Ağqurd Alpan könlü sınıq gəzirdi,
Sevgisini unutmayan qocalmaz.
O, Manayı uşaqlıqdan sevirdi,
Sevgisini unutmayan qocalmaz.

Ağüzeldə qonşuydular uşaqlar,
Yağış, palçıq içrə yalın ayaqlar,
Gəzi yeri dağlar, çaylar, bulaqlar,
Yağış, palçıq içrə yalın ayaqlar.

Ancaq Manay gözəl idi, acı dil,
Çılğın idi, maral baxış, incə bel,
Ona arxa dayanırdı Ağüzel,
Yağış, palçıq içrə yalın ayaqlar.

On dörd yaşda aldı onu Üstüağ,
Burma saçlı, qoşa hörük, al yanaq,
Alpan ondan ayrı düşdü bu sayaq,
Yağış, palçıq içrə yalın ayaqlar.


Naxırçıydı Ağüzeldə atası,
Sev gör-görü, sən də çevril gör-görə.
Yay yaylaqda, qış qışlaqda qalırdı,
Sev gör-görü, sən də çevril gör-görə.

O köçürtdü sevgisini dağ-daşa,
Dal çevirdi qıza, evə, daş-qaşa,
Könül verdi meşəliyə, qurd-quşa,
Sev gör-görü, sən də çevril gör-görə.

Bozqurd öldü, qurd toplumu kiçildi,
Qurd dərisi ona dümdüz biçildi,
Ağqurd oldu, qurd öncülü seçildi,
Sev gör-görü, sən də çevril gör-görə.

İri qurddan o, üç kərə iriydi,
Qurdlar kimi dörd ayaqla yeridi,
Çöldə qaldı, səsi batdı, kiridi,
Sev gör-görü, sən də çevril gör-görə.


O, qurd dili, ulartısı öyrəndi,
Yeni sevgi ilk sevgini soyudar,
Ürəyinin sınığını yamadı,
Yeni sevgi ilk sevgini soyudar.

Qaplanlardan vuruşlarda güc aldı,
Neçə kərə Minellidən öc aldı,
Dolanışda öncül oldu, bic oldu,
Yeni sevgi ilk sevgini soyudar.

Qızçiçəyin körpəsini götürdü,
Dağ yerinə, qurd içinə gətirdi,
Qurd südüylə qaplan oğul yetirdi,
Yeni sevgi ilk sevgini soyudar.

Ləpələri, dalğaları yardı o,
Çox qaplanın bel, boynunu qırdı o,
Doğmalardan çox-çox uzaq durdu o,
Yeni sevgi ilk sevgini soyudar.


Qırx il sonra görüşdülər ayrılar,
Hər bir ilin cizgisi var alında,
Manay üzdən tanımadı Alpanı,
Hər bir ilin cizgisi var alında.

Alpan dedi: – Necə gözəl qalıbsan,
Gözəl idin, daha gözəl olubsan,
Qırx ildir ki, məni yasaq salıbsan,
Hər bir ilin cizgisi var alında.

Mən Alpanam, sənin uşaq yoldaşın,
Sənin qırx beş, mənim əlli üç yaşım.
Sənə sevgi, sənə ərlik yaraşır,
Hər bir ilin cizgisi var alında.

Yenə sənsən mənim sevgi-istəyim,
Sənin ilə vurub qırx il ürəyim,
Bir inam ver mənə, Ağüz çiçəyim,
Hər bir ilin cizgisi var alında.


Manay dedi: – Alpan, Ağüz ərəni,
Uşaqlıqdan nə qalıbsa doğmadır.
Biz bir yerdə oynamışıq, gəzmişik,
Uşaqlıqdan nə qalıbsa doğmadır.

Bilməmişəm sənin kimi igid var,
Sən kimiyə güvənmişdir Mindiyar,
Oğlum səni öz yanınca aparar,
Uşaqlıqdan nə qalıbsa doğmadır.

Danış mənə, Ağüzeldən soraq ver,
Nə yerdədir bizsiz qalan bizim yer,
O gözəllik yer-yurdundan danış bir,
Uşaqlıqdan nə qalıbsa doğmadır.

Alpan dedi: – Ordan çoxdan çıxmışam,
Sızlamışam Ağüz deyə hər axşam,
Bulud olub, yağış kimi yağmışam,
Uşaqlıqdan nə qalıbsa doğmadır.


Oturdular, danışdılar, güldülər,
Nə gözəldir qu qanadlı uşaqlıq.
Ağqurd Alpan, Başevbaşı dul Manay,
Nə gözəldir qu qanadlı uşaqlıq.

Manay dedi: – Uşaqlıqda nə sevgi,
Alpan dedi: – Sənsən mənim ilk sevgim,
Parıldadı iki üzlü bu güzgü,
Nə gözəldir qu qanadlı uşaqlıq.

Biri şahlıq ötkəmiylə danışdı,
Biri boz qurd görkəmindən danışdı,
İllər, aylar bir-birinə qarışdı,
Nə gözəldir qu qanadlı uşaqlıq.

Manay güldü, Başev bütün sevindi,
Hamı yeni ərən ilə öyündü,
Görək tanrı nə söyləyir, nə indi,
Nə gözəldir qu qanadlı uşaqlıq.


Manay dedi: – Get Yürüşün dalınca,
Yol yoldaşın çox olmağı yaxşıdır.
Alpan dedi: – Gedim, ona qovuşum,
Yol yoldaşın çox olmağı yaxşıdır.

Manay dedi: – Qoyma acıdil ola,
Acı dilli öz içində tək qalar,
Döyüşlərdə dağ tək verin dal-dala,
Yol yoldaşın çox olmağı yaxşıdır.

Alpan dedi: – Yürüş mənim balamdır,
Qız gedəri, oğul isə qalandır,
Bundan başqa nə vardırsa yalandır,
Yol yoldaşın çox olmağı yaxşıdır.

Manay dedi: – Yolun dağ-daş, çay, meşə,
Üstüağ var, bu ad qoymaz sevişək,
Görək tanrı nə buyurur bu işə,
Yol yoldaşın çox olmağı yaxşıdır.


Alpan dedi: – Sənsən məni yaşadan,
Yaşayışın dadı-duzu sevgidir.
Üstüağ da başı uca yaşadı,
Yaşayışın dadı-duzu sevgidir.

Harda olsan kölə olma orada,
Kim yox desə götürərəm aradan,
Qoy "hə" desin bizə böyük yaradan,
Yaşayışın dadı-duzu sevgidir.

Mən naxırçı balasıyam, Alpanam,
Düyünlərin açımını tapanam,
Sevgi üçün ölüm üstə çapanam,
Yaşayışın dadı-duzu sevgidir.

Yürüş şahı qoruyaram ata tək,
Daş köküsəm, dəmir qolum, tunc bilək,
Sən varsansa, mən də varam, ay çiçək,
Yaşayışın dadı-duzu sevgidir.


Ağqurd Alpan yola düşdü Ağüzə,
Əski sevgi yeniləşə bilərmi?
Manay susqun, qorxu içrə düşündü,
"Əski sevgi yeniləşə bilərmi?".

Dirrik nədir, sevgi, yoxsa əyləncə,
Sevgi tək-tək dönür qoşa sevincə,
Bunu gərək deyim şaha mən öncə,
"Əski sevgi yeniləşə bilərmi?".

Nə düşünər görən bunca Yürüşüm,
Necə baxar mənə tanış-bilişim,
Gərək gözdən yayındıram bu işi,
"Əski sevgi yeniləşə bilərmi?".

Mən Manayam, Qızbax nənə qalıncı,
Qırx beş yaşda sevginin nə sevinci,
Sevgim könlüm, yaşayışım yarımçıq,
"Əski sevgi yeniləşə bilərmi?".


Ancaq Manay boylu idi ərindən,
Ata gedər, bala qalar yerində,
Başevdəki böyük, kiçik bilirdi,
Ata gedər, bala qalar yerində.

Yayınmadı bu Alpanın gözündən,
Ağrı, sarı boya oldu üzündə,
Xısın-xısın o düşündü özündə,
Ata gedər, bala qalar yerində.

"Allım sənin gözəl, göyçək qadanı,
Dəyişmərəm heç bir şeylə ananı,
Gərək olum onun yaxın yananı,
Ata gedər, bala qalar yerində.

Sən mənimsən indən belə, ay gülüm,
Bu Başevdə gərək ərin mən olum,
Ağüz gülüm, bal çiçəyim, dağ balım,
Ata gedər, bala qalar yerində".


Boylu Manay çox düşündü-daşındı,
"Külə dönər sevgi bunca geciksə,
Bu sevgidir, ya şah olmaq diləyi,
Külə dönər sevgi bunca geciksə.

Uşaqlıqda o, bir varlı qızıydı,
Ağqurd Alpan dilsiz, oynaq quzuydu,
Qarlı qışlar onlar üçün yaz idi,
Külə dönər sevgi bunca geciksə.

Üstüağın adı yaddan çıxmayıb,
Başqa gözlə heç kəs mənə baxmayıb,
Bu körpəni doğum, yoxsa doğmayım,
Külə dönər sevgi bunca geciksə.

İnanmıram mən Alpanın sözünə,
İnanmıram sevgisinə, özünə,
Adam salım, gərək düşsün izinə,
Külə dönər sevgi bunca geciksə".


– Yollar, məni Ağüzümə çatdırın,
Düyün düşər, sevgi sapı qırılmaz.
Calaşdırın məni gənclik çağımla,
Düyün düşər, sevgi sapı qırılmaz.

Qurd yığını, daha qar-qış ayıdır,
Gedin doğma Yastıdağa, qayıdın,
Manay mənim itkin sevgi payımdır,
Düyün düşər, sevgi sapı qırılmaz.

İnandırıb onu bir gün alaram,
Mindiyarda böyük ərən olaram,
Mindiyarın şahlığında qalaram,
Düyün düşər, sevgi sapı qırılmaz.

Ucalaram, Manay bircə "hə" desə,
Yaşayaram, Başev məni bəsləyər.
Dolaşıqdır, sevgi deyil, bu nəsə,
Düyün düşər, sevgi sapı qırılmaz.


Yola çıxdın, öncə yolu ara sən,
Yol itirmək ərənlərə yaraşmaz.
Bir cığırı üç yol, dörd yol keçdilər,
Yol itirmək ərənlərə yaraşmaz.

Göz qaraldan uçurumlar, yarğanlar,
At keçməyən qalın-qalın ormanlar,
Dağ döşündə bürmələnən dumanlar,
Yol itirmək ərənlərə yaraşmaz.

Gah batdılar dərin, dayaz sel-suda,
Gah itdilər kolluqlarda, quruda,
Gah döndülər dağ yolunu yarıdan,
Yol itirmək ərənlərə yaraşmaz.

Tuncər dedi: – Yol azmışıq, Yürüş şah,
Yürüş dedi: – Gəl, qayıdaq birbaşa,
Dözmək olmaz bu yağışa, qar-qışa,
Yol itirmək ərənlərə yaraşmaz.


Gənc idilər, tapıncları yox idi,
Asılısan, tutacağın olmasa,
Gah meşəyə, gah düzənə çıxdılar,
Asılısan, tutacağın olmasa.

Dağlar ötüb Duzlugölə çatdılar,
Bir yüngülcə dincəldilər, yatdılar,
Yuxudaykən ərənləri tutdular,
Asılısan, tutacağın olmasa.

Daşqıranlar, buynuzlular beləydi,
Mindiyarın başrağına köləydi,
Üstüağsız bir-birinə lələydi,
Asılısan, tutacağın olmasa.

Əl-qol bağlı mindirildi qayığa,
Atıldılar adadakı ovuğa,
Çevrildilər su düzündə qoruğa,
Asılısan, tutacağın olmasa.


Ağqurd Alpan Ağüzelə yetişdi,
Lapdan sevinc lapdan ürkü doğurur.
Gözləmirdi bu gəlişi elbaşı,
Lapdan sevinc lapdan ürkü doğurur.

Gecə ikən ağsaqqallar yığıldı,
Qırx il sonra elə dönmək nağıldı,
Giley gəldi, qorxu-ürkü dağıldı,
Lapdan sevinc lapdan ürkü doğurur.

Alpan dedi: – Yasdan Manay yaralı,
Düşünməkdən düşüncəsi qaralıb,
Gözəl Manay dözümlüdür, buralı,
Lapdan sevinc lapdan ürkü doğurur.

Mindiyarı gəzmək çox-çox ağırdır,
Yollar daşdır, dağdır, çaydır, cığırdır.
Günləriniz ağırdısa, uğurdur,
Lapdan sevinc lapdan ürkü doğurur.


Ağsaqqallar söz istədi, danışdı,
– Sözə uyub acıqanla barışma,
Başev bizi gözdən salıb, unudub.
Sözə uyub acıqanla barışma.

Daşqıranlar Ağüzeli çapırlar,
Quduzlaşıb onu, bunu qapırlar,
Nə gizlətsək eşələyib tapırlar,
Sözə uyub acıqanla barışma.

Gözü qıpıq bu yollarda yortarım,
Gəlin bizi daşqırandan qurtarın,
Yaraq verin, gücümüzü artırın,
Sözə uyub acıqanla barışma.

Yol üstündə gizli busqu qururlar,
Ağüzeli ildə üç yol qırırlar,
Adamları öldürürlər, vururlar,
Sözə uyub acıqanla barışma.


Bir ay keçdi, yol azanlar dönmədi,
İtki kiçik çöp olsa da ağırdır,
Ağqurd Alpan gəzdi, düzü, meşəni,
İtki kiçik çöp olsa da ağırdır.

Toplum yığdı Ağüzeldən, Bireldən,
Getdi böyük Qobuyerdən, Ağgöldən,
Harda itdi qoşa igid ər görən,
İtki kiçik çöp olsa da ağırdır.

Daşqıranlar, buynuzlular bir idi,
Yaşadığı yerlər dağlıq yer idi,
Burda çox gün bulud idi, qar idi,
İtki kiçik çöp olsa da ağırdır.

Dururdular yollar boyu busquda,
Boğurdular yatanları yuxuda,
Üz-gözləri şəlit-şəlit sarğıda,
İtki kiçik çöp olsa da ağırdır.


Gecə Alpan bir ulartı eşitdi,
Qurd ulayar ac olanda acıqdan.
Bu, Tuncərdir, ya Qurdbaşı, Əyridiş,
Qurd ulayar ac olanda acıqdan.

Eşitmişdi ulartını Əyridiş,
Yaranışı qurd-qaplandan törəmiş,
Diş-dırnağı iti bıçaq, sərt, geniş,
Qurd ulayar ac olanda acıqdan.

Tuncər onu çağırırdı əltuta,
Ağır gündə inanırdı bu qurda,
Bənzəyirdi həm qaplana, həm ata,
Qurd ulayar ac olanda acıqdan.

Ağqurd Alpan at səyirtdi o yana,
Əyridişsə onun ilə yan-yana,
Baş vururdu çaya, gölə, ormana,
Qurd ulayar ac olanda acıqdan.


Dil bilirdi, anlayırdı Əyridiş,
Dil anlayan dilsiz var ki, dillidir.
Yastıdağdan Duzlugölə çapırdı,
Dil anlayan dilsiz var ki, dillidir.

Daşqıranlar yolu kəsib durmuşdu,
Dörd bir yanda neçə busqu qurmuşdu,
Səs-küyləri yeri, yurdu sarmışdı,
Dil anlayan dilsiz var ki, dillidir.

– Ay, kimsiniz, hara belə yortursuz,
Bu qurd-atı hara belə dartırsız,
Yol alıbsız Duzlugölə qatıbsız,
Dil anlayan dilsiz var ki, dillidir.

Düşə bilməz bura bir quş kölgəsi,
Bu, keçiddir, Daşqıranlar ölkəsi,
At çapmayıb hələ burda özgəsi,
Dil anlayan dilsiz var ki, dillidir.


Əyridişin ağ dişləri qıcıldı,
Qurd görəndə toxun dili tutular,
Ağız atıb neçə başı gəmirdi,
Qurd görəndə toxun dili tutular.

Daşqıranlar tərpənincə yerindən,
Ağqurd Alpan nərildədi dərindən,
Hey qalmadı qancılların birində,
Qurd görəndə toxun dili tutular.

Qurdla Alpan yolu sildi, süpürdü,
Daşqıranlar öldüm-deyib gəbərdi.
Qalanlar da yerlərindən dəbərdi,
Qurd görəndə toxun dili tutular.

Yol açıldı, dili dilə qatdılar,
Nə dincəlib, nə də gecə yatdılar,
Obaşdandan Duzlugölə çatdılar,
Qurd görəndə toxun dili tutular.


Sonra yola buynuzlular çıxdılar,
Gec-tez buynuz çıxaracaq başı boş.
Başlarında baş sümüyü öküzdən,
Gec-tez buynuz çıxaracaq başı boş.

Qılıncların güzgüsündə parıltı,
Tutaqlardan qopan toppuz-gurultu,
Əyridişi görüb dişlər qıcıldı,
Gec-tez buynuz çıxaracaq başı boş.

Bağırtılar qılınc üstə köklənir,
Buynuzlular qırıldıqca təklənir,
Əyridişin qulaqları şəklənir,
Gec-tez buynuz çıxaracaq başı boş.

Ovuq dağdan eşidilir ulartı,
Səsi boğur qayaların su qatı,
Tük örpəşir, iç üşüyür, duz dadır,
Gec-tez buynuz çıxaracaq başı boş.


Suya vurdu sinəsini Əyridiş,
Harda ürək varsa orda duyğu var.
Adalardan qopan səsdir ulartı,
Harda ürək varsa orda duyğu var.

Səsə doğru üzə-üzə getdi o,
Baxanların gözlərindən itdi o,
Gəlib sonda dağovuğa çatdı o,
Harda ürək varsa orda duyğu var.

Yürüş şahla Tuncər bayqın, həm qoşa,
Vermişdilər ovuqluqda baş-başa,
Qalın iplə sarınmışdı dağ-daşa,
Harda ürək varsa orda duyğu var.

Əyridişin hənirtisi yovuqda,
Bir nərilti eşidildi ovuqda,
"Qurtarmalı dəmir ipdən, soyuqdan!"
Harda ürək varsa orda duyğu var.


Yalaşdılar Tuncər ilə Əyridiş,
Od-alovdur damarlarda qurtuluş,
Dəmir iplər lap dibindən söküldü,
Od-alovdur damarlarda qurtuluş.

Buynuzlular vuruşurdu hələ də,
Qan axırdı bulaq kimi gölə də,
Ölənlərin sayı çoxdu əllidən,
Od-alovdur damarlarda qurtuluş.

Onlar gəlib əltut oldu Alpana,
Vuruşdular acıqanla yan-yana,
Buynuzlular tökülmüşdü yarğana,
Od-alovdur damarlarda qurtuluş.

Acıqanda duruş, dözüm bitmişdi,
Basarlığa dəli inam itmişdi,
Buynuzlunun sonu gəlib çatmışdı,
Od-alovdur damarlarda qurtuluş.


Buynuzlular son gücədək vuruşdu,
Görəng saxla, sona varma heç nədə.
Tutmuşdular Üstüağı haçansa,
Görəng saxla, sona varma heç nədə.

Vardı burda üç qardaşın bir atı,
Keçmək çətin atla neçə elatı,
Tuncərinsə vardı lələk qanadı,
Görəng saxla, sona varma heç nədə.

Mindi Alpan Əyridişin belinə,
Tuncər döndü lələyinin yelinə,
Öz atını verdi şahın əlinə,
Görəng saxla, sona varma heç nədə.

Qurdla atı yarışdırdı ərənlər,
Donub qaldı bu çapışı görənlər,
Lələyilə göydə bulud sürənlər,
Görəng saxla, sona varma heç nədə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love