Ölümə nişanlı qız söylənci
Qızbax gəlin paltarını geyindi,
Qız durudur, çay suları bulanıq.
Qoy durulsun, köpü yatsın suların,
Qız durudur, çay suları bulanıq.
Şah arvadı sevinirdi özündə,
Bir üstünlük parlayırdı gözündə,
Öc yanğıyla boğuşurdu üzündə,
Qız durudur, çay suları bulanıq.
Hamı yanıb yaxılırdı bu işdən,
Başevdəki bu dolambac gedişdən,
Ağlayırdı bulud bu son görüşdə,
Qız durudur, çay suları bulanıq.
Çaya yaxın gələmmədi bir adam,
Sel özünə çəkir ona baxanı,
Hamı gəldi son görüşə baxmağa,
Sel özünə çəkir ona baxanı.
Gəlib Qızbax çayla durdu üz-üzə,
Bənzəyirdi çay köpürən dənizə,
Bu dalğalar çapışına kim dözər,
Sel özünə çəkir ona baxanı.
Qızbax döndü dağ yerinin yelinə,
O bir söz də gətirmədi dilinə,
Quştək uçub qondu çayın belinə,
Sel özünə çəkir ona baxanı.
– Dəli çayım, al qoynuna Qızbaxı,
İpə-sapa gətirəndir gözəllik.
Gözlə incə köksü daşa dəyməsin,
İpə-sapa gətirəndir gözəllik.
Alıb qızı ilan kimi çay axdı,
Gözəlliyi görüb sellər karıxdı,
O açığı, tez-tovluğu buraxdı,
İpə-sapa gətirəndir gözəllik.
Tanrı çəkdi sanki selin ipini,
Aldı dağ-dağ dalğaların köpünü,
Batıb gördü qız sel-suyun dibini,
İpə-sapa gətirəndir gözəllik.
Doğma çayım, yavaş-yavaş en, kiri,
Heç bir yerdə dəyəri yox acığın.
Doğma çayım, yatım göstər, yat yerə,
Heç bir yerdə dəyəri yox acığın.
Böyük tanrı, gur yağışı dayandır,
Qızbax bala al qanına boyandı,
Bu el üçün sel-sularda o, yandı,
Heç bir yerdə dəyəri yox acığın.
Qara bulud, bizdən sənə yalvarış,
Evimizə su dırmaşıb bir qarış,
Sənə min yol baş əyirik ağ yağış,
Heç bir yerdə dəyəri yox acığın.
Axşamüstü çay çəkildi yerinə,
Hər daşmağın düşməyi var ölçüdə.
Qıjıltıdan çayda heç nə qalmadı,
Hər daşmağın düşməyi var ölçüdə.
Daşlar çayda üzə çıxdı apaydın,
Tapılmadı su gəlini-o qadın,
Ağ buludlar, siz dənizi arayın,
Hər daşmağın düşməyi var ölçüdə.
Gözəl Qızbax uçub getdi haraya,
Döndü elin ürəyində yaraya,
Saçlarını çayda daşlar darayar,
Hər daşmağın düşməyi var ölçüdə.
Suqıraqda şah çox gəzdi Qızbaxı,
Ayrılıqda sevgi beşqat güclənir.
Hər şey vardı bir gəlindən savayı,
Ayrılıqda sevgi beş qat güclənir.
– Gözəl Qızbax, sən Adanı baqışla,
Sən çarpışdın, sellə, suyla, yağışla,
Harda olsan bu ölkəni qarğışla,
Ayrılıqda sevgi beşqat güclənir.
Gözəl Qızbax, görüb sevdim səni mən,
Alammadım səni sel-su əlindən,
Mən küsmüşəm daha şahlıq yerimdən,
Ayrılıqda sevgi beş qat güclənir.
– Gözəl Qızbax, gəzib səni taparam,
Dəli sular caynağından qaparam,
Sənsiz olsam varlığımdan saparam,
Ayrılıqda sevgi beşqat güclənir.
Anam, bacım, gülüm, sevgim, istəyim,
Mənim qılınc, qalxan tutan biləyim,
Sən hardasan, səni istər ürəyim,
Ayrılıqda sevgi beşqat güclənir.
Tapım bircə muncuq boyunbağından,
Çox azalar onda sevgi dağımdan,
O muncuğu əkim sevgi bağımda,
Ayrılıqda sevgi beşqat güclənir.
Şah neçə gün suqıraqda dolaşdı,
Gah Qızbaxı, gah tanrını səslədi.
Başev susdu, düşüncəyə büründü,
Gah Qızbaxı, gah tanrını səslədi.
Suqıraqda şah daşlara sarıldı,
Tanrı baxdı, ona könlü qırıldı,
Çayda sular dalğa-dalğa yarıldı,
Gah Qızbaxı, gah tanrını səslədi.
Gözəl Qızbax, suları yar, çıx üzə,
Gəl, mənimlə, gülüm, dayan üz-üzə,
Ya da apar sən məni də dənizə,
Gah Qızbaxı, gah tanrını səslədi.
Bir gün Qızbax gəlib çıxdı bu yerə,
Şah Qızbaxı gözlərindən tanıdı.
O diz çökdü sevgisinin önündə,
Şah Qızbaxı gözlərindən tanıdı.
Cır-cındırın içindəydi gözəl qız,
Yarğanlarda yaşamışdı o yalqız,
Bir ay idi yol gəlirdi ac-susuz,
Şah Qızbaxı gözlərindən tanıdı.
– Böyük tanrı səni mənə yetirdi,
Səni tapdım, mən özümü itirdim,
Mən ölkədə Qızbax gülü bitirdim,
Şah Qızbaxı gözlərindən tanıdı.
Şah Qızbaxla gəlib çıxdı Başevə,
Ölkə bütün gül-çiçəyə büründü.
Yeddi geçə şah Qizbaxa toy etdi,
Ölkə bütün gül-çiçəyə büründü.
Şah şahlığı bağışladı Qızbaxa,
Hamı durdu qabağında ayağa,
Gözəl Qızbax döndü böyük dayağa,
Ölkə bütün gül-çiçəyə büründü.
Qızbax kəsi verilsə də sellərə,
Çay qaytardı el qızını ellərə.
Gözəl Qızbax adı düşdü dillərə,
Ölkə bütün gül-çiçəyə büründü.
Sonra yer-yer danışdılar, dedilər,
Tanrı özü onu sudan alıbdır.
Bir kötükdən yapışaraq üzüb qız,
Tanrı özü onu sudan alıbdır.
Üzüb-üzüb dənizlərə çatıb o,
Sonra dərin löhmələrə batıb o.
Bir ay suda bir kötükdən tutub o,
Tanrı özü onu sudan alıbdır.
Gözəl Qızbax şah da olsa ölkəyə,
Döndü əri qabağında kölgəyə,
Qız döyüşdə, ər sevgidə bərkiyər,
Tanrı özü onu sudan alıbdır.
Sonra Adan kəbinlədi Qızbaxı,
Qızbax özü başçı oldu Başevdə.
Yeddi gecə, yeddi gündüz toy oldu,
Qızbax özü başçı oldu Başevdə.
Soraq getdi çatdı Turər qardaşa,
Adan çıxdı qabağına birbaşa,
Qızbax şahı bəzədilər daş-qaşa,
Qızbax özü başçı oldu Başevdə.
İki ölkə qardaşlaşıb bir oldu,
Gen düzlərdə yersizlərə yer oldu.
Əkbitənin saxlancında var oldu,
Qızbax özü başçı oldu Başevdə.
Qız ər olur, oğlanlarsa qız olmur,
Qızı Tanrı yaxın bilir özünə.
Qız atadır, qız anadır, qız qardaş,
Qızı Tanrı yaxın bilir özünə.
Ata yoxsa, ata olur gəlindən.
Oğlanlaşır ayrı düşsə elindən,
Hər iş gəlir qızın incə əlindən,
Qızı Tanrı yaxın bilir özünə.
O Tanrıdır gəlib yerə qız üzdə,
Qurulubdur görgör özü qız üstə.
Lap deyərdim tanrılıqdır o bizdə,
Qızı Tanrı yaxın bilir özünə.
Qızın gözü dərin-dərin güzgüdür,
Sevin onu, anaları qoruyun.
Göydə Tanrı, yerdə onun kölgəsi
Sevin onu, anaları qoruyun.
O çağırır bizi uca dirriyə,
O aparır bizi dəmir birliyə.
O ad qoyur qadınlığa, ərliyə,
Sevin onu, anaları qoruyun.
Tanrı olur oğlan qızı alanda,
Ucalaşır qıza vurğun olanda.
Tanrılaşın ana-bacı yolunda,
Sevin onu, anaları qoruyun.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-olume-nisanli-qiz-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Çapdı Bacar Hindel üstə inamla,İnam olsa, adam işdə yorulmaz.
Devdağ söylənciAncaq Hindel ər-arvadı ayırdı,Təklik yeni evlənəni sarsıdar.
Tanrılarla görüş söylənciÇiçək açdı, bolluq oldu bu yerdə,Ölkə artar başçı yaxşı olanda.
Qarı xaqan söylənciQarı Xaqan alıb qırdı Xançunu,Biri qurur, biri qırır, dağıdır.