Qaragünlü Həlimə
Qış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü.
Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar.
Göy gurultusundan daha dəhşətli olan top qumbaralarının təraqələri getdikcə artmaqda idi. Həlimə isə ərinin balini-ehtizarından dizlərini qucub odlu göz yaşları tökməkdə idi. Ta ki, qalanın içərisində olan yanğın get-gedə artıb bunların da evlərinə yetişdi. Bir dəqiqədə atəş evin dörd tərəfini əhatə etdi. Ağlayıb, sızlayıb saçlarını yolmaqla gah bayıra yüyürüb, gah içəriyə qayıdırdı. Bu heyndə şeypur sədası eşidildi. Bununla pişdarların qalaya yaxınlaşdığını anladı. Vəhşətdən bütün özünü itirmişdi. Acı, qara tüstü evin içərisinə dolub buruq-buruq pəncərələrdən xaricə çıxırdı. Qırmızı alov küləyin şiddətindən hər dəm zəbanə çəkib yan-yörəni gəmirirdi. Biçarə Həlimə ərinin yarı ölü cəsədini qucaqlayıb evdən kənara çıxarmaq istədisə də, yağmur danəsi kimi tökülən güllələrə məruz olmaq qorxusundan bu fikirdən daşındı. Lakin bir qədər çəkmədi ki, alışmaqda olan pal-paltarı onda bir halət törətdi ki, o, qoca xəstə ərini də unudub, o atəş dalğalarının arasından özünü həyətə-bərəyə atdı. Bir neçə dəqiqədən sonra o, alışan məqbərənin töküntüləri altında zirzəmidəki lağımın da mədxəli qapanıb, biçarə tifillər orada qalmağa məhkum oldular.
O fələkzədə çocuqlar qaranlıqda qorxuşub çığrışırdılar. Yekdigərini görmürdülərsə də, lakin əl-ələ yapışıb lağımın içərisinə doğru bir neçə addım irəlilədilər. Lağımın yeri rütubətli olduğundan tez-tez ayaqları sürüşüb yıxılmaq dərəcəsinə gəlirdi. Bir qədər getdikdən sonra Əhmədin ayağı bir şeyə toxunub üzüstə yıxıldı. Alnı nəyə çarpdısa, yarılıb isti bir şey üzüaşağı cari oldu... Ağrının şiddətindən bihal olub tərpənmədi. Zeynəbin əli qardaşının əlindən üzüldü. Fəqət onun iniltisini eşidirdisə, necə olduğunu görmürdü. O bədbəxt qızcığaz öz itiyini aramaq qəsdilə əlini lağımın divarına sürtüb “Əhməd!” Əhməd!” – deyə qardaşını çağırırdı. Qəzadan həmin yerdə bir neçə yolayrıcı vardı. O yetim qızcığaz qardaşını aramaq üçün əlini lağımın divarına sürtə-sürtə bir neçə addım getdikdən sonra dəlilər kimi mütəvəhhişanə bir halda dayandı. Zira ki, Əhmədin zığıltısı daha eşidilməmiş oldu. Naümidliyə qarışmış bir qorxu onun vücudunu sarsıb dizləri taqətdən düşdü. Ucadan ağlamasını şiddətləndirdisə də, lakin lağımın divarında əksi-səda törədən öz səsindən başqa qeyri səs eşitmədi. Qüssədən bağrı çatlamaq dərəcəsinə gəldi. Oyan-buyana yüyürməkdən lağımın divarına əlləri, üzü toxunub yaralandı. Qanlı barmaqlarıyla, vəhşətli qəlbilə itirdiyini nə qədər aradısa, bir əsər, bir nişanə bulamadı. Bilaxirə məbhut bir halətdə dayanıb nə edəcəyini bilmirdi. Bu halda çox uzaqdan qayət zəif işıq kimi bir şey gözünə çarpdı. Ürəyi o qədər şiddətlə döyündü ki, çırpınmasını özü eşidirdi. Çox zəhmətlə sürünə-sürünə o, işıq gələn tərəfə yönəldi. Burası lağımın məxrəci idi. Vəqta ki, lağımdan kənara çıxdı, günəşin nuru onun alnına düşüb havanın soyuğu vücuduna təsir etdikdə ağlı başına gəlib yurdsuz-yuvasız bir biyabanda bulunduğunu dərk etdi. Abadanlıq aramaq xəyalı ilə oyana-buyana diqqət etdikdən sonra çox uzaqda yıxılmış bir tabiyə gözünə sataşdı. İstədi ki, oraya girib qardaşı Əhmədi xilas etmək üçün yardım diləsin. Qədəm götürüb irəlilədikcə ayağının altında qan sıçrayıb üz-gözünə səpələndi. Yerə baxdıqda bir əsgər meyidi gördü. Sonra dönüb geriyə diqqət etdisə, bir məhşəri-əmvat içərisində bulunduğunu müşahidə etdi. Vəhşəti fövqəladə artıb ağlaya-ağlaya oyanabuyana qoşmağa başladı. Ayağı ayağına dolaşa-dolaşa çox getməmişdi ki, bir dərədən beş-on nəfər yaraqlı atlı çıxdığını gördü. Zavallı uşağın qorxudan dizləri titrəyib yerə çökdü. Bu atlılar əsgərlər idi. Onlar o bədbəxt qızcığaza yaxın gəlib əl ilə işarə edərək:
...Qorxma, qorxma – deyə özlərilə getməyə əmr etdilər. O, biçarə qardaşının yanında qalmaq lazım gələrkən xahi-nahaxi onların əmrinə itaət etdi. Bu minval ilə bir neçə ay Anadolu xərabələrində səfilsərgərdan dolaşırdı. Bu müddətdə özü kimi bir neçə nəfər kiçik yaşlı uşaqlar da ona yoldaş olmuşdular. Əsgərlərin əllərindən tökülənləri, bayıra atdıqları şeyləri yeməklə ölümdən betər bir həyat keçirməkdə idi. Tainki bir gün havanın kəskin şiddətli boranı o zavallı çocuğu bir məxrubə evin daldasına sığınmağa məcbur elədi. İçəri girdikdə orada bir neçə nəfər aciz, əlil kişi-arvad gördü ki, libas deyilən şeydən ancaq sətri-övrətdən başqa əyinlərində bir şey yox idi. Ahü əninləri eşidibgörənin ürəyini kabab edər idi. Lakin onların arasında quru torpaq üzrə düşüb qalmış bir insan heykəli, bir arvad şəkli var idi... Belə bədvinəzərdə hər kəs onu görmüş olsaydı, onun insan olub-olmadığını yəqin edəməzdi. Zira ki, şəkli-şəmaili dönmüş idi. Üz-gözü tamamən yanmış və qırışmış idi. Kirpiksiz olan qanlı göz qapaqlarını tez-tez qırpırdı. Bəlli idi ki, işıq onun gözlərinə əziyyət edirdi. Bədəninin görünən yerlərinin dərisi tamamilə yanıb qrırmızı ət qalmışdı. O arvadın kim və nərəli olduğunu bilmədiyi halda Zeynəbin ona rəhmi gəlib pərəstarlıq etmək üçün ona yanaşdı. Lakin biz tanıyırız ki, bu arvad haman Həlimə və Zeynəbin anası idi. O, həsrətlə çıxan xırıltılı səs ilə:
– Allah xatirinə, bir içim su, – deyə zarıdı.
Zeynəb dərhal qayıdıb soyuqdan donmuş barmaqlarını havrıxa-havrıxa sınıq bir qab parçasında ona su gətirdi. O arvad suyu içdikdən sonra sanki Zeynəbin bu qədər mərhəmətini dərk etməyib böht və sükuta dalmışdı. Lakin qayət ahəstə səslə bir neçə sözlər təkrar edirdi. Zeynəbə o arvadın səsi aşina gəldisə də, tanımadı. Çünki o zavallı heykəl bir parça ət və sümükdən başqa bir şey deyildi. Zeynəb tərəhhümamiz bir qorxu ilə aşağı əyilib onun sözlərinə qulaq verdikdə: “Zeynəb, Əhməd!.. Zeynəb, Əhməd!..” – söylədiyini anladı. Bu kəlmələri eşitməkdən Zeynəbin ürəyi dalına dəyib bir söz söyləmək istədisə, lakin ağlaması danışmağına mane oldu. Dərhal o balaca əllərini ürəyinin üstünə qoyub guya bununla ürəyinin çırpıntısını azaltmaq istəyirdi. Daha artıq səbr edəməyib titrək bir səda ilə:
– Anacan, anacan!.. – deyərək balaca qollarını əlilə arvadın boynuna doladı.. Bu dəqiqədə sanki qaragünlü Həlimənin sönük müşairində bir işıq vücuda gəldi. Yetimə balasını tanıyıb quyu dibindən çıxan kimi bir səslə:
– Ox, yavrum Zeynəb, sənmisən? Bəs qardaşın Əhməd hanı? – deyə ana-balanın odlu göz yaşları bir-birinə qarışdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-qaragunlu-helime
Use ← → keys to move, R for a random poem
More by this author
Getdin, niyə gəlmədin, həbibim?Ey vah, o nasıl yaman gedişdi.
Bir məktuba cavabMəsləkin hikmətin qəvaidinə, –Ey bəradər, bütün mənafidir.
Özlərini sevənlərəTutalım çox ağıllı tacirsən,İş aparmaqda xeyli mahirsən.
Yay gecəsiAxşam oldu, gün batdı, şamlar yandı,Ta səhərdən axşamacan durmadan.