çox dəyişmişsən. Hətta indi də ağlayırdın, – dedi.

– Ağlayırdım? Əsla!.. Zavallı qadın dolğun baxışlarla bir qədər məni süzdükdən sonra çıxıb getdi. Ah, yazıq dərd, kədərimdən bixəbər, bilməyir ki, bu canı qədər sevdiyi yavrusu, belə bir zəif əndam ilə, gecə-gündüz sevda deyilən bir qəhrəmanla pəncələşir, vuruşur... Qolaymı? Solmazmı? Dəyişməzmi?

Ah, həmşirəciyim, bu dərd məni öldürəcək. Bilmirsiniz, Cavada məktubu verdikdən bəri mənimlə necə bir muamilədə bulunur? Məni görməsin deyə indi soqaqın o biri tərəfindən, qaldırımdan gedir. Baxınız bu hərif nə qədər soyuq, nə qədər məhəbbətsiz bir adam! Ruhum qədər sevdiyim bu dəliqanlını siz də biliniz, tanıyınız. Ah, belə adamla sevda yapmaq nə qədər köç. Eşitdiyimə görə özü oxumuş, tərbiyəli, əxlaqlı bir zat. Bilməm onun mürəbbisi necə bir adam olmuş? Bu gözəl dəliqanlıya hər şeyi öyrətmiş, dünyadakı gözəl xəsalin həpsini anlatmış da, yalnız məhəbbət nə olduğunu anlatmamış. O hərif nə qədər məhəbbətsiz, soyuq bir zat olmuş. Ürək yerinə içindəki bir parça daşmı imiş? Bilməm ki!.. Bu gəncin halı məni bütün-bütünə pərişan etmiş. Onun mənimlə belə müamiləsini siz nəyə həml edirsiniz? Yazınız! Allahı sevərsiniz, yazınız! Siz məndən daha təcrübəlisiniz.

Sitarə

Məsləkdaşım, adaşım!

Məktubunuzu aldım. O nə? Yenə fəlsəfəyə girişirsiniz. Canım, fəlsəfə ilə sevdanın nə münasibəti? Heç bir-birilərinə yaxın şeymi? Sizin qadınlar haqqındakı bəslədiyiniz bu hissi-ədüvvanə bitmiyəcək, qurtarmıyacaqmı? Mənim Sitarəmin, o nazik və lətif ürəyindəki dağ çeşmələri qədər saf və həqiqi məhəbbətini alladıcı bir şöləyəmi təşbeh edirsiniz? Nə qədər soyuq təşbeh. Çox yanlışsınız bəradər! Məncə o göylərdəki yüksək ildızlar, sabit sitarələr qədər ülvi və parlaqdır. Onu heç bir şey söndürə bilməz! Mən isə əsla sizinlə şərik ola bilmərəm. Zira get-gedə qəlbimdə qadınlara nisbətən bir şəfqət, bir ülviyyət, bir mərhəmət doğur. Onların göylərdəki şəfəqlərə qədər yüksəlmiş, sərapa bir ruhi-mücəssəm, bir pəri-vicdan olduqlarına etiqad etməyə başlayıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets