Bir il keçir sağalınca Üstüağ
Günlər aya, aylar ilə qalanır.
Boz Qurd itir tay-tuşları içində,
Günlər aya, aylar ilə qalanır.

Hərdən bir səs eşidilir taladan,
Daş tökülür, qum ələnir qayadan,
Yoxa çıxır ulartısı arada
Günlər aya, aylar ilə qalanır.

Artır gündə yan-yövrəsi, tay-tuşu,
Onlar keçən yerə-yurda lov düşür,
Qaplanlarla, ayılarla qarpışır,
Günlər aya, aylar ilə qalanır.


Bir-birini çox istəmək belədir,
Çox istəmək incikliyə aparır,
Tez küsürlər sevişənlər, yaxınlar,
Çox istəmək incikliyə aparır.

Sevgi yaxşı, istək yaxşı duyumdur,
Yaxşı qaldı kim çoxluqdan yayındı,
Çox istəmək uşaqlıqdı, oyundu,
Çox istəmək incikliyə aparır.

Çox, az sonra az-çox kölə təpilir,
Usandırır elbir əlçat əlbiri,
Çoxun, azın kim yerini nə bilir,
Çox istəmək incikliyə aparır.


Çox yığarsan qalaq olar, dağ olmaz,
Çox istəyən, çox yeyənlər sağ olmaz,
Ha göz bərəlt, qara gözün ağ olmaz,
Çox istəmək incikliyə aparır.

Ölçü saxla hər istəkdə, diləkdə,
Çox yox, az-çox güc yığ beldə, biləkdə,
Xırda gedər, iri qalar ələkdə,
Çox istəmək incikliyə aparır.

Az güc ilə çox çoxlarla döyüşmə,
Çoxu aza, azı çoxa dəyişmə,
Tikanlıqda hər bir gülə ilişmə,
Çox istəmək incikliyə aparır.


Bir gör, səni hansı yola aparır
Çox inanmaq, çox istəmək, çox yemək.
Çoxlarını yarı yolda qoyubdur,
Çox inanmaq, çox istəmək, çox yemək.

Biliklilər öz yerini biləndir,
Çoxa çatdı azla varı böləndir,
Coşqun olma, çoşqunluqdan gələndir
Çox inanmaq, çox istəmək, çox yemək.

Azı çoxalt az-çox qalan gücünlə,
Öz çölünü çalış bəzə içinlə,
Bir ölçüdə qalsın ölçü-biçimlə
Çox inanmaq, çox istəmək, çox yelmək.


Göydə şimşək, yerdə qaplan, boyda at,
Yırtıcının üstünlüyü gücündə.
Qurd çöllükdə dilsizlərə güc gəlir.
Yırtıcının üstünlüyü gücündə.

Qaçır, çıxır, yala, yola, döngəyə,
Yürüşüylə qorxu salır bölgəyə,
Səs yayılır şəhər-şəhər ölkəyə,
Yırtıcının üstünlüyü gücündə.

Qurd elə bil adam kimi dil bilir,
O, anlayır, başa düşür qurd dili,
Bu səs tutur yavaş-yavaş Mineli,
Yırtıcının üstünlüyü gücündə.


Qurd üstünə toplum çəkir İşdayaq,
Öncə işin çəmini tap, işi gör.
Geçə didib tökür qurdlar onları,
Öncə işin çəmini tap, işi gör.

Atlar meşə daramaqdan yorulur,
Qurdu görüb bağırları yarılır,
Qurd ilan tək atlılara sarılır,
Öncə işin çəmini tap, işi gör.

Sona çatır İşdayağın dözümü,
Verir Yastıdağ döşünə özünü,
Toplumları tutur yerin üzünü,
Öncə işin çəmini tap, işi gör.


Gecə düşdü, döyüşçülər ürküdə,
Qurdun soyuq ulartısı qorxudur.
Ağ dişləri şaqqıldayıb parıldar.
Qurdun soyuq ulartısı qorxudur.

Dörd bir yanı qurd sürüsü bürüdü,
Döyuşçülər, yaraqlılar kiridi,
Qorxu haray qucağında əridi,
Qurdun soyuq ulartısı qorxudur.

Vuruşmada gecə qanlar töküldü,
Qan içində al dan yeri söküldü,
İşıqlaşdı, qurdlar dağa çəkildi.
Qurdun soyuq ulartısı qorxudur.


Toplumunu alıb getdi İşdayaq,
Basılmayan şah qurdlara basıldı.
At saxladı bir daşağız yanında,
Basılmayan şah qurdlara basıldı.

Tutqun idi, solğun idi, küsülü,
Ağ buludlar qaşlarından asılı,
Necə desin, gedib, qurda basılıb,
Basılmayan şah qurdlara basıldı.

Uçuq damtək içi uçub töküldü,
Üz-gözündə öyünç bütün çəkildi,
Bütün gecə nə danışdı, nə güldü.
Basılmayan şah qurdlara basıldı.


Qarbaş gəlib dedi: – Şahım sağ olsun
Şah tanrıdan sonra yerdə tanrıdır.
Biz buyuruq köləsiyik önündə,
Şah tanrıdan sonra yerdə tanrıdır.

Bir əjdəha tapılıbdır arada,
Qarışıqlıq salıb bizim sırada.
Buyuruq ver köçüb gedək buradan.
Şah tanrıdan sonra yerlə tanrıdır.

Sorub neçə yaraqlını udubdur,
Doyub bir az dinçəlibdir, yatıbdır,
Yaraqlılar bütün yasa batıbdır.
Şah tanrıdan sonra yerdə tanrıdır.


Şah bu işdən bir az da çox tutuldu,
Daşboğazda, örtümlüydü daşağız
Yoxlamağa özü çıxdı bu yeri,
Daşboğazda örtümlüydü daşağız.

Çıxdı bir az irəliyə əjdaha,
Od püskürdü, alov saçdı o, şaha,
Şah yıxıldı, durdu, aşdı bir daha
Daşboğazda örtümlüydü daşağız.

Birdən çıxdı ortalığa bir oğlan
Çəkdi şahın qılınçını qınından,
Əjdahanın üstə çumdu qorxmadan,
Daşboğazda örtümlüydü daşağız.


O, qılıncın tutdu iki başından,
Batıb getdi əjdahaya ox kimi.
Ordlarına dayayaraq qılınçı
Batıb getdi əjdahaya ox kimi.

Qılıncını iki başdan tutdu o,
Əjdahanın düz ağzına çatdı o,
Kəsib, kəsib quyruğuna çatdı o,
Batıb getdi əjdahaya ox kimi.

Alov söndü, qan sıçradı dörd yana,
Şah sevindi, sağ ol, dedi oğlana,
Bələşmişdi başdan-başa al qana,
Batıb getdi əjdahaya ox kimi.


Şah soruşdu iyid gəncin adını,
Bu kim ola, bu nə ola, bilən yox.
Elə bu vaxt yaşıl düzlər bozardı,
Bu, kim ola, bu nə ola bilən yox.

Qurd sürüsü üstlərinə gəlirdi,
Yol üstündə nə var idi silirdi,
Hamı qorxub bunu ölüm bilirdi,
Bu, kim ola, bu nə ola bilən yox.

Qurd sürüsü aşıb keçdi çəpərdən,
Şah atıyla uzaqlaşdı bu yerdən,
Körürdülər bu yürüşü şəhərdən,
Bu, kim ola, bu nə ola, bilən yox.


Parçalayıb gəmirdilər nə vardı,
Lapdan yürüş toplumları dağıdar.
Şah atını aşırdılar, yedilər,
Lapdan yürüş toplumları dağıdar.

Oğlan qaçıb İşdayağı qorudu,
Qurd dilində Boz qurdunu aradı,
Gəldi qurdlar dörd yanını bürüdü,
Lapdan yürüş toplumları dağıdar.

Boz Qurd durdu sürün-sürün önündə,
Şah sarsıldı gözlənilməz dönümdən,
Kim çıxartdı bu sürünü yönündən?
Lapdan yürüş toplumları dağıdar.


Oğlan Qurda qurd dilində söz dedi,
Başa düşər daş ağacı, dil olsa.
Boz Qurd dönüb iki kərə uladı,
Başa düşər daş ağacı, dil olsa.

Sürü dönüb meşələrə yol aldı,
Burda görən nə baş verdi, nə oldu?
Qurd sürüsü neçə dala qovuldu,
Başa düşər daş ağacı, dil olsa.

Qurd yaladı o oğlanın əlini,
Sürtdü onun ayağına yalını,
Sonra durub geri döndü yolunu,
Başa düşər daş ağacı, dil olsa.


Şah uyuxub baxdı bu gənc oğlana,
Bu tanrıdır, yoxsa tanrı balası,
Boy-buxunu, əli-qolu qaş-gözü,
Bu tanrıdır, yoxsa tanrı balası?

Ad soruşdu, soy aradı şah ondan,
Kimin oğlu ola görən bu oğlan,
– Adını de, soyunu de, ay bala.
Bu, tanrıdır, yoxsa tanrı balası?

Oğlan susub şah önündə dinmədi,
Şah soruşdu, o yolundan dönmədi,
Öz susqunluq kəhərindən enmədi,
Bu, tanrıdır, yoxsa tanrı balası?


Götürdülər, gətirdilər Başevə,
Yaxşılığa yaxşılıq et, yubanma.
Boy-buxunda o hamıdan ucaydı.
Yaxşılığa yaxşılıq et, yubanma.

Qarbaş gəldi, o tanıdı qonağı,
– Oğul bala, anan Mindon bəs hanı?
Şah sarsıldı, ah bürüdü hər yanı,
Yaxşılığa, yaxşılıq et, yubanma.

Ancaq oğlan söyləmədi adını,
Dedi: – Anam deməlidir adımı.
Gedib tapıb gətirdilər qadını,
Yaxşılığa yaxşılıq et, yubanma.


Yozmaçılar, mələr, ağlar qaldılar,
Yol azdıran sonda özü yol azar.
Şahı yoldan sapdıran da bu idi,
Yol azdıran sonda özü yol azar.

Bəs hardaydın, gözəl, balam, gül balam,
Öz işini başa vurdu ağ yalan.
Bu Başevə dəyər təkçə bu oğlan,
Yol azdıran sonda özü yol azar.

İndi belə Başev sizin yeriniz,
Balam kimi doğmasınız hərəniz,
Yerincsiniz ikinizdən biriniz.
Yol azdıran sonda özü yol azar.


Başev doğma Üstüağa güvənir,
Dəniz üzdən adam gözdən durular.
O, minbaşı olur şah toplumunda,
Dəniz uzdən, adam gözdən durular.

O öyrənir yaraqlarla döyüşü,
Böyük uzaq yürüşlərə girişir
Uşaq üzü, ər görkəmi dəyişir,
Dəniz üzdən, adam gözdən durular.

Toppuz ağır, qılınc ağır, əl ağır,
Üstüağın üz-gözündən od yağır,
Başev onun, o Başevin dayağı,
Dəniz üzdən, adam gözdən durular.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise