Yastıdağın dörd bir yanı meşədir,
Dağ, çay, meşə, dəniz burda yalaşır,
Tanrı özü Yastıdağda yurd salıb.
Çay, dağ, meşə, dəniz burda yalaşır.

Quşlar sevinc içindədir, yatmayır,
Günəş özü burda qalır, batmayır,
Yastıdağa düz yol gedib çatmayır,
Çay, dağ, meşə, dəniz burda yalaşır.

Ana gör-gör yaşıl dona bürünüb.
Hara baxsan qaya, meşə görünür.
Buludlarda qartal, quzğun sürünür,
Çay, dağ, meşə, dəniz burda yalaşır.


Yastıdağın yastı başı ağarır,
Əskik olmaz uca dağdan qar şəpə,
Dolu güldür, yamacları, yalları,
Əskik olmaz uca dağdan qar şəpə.

Uçarsuyu dağ döşündən tullanar,
Salxım buzlar qayalardan sallanar,
Çaylar çapar, göy dənizə yollanar,
Əskik olmaz uca dağdan qar, şəpə.

Yastıdağın yalı kimi yer olmaz.
Burda ürək geniş olar, dar olmaz,
Burda bir ay ayaq döyən yorulmaz.
Əskik olmaz uca dağdan qar, şəpə.


Qaçıb Mindon Yastıdağa sığınıb,
Qala bilməz qadın ərsiz, güvəncsiz.
Arxasında çöp olsa da güvəncdir,
Qala bilməz qadın ərsiz, güvəncsiz.

Çox gəzdilər yozmaçılar, falçılar,
Açıq, gizli güdükçülər, yolçular,
Tapammadı onu ovçu hoyçular,
Qala bilməz qadın ərsiz, güvəncsiz.

Ocaqları yanar qalar talada,
Daş evləri ovuq mərmər qayada,
Qalınç olub bunlar bircə baladan,
Qala bilməz qadın ərsiz güvəncsiz,


Yaraşsa da qız geyimi oğluna
Ana könlü çırpıntıda, qorxuda.
Oğlu artıq qol-qanadlı iyiddir,
Ana könlü çırpıntıda, qorxuda.

Gəlib birdən şah aparar oğlanı,
Hər gün güdür özü yer-yer oylağı,
O, gözləyir gözlənilməz qonağı.
Ana könlü çırpıntıda, qorxuda.

10 ildir ki, bala yükü dalında,
Yastıdağın ətəyində, yalında,
Nə yazılıb bu uşağın alnında,
Ana könlu çırpıntıda, qorxuda.


Bir gün ana axtarırdı oğlunu,
Səs titrədir meşələri, dağları.
Boğuşurdu yırtıçılar hardasa,
Səs titrədir meşələri, dağları.

"Oğul! Oğul!"-deyib ana qaçırdı,
Qayalardan boz qartallar uçurdu,
Qartal olub ana qanad açırdı,
Səs titrədir meşələri, dağları.

Bir talada toz, tozanaq, bağırtı,
Qurd, zolaqlı bir-birini boğurdu,
Oğlu isə uzanmışdı baxırdı,
Səs titrədir meşələri, dağları.


Qurd anaydı, yanında da balası,
Güclü olur ana qurdlar tutaşda.
Ancaq onun sınıq idi sol qolu,
Güclü olur ana qurdlar tutaşda.

Qaplan qurdun boğazını yırtmışdı,
Ana qurdun son tutarı bitmişdi,
Bala otlar arasında itmişdi,
Güclü olur ana qurdlar tutaşda.

Uşaq cumub körpə qurdu götürdü,
Qaçıb onu anasına yetirdi.
Onlar qurdu daş komaya gətirdi,
Güclü olur ana qurdlar tutaşda.


İki bala gətirmişdi meşədən,
Boğuşurdu Cüyür bala, Qurd bala.
İkisi də bir yuvada qalırdı,
Boğuşurdu cüyür bala, qurd bala.

Uşaq özü bəsləyirdi onları,
Cüyür idi Bozqurd idi adları.
Verirdilər nə var idi, varları.
Boğuşurdu Cüyür bala, Qurd bala.

Uşaq südü ətə, ota qatırdı,
Yeyib onlar böyüyürdü, artırdı.
Uşaq qalıb onlar ilə yatırdı,
Boğuşurdu Cüyür bala, Qurd bala.


İl dolandı gül-çiçəklər dil açdı,
Yerdə bitən hər gülün də dili var,
Qurd dilini yamsıladı uşaq da,
Yerdə bitən hər bir gülün dili var.

Qurd meşəyə durub qulaq asırdı,
Qulağını şəkləyirdi, susurdu,
Qaçıb, qaçıb o nə isə busurdu,
Yerdə bitən hər bir gülün dili var.

Böyüdükcə alışırdı gözləri,
Bərkiyirdi dırnaqları, dizləri.
Çox gəzirdi kolluqları, düzləri
Yerdə bitən hər bir gülün dili var.


– Oğul, daha paltarını dəyişdir,
Gödək olar pis gün, tez də ötüşər.
Bəsdir daha qız paltarı geydiyin,
Gödək olar pis gün tez də ötüşər.

Başev məni boğmaladı, qovladı,
Yozmaçılar başımızı tovladı,
Ürküdərək bu dağ-daşa hoyladı,
Gödək olar pis gün tez də ötüşər.

Yozmaçıya baban uydu, allandı,
Deyilənlər başdan-başa yalandı,
Şah günlərim göz yaşımla bulandı,
Gödək olar pis gün tez də ötüşər.


Baban şahdır, atan dəymədüşərdir,
Damarında ikicə qan boğuşur.
Sən həm şahsan, həm də Minel balası,
Damarında ikicə qan boğuşur.

Ağır günlər artıq qalıb arxada,
Biz çıxmışıq daha ürkü, qorxudan,
Sən də qorxma, oğlum şahdan, darğadan,
Damarında ikicə qan boğuşur.

Al, atanın paltarını geyginən,
Son qoy daha bu 10 illik sürgünə,
Daha çıx sən el içinə, ağ günə,
Damarında ikiçə qan boğuşur.


Dağlar gördüm Yastıdaqdan ağırdır,
Kimsəsizdən hərə bir çür öc alar.
Qovdu-qovdu, gəlib bura çıxmışıq,
Kimsəsizdən hərə bir cür öç alar.

Mənə baxma, mənim külüm ələnib,
Gün olub ki, anan kənd-kənd dilənib,
Göz yaşlarım çaylar kimi sellənib,
Kimsəsizdən hərə bir cür öc alar.

Min atını işıqlığa çap, oğlum,
El içində öz yerini tap, oğlum,
Göydən alın ulduzunu qap, oğlum,
Kimsəsizdən hərə bir cür öc alar.


Günlər keçdi, düşüncəli gəzdi o,
Ana sözü soyuq daşa hey verər.
Qurd da ana sözlərini duymuşdu,
Ana dili soyuq daşa hey verər.

Ağ kürk geydi, köksü iri göründü,
Sallaq qalan çən, dumana büründü,
Hara getdi, qurd dalınca süründü,
Ana sözu soyuq daşa hey verər.

Ana görüb balasını bu sayaq,
10 yaşında adın qoydu Üstüağ,
Tək o idi anasına son dayaq,
Ana sözü soyuq daşa hey verər.


Hara getdi anasını düşündü,
Dağa-daşa çırpar səni üzüntü.
Şah babası niyə qovub onları
Dağa-daşa çırpar səni üzüntü.

Gecə-gündüz o kəndləri dolaşdı,
Uşaqlarla, böyüklərlə dalaşdı,
Üstü-başı toz-torpağa bulaşdı
Dağa-daşa çırpar səni üzüntü.

Dediyindən dönər oldu anası,
Dəyişmişdi üzdən-gözdən balası,
Onun sanki qan qusurdu yarası,
Dağa-daşa çırpar səni üzüntü.


Gündən-günə solğunlaşdı Üstüağ,
Qar qar ustə, dağ dağ üstə qalanar,
Soldu üzü, arıqladı, sozardı,
Qar qar üstə, dağ dağ üstə qalanar.

"-Tanrı, bizə bir yol göstər, söz buyur,
Başev bizi yerə vurub, tək qoyub.
Çox düşünmə, bala, gecdir, ta uyu,
Qar qar üstə, dağ dağ üstə qalanar.

Dədəm Günəş, gör bu ucqar talanı,
Apar çatdır öz yerinə balamı,
Qadan alım, mənim qada alanım,
Qar qar üstə, dağ dağ üstə qalanar".


Boz qurd bütün bu sözləri anladı,
Dördayaqlı dilsiz, sözsüz anlayır.
Gözü doldu, könlü yandı onlara,
Dördayaqlı dilsiz, sözsüz anlayır.

Bir gün göyün bir yağışlı günündə.
Qara qaplan gəlib durdu önündə
Qan damırdı çaynağından, tükündən,
Dördayaqlı dilsiz, sözsüz anlayır.

Boz qurd qara qaplan ilə tutaşdı.
Qan yağışa, yağış qana qatışdı,
Boz qurd onun boğazından yapışdı.
Dördayaqlı dilsiz, sözsüz anlayır.


Səsə-küyə qaçıb gəldi Üstüağ,
Hər savaşda bir ölüm var, batım var.
Boz qurd bir az kövrək idi savaşda.
Hər savaşla bir ölüm var, batım var.

Qaça-qaça o Boz qurdu çağırdı,
Səs eşidib qurd gücləndi, bağırdı,
Üç ağızdan qopdu qorxunç bağırtı,
Hər savaşda bir ölüm var, batım var,

Qaplan deyən çox yemişdi, tox idi,
Qol-qıçında sanki gücü yox idi,
Ançaq qatdaq qulaqları şax idi,
Hər savaşda bir ölüm var, batım var.


Bel sümüyü xırçıldadı qaplanın,
Arxalı qurd qaplanı da dağıdar,
O qaçarkən birdən yerə sərildi,
Arxalı qurd qaplanı da dağıdar.

Qurdun dişi, dırnaqları bıçaqdı,
Qurd olsa da o qaplandan qıvraqdı,
Yiyə ona o yiyəyə dayaqdı,
Arxalı qurd qaplanı da dağıdar.

Yiyə baxır qorxunç qurda bayaqdan,
Qurdun ağzı, başı-döşü qızıl qan,
Dönüb onlar qayıdırdı bir azdan,
Arxalı qurd qaplanı da dağıdar.


Bir gün çıxdı el içinə Üstüağ,
Su da qalsa öz yerində iylənər.
Arxasınca Boz qurd düşüb gedirdi,
Suda qalsa öz yerində iylənər.

Anadolu oylağından bəriydi,
Adamların danışığı diriydi,
Bura böyük alqı-satqı yeriydi.
Su da qalsa öz yerində iylənər.

Üstüağı görən durub baxırdı,
Üz-gözündən isti işıq yağırdı,
Özü yüngül, addımları ağırdı.
Su da qalsa öz yerində iylənər.


Onun boyu qırx qarıncdan ucaydı,
İlk baxışda gözə çarpar, görümlü.
Döşü-başı, əli-qolu iriydi,
İlk baxışda gözə çarpar, görümlü.

Yığışdılar çörək satan, qul satan,
Dedilər ki, güləşçidir bu oğlan.
Hansı yerin adamıdır bu qaplan,
İlk baxışda gözə çarpar, görümlü.

Güləşçilər gəlib onu yanladı,
Danışdırıb sözlərini anladı.
Xoruzlanıb tək tükləri banladı,
İlk baxışda gözə çarpar, görümlü.


– Güləşçisən, buyur, güləş bizimlə,
Boy-buxunda görkəm olar, güc olmaz.
Şeşələnib dedi kölə bir kişi,
Boy-buxunda görkəm olar, güc olmaz.

Gücün varsa, buyur, atıl ortaya,
Mən yıxılsam dədəm goru çatlayar.
Kölə səni iki büküb qatlayar,
Boy-buxunda görkəm olar, güc olmaz.

Üstüağla güləşçilər güləşdi,
Uca, hündür, arıq - hamı dilləşdi.
Hamısı da toz-torpağa bələşdi,
Boy-buxunda görkəm olar, güc olmaz.


Öncə kölə, sonra pota yıxıldı,
Cıtqoz olsa tez yıxılar güləşçi.
Qoşa-qoşa güləşdilər onunla,
Cıtqoz olsa tez yıxılar güləşçi.

Yıxılanlar qalxıb bir də durdular,
Artıq dartıb Üstüağı yordular.
Hərdən onu yumruqla da vurdular,
Cıtqoz olsa tez yıxılar güləşçi.

Hər kimin ki, yapışırdı belindən,
Üstüağın qurtarmırdı əlindən,
Dolaşırdı vay-qışqırıq dilində,
Cıqoz olsa tez yıxılar güləşçi.


Yıxılanlar utandılar, yandılar,
Yıxılan da güclü olur acıqda.
Başladılar Üstüağı döyməyə,
Yıxılan da güclü olur acıqda.

Soruşmadan kimliyini, adını,
Arxasını, soykökünü, yurdunu.
Götürdülər dəyənəyi, odunu
Yıxılan da güclü olur acıqda.

Yıxıb onu döş-başını əzdilər,
Boqazını boğmalayıb üzdülər,
Üst-başını axtardılar, gəzdilər,
Yıxılan da güclü olur acıqda.


Son ayaqda o, Boz qurdu çağırdı,
Son umu da son arxadır ölənə.
"Boz qurd" sözü səpələndi hər yerə,
Son umu da son arxadır ölənə.

Hər sıçraqda Boz qurd qanlar axıtdı,
Qarın yırtdı, boyun-boğaz dağıtdı.
Nəriltisi qalanları qorxutdu,
Son umu da son arxadır ölənə.

Tanrı belə güc heç kəsə verməyib,
Belə it-qurd hələ heç kəs görməyib,
Görünsə də bu şəhərə girməyib,
Son umu da son arxadır ölənə.


Üstüağı Qurd belində gətirdi,
– Bu, nə işdi, anan ölsün, ay oğul.
Kim bu günə qoyub səni, danış bir,
Bu, nə işdi, anan ölsün, ay oğul.

Yaraların gömgöy olub qaralıb,
Gül yanağın niyə belə saralıb,
Tanrının da, deyən, gözü daralıb
Bu, nə işdi anan ölsün, ay oğul.

Kimlər çıxıb orda sənin qarşına.
Kim endirib dəyənəyi başına,
Baxmayıblar sənin 13 yaşına,
Bu, nə işdi, anan ölsün ay oğul.


Mindon ana, axşam düşüb, ağlama,
İyid dara düşə-düşə bərkiyər.
Qurd gözüylə ona dedi hər şeyi,
İyid dara düşə-düşə bərkiyər.

Kimsəlilər yaxın yolla gedərlər,
Kimsəsizlər dağda-daşda itərlər,
Sərt qayanın döşlərində bitərlər,
İyid dara düşə-düşə bərkiyər.

Yazıq ana, axşam düşüb, toxda sən,
Şah qızısan bu ucqarda çox da sən,
Nə ağı de, nə bu sayaq ağla sən,
İyid dara düşə-düşə bərkiyər.


Su gələr, daşa dolar,
Qar yaqar qaşa dolar,
Ana baladan ayrı
Gözləri yaşa dolar,

Sular gələr, göl olar,
Şaxta vurar gül solar,
Ər iyidin balası
Özü kimi ər olar.

Könlümü oxladılar,
Gizlində saxladılar,
Mənim kimi gözəli
Kimə adaxladılar.

Balamın damı da var,
Dam üstə damı da var,
Kişilik ayrı şeydir,
Bığ-saqqal hamıda var.

Ürəyimdə yara var,
Yaram üstə yaram var,
Aç bax baqrımın başın,
Gör, yanmamış haram var.

Söz aşar daşdan keçər,
Kirpikdən, qaşdan keçər,
Doğru söz, doğru deyim
Dəmirdən, daşdan keçər.

Günlər çox qarışıqdır,
Yaz gəlib barışıqdır,
Ayıq-sayıq dolanmaq
İyidə yaraşıqdır.

Yanağın gülə bənzər,
Göz yaşım selə bənzər,
Sən buradan gedəli
Bura bir selə bənzər.

Gecələr il gecələr,
Sözümü bil gecələr,
Mən burda qan ağlaram,
Sən orda gül gecələr.

Adam solsa əyilər,
Yaşa dolsa əyilər,
Düz sözün qabağında
Dağ da olsa əyilər.

Yetiməm, anam yoxdur,
Sözümə çatan yoxdur,
Düşdüm xarabalığa,
Qolumdan tutan yoxdur.

O da məni yandırır,
Bu da məni yandırır,
Soyundum suya girdim,
Su da məni yandırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets