Page 3 of 7 · 29%

Alınız sizə Sitarədən bir şərarəyi-sevda... Sitarədən məktubu aldıqdan sonra bütün-bütünə heysiyyətimi qaib edərək mən də belə bir cavab yazmağa qalxışdım: “Sevdayi-amalım, Sitarəyi-iqbalım!” Tərcümani-dəruniniz olan dodaqlarınızdan tökülən məktubunuzu öpə-öpə təkrar oxudum. Məni sevirsiniz, demək! Ah, bilsəniz nə qədər bəxtiyaram! Sizin kimi bir firiştəyi-sevda tərəfindən sevilmək, dünyadakı amalımın ən gözəl bir şükufəsidir. Ah, bilirmisiniz gözəlim, şux, şən dilbərim, nə istərdim? Bütün ömrümü səninlə keçirmək, o uzun kirpiklərinizin arasından bayğın baxışlı, qara gözlərinə doyuncasına qədər baxmaq, ondan müdam ayrılmamaq istərdim”.

Bilirmisən bəradər, bu məktubu bir kərrə oxudum, təkrar bir daha, bir daha... Üçüncüdə əndamımı atəşin bir tər aldı. Ürəyim çırpınmağa, əllərim, ayaqlarım titrəməyə başladı. Tüklərim bədənimdə tikən-tikən kəsildi. Sanki səmadan üzərimə saiqələr tökülür kimi oldum. Ah, yenə vicdan əzabı! Zavallı zövcəciyəzim dalğın baxışlar və solğun çöhrəsilə boynunu əyərək önümdə mücəssəm oldu. Rəngsiz dodaqlarını qımıldadaraq çox məyus və həzin bir səda ilə: “Cavad, Cavad, mən sənin olduğum kimi sən də mənimsən. Mən səni başqasına vermərəm” – deyə xülya kimi bir anda qeyb oldu. Qəlbimdəki riqqətdən bütün əsabım titrəməyə başladı. Məktubu büküb, masamın çəkməcəsinə soxdum. Böyük bir qəbahətdə bulunduğumu anladım. Mütəəhhil bir erkək tərəfindən sadə, məsum bir qıza elə-belə müamilədə bulunmaq nə qədər alçaqlıq, vicdansızlıq olduğunu anladım. Ah, əyər mütəəhhid olmasaydım, nə qədər bəxtiyar idim. İndisə, bəradər, çox fəna bir mövqedəyəm. Hər iki tərəfim dəhşətli. Əyər bu tərəfə mayil olursam, mühit, vicdan məni boğacaq və əyər bu tərəfi tutursam, atəşi-sevda məni yakacaq, ruhumu parçalayacaq olur. Nə edim, söyləyiniz, nə edim? Əlavə, zavallı zövcəciyim də mənimlə fəna müamilədə bulunmamış, çocuq kimi məni sevmiş, süsləmiş. Bir dəqiqə belə mükəddər olmama macal verməyərək dürlü-dürlü təltiflərlə, mərhəmətlərlə könlümü almış, canı, ruhu qədər sevmişdir. Bilsəniz indiki dalğınlığım zavallı qadına nə qədər təsir etmiş və soldurmuşdur. Onu indi necə atım? Vicdanımı, namusumu necə parçalayım? Bu üç-dörd sənə zərfində tikdiyi sıcaq yuvasını necə dağıdım? Vicdana yakışır şeymi? Siz söyləyiniz, bəradər, mümkünmü? Ah, mən isə düşünməkdən saçlarım belə ağardı.

Cavad

Sevgili Rəmziyyəm!

Məktubunuzu aldım. Əhvalıma çox acımışsınız. Təşəkkür edirəm, həmşirəm! “Ağlamaqla, sızlamaqla bir şey çıxmaz, səbir və mətanət lazımdır”, – deyirsiniz. Ah, ah, həmşirəm, o əski mahnının qulaqlarımın ucunda bir sinək vızıltısı qədər belə təsiri yox. Səbir ilə sevdanın nə münasibəti? İki mütəzadd şey bir ürəkdə birləşərmi?

İndi üç gündür görmürəm. Dəli oldum. Müdhiş fikirlər, düşüncələrlə başımı əllərim içinə alaraq taleyimə, bəxtimə lənətlər yağdırır, gizli-gizli gecələri, gündüzləri ağlayır, sızlayıram. Validəm dün qonşu xanımgildə idi. Yalqızlıqdan istifadə edərək hıçqırıqlarla çocuq kimi ağlayırdım. Xalam mənim ağladığımı görürmüş. Əvvəldən bir şey anladığından, məni təqib edirmiş: birdən-birə içəri girdi. Göz yaşlarımı qurutmağa macal verməyərək, məni iki qolları arasına aldı. Sıxı-sıxı qucaqladı: “Yavrum, quzum, bilirsən ki, mən səni nə qədər sevirəm? Canım qədər, ruhum qədər! Çoxdan bəri səni çox dalğın, solğun görürəm. Hətta bir neçə kərə ağladığını belə görmüşəm. İndi də ağlayırdın. Söylə, baxım nə üçün?” Sözünü bitirməyə macal verməyərək: “Heç, babamı xatırlamışdım” – dedim. “Yox, yox məni aldadammazsan. Məndən sirrini saxlamağı bir dürlü anlamıram. Səni nə qədər sevdiyimi, çocuqluqdan qollarım üzərində böyüdərək bir ana qədər əmək verdiyimi zatən bilirsən. Bizim aramızda gərək heç bir şey hail olmasın gərək. Sənin belə solğun, dalğınlığını bir dürlü çəkəməm! Çabuq qızım, söylə!” Bu sözləri deyərkən məndən bir cavab ala bilməyəcəyini görüncə boynuma sarılaraq: “Quzum, mən işdən azacıq müxbirəm. O hər gün pəncərəmizin önündən keçən sarışın gənci sevmişəm, deyilmi? Yenə qızardın. Bunda qızaracaq nə var ki? Söyləsən a... Bu işdə mən sənə çox mənfəətli olaram. Gizli tutmaqdan nə çıxar?”. İçimdən anlaşılmaz bir hiss: “Söyləsən a, nədən qorxursan? Səndə sevməyə ürək olduğunu, qoy dünya bilsin!”. Boğunuq bir səslə: “Əvət sevirəm!” – dedim. Fəqət özümü mühafizə edə bilməyib hıçqırıqla ağladım. “A, daha nə üçün ağlayırsan? Bu çox gözəl, qızım!” Sevmək ayıbmı? İndi artıq bir az da sənli-mənli qonuşalım. De baxım, o da səni sevirmi? A, yenə qızardın ki... Utanma qızım. Mən hər halda sənin dərdinə çara aramaq fikrindəyəm. Səni belə ölgün, solğun gördükcə həyatım zəhərlənir, ölürəm. De, bakayım, aranızda mükalimə olmuşmu?”. Məyusanə bir səslə: “O tərəfdən heç bir şey yox”, – dedim. “Onu sevdiyini bilməyirmi?” – “Bilir!”. Zavallı qadın sallandı, dərin bir fikrə daldıqdan sonra: “Qızım, sən özünü üzmə, hər necə olursa mən onunla görüşərək əhvalatı bilərəm”, – dedi. Artıq çıldıracaq idim. Bilmirsən, həmşirəciyəzim, bunlar mənim üçün nə qədər böyük təsəlli idi. Bu sözlərdən atəşnak ürəyimə bir buz parçası qoyulan kimi idi. Xalamın aqilə bir qadın olduğunu zatən bilirsiniz. Bu işdə doğrudan-doğruya mənə çox mənfəəti olacağına əminəm.

Gecəni çox dadlı xülyalarla uyudum. Yalnız bir kədərim var isə o, daha Cavadı üç gündür görmədiyimdən ibarətdir. Sizdən başqa bir daha həmsirrim bulunduğuna çox şadam. İndilikdə bəxtiyaram. Baxım sonu nə olacaq? Xudahafiz. Əlinizi sıxıram.

Sitarə

Ciddi qardaşım!

Üç gündür xəstəyəm. Üzərimə dağ parçası kimi yuvarlanan atəşisevda, nəhayət məni yatağa sərdi. Çox zəif, çox dalğınam. Zəfimdən əllərim, ayaqlarım belə titrəyir. Dün axşam isitmişdim. Şiddətihümmadan bir dürlü sayıqlamışam, onu xatırlamışam, saçma sözlər söyləmişəm. Bu gün zavallı zövcəm yatağıma yaklaşaraq quru, gəmik əllərimi əlləri içində oxşayaraq: “Quzum, Cavad, indi maşallah yaxşısan. Dünən gecə çox dalğın idin. Hətta bir para saçma sözlər söyləyirdin”, – dedi. Sonra rəngsiz dodaqlarından məyusanə bir təbəssüm çıtlataraq əlavə etdi: “Sitarə, Sitarə deyirdin. Saçma sözlərindən yalnız bunu xatırlayıram”. Dərhal gözlərim gözlərinə dikildi. Zavallı qadın bir şey anlamış kimi, gözlərini aşağı endirərək, qaşlarının ucları şiddətlə əyildi. Mükəddər və dolğun bir əda ilə əllərimi oxşayırdı. İçindəki dərin bir fırtınadan, üzündə, alnında qaranlıq dalğacıqlar uçuşurdu. Bilməm nədənsə, hər zamankı kimi riqqət və məhəbbət əvəzinə qəlbimdə dərin bir qüvvət və mətanətdən başqa bir nifrət hissi edirdim. Bu qadını artıq görməməyə başladım. Zira ki, o tərəf çox güclü, bir maqnit kimi bütün-bütünə ruhumu, qəlbimi özünə cəlb edir. Artıq dayanmıyacağam, hər necə olursa-olsun bir şeyə qərar verəcəyəm. Ola bilər ki. çox böyük, çox məcnunanə bir şeyə qərar verdim. İndilik bilmirəm. Bu qədər ki, bəradər, uçuruma doğru gedirəm. İrəlidə məni böyük bir qəza qarşılayacağını hiss edirəm. Mazi isə çox bəxtiyar, hal isə çox fəna, istiqbal isə çox qorxulu, çox dəhşətli! Mövla baxalım nə eylər!..

Bəradəriniz Cavad

Sevgili həmşirəm!

İndi on beş gün oldu, məktubunuza cavab yazmadım. Zira çox dalğın idim. Zatən xəstə idim. Bilsəniz bu on beş gün mənim üçün necə keçdi? Bir cəhənnəm əzabı. Bundan daha o, dumanlı, qaranlıq günləri xatırlamıyacağam, siz də unudunuz. Zira artıq bəxtiyar oldum. Sitarəyi-iqbalım qaranlıq buludlar altından qurtulmağa, lətif-lətif üzümə gülməyə başladı. Dünəndən bəri həyatım bütün-bütünə dəyişmiş, Cavad bəy, artıq mənimlə qonuşmağa, sevişməyə başlamış. Bəxtiyar olmazmıyam? Sevincimdən çocuq kimi hoppanıram. Hüzn, ələmdən hər zaman qovrulmuş dodaqlarım, indi isə gülümsəməyə yeni alışır, bir çocuq kimi hər dəqiqə, hər zaman təbəssümlər, nuşa-nuş xəndələr saçır. Gecəni çox rahat keçirdim. Ağır bir xəstəlikdən yeni-yeni qurtarmış bir çocuq kimi uyudum. Artıq bir daha gözlərimi açdıqda, günəş doğmuş, pəncərədən sürmə telli saçlarını üzümə dağıtmışdı. Sanki məni təbrik edirdi. Hava o qədər gözəl, o qədər lətif idi ki, nəfəs aldıqca ruhum, qəlbim kəsrəti-zövq və şadidən dünyanı iki qolları arasında qucaqlayan bəxtiyar bir sərməst kimi içimdə uyuyurdu. Ara-sıra pəncərənin barmaqlığından adamın içini oxşayan sərin bir nəsim tellərimi üzümə, gözümə dağıda-dağıda məni oxşar kimi olurdu. Hər şeydə bir təzəlik, bir gözəllik hiss edirdim. O qədər şən, o qədər məsud idim ki, səadət gözlərimi qamaşdırır, məni boğur kimi olurdum. Yatağımdan sıçradım. Çocuq kimi qoşaraq özümü validəmin qolları arasına atdım. Sıxı-sıxı boynuna sarıldım. Çoxdan bəri bir şəfqət görməyən zavallı qadın özünü şaşarmış bir halda mətin təbəssümlə məni salamladı. Başımı köksünə sıxaraq: “Dəli qızım” – deyə öpdü, qucaqladı.

Ah, həmşirəciyəzim, mən sizə Cavad bəy ilə görüşməmiz barəsində yazmaq istərkən bax necə öz bəxtiyarlığımı uzun-uzadı şairanə lövhələrlə tərsim etməyə çalışıram. Darılmayınız həmşirəm, sevinc məni dəli etmiş. Bilirmisiniz necə oldu? Bu günkü kimi gözəl bir gün idi. Pəncərənin önündə başımı əllərim içinə alaraq onu düşünürdüm. Uzun-uzadı qəlbimdəki xələcan və iztirabdan köksüm qabardı. Arxasınca: “Ah, yarəb! Yakıcı xuni-ələmdən heçmi qurtulmayacağam?” ibarəli dolğun-dolğun, qırıq-qırıq dodaqlarımdan tökülməyə və iki qətrə yaş kirpiklərim arasından süzülə-süzülə bir kürə şəklində yanaqlarıma doğru yuvarlanaraq bu atəşin kəlmələrlə birləşdiyi zamanda idi. Birdən-birə: “Xanım əfəndi!” Bu sədadan gözlərimi açdım. Nə görürəm? O... İnanmırdım... Göz yaşımı məndilimin ucu ilə qurudaraq önümdəki ay kimi bətsiz-bənizsiz bir vücuda baxdım. Əvət, yanılmırdım, Cavad bəy idi!. Bir dəqiqə söz söyləmədən gözlərimiz bir-birinə dikildi. Bir az sonra sözə başlayaraq: “Xanım əfəndi, yazdığınız məktuba təşəkkür edirəm. Fəqət cavab yazmadığımdan çox darıldınız, deyilmi? Əfv edəcəyinizə əminəm, zira məzur idim. Başqa bir səbəb var idi. O səbəb qaldırılınca, sizinlə görüşməyə, mükaliməyə haqlı deyil idim. İndi isə, o səbəblər bütün-bütünə qaldırıldı. Artıq mən də sizin kimi sərbəst və azad oldum. İndi isə mən də deyə bilərəm: Gözəl mələkim! Şayani-pərəstiş dilbərim, mən də sizi sevirəm, canım qədər, ruhum qədər sevirəm”. Bu sözlərdən, ələlxüsus son kəlmələri o qədər gözəl, o qədər dadlı bir ahəng ilə əda etdi ki, hər kəlməsi qulaqlarımın ucunda bir bülbül şaqırtısı kimi ruhumun ən incə tellərini titrədirdi. Mən isəm, usanclıqdanmı, kəsrəti-sevincdənmi, nədənsə cansız bir heykəl kimi mat-mat üzünə baxırdım. Söylədiyi laqqırtını məhkəməxanalarda əmalını dinləyən bir qatil kimi dinləyirdim. Bu sözləri bitirər-bitirməz: “Xanım əfəndi, nə üçün ağlayırdın?” – dedi. Həzin bir təbəssüm çıtlataraq: “Heç”, – dedim. “Mənimi düşünürdün?” – dedi. Cavab verməmək bəhanəsilə əllərimlə üzümü qapadım. “Qapa, qapa, – dedi, – artıq mən də gedirəm, zira bundan ziyadə səninlə qonuşmağa, o dəlicəsinə sevdiyim gözlərinə doyuncasına qədər baxmağa məndə taqət yox! Atəşi-şövqün məni yakır. Ruhunun şüası ruhumu parçalayır, əridir. Dizlərimi taqətsiz, dərmansız buraxıram. Bunca səadət və bəxtiyarlıq məni boğur kimi olur. Uf, Allahım, lütfən bu yenicə nail olmağa başladığım səadəti doyuncasına görməyə mənə bol-bol qüvvət ehsan et! Müsaidənizlə, bundan daha hər gün görüşəcəyik”, – deyə ayrıldı. Arxasından dəlicəsinə bir aşiq kimi baxırdım. Soqaqı döndükdə bir baha baxışdıq. Artıq getmişdi. Fəqət ən sondakı: “Artıq hər gün görüşəcəyik” kəlmələri indi də bir musiqi telləri kimi ruhumun ən ümqünü titrədir. Sevinirmisən həmşirəm? Artıq nə bəxtiyar oldum. Bundan daha bir məsud çocuq kimi yaşayacağam, deyilmi? Artıq yaza bilmirəm. Nail olmağa başladığım səadət məni də boğur. Lütfən cavabınızı bəkləyirəm. Əlavə Cavad bəyin şəhri rəf olduğu səbəbi siz nəyə həml edirsiniz? Yazınız, rica edirəm yazınız. Xudahafiz həmşirəciyəzim. Xudahafiz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets