Page 4 of 12 · 25%

– Mən elə “Yeddi qardaş”a getmək istəyirəm!

– Haçan, nə zaman, nə tez?

– Lap günü sabah!

– İkimiz birlikdə gedərik. Mən sizə “Yeddi qardaş”dan yeddi nağıl danışaram!

– Əgər mən “Yeddi qardaş”a özüm tək-tənha getmək istəyirəmsə?

– Əgər mən də prokurorla birlikdə getmək fikrindəyəmsə?

Söhbət uzandı, Mehman birgə getməyə razılıq vermədi, Cabirov nəfəsini dərdi.

– Onda mən sizə müsəlləh bir milis verərəm!

– Nə üçün, müsəlləh milis?

– Bələdçi, həm də mühafiz!..

– Bələdçi, mühafiz?!

– Bəli, mütləq! – Cabirov davam etdi. – Borcumuz, vəzifəmiz bizdən belə tələb edir!

– Əgər mən “Yeddi qardaş”a tək getmək, bütün o aləmi düşünə-düşünə dolanmaq istəyirəmsə?.. İxtiyarım yoxdurmu?

– Əlbəttə ixtiyarınız vardır!

– Onda mən bu ixtiyardan bəhrələnmək istəyirəm!

– Müsəlləh milis heç də sizə mane olmaz!

– Əgər, mən heç bir mühafiz istəmədən tək-təkinə getməyi qət etmişəmsə?

– Onda... Onda... – Cabirovun fikri dolandı. – “Bəlkə bir sirr vardır? Bəlkə lap mənim əleyhimə bir iş vardır? – Onda... onda” – deyə sözünü qıran adamdan Mehman soruşdu:

– Onda nə?

– Düzü o yol, “Yeddi qardaş” sıldırımları elə də əmin-amanlıq da deyildir...

– Sizi indi necə başa düşmək?

– Düzü mən sizin həyatınıza cavabdehəndəyəm! – Milis rəisi nəfəsini dərə-dərə danışırdı. – canımızla, başımızla cavabdehəndəyik!

– İstəyirsiniz öz dəsti-xəttimlə yazıb verim ki, bu səfərdə mənə nə qəza üz versə milis rəisi Bənnaoğlu yox, mən özüm cavabdehəndəyəm!

– Yox, yox – deyə milis rəisi qətiyyən razılaşmaq istəmirdi. – Mən şəxsən sizin həyatınız üçün də məsuliyyət daşıyıram. Axı qanun silahı bizə etibar edibdir! Bir də ki, siz Xatun nənənin tənha oğlusunuz... dünən gəlmisiniz... Bağışlayın, həm də cavansınız... “Uşaqsınız!” – Bənnaoğlu nə qədər təkid etdisə də Mehman dediyində dayandı, Cabirov daha kürsünü yırğalayıb ayağa qalxdı.

– Mən gedə bilərəmmi?

– Buyura bilərsiniz!

Cabirov prokurorun kabinetindən incik və yelli çıxdı. Cabirov nə qədər hirslənsə belə onun ürəyinə üşütmə düşdü. “Birdən bu tərs oğlanın yolunu mamırlılardan kəsən olar?” – Milis rəisinin fikri qaraldı:

– Yaxşı, siz sizlikdə prokuror oğlan, biz də bizlikdə! – Cabirov get-gedə söyləndi. – Heç zaman o biçarə arvadın göz yaşlarının burada axmağına razı olmaz!.. Bir də bu oğlan nə qədər tərs görünsə canına qıyılası deyildir axı...

Prokurorluğun qapısında hərim-hərim hərlənən, zahirən təmizlik işləri ilə məşğul olan, əslində cavan prokurorun heç bir hərəkət və davranışını gözündən qaçırmayan, qulaqlarını ustalıqla açıb şəkləyən, qırışıq torba içindəki boz fındıq gözlərini qıyan, kim gəldi, kim getdi, nə danışdı, nə dedi ilə maraqlanan Qaloşlu adam yenə də işdən gec çıxan Mehmanı həyətdə qarşılayıb ona təzim edib arğaz belini donqaltdı... Mehman əl işarəsi ilə qocanı yanına çağırdı. Qaloşlu adam gəlib əmrə müntəzir kimi xidməti vəziyyətdə dayandı. Mehman sabah sübh tezdən səkili yəhərləyib, yüyənləyib gətirib qocaya bildirdi.

– Xeyir ola, başına dönüm? – Qaloşlu adam qayğıkeşliklə öz nigarançılığını bildirib qarayanıq əllərini ovuşdurdu. – Barı xeyir olsun, başına dönüm!.. – Lənət şərə, qoca, – deyə Mehman təkidi tapşırıq verdi. – Sən deyilənə əməl et, atı hazırla, öz vaxtında gətir!

Qaloşlu adam üzünə salıb üzülmək istəmədi:

– Belə səfərin hayanadır, başına dönüm?.. Məgər bilmək günahdır?!.

Mehman ötüb keçdi, Qaloşlu adam yanlarını arıq dəvəsayağı basabasa cavan adamı mənzilinə qədər müşayiət etdi, pilləkəni qalxan müddəi-ümuminin altdan-altdan nəzər saldığını görüncə yenə də əllərini ovuşdurub mütiliklə donqalanıb əyilə-əyilə geriyə çəkildi, sonra qəddini düzəldib prokurorun sabahkı səfərindən Murtuzovu xəbərdar etmək üçün qocalığından iz-əlamət yoxmuş kimi qoparaqlandı... Mehman içəriyə daxil olub anasına salam verdi, yorğun-əzgin olmasına baxmayaraq, Züleyxaya müraciət edib qaşqabaqlı gəlini dilləndirmək istədi. Ancaq bir an əvvəl bağça müdirəsi Zərrintacın yanından dönən, orada təlimlənən, üfürülüb doldurulan Züleyxa ərinin nəzakətinə əhəmiyyət vermədən qat-qarışıq dillə deyindi. Mehman gülümsədi, arvadının bu hərəkətini bir şıltaqlıq və ərkinaz saydı. Nəhayət, ailə üzvləri mətbəxin küncündəki balaca stolun üstündə açılan süfrə ətrafına toplandı. Xatun hazırladığı xörəyi süfrəyə gətirdi. Acmış Mehman iştaha ilə, Züleyxa isə üz-gözünü turşuda-turşuda yedi. Gəlinin bu hərəkəti qayınananı hiddətləndirsə də o, üzə açılışıb bir söz demədi.

– Bəs sən özün, ana? – Mehman başını qaldırıb ağbirçəyi pərakəndələşən Xatunun tutqunlaşıb bulud kimi dolan sifətinə baxdı. – Sabahdan burada əlləşmisən, indi də əyləşib bir tikəni bizimlə rahat yemirsən!

– Sən ye xörəyini ye, oğlum! – deyə Xatun küncdəki maşınkanın alovunu azaltdı, bir azdan iki stəkan çay gətirib süfrənin üstünə qoydu.

– Bəs sən haçan öz isti xörəyini yeyəcəksən, ana? – deyə Mehman narahatlıqla xəbər aldı. – Axır biz sənə qulluq etməliyik.

– Sonra, Mehman, sonra! – deyə sözün çək-çövür olmasını istəməyən Xatun dönüb dəhlizə çıxdı, nə isə buranı səliqə-sahmana salmağa başladı. Xatun gəlini ilə öz arasında saxlamağa çalışdığı pərdəni yırtmaq istəmirdi.

Bəli, Züleyxa, pörtə-qızara, buğlanan çayı da içib, yatdıqları otağa çəkildi, pallı-paltarlı çarpayıya sərilib, fis-fis fısıldadı:

– Bu da bir ruzigardır guya?!.

Mehman da durub Züleyxa sərilən otağa keçdi, barıt dəbbəsi kimi dolanan Züleyxanı tərpədib partlatmaq istəmədi. O, sabahkı səfəri barəsində raykom katibi Vahidova zəng etdi. Dəstəyi götürən Vahidov salam-kalamdan sonra bir neçə söz demək, tapşırıq vermək istədi.

Mehman raykom katibini dinləyir, onun səsində bir qayğıkeşlik hiss edirdi. Buna görə də, birdən: – təşəkkür edirəm, – deyə öz razılığını bildirincə:

– Bizim vəzifəmiz, sizin qanuni hərəkətlərinizə kömək etməkdir, – deyə Vahidov cavan adamın boynuna minnət qoymaq istəmədən mülayimliklə davam etdi: – Lakin səhvlərinizi də göstərməkdən, necə deyər qeyri-qanuni ölçülərinizə qarşı etiraz etməkdən çəkinməyəcəyik!

– Mən də ancaq doğru sözü dinləyib qanuna zidd olmayan təklifi qəbul edəcəyəm, – deyə cavan prokuror kobud gövdəli icrakom sədrini gözləri qabağına gətirincə əsəbiləşməyə başladı. – Ancaq sədrin qanunsuz hərəkətlərinə, kobud rəftarına qarşı mübarizə aparmağı da mən zəruri sayacağam!.. .

– Ancaq sizin kimi insan müqəddəratı ilə məşğul olan bir vəzifədaş üçün tez-tələsik qərar vermək gərək deyildir, – Vahidov cavan prokuroru təmkinli olmağa çağırdı. – Bax, elə də o briqadir Salamatov məsələsi... İndi sabahdan kəndlərə çıxdığırıız zaman bir növ istintaqdan xaric yolla olsa soruşmaq, camaatın rəyini bilmək pis olmazdı... Belə ki, qoy orada heç bir şəkk-şübhə qalmasın!

– Təqsirsiz sovet vətəndaşını bircə an belə azadlıqdan məhrum etmək olmaz! – deyə Mehman gözlərini gəzdirincə sanki qanunu zorlayan Kamilovu gördü. Sanki cüzi tutacaq yeri tapan Kamilovun tör-tökülü sir-sifəti açılır, əlini yastı, iri çənəsinə aparıb, seyrək saçlı, ətli başını yırğalayır, “biz bu yolda at çapıb saç ağartmamışıq, bala!” – deyə istehza ilə gözlərini qıyır, yer-yurdu cırmaqlayan Mehmana gülür, onun təcrübəsiz, ağzı süd qoxusu verən, özününsə dünyanı yorub-yortan bir kişi olduğuna, neçə-neçə belə uşaq-muşağın ağız-burnunu əzib-əzişdirməyilə öyünürdü. Qələbələrinə ümid bəsləyən Kamilov şişir, dam boyda böyüyürdü... “Baxarıq balası, görərik qadası – deyə cavan prokurora icəşirdi. – Baxarıq qadası, görərik balası?!”

Sanki elə bu anın özündə Mehmanın təsəvvürünə gələn Kamilov raykom katibi, Mərdan Vahidovun da gözlərinə görünür, Vahidov onun necə də iri ayaqları ilə Mehmanın yoluna daş-kötük yomalatdığını seçir, buna görə də Mehman himayəkarlıq edib onun güclü rəqibinə qarşı hiddətlənirdi. – “Kim nə deyir desin, nə edir etsin, biz sovet qanunu təkərinin altına kör-kötük yamalayanlara meydan verməyəcəyik! Biz heç zaman heç bir təqsirsiz adamı inqilabın bəxş etdiyi azadlıq nemətlərindən məhrum etməyə yol verməyəcəyik!”

– Bəlkə onda elə mən Salamatovu azad edib kəndlərə çıxım? – deyə Mehman nəfəsini dərdi, sol əlilə alnında muncuqlanan tərini sildi. – Bəlkə mən bu düyünü birdəfəlik açım, qurtarıb işinə getsin, yoldaş raykom katibi?

– Bu vəziyyətdə – deyə Vahidov özü hiddətlənmiş olsa qızışmağa başlayan, iztirabdan-iztiraba düşən gənci yavaşıtmaq üçün öyüd-nəsihət təriqilə danışmağı lazım bildi. - Məncə, Kamilovun yerlimi-yersizmi inadkarlığını məhz özünə sübut etmək, onun ayaqlarını yerdən üzmək üçün bir daha Salamatovun şəxsiyyətini yaxşı-yaxşı yoxlamaq gərəksiz olmazdı!.. Qoy sizin inamınız da, əlinizin altında toplanan qanuni sənədləriniz də daha möhkəm olsun! Daha əsaslı, şəksiz-şübhəsiz olsun!.. Birkərəmlik, axırıncı olsun!.. Qoy sabah şikayət respublika prokurorluğuna çatdığı zaman sizin mövqeyiniz möhkəm-möhkəm olsun! Heç bir qoca hüquqşünas qurdun özü belə sizi büdrətməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 min
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 min
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 min
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 min

Poems by other poets