Birinci hissə, 1. Komandir
Musa yaxınlıqdakı dağda ağ işıq gördü
Anamın itkin düşdüyünü eşidəndə səngərin yüz addımlığındakı uçurumun kənarından başımı çıxarıb bizi dayanmadan atəşə tutan düşmənin hərəkət istiqamətini izləyirdim. Xəbəri gətirən əsgəri tanımadım. Görünür, təzələrdən idi. Ön xəttə yeni gəldiyi hər hərəkətindən bəlli olurdu. Sürünə-sürünə yaxınlaşanda xeyrə gəlmədiyini anladım. Ağzını qulağıma yaxınlaşdırdı:
“Cinlini alıblar!”
Düşmənə görünməsindən qorxub başını aşağı basdım, mənə qısılıb sözlərinin qalanını asta səslə sanki torpağın qulağına pıçıldadı:
“Hamı Çulluya qaçıb, ananla qardaşın yoxdur!”
Başımdan küt ağrı tutdu, nəfəsim tıncıxdı, ayağa qalxıb qışqırmaq istədim, bacarmadım.
Düşmən bütün istiqamətlərdən üstümüzə gəlirdi. Cəbhə boyu qanlı döyüşlər getdiyi vaxt hər cür xəbərə hazır idim, buna yox. Axı anam kənddə deyildi. Təhlükədən uzaq olsun deyə onu Qənbərlidə qohum evinə qoymuşduq. Döyüş gedən yerdə nə işi vardı? Qohumlar hardaydı? Bəlkə, Qənbərlini də dağıtmışdılar?
Ətrafdakı daşları sərçə civiltisiylə yalayıb keçən güllələrə məhəl qoymadan ayağa qalxıb piyada bölüyünün qərar tutduğu səngərə qaçdım. Əsgərin söylədiklərini burda da təsdiq etdilər: Düşmən Cinliyə qəfil hücuma keçib, kənddəkilər Qənbərliyə qaçıb, anamla kiçik qardaşım Zabil yoxdur!
Bölüyün “Niva”sına minib Çulluya yola düşdüm. Bədənimin bütün əzaları sızıldayırdı. İçimdə mərmi partlamışdı elə bil. Ayağımdakı qəlpələrin giziltisi artmışdı.
Zabil evimizin balacasıydı. Civə kimi qaynayan şirin, diribaş uşağıydı. Ona qoşulanda mən də nadinclik edirdim. Atam bəzən soyuğa-sazağa baxmadan bizi bayıra qovurdu. Qaçırdıq zirzəmiyə. Di gəl, orda da dinc dayanmırdıq. Gah küncə yığılan yeşikləri qurdalayır, gah pəncərəyə dırmaşır, gah qış üçün tədarük görülən banka bağlamalarını aşırırdıq. Atamın zabitəli səsi bizi zirzəmidə də haqlayır, ordan da perik salırdı. Tövlənin çardağına, ot bağlarının arasına - atamın səsi gəlib çatmayan yerə qaçırdıq. Anam haraylayırdı bizi, “soyuqlayacaqsınız” deyirdi. Onu eşitmirdik. Atamın üstünə qayıdırdı. Bizi evə çağırması üçün ona yalvarırdı.
Biz öz kefimizdəydik! Atamın hirslənməyinə də, anamın hay-harayına da, soyuqdan titrətməyimizə də gülür, nəyi var əylənirdik. Üşüməyək deyə tövlənin çardağındakı ot bağlarından evcik düzəldib altına soxulurduq. Zabil qucağıma girib pişik kimi büzüşürdü.
Ona bir şey olmasın.
Anam hardadırsa, gəlib çıxar. Zabil balacadır. Bəlkə, heç Qənbərlinin yolunu tanımır. Axı atam, qardaşım, kəndin döyüşçüləri onu necə qoyub gəliblər?!
Bircə maşın tez çatsaydı, qohumları Çulluda sağsalamat görsəydim! Qalardı kəndimizi saxlamaq. Biz bunu bacarardıq! Lazım olsa, Abdal tərəfdə vuruşan batalyonumuzdan kömək istəyərdik.
Atam cəbhənin kənddəki dayaq dəstəsinə rəhbərlik edirdi. Lap əvvəldən hər cür silahı vardı; beşatılan, tapança, cürbəcür ov tüfəngləri. Döyüşlər başlayanda hardansa on-on beş avtomat da tapıb gətirmişdi. Onun başı əldə olsa kəndimiz, ailəmiz pərən-pərən düşməzdi. Bəs dayaq dəstəsi hardaydı? Onlar dura-dura niyə qadınlar, uşaqlar təhlükədə qalmışdı?
Yəqin, Cinliyə hücum olacağını gözləmirlərmiş. Mən özüm də gözləmirdim. İki il əvvəl başımızın üstündəki
Fərrux dağını da, dağın dibindəki Fərrux kəndini də almışdıq. Cinli təhlükədə deyildi. Düşmən mərmisi də tutmurdu kəndi.
Fərruxda ağır döyüşlər getmişdi, ayağımdan yaralanmışdım.
Maşın yubanırdı. Sürücünü tələsdirdim. Şirin ləhcəsiylə “Çatırıq, qaqa!” deyəndə canımdakı qəzəbli narahatlıq həzin bir kövrəkliyin içində əridi. Fərrux dağına, Yeddixırmana tərəf boylandım. Hər yan qaranlığa gömülsə də mən oraları görürdüm. O yerlərdən ötrü canımdan-qanımdan keçmişdim. Vaxtıyla quzu otarıb, bənövşə dərdiyim torpağa güllələrim sancılmış, qanım tökülmüşdü.
Yadımdadır, mən hələ orta məktəbdə oxuyanda atımızı örüşdə vurmuşdular, balası yanında qalmışdı. O vaxt müharibə başlamasa da, gediş-gəliş kəsilmişdi. Bizimkilər Fərruxa, ermənilər bizim kəndə rus əsgərlərinin müşayiəti ilə gedirdilər.
Atımız Fərrux dağının ayağında yıxılıb qalmışdı. Ora yaxınlaşmaq qorxuluydu. Bir yandan da Zabil dayçadan ötrü zülüm-zülüm ağlayırdı. Atam nə qədər sakitləşdirməyə çalışsa da, başına heç nə girmirdi. Axırda hövsələsi tükəndi, ona acıqlandı, Zabil daha bərkdən ağlaya-ağlaya həyətin bir küncünə çəkildi. Onun belə çarəsiz ağlaması məni qəhərləndirdi, yaxınlaşıb gözünün yaşını sildim, saçlarından öpdüm, dedim, narahat olma, gecə düşsün, gedib dayçanı gətirəcəm. Zabil kiriyib gülümsündü.
Gecə atamın beşatılanını götürüb getdim. Qorxmurdum, lakin ehtiyatı da əldən vermirdim. Ata görə gecə kiminsə gələcəyini təxmin edib pusqu qurardılar. Ətrafda xeyli müşahidə apardım. Bura bizim qoruq sahəmiz olduğu üçün yaxşı tanıyırdım. Kim harda gizlənə, atın yanına yaxınlaşan adamı necə vura, necə tuta bilər, mənə aydın idi.
Qaranlığın dibinə yata-yata tünd-maviyə çalan üfüqü yoxlayır, yiyəsizliyə əmin olanda sürünürdüm. Bir müddət gedir, dayanıb bir də baxırdım.
Çəmənliyə uzanıb inildəyən atımız yorğun-yorğun nəfəs aldıqca qarnı dağ kimi qalxıb-enirdi. Balası onun başına dolanır, ayağa qalxması üçün burnuyla yavaşca itələyir, heç nə çıxmayanda boynunu uzadıb qan sızan yarasını qoxlayırdı. Arada balaca qulaqlarını şəkləyib kənddən gələn yola baxaraq hüznlə kişnəyirdi. Anası uzun boynunu yerdən ağır-ağır qaldırır, o da kişnəyib balasına hay vermək istəyir, lakin səsini çıxarmağa gücü çatmır, boğazında qaynadıb udurdu. Başqa vaxt yal-yalmanına toxuna bilmədiyim ürkəyən dayça onları xilas etməyə gəldiyimi anlayıb qarşımda dimdik dayandı. Təzə-təzə tellənən yalmanını oxşadım, yumşaq burnunu sevgiylə sıxdım. Əlimdəki ipi boynuna keçirib, nə qədər çəkdimsə, anasından aralanmadı. O zaman mən həyatımın ilk qəddar addımını atdım; ağrılar içində qıvrılan, başını heysiz-heysiz qaldırıb təzədən otların üstünə uzadan atın alnının ortasına bir güllə vurdum. Atın sinəsindən qopan inilti boğazına tıxanıb qaldı, dayça dik atıldı, həyəcanla kişnəyib güllə səsini batırmağa çalışdı. Güllənin səsi dayçanın səsinə qarışıb Fərruxun yaxasında əks-səda verdi.
Anası ölən kimi dayça quzuya döndü, onu yedəkləyib, sürətlə aralandım.
Bu əhvalatın üstündən iki-üç gün keçmiş Fərrux meşəsində təsadüfən Vartan adlı yaşlı bir erməniylə rastlaşdım. Ulaqla odun gətirirdi. O, bizim kənddə çox olmuşdu. Hamı ona Vartan kirvə deyirdi. Usta idi. Evlərin tavan-döşəməsini vurur, qapı-pəncərəsini düzəldirdi. Biz oyuncaq silah hazırlamaq üçün ondan taxta qırıqları alırdıq. Atamı yaxşı tanıyırdı.
Vartana dedim, bilərsən, bizim atımızı kim güllələdi? Gözlərini qıyıb üzümə diqqətlə baxdı, məni tanıyanda həyəcanlandı:
“Vay, Çaxangircan, sən burda nə edirsan?”
Atamın adı Cahangir olduğuna görə o, hamımıza belə müraciət edirdi.
“Ara, ela ki, sani gorallar, vurallar!”
Acıqlandım:
“Öz meşəmizə gəlməyim?”
“Ela demadım. Kandda saqqallı var.”
“Atımızı onlar vurdu?”
“Başqa kim vuracax?”
“Vuran adamın adını bilirsən?”
“Bilmiram.”
“Öyrənib mənə deyərsən?”
“Man bu işlərə qarışmıram. Allahı sevarsan, qoy yoluma gedım.”
“Yox, Vartan kirvə, getməyəcəksən, səni Cinliyə aparacam, Cahangir kişiyə deyərsən dərdini.”
Gəlmək istəmədi. Beşatılanı ayağa verib qaldıranda qorxdu:
“Bəs ulaq na olacax?”
“Kəndə ötür, özü qapıya gedər, yükünü açarlar.”
Vartanı qabağıma salıb Cinliyə gətirdim, atamı görəndə ağladı, dedi, aramıza bu nifaqı salanın Allah evini yıxsın, gül kimi mehriban dolanırdıq.
“Yıxsın, ay Vartan, yıxsın!” - atam da narazı-narazı dilləndi və kənd adamlarının etirazına baxmayaraq, onu azad eləyib Fərruxa yola saldı.
Az keçməmiş, rus hərbçiləri töküldü kəndə. Dedilər, Fərruxdan adam gətirmisiniz. Atam dedi, ermənilərin fitnəsinə uymayın, buyurun, bu kənd, bu siz, evləri bir-bir axtarın, əgər erməninin özünü yox e, bir “dıqı”sını tapsanız, hökumətə cavab verməyə hazırıq.
“Sizdə silahlar var, təhvil verməlisiniz!” - rus əsgəri tərcüməçinin köməyi ilə atama xəbərdarlıq elədi.
“Kənddə cəmi beş-on ov tüfəngdir, hamısının sənədi var, arxayın bir vaxtda komandirinizin yanına gətirərəm” - atam təmkinini pozmadan söylədi.
Vartanın sorğusuz-sualsız azad edilməsi qüruruma toxunmuşdu. Üstəlik atam Fərrux meşəsinə getdiyimə görə məni möhkəm danladı. Oralar, doğrudan da, təhlükəli idi. Ancaq mən yenə getdim. Kəndin ayağındakı evlərin çəpərlərinə, odun yığınlarına, ot tayalarına od vurdum. Səhər rus hərbçiləri yenə gəldi. Bu dəfə məktəbimizin direktoru qabağa çıxıb onlara cavab verdi. Dedi, çəpərləri və ot tayalarını yandıran Fərruxdakı saqqallılardır. Məqsədləri iki qonşu kənd arasına nifaq salmaqdır. Siz cinayətkarı, qulduru orda qoyub, bizim üstümüzə gəlirsiniz. And da içdi. Çəpərləri atımıza görə mənim yandırdığımı heç kim bilmirdi. Bircə atam şübhələnmişdi. Ona görə, beşatılanı əlimdən aldı, əsgərliyə gedənəcən qaytarmadı. Vaysına-vaysına dediyi sözlər hələ də qulağımdadı:
“Qorxduğum başıma gəldi!”
“Nə olub ki?” - soruşdum.
“Sən toçnı dədəm Cavada oxşadın. O da belə dəcəlxəta olub! Heç kimin ağlına gəlməyən işlər eləyib.”
Atam mənə atası Cavaddan çox danışmışdı. Böyük vətən müharibəsində kəşfiyyatçıymış. Bədənində çoxlu qəlpə varmış. Bir neçəsini əməliyyatla çıxarıblar, biri ürəyinə lap yaxın olduğundan toxuna bilməyiblər. Sol qabırğasının ucunu isə mərmi aparıbmış.
Babamın orden-medalları evdə dururdu. Hərdən köhnə çamadanı eşələyib çıxarır, yaxamdan asıb güzgünün qarşısında şəstlə dayanırdım.
Ömrümdə atamın üstünə yalınız bircə dəfə inadla getmişəm; hərbi səhra paltarına görə! Kənd könüllülərinə hardansa beş-altı dəst vermişdilər, ağlayıb birindən yapışdım. Anam sözümü dedi: “Uşaq candan olur, incitmə.” Atam səsini çıxarmadı, birini götürüb geyindim. Əynimə yekə idi. Şalvarın ayaqlarını kəsdirdim, yanından aldırdım, pencəyi də birtəhər balacalaşdırdım. Hərbi formanı geyinəndə özümü yenilməz hiss edirdim. Əlimdə avtomat da olsaydı...
Kəndimizin işğal olunması və anamla Zabilin itkin düşməsi xəbərini aldığım dar macalda bu əhvalatları belə təfərrüatı ilə xatırlamağım özümə qəribə gəldi. Deyəsən, həyatım alt-üst olmuşdu və mən yavaş-yavaş bunun fərqinə varmağa başlamışdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-birinci-hisse-1-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Əvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.
Dördüncü hissə, 27. Sevincİlk dəfə idi Seyid Lazım ağanın ziyarətinə onsuz gedirdim. Çox sevirdi buranı. Həmişə bizi gətirirdi, uşaqlara tanıdırdı. Deyirdi, ağa Tanrının seçdiyi bəndələrdən olub. Qapısına gedən adam naümid qayıtmayıb, qapısına getdiyi adam övladının qanından keçib! Hökumətin görə bilmədiyi işlər bircə kəlməsiylə yerinə yetib. Öləndə öz vəsiyyəti ilə burda - Çəmənlidəki baba mülkündə basdırılıb, məzarı böyük ziyarətgaha çevrilib.Ağanın oğlu ziyarətgahın yanındakı uzun çardağın başında oturub danışırdı:
Dördüncü hissə, 28. KomandirNə Ağstafa Murov idi, nə də mən həminki adam. Arada Polkovnik Nəbiyevə qulaq asmayıb bura qərargah rəisi gəlməyimə peşman olurdum. Yadımdadır, o, soyuq nəzərlərini üzümdə gəzdirib demişdi:“Getməyini istəmirəm! Mənə burda çox lazımsan. Amma seçim özünündür.”
Dördüncü hissə, 29. Mayor PoladovOnunla üçüncü dəfə Şəmkir korpusunda rastlaşdım. Onda mən də orda xidmətdə idim. Murovun qəhrəman kəşfiyyatçısı gələn gündən zabit kimi ad çıxarmışdı. Əsgərlərlə ünsiyyəti, hərbi hissədə gördüyü işlər, əsgərlərə öyrətdiyi biliklər görünməmiş nümunə idi. Onun yorulmadan, usanmadan, bezmədən bu qədər əziyyətə qatlaşması mənə qəribə görünürdü. O, ətrafdan təcrid olunaraq, dərvişvari xidmət keçirirdi. Maaş-zad verməsəydilər, gedib istəməzdi də. Bizə fədakarlıq kimi görünən işləri o, borc kimi yerinə yetirirdi. Tabor komandiri əlini cibinə qoyub dolayı gəzir, yeri gələndə beşdən-üçdən qazanırdı. Hərdən dözmürdüm, deyirdim, Orucov, komandirin kefdədir, sənsə özünü şəhid edirsən, heç olmasa arada istirahət elə, məzuniyyət götür, evə get. Eşidəndə ki, yeddi aydır evə getmir, az qaldım dalaşam! Dedim, müharibənin ən ağır vaxtlarında da ayda bir-iki dəfə evimizə dəymişik, ailəmizlə görüşmüşük, belə olmaz axı. Bircə onda mənimlə razılaşırdı, “Düz deyirsən!” söyləyirdi.Xidmət! Xidmət! Xidmət! Onun üçün bircə söz vardı. Söz yox, dua idi ağzında.
Poems by other poets
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Möhnətindən daima halım pərişandır, fələkMöhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
Ta'âla'l-lah ta'âla'l-lah bu ne lutf-ı ilâhîdürTa'âla'l-lah ta'âla'l-lah bu ne lutf-ı ilâhîdürBu gönül mülki ilinde ne tâc u taht-ı şâhîdür