Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...

Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

– Nə deyir?

– Üzr istəyirəm, çünki...

– Üzr yox, cəza!..

Mehman stula oturdu. Bayaqdan geyinib-kecinmiş, hazırlanmış Züleyxa üzünü yan tərəfə tutub pəncərədən bayıra baxmağa başladı. Şəhla xanım əlüstü çay gətirdi, yenə müxtəlif mürəbbələrdən stola düzdü. Mehman “sağ ol”, – deyib bir qurtum da çay içmədi. Lampalar tez-tez yanmağa, şəhəri bir çilçırağa döndərməyə başladı. Hövsələsi darıxan Şəhla xanım ayağa qalxıb:

– Mən burada oturub sizin üçün küsülü barışdıran deyiləm, – deyib mətləbə keçdi, – xalası parka getmək üçün iki bilet göndərmişdi. Dedim ikimiz gedək, gördüm ki, mən daha bu xanım qızın yaraşığını yad eləyirəm. Dedim ki, onda ikiniz gedin! Gördüm ki, qızın çiçəyi çırtladı. Sən də ki, belə gəlib çıxdın, oğul!

– Mənim işim var idi, üzr istəyirəm, – deyə Mehman, mümkün dairədə pərdəni açmaq, öz münasibətini bildirmək istəyirdi. Buna görə o yer-yurdu qurdalayıb döşəmə üzərinə salınmış fərşin naxışlarını sayır kimi qırıq-qırıq danışmağa başladı, – mən, düzü, sizin çağırışınıza görə gəlməmişəm, Şəhla xanım... Gəlmişəm ki, bir qədər də açıq danışaq, mətləb aydın olsun!..

– Küsülü yerdə nə açıq-aydın danışmaq? – deyə Şəhla xanım Züleyxanın və Mehmanın qolundan yapışıb, üstünü vurmadan zarafata saldı, onları ərklə itələyə-itələyə gətirib qapıdan bayıra çıxardı.

– Mən burada hakim deyiləm, gedin özünüz bilin!.. Onlar istər-istəməz pilləkəndən aşağı düşdülər. İkisi də birlikdə üzüaşağı enib zırınqıltılı tramvaya çatdılar. Bir neçə dolu tramvay buraxıb axırda nisbətən asudə bir tramvaya mindilər, şəhər küçələrini keçib park səmtinə gedən tramvaya əyləşdilər, parkın qabağında düşdülər. Züleyxa qapı yanında duran nəzarətçiyə iki bilet göstərdi, onlar parka girdilər, xeyli dinməz-söyləməz gəzib dolandılar. Yaşıllıq içində üzən parkı musiqi səsləri bürümüşdü. Gülmək, şaqqıldamaq göyün yeddi qatına çıxmışdı. Oğlanqızla dolu uçuncaqlar, yelləncəklər havada fırlanırdı. Ağaclar altında qoyulmuş stol ətrafında əyləşən adamlardan kimisi içir, kimisi yeyirdi. Onlar hər ikisi düşünür, getdikcə Züleyxanın küskünlüyü görünür, Mehmanın rəhmi artır, bu səmimi görünən həqiqi iztiraba qarşı onun ürəyi yumşalırdı. İndi Mehman bu iztiraba cavab vermək istəyirdi. Görünür ki, Mehman üçün qaçmaq yolları bir-bir örtülüb tezcə-tezcə bağlanırdı. Züleyxa isə artıq üzücü iztirablarına nəhayət vermək, özünü Mehmanda baş qaldıran məhəbbət hissinə təslim etmək, dözülməz yorğunluqdan özünü xilas etmək istəyirdi. Beləliklə onlar gəzə-dolana, kölgəli ardıc ağaclarının altında, dəmir ayaqlı skamyanın üstündə qərar tutdular. Səssiz və iztirablı dəqiqələr, nəfəsi qaldıracaq bir ağırlıqda gəlib keçdi... Birdən, Züleyxa boğuqca ağlamağa, belə bir qeyri-müəyyən sükuta qarşı etiraz səslərini büruzə verməyə başladı.

İndiyə qədər Züleyxadan bir növ çəkinib-qaçan Mehmanda indi nə isə gizli bir bağlılıq özünü büruzə verdi... qızın çox ətirli saçlarını qoxulamaq, hətta onu öpməyə cəsarət etmədən, mat-məəttəl dayanıb durmaq özü belə Mehmanda xoş bir hiss doğurdu... Bu əsrarlı hiss yaxıcı bir od, bir atəş kimi təpədən dırnağa qədər, Mehmanı bürüyüb, sarsıtmağa başladı. Danışmaq istəməyən Mehmanın nitqi tutulurdu... Burada, bu bağda özü də bu vəziyyətdə üzə gəlib açılışmaq hansı dillə Züleyxaya rədd cavabı verib: “Mən səni sevmirəm!” demək, nəinki Mehman üçün çətindi, hətta mümkün deyildi. Əksinə, indi Mehman get-gedə təslim olduğunu hansı, bir cazibə qüvvəsiləsə bu kövrələn qıza bağlandığını duyur, indiyə qədər qızın iztirabla dolu məktublarına cavab verməməklə özünü müqəssir sayırdı. Mehman, başını artıq onun köksünə söykəyən, aramsız göz yaşları axıdan qızın iztirablarına şərik olurdu... Niyə indiyə qədər soyuq, etinasız görünən Mehman indi Züleyxaya sözsüz təslim olur, onu çulğayan alovlu atəşin müqabilində acizlik edirdi?.. Bu hiss indi burada birdən-birəmi əmələ gəlmişdi!.. Yox, yox, bu hiss Mehmanın qıza qarşı qəti, müəyyən bir mövqe tutmamağında, indiyə qədər ona rədd cavabı verməməyində, bir tərəddüdün, bəlkə də Mehmanın özünə belə aydın olmayan bir tərəddüdün, vurub bir sahilə çıxmamağında “hə”, “yox” deyə apaydın cavab verməməyində idi?!. Ayrı cürə yaraşmayan bir oyunbazlığa girişməyinə dəyərdimi?.. Mehman quru təbiətli olsa da onun fitrəti saxtakarlığa, hoqqabazlığa biganə idi! Getdikcə burada coşub-daşan bir hiss Mehmana güc gəlir, gənc oğlanın sinəsi qabarıb-enir, onun əli göz yaşlarını axıdan Züleyxanın saçlarında aramla gəzir, titrək barmaqları Züleyxanın pərakəndələşən sıx qara saçlarını alnından geriyə darayır, ancaq bu mövqedə yenə də açılışıb qəti bir söz deyə bilmirdi... Züleyxa isə bu üstüörtülü etirazın müqabilində ərköyünlüklə kövrəlir, iztirablarına cavab aldığını yəqin edib göz yaşlarını axıtmaqdan doymurdu. Onlardan bir kəs dillənməsə də döyünən ürəkləri bir-birilə danışırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

V

Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?

7 min
VI

Göz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.

5 min
VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

7 min
VIII

Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

9 min

Poems by other poets