Page 2 of 5 · 20%

– Gəlmişəm ki... – deyə Yavər şələsini yerə qoyub alnından axan tərini sildi. – Sizə bir plov bişirəm, o klubdakı məslək haqqı!..

– Ay bala, belə bir işin adına nə deyərlər! – Xatun xala qəti etiraza başladı. – Yox-yox, belə şey yaramaz! Bizlərdə belə şey üçün əl-ələ vurub şaqqa çəkib gülərlər!..

Nəfəsini dərən Yavər pörtmüş sifətini başındakı qırmızı haşiyəli kəlağayısının ucu ilə silə-silə:

– O vicdan haqqı, bizlərdə adətdir, – deyə kişisi öyrətdiyi sözlərdən danışa-danışa gözlərini döydü, – ev yiyəsini evində qonaq elərlər!.. Bir də zəhmət verib sizin kimi canışirin qonaqları tərpətməkdənsə, beləcə yaxşıdır, lap beləcə, sədaqət haqqı!

Danışığa o biri otaqdan qulaq verən Züleyxa maraqlanıb gəldi. O, meşokdan çıxarılıb bir yana düzülən düyü torbasına, ağzı açılmış yağ badyacasına, zoğal axtasına, iri baş soğanlara, kişmişə, ətə baxıb çiyinlərini çəkdi:

– Bu nədir, Yavər xanım?

– Vallah, Murtuz dedi ki, Mehman qardaşgildə bir bizlərin plovunu hazırla, yığılıb birlikdə bir süfrədə yeyək! Bu dünyada adama vəfa lazımdır, məslək haqqı!.. Hamısını bir-bir bizim kişi özü dedi... Nədən ki, bizim Murtuz bu dünyanın alt-üstünü ovcunun içi kimi biləndir!

– Heç belə yararmı?! – deyə Züleyxa yumşaq-yumşaq danışdı. – Biz sizi qonaq edərdik! Belənçik şeylərin heç adına nə deyərlər?!

– Təfavütü nədir ki, ay Züleyxa bacı, ya biz, ya siz!.. Vallah, Murtuz sizdən evdə lap çox-çox danışıb, hamısını da yerli-yataqlı mənə başa salıb ki, mən də sizə deyəm ki, biz elə birevliyik!.. Qardaş, qardaşın evində nə eləyə bilməz?.. Kimə nə düşüb ki, ətlə dırnağın arasına girə?.. Biz indi daha yad-yadırğa, ya bir-birimizə uzaq deyilik, bir can-ciyərik!..

– Nə qədər can-ciyər olsaq da, axı, bir cürə çıxır, – deyə Züleyxa əlavə etdi. – Lap bir cürə çıxır!

– Heç cürə çıxmaz, sədaqət haqqı, Züleyxa xanım! Mən bişirərəm, siz də baxarsınız. Görərsiniz ki, bacınız sizin üçün necə bir zəfəran-plov bişirər, nəinki ətri bu evi, lap bu şəhəri bürüsün!

– Bəlkə Yavər bişirsin, biz də bu yerin plovuna bir baxaq, hə, ana, – deyə Züleyxa işin dərininə getmədən Xatuna müraciət etdi.

– Yox, bala, belə şey bizimçün yaramaz!

– Axı bir plovla nə ola bilər ki?.. Özü də, maşallah bu boyda böyük arvad şələlənib, gəlib, bir də şələ belində geriyə qayıtsa, heç bilmirəm, axır nə cür çıxar, hə?

– Çox eyib olar, – deyə Yavər Züleyxanın belə yumşalmağı müqabilində sevinə-sevinə dilləndi, – onda bu şeyləri buraya töküb gedərəm!..

– Yox, tökmək nöş! Ancaq, ana, qoy Yavər xanım zəfəranlı plovunu bişirsin, baxım görüm mamam yaxşı bişirirdi, ya Yavər xanım, hə?

– Mənim zəfəran-plovumu bişirən hələ bu yer üzündə anasından olmayıb, – deyə Yavər kükrədi. – Heç olmaz da!.. Mən bişirərəm. Siz də yeyəndə beş barmağınızın beşini də yalayıb görərsiniz, dünyanın dadı-tamı nədir?

– Qoy bişirsin, baxaq, ana!

– Yox, qız, olmaz!.. Yaramaz!

– Bişir, bişir! – deyə Züleyxa dönüb Yavərə icazə verdi. – Vaxtaki gəlmisən, gətirmisən, bişir, baxaq sənin zəfəran-plovuna!

Bu vəziyyətdən girəvə tapan Yavər əl-qol açdı, Xatun kənar adamın yanında evin pərdəsini yırtmaq, təzə gəlin ilə ağızlaşmaq istəmədi. Qaloşlu adam da hərlənib gəldi, söhbətin üstünə çıxdı. O da Yavərə tərəfdar durub, ona kömək etdi. Yavər çox əlləşib, çox çalışdı. Tər tökə-tökə bir yekə qazan zəfəran-plov bişirdi. Sonra Murtuzun sözlərini yadına salmaq, həmin dildən yağdırıb tökmək istədi, ancaq, heç bir sözü də yadına sala bilmədi. “Əşi cəhənnəmə olsun, bir də gora!” deyə o, Xatunun tərs baxışlarına etina etmədən qab-qacağı da yuyub quruladı, süfrə üçün lazım olan nə varsa düzəltdi.

Mehman işdən çıxanda, Murtuz Murtuzov ondan qopub üzülmədi, hər ikisi birlikdə gəlib eyvana çıxdılar. Mehman otağa, Murtuzov mətbəxə girdi. O, zəfəran-plovu öz xuruş-muruşu ilə dəmdə görüb, burnunu çəkdi, arvadını ağızdolusu tərifləyib:

– Anam, bacımsan, – dedi, – vallah, Yavər!

– Ancaq sən öyrədən sözlərin hamısı yadımdan çıxdı, Murtuz!

– Əbəs yerə, çox əbəs yerə!

Yavər güldü:

– Yenə öyrədərsən, nə olar!

– Klub, klub, birbaş klub! Mən evdə xüsusi guşə aça bilmərəm! – Murtuzov çox razı bir sifətlə Yavərin yağlı kürəyinə vurdu. – Qoy bütün dünya üzündə kimin belə bir piy-palan maralı varsa, döşünə döyüb qabağa çıxsın!..

O, ev sahibi kimi əlini yudu, Züleyxa təmiz bir məhrəba gətirib ona uzatdı:

– Buyurun, Murtuz qardaş!

– Çox sağ olun, qız! – deyə Murtuz ərklə əl dəsmalını aldı, bütün barmaqlarını çəkə-çəkə möhkəmcə sildi.

– Züleyxa xanım qoymasaydı, nənə mənim bütün şələ-külümi qoltuğuma verirdi – deyə Yavər sevinməyə başladı.

– Niyə, qız?..

– Çox acıqlı arvaddır! Ancaq Züleyxa xanımın ürəyi də mənim ürəyim təhər pilə kimi yumşaqdır!

– Sağ olsun onda Züleyxa xanım! – Murtuz əlini əlinə sürtdü. – Var olsun bizim gözəl Züleyxa xanım!

– Dedim şələli-küləli bir də geriyə aparmaq yaramaz!

Mehman arabir ağzı açılan zəfəran-plovdan şübhəyə düşüb:

– Bu nədir, ana? – deyə soruşdu. – Bu nə oyundur?

– Oğul, sənin pomoşnikingildir, – deyə Xatun cavab verdi. – Dilağıza saldılar, biz də qəriblikdə üzlərindən keçə bilmədik. – Xatun xala, Mehman görmədən, Züleyxanı süzüb ah çəkdi. – Daha keçib, adam evində qonağa qaşqabaq tökməz... Dur qabağa, de xoş gəlmisiniz!

– Ana!..

– Oğul, yaxşı!

– Ana, sən bilirsənmi nə qayırırsan?

– Ay bala...

Xatunun gözləri doldu.

– Bəs Züleyxa?!.

– Züleyxa da görünür, hələ çox körpədir!

Murtuzov üzünə salıb özünü qabağa verdi, yükünü təpəyə yığmış adam kimi arxayın-arxayın xeyli danışdı, Qaloşlu adam da ona qarışdı, evi səs-küy götürdü. Dazbaş Murtuzov sərbəst qaydada qol-qanadla eyvana çıxdı, özünü küçə ilə gəlib-keçənlərin gözünə verdi. Dolu zənbilli Məmmədxan da gəlib çıxdı.

Murtuzov o saat zənbili alıb:

– Ə, bu nəmənədir? – deyə burnunu qırışdırıb qoxuladı.

– Elə bir şey deyil, dadaş!

Murtuzov sarıqlı kağızları əlləşdirib:

– Varam bu abikövsər qanacağına! – dedi. Məmmədxan zənbili təkrar Murtuzovun əlindən alıb:

– Yavər, Yavər, – deyə mətbəxə girdi. – A qız, rumka varmı?

Qəribə, gözlənilməz, ağlagəlməz bir vəziyyətə düşən Mehman birdən-birə bilmədi nə etsin. Ancaq durub telefona getdi.

– Yoldaş Vahidov! – deyə həyəcan içində xeyli gözlədi, cavab gəldi ki, bir az əvvəl Vahidov kəndə, yeni tikilən məktəb binasına baş çəkmək üçün gedibdir. Mehman dəstəyi asıb qayıtdı.

– Ana, sən bilirsənmi bu evin içində nə olub?!.

Mehmanın təbdən çıxdığını görən anası indi artıq ona yalvarmağa başladı:

– Oğul, evimizdə bir səs olmasın!.. Bu yad yerdə pərdə yırtılmasın!..

Mehman papağını götürüb iti addımlarla evdən çıxdı, elə bil ki, Murtuzov qarışıq bu dəstənin başına bir qaynar su töküldü...

Evindən pərt çıxan Mehman hövl etməyə, onun ürəyi çırpınmağa başladı. O, mübarizəyə girişmək istədiyi ilk addımlarından maneçiliyə, fitnəkar qurğulara rast gəlirdi. Onun atəşi hədəfə güclə dəyirdi. İndinin özündə belə haraya getsin, bu qəribə, ağlagəlməz işlər haqqında kimə öz ürəyini açsın, dərdini töksün?.. Axı belə də üzsüzlük, həyasızlıq olarmı?.. Sən dur sırtıqlığına sal, gəl başqasının evinin içində zəfəran-plov bişir, qonaqlıq düzəlt?! Bu harada görünmüş, hansı kitabda yazılmışdır?! Görən, eşidən adama nə deyər?.. Deməzmi bu nə oyun, nə pəstəhadır?! Mehman iztirab içində düşündü, həyəcanlanıb qıpqırmızı qızardı, burun pərələri körük kimi şişməyə başladı. O, nə etsin? Onillik məktəbdə oxuduğu günləri, burada Altayla olan ilk yoldaşlıq çağlarını xatırladı. Doğrudur, Mehman elə də Altayla dərindən dostluq etməmişdi... Çünki Mehman həmişə fikrini dərsə vermiş, “Qoy məktəbi əla qiymətlə qurtarım, qoy anama yaxşı-yaxşı kömək eləyim”, – deyə kitablardan üzülməmişdi. Altay isə məktəbin ictimai işlərində qaynamaqla, həmişə qabaqda, gözdə olmuşdu. Mehman yuxarı siniflərə qalxdıqca, daha artıq kitabxanalara meyl göstərmiş, bu, ya digər qiraət salonundan çıxmamış, istirahət günlərini belə kitabxana künclərindəki lampaların işığında keçirmişdi. Ancaq bütün bu xüsusiyyətlərinə baxmayaraq, o, bir neçə yoldaşı ilə dostluq telini qırmamış, arabir Altayla Xəzər sahilinə gəzintiyə çıxmış, onda da sözü kitabdan, qədim tarixlərdən, ümdə olaraq yunan fəlsəfəsindən olmuşdu. Əgər Altay başını qaldırıb gözucu belə olsa cavan qızları süzərdisə, onda da Mehman ciddi sifət alır, sinəsini arıtlayır, öz hənirtisi ilə “eyibdir!” – deyə işarə edirdi. “Yaxşı deyil başqasına baxmaq, görən-zad olar”. Altay pedaqoji institutun tarix fakültəsində təhsilinə davam etdiyi zamanlarda da onların əlaqəsi üzülməmişdi. İndi onların burada, bu ucqarda müxtəlif vəzifələrdə işləmələri Mehmanın prokurorluqda, Altayınsa rayon komsomol komitəsinin birinci katibi vəzifəsində çalışması gözəl təsadüflərdən sayılmalı idi. Doğrudur, onlar bu rayonda da hələlik çox sadəcə olaraq üzdən əhvallaşmışdılar... Ancaq hələ ki, ağıllı-başlı vaxt-vədə tapıb bir-birilə üz-üzə söhbət edə bilməmiş, bir-birinin buradakı həyatıyla tanış ola bilməmişdilər. Nədən ki onlardan birisi rayon mərkəzində olduğu zaman o birisi kənddə olmuşdu. İndi Mehman hirsli, hikkəli də olsa Altayı anır, düşünə-düşünə addımlayırdı... Bir qədər sonra o, ötüb keçən adamdan xəbər aldı. Altayın işdən döndüyünü, öz mənzilində olduğunu müəyyən etdi. O, ikinci döngəni də dönüb taxta məhəccərin əhatəsinə alınan həyətə girdi, bir-birinə qarışıb oynaşan uşaqlara üz tutub Altayı soruşunca:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 min
XXXVI

Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..

19446 min
XXXVII

Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

19443 min
XXXVIII

Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.

194419 min

Poems by other poets