Page 5 of 12 · 33%

Belə söz-söhbətdən, öyüd-nəsihətdən sonra Mehman telefonun dəstəyini yerinə qoydu. Züleyxanın da, necə yorğan-döşəyə sərildiyini unutmuş kimi döndü, möhkəm addımlarla gəzindi. Vahidovun dediklərini bir daha öz düşüncələrində yoxladı. Nəhayət, mülayim danışıqlı raykom katibilə razılaşdı, sonra səsini qaldırıb əsəbiləşdiyi üçün utandı... Mehman evində əylənib, dincəlmədən çıxdı, prokurorluğa yetişib, kabinetin qapısını açıb içəriyə girdi, işlərin arasından Salamatovun işini çəkib çıxardı, stola sərdi, özü də əyləşib qələmi əlinə götürdü, daşına-düşünə yeni-yeni qeydlər etməyə başladı. Divardakı əqrəb əqrəbi əvəz etdi, bayırda qaranlıq qatılaşdı, gecə saat birə işləyincə elektrik lampaları göz qırpmağa, xəbərdarlıq verməyə başladı. Mehman yır-yığış edincə lampalar söndü.

– Heç belə işləməyə dəmir də dözməz, deyə sınıq-sökük kürsünü qapıya bitişdirən Qaloşlu adam ağızdolusu əsnədi. – Heç polad da dözməz, bu işə başına dönüm!

– Sən niyə mənzilinə gedib, yıxılıb yatmamısan, qoca! – deyə Mehman, qaranlıq dəhlizdə yumurlanıb qalan qocaya tərəf baxdı, onun qaranlıq içində zülmət pərdəsi kimi dayandığını hiss etdi.

– Nə üçün bu vaxtacan yatmamısan? – Qaloşlu adam yenə də yaxınlıq göstərib Mehmana sığınmaq istədi.

– Yuxusu göyə çəkilən qoca necə sizin kimi cavanı işdə-gücdə qoysun, özü də rahatlanıb, körük kimi fısıldasın?

– Sən nahaq yerə yatmamısan! Sən yıxıl yat, qoca! – Mehman dəhlizdən çıxıb, pilləkəndən düşdü, çala-çuxura fikir vermədən addımladı:

– Qocaya istirahət gərəkdir!

– Qocaya qəbir gərəkdir! – deyə Qaloşlu adam mırıldana-mırıldana addımlarını yeyinlədib, yenə də Mehmana yanaşdı, – yəqin ki, işdən belə gec dönməkdə, daha sabah səfərə çıxmazsan, başına dönüm?

– Yox, sabah mütləq çıxacağam, yola düşəcəyəm! – deyə Mehman qəti qərarını bildirdi. – Sən səkili hazırla, qaranlıqda çıxacağam!

– Nə üçün alaqaranlıqdan, başına dönüm? – deyə at milçəyi kimi suvaşan Qaloşlu adam qopmaq bilmədi, – özü bu ucqar aləmə, bu ətürpədən dağ-daşa?! Özü də kor kimi nabələd?!. Heç günün günorta çağında o dağılmış xarabalarda tərpənmək olmur!..

Mehman Qaloşlu adamı özündən birtəhər üzsə də, o qaloşunu sürüyə-sürüyə addımlarını yeyinlətdi.

– Gecəniz xeyirli olsun, – deyə nəhayət, Mehman mənzilinin həyətində ayaq saxladı. Qaloşlu adam xıtıcılandı:

– Ürəyim durmur, qulluğun böyük olsa da özün körpəsən, ana balasısan!

Bütün günü dinclik bilmədən çalışan, Kamilovun gözə görünən və görünməyən müqavimətlərinə qarşı mübarizə aparan Mehman Qaloşlu adamdan üzüldüyündən özündə bir yüngüllük hiss etdi, onun fikri xəyal sürətilə gəzib dolandı, “görək gələcək nə göstərir?” – deyə qabağı açıq eyvanda dayanıb durdu, müqabil tərəfdə, gecənin sal qaranlığı içəri yüksələn cəsamətli dağlara nəzər saldı, “Görək, görək?” O, dərindən nəfəs aldı, həyat girdablarının necə də dərin burulğanlardan ibarət olduğunu, bu dalğaların necə amansız olduğunu görür kimi seyr etdi, yox mübarizə üzdə deyil, dərindədir, – deyə başı ilə təsdiq etdi, o biri yandan da Züleyxanın xoşagəlməz hərəkətləri müqabilində ürəyinin üşüdüyünü hiss etdi... Bir azdan Mehman içəri dəhlizə girdi. Xatun oğlunu qarşılayıb, mətbəx tərəfə döndərdi, çay süzüb, küncdəki stolun üstünə qoydu. – İndicə dəmləmişəm, oğlum!

Qabaqca əllərini, sonra da yorulduğu üçün üzünü yuyan, qurulanan Mehman dalbadal üç stəkan çay içdi. Xatun bayaq yeməyib, oğluna saxladığı xörəyi stolun üstünə gətirdi.

– Ye, oğlum! Ye əldən düşüb, üzülmə!

– Yox, ana! – deyə Mehman, Xatunun müztərib sifətini seyr etdi.

– Sən çox da narahat olma, ana!

– Sən ye, Mehman, bir-iki tikə də olsa, ət bişmişidir, ye!

– Yorğunam, ana, qoy sabaha qalsın, – deyə Mehman sabahkı səfərindən söhbət açmaq istəsə də, açmadı, bütün gecəni Xatunu narahat etmək istəmədi. Mehman bildi ki, anası bütün gecəni yatmayacaq, oğlunu sorğu-suala tutacaq – yox, oğlum, deyib ağlayıb, sıtqayacaq. – Bəs necə olsun?.. “Axşamın xeyrindən sabahın şəri!”

Mehman o biri otağa keçdi, Züleyxanı hələ də öz yerində eşim-eşim eşələnib əzik-üzük etdiyi libasında sərili qalan gördü... Mehman anasının yandırıb pəncərəyə qoyduğu lampanın işığını artırıb, əli ilə Züleyxanı tərpətdi, qəzəbnak Züleyxa çarpayıdan yerə düşüb hər iki əlilə gözlərini ovmağa başladı. Mehman yataq yerini açıb soyundu, yerinə girdi.

“Bəli, Züleyxa, – deyə Mehman içəridən nəfəsini dərib öz-özünə söyləndi: – Yusif Kənanın başına min bir oyun açılmasına səbəbkar Züleyxa!” hələ də hikkəsindən hıq-hıq hıqqıldayan Züleyxa pal-paltarını çıxarıb hərəsini bir yana tulladı, başqa çarpayı olmadığından, zıqqıldaya-zıqqıldaya ərinin böyrünə girdi. Mehman arvadının gur və pərakəndə saçlarını tumarlasa da Züleyxa yorğanın bir qanadını çəkib pır-pırtdaşıq başını gizlədi. “Bu da mənə qupquru, qanunbaz bir ər olubdur? Mətbəxdə, küncdə, maşınkanın his-pasında, zirzəmidə yaşayan süpürgəçilər. Barmaqlarını yalaya-yalaya xörək-çörək yeyənlər. Çəngəlsiz-bıçaqsız, servizsiz-zadsız!.. Acgöz-acgöz!.. Qazancsız, pulsuz-parasız, geyimsiz-kecimsiz!..” Züleyxa haqqıldayır, başı burulu olsa da, ürəyindən keçən giley-güzarı eşitməsə Mehman bu hıqqıltının nədən ibarət olduğunu dərk edir, ancaq işin işdən adladığını, böyürə-böyürə yatdığı Züleyxa xanımla arada yaman bir uçurum olduğunu duyur, bəzən də qadın nəfəsi onun kişilik hisslərinə güc gəlirdi... Nə etmək olardı?.. İstər-istəməz acizləşdiyi halda necə hərəkət etmək, hansı qüvvə ilə bu allahsız gözəli götürüb kənara atmaq olar?!. Mehmandakı dəmir iradə ilə coşqun hiss necə də bir-birilə çarpışırdı?!. Qəribə, çox qəribə deyilmi?!..

Bəli, gecənin əridiyini, dan yerinin söküldüyünü, tək pəncərənin ağardığını görən Mehman ayağa qalxıb, geyindi, çöl eyvanın sütununa vurulan əlüzyuyanda yuyundu. Mehmanın belə erkən yerindən qalxdığını görən Xatun da hövlnak ayağa durdu, oğluna yanaşdı.

– Hara belə, Mehman, bu dan yeri sökülər-sökülməz?

– Kəndlərə çıxacağam! – deyə Mehman sifəti xəzan yarpağı kimi sapsarı saralan, qar kimi ağ saçları pərakəndələşən anasını süzdü, daha gizləməyinə dəyməz. Əhvalatı açan Mehman dönüb anasının alnından öpdü.

– Kimlərlə belə səfərə yollanırsan? – deyə Xatun narazı, narahat səslə soruşdu.

– Heç bir kəslə, mənim anam, heçcə bir kəslə!

– Necə heç kəslə, heçcə bir kəslə, Mehman?

– Yoxsa oğlunun, oğulluğuna inanmırsan, ana? – deyə Mehman gülümsədi. – Fərqi nədir kiminlə, mənim göyçək anam?

Mehman mətbəxə girib məhrəbanı götürüb əl-üzünü silib quruladı, qara, qıvrım saçlarını barmaqlarıyla üzüyuxarı daradı:

– Ana, ana, ana!..

– Dilə basma! – deyə Xatun tək oğlunun qolundan bərk-bərk yapışdı. – Doğrudan, kimlərlə gedirsən, Mehman?

– Fərqi nədir kimlərlə? – Mehman anasının ağaran saçlarını tumarlayıb, onun sarı qırış alnından bir körpə kimi öpdü-öpdü: – Fərqi nədir, ana can?

– Fərqi çox-çoxdur, bala!

– Nə üçün belə narahatlıqla, özü də belə çox təkidlə xəbər alırsan, ana can?

– Əgər, mən bilsəm sən kimlərlə gedirsən? – deyə Xatun analığının özünə xas olan həm mehriban, həm də amir səsini qaldırdı. – Necə bəyəm, mən heçcə nə bilməyim?

– Əgər sənin tək oğlun tək-tənha gedirsə?

– Heç zaman! – Xatunun titrək səsi qalxdı, istər-istəməz gəlini köməyinə çağırmaq, ikilikdə Mehmanın yolunu kəsmək istədi. – Bu yolsuz-irizsiz dağda-daşda, tək-təkinə? Heç yox, heçcə zaman, yox! Hələ burada qolçomaq deyilən azğın tayfanın güllə səsi dağlardan gəlir... Gündə yol kəsilir, adam ölür! – Kövrələn Xatun yaylığın ucunu gözlərinə gətirib, analığın odlu göz yaşlarını o tərəf-bu tərəfə sildi. – Sən nə vaxtacan özbaşına olacaqsan, Mehman?

– Nə vaxtacan?

– Bəli, nə vaxtacan?

– Bəs o dağlarda necə yaşayırlar? – Mehman sübhün tüluində süd kimi ağarıb əfsanəvi aləmə çevrilən yal-yamacı göstərdi, – yoxsa onlar bəşər deyil, mənim mehriban anam!

– Onlar yerlidir, Mehman! Onlar, yurdludur, oğlum!

– Bəs mən haralıyam, ana can? Mən bu torpağın oğlu deyiləmmi?

– Sən burada lap təksən! Sən yarsız-yoldaşsız bir uşaqsan, qəribsən! – Xatun başına atdığı qara kəlağayısının ucundan tutub saxladı, yenə də aramsız qaynayan gözlərini silməyə başladı. – Mən səni heçcə yana, özü də tək-təkinə buraxmaram!

– Vəzifəm belədir, mənim mərhəmətli anam! Qulluğum belədir!

– Elə ona görə də lap əzəl başdan mən əsla razı deyildim, - deyə Xatunun bulaq kimi qaynayan göz yaşları, daha birbaşa qarışıq yanaqları aşağı axdı. – Mən dedim sən olasan adam sağaldan həkim!.. Daha demədim adam tutan prokuror olasan!..

– Bəs prokuror kim olardı? – deyə Qaloşlu adamın haçan səkili gətirəcəyini gözləyən Mehman həyəcanla boylandı, – soruşuram, prokuror kim olardı?

– Beş-on oğlu olanlardan birisi də prokuror olardı! – Xatun qara kəlağayısının ucundan yapışıb yanaqlarını sildi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 min
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 min
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 min
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 min

Poems by other poets