XXVI
Page 2 of 2 · 50%
– O hanı bəs?
– Sərvərmi? – deyə qoçu Əsgər dilləndi.
– Bəəli!.. – Məşədi İbad Quranı qiraət edir kimi, “bəəəli” sözünü boğazında qaynada-qaynada uzatdı, bir an ara verincə kölgə basmış dəhlizdən yenə də ayaq səsləri eşidildi.
– Hambal gəldi! – deyə hamı bir ağızdan dilləndi, hər kəsi şux bir sevinc bürüdü.
– Bəs Sərvər, ağa?! – deyə qoca Məşədi İbadın böyüyüb ağaran gözləri döş-döşə gəlmək üçün öz cavan rəqibini axtardı. – Bəs o cavan bozbala gədə hanı, balam?..
Hər kəsin gözü qapıya tərəf çevrilsə belə, yenə də klubun çox da zəngin olmayan pal-paltarından geyinir, hər bir aktyor özünü səliqə-sahmana salıb düzəldir, öz rolunu dodaqaltı təkrar edir, səhnəyə hazırlaşırdı.
Daha, geyinib-keçinən, Məşədi İbad rolunda səhnəyə çıxmaq üçün hazır olan Əbdülsalam, sakitlik bilmir, bir vəzifədaş kimi onun səbri tükənirdi. Bu dəfə o, cib saatını dartıb çıxardı və papağını açdı.
– Balam, Sərvərsiz ki, iş aşmaz!
– Sən Sərvəri ikiəlli tutmusan, heç Gülnazı demirsən. Məmmədxan arvadı Balışı!.. – Hambal rolunu ifa edən poçt məmuru təlaşla xəbər verdi. Onsuz ki, dünya dağıla səhnənin işi aşmaz!
– Mənim ürəyim Balışdan yana arxayındır! – deyə Əbdülsalam gödək çuxasını yellədə-yellədə kölgəli dəhlizi ötüb qapı ağzına gəldi.
– Budur Sərvər ağa da gəlir! – deyə dönüb dabanlarının üstündə dükçə kimi fırlandı, bir az keçincə rayon komsomol komitəsində kargüzarlıq vəzifəsində çalışan, ucaboylu uzun sümüklü, bığ yeri yenicə tərləyən oğlan da gəlib çıxdı, rəqiblər bir-birini süzdü. Sərvər qalib zövqlə gülümsədi. Məşədi İbad əlini tapan saqqalına atıb məğlub ah-zarla inlədi:
– Bəs bu Gülnaz hanı, bizim Balış xanım? – deyə Əbdülsalam daha da artıq bir narahatlıqla dilləndi: – Məmmədxan arvadı Balış, axı niyə, doğrudan da, bu qədər ləngisin?..
– Balışsız ki, əsla işimiz aşmaz! – deyə uzundilim papağını başına keçirən hambal əlini atıb birçəklərini düzəltməyə girişdi, nazik, uzun bığları altında oxumağa başladı. Bəli, hər kəs ciddi hazırlaşır, səhnəyə çıxacağını dərin intizarla gözləyirdi. Vaxt daralır, aktyor heyəti getdikcə daha ciddən narahat olur, dalğalanıb bir-birinə dəyirdi... Artıq əli biletli tamaşaçılar klubun qapısını tutur, salondakı skamyalar nömrələnmədiyindən hər kəs içəriyə can atır, adam olan bir-birinin dabanını qırırdı. Nədən ki, tez gələn, cəld tərpənənlər qabaq cərgələrdə, gec gələnlər arxada otururdular. Hələ bir halda ki, “O olmasın, bu olsun” tamaşası üçün bir həftə qabaq bilet yayılmışdı. Əbdülsalam isə bir neçə gün əvvəl biletlərin satılıb qurtardığından öyünə-öyünə danışmış, bazar başından belə car çəkdirmiş, xoşbəxt saatlarını izhar etmişdi.
– Bəs bu Balış? – deyə Əbdülsalamın gözləri halqalandı. – Bəs axı, ay uşaq, bu qız axı, hamıdan qabaq gələrdi?!.
– Yəqin ki, indi camaat qabağında Balışın səhnəyə çıxmağına Məmmədxan ağa razı deyildir!
– Axı belə bir dəmdə Məmmədxan ağanın ağzı nədir? – deyə Əbdülsalam başmaqlarının üstündə dikəlib gödək büzməli çuxasını qabartdı, savaşa hazır olduğunu bildirdi: – Onun ağzı nədir?
– Ağzı bir ət, bir də sümük! – deyə Qoçu Əsgər dilləndi! – Daha nə olacaqdır? Deyir arvad mənimdir, vəssalam, şüt tamam!
– Siz özünüz bəs niyə öz arvadlarınızı səhnəyə çıxarmırsınız? – deyə un hazırlığında işləyən subay oğlan da Qoçu Əsgər rolunu ifa edən həvəskarın sözünə qüvvət verdi.
– Gərək arvad zalım qızının bir səhnəyə çıxmalısı olsun?! – deyə hambal öz palanını qaldırıb silkələdi. – Səhnə gözəl-göyçək məxluq istəyir, yoxsa donqabel, bozbaş arvadını istəmir, ay həzərat!
Sanki Əbdülsalamın ovqatına acı Hovsan soğanı çırtıldı. O, pərt və təlx oldu. Yer-göy biçarənin başına iynə ulduzu qədər daraldı. Hər kəs Məşədi İbad libasına girən şəvəsaqqal rejissoru dövrəyə aldı, o, ağlamsınan gözlərini həvəskarların üzərində gəzdirib:
– İndi, ay uşaq, bəs necə olsun? – deyə imdad istər kimi matı-qutu qurumuş dayandı. – Bəlkə deyirəm bu zalım anbardar elə Balışı evdə qoyub Məşədi İbad sayağı qapını zorba bir kilidlə qıfıllayıb?.. Özü də haradasa araq vurur...
– Birdən oldu-oldu?
– “O olmasın, bu olsun” Sərvər Balışın əvəzinə Gülnaz rolunda çıxar, mən də Sərvər rolunda! – deyə Qoçu Əsgər taxta mauzerindən yapışdı. – Qoçu Əsgərin rolunu da klubun kuryerinə verərik!
– “O olmasın, bu olsun” – deyə hambal dilimpapaqlı başını yırğaladı. – Canım işi, zarafata düzməyin, bura sizin üçün oyunxana deyil! Artıq bura böyük sənət ocağıdır! Vallahı tamaşaçılar adamın tükünü didərlər!
– Tamam-kamal rüsvay olarıq! – deyə Əbdülsalam gözlərində gəzən gilələri sildi: – mən lap doğrudan da, boğazımı birdəfəlik kəndirə keçirəcəyəm siz ölesiniz bu klubun əlindən! Qızğın nəşə əvəzində soyuq bir kədər həvəskar kollektivini bürüdü. İndi tamaşanın baş tutmamağı nəinki axşamı, hətta sabahına, bütün günü böyük danışığa səbəb olacaqdı! Siyasi-maarif şöbəsindən tutmuş, rayon komsomol komitəsinə qədər hər yerdən – Əbdülsalamdan izahat tələb olunacaq, hər yandan o, məngənəyə alınacaqdı. Rayon qəzeti də göydən düşən bir sovqat boğçası kimi bu işi qapıb götürəcək, əlində dəstəvuz etməklə bir bağıracaq, hələ bəlkə öz səhifəsində xüsusi karikatura yerləşdirmək üçün qəzetinin məsul katibini tez təcili Bakıya göndərəcək, bəlkə bu əhvalat respublika qəzetlərinin səhifələrinə belə düşəcəkdi... – İndi bəs necə olsun? – Ürəyi titrəyən Əbdülsalam naçar halda soruşdu.
Səslər bir-birinə qarışdı:
– Gərək hamılıqca Məmmədxanı yaxalayaq!
– Məmmədxanı, niyə?
– Qoy Balışı versin, anbardar!
– Bəlkə zalımoğlu anbardar Balışı faytona basıb dağüstü şəhərə qaçırıbdır?
– Əşi, belə də şey olar?
– Oldu-oldu, nə olsun?
– Yox, uşaqlar, heç də dayanıb-durmaq yeri deyildir! – Məşədi İbad geyimli Əbdülsalam özünü bayıra atmaq istərkən Qoçu Əsgər onu yaxalayıb:
– Belə haraya? – deyə səsini qaldırdı. – Pulları buraya saymamış haraya gedirsən, Məşədi!
– Mənim bir abbasımı ver, Məşədi! – deyə hambal atmaca atdı. Başını itirən heyət bilmirdi, işi zarafata salıb gülsünmü, ya hər kəs başını bulayıb ağlasınmı?!
– Qoyun bir Məmmədxan ağaya dəyim! – deyə Əbdülsalam dartındı. – Qoyun bir bu kafəroğlu anbardarın lap ayaqlarına düşüm!.. Tərsinə dönsə yaxasından yapışıb düz Altayın yanına çəkim!
– Lap prokurorun öz yanına da çəkmək olar! – deyə hamıdan artıq tələsən, Balışla səhnədə dövran sürmək istəyən Sərvər qətiyyətlə qabağa durdu. – Qoy anbardar bizim qanun qabağında cavab versin!
Yerdən bir ağızdan səslər gəldi:
– Əlbəttə, qoy anbardar cavab versin!.. Qoy qadın azadlığının qabağına çıxmasın, kooperativ siçovulu!..
İşin çox ciddi yerdə olduğunu axırıncı olaraq dərk edən heyət yenə də ciddi sifət aldı, daha bu ayaqda heç kəs atmaca atmadı, onlar Əbdülsalamı əhatə etdi, onu uzun-nazik paltoya bürüyüb, yaxasını qaldırıb saqqalını örtüb yola saldılar.
Əbdülsalam küçə yuxarı çaparaqladı. O özünü Məmmədxanın həyətinə saldı, qapıdan iri, yekə bir qıfıl asıldığını gördü, hər ehtimala qarşı qapını yumruqladı. “Balış! Balış!” – deyə bağırdı, səs-səmir gəlmədi. Əbdülsalam paltosunun ətəklərini əllərində dəstəkləyib küçə aşağı yortavladı, yan tərəfdəki kooperativ anbarına yönəldi, qapıda ayaq saxladı, boğazını uzadıb döşü atlana-atlana baxdı. O, içəridə neft lampasının işığında Məmmədxanı qapqara qaralan kağızlarla boğuşub-əlləşən, onlardan bir dəstəsini əlində toplayıb cırmaq istəyən gördü.
– Kimsən, ay adam? – deyə Məmmədxan hənirtiyə səksənib qalxdı. – Nəçisən? Kimi pusursan belə qara oğru kimi?!
– Mənəm! – deyə paltosunun boynunu endirən Əbdülsalam içəriyə girdi. Məmmədxanın qan çanağına çevrilən gözləri Əbdülsalamın top qara saqqalına zilləndi:
– Nə var, Məşədi İbadoğlu Məşədi İbad?
– Məmmədxan qardaş, bəs Balaş hanı?
Anbardar qudurmuş it kimi Əbdülsalamın üstünə qabarıb, qeyrimüəyyən səslə hürüb əlavə etdi.
– Balış, sən arsız oğlu arsızın qulluğunda dayanır, ya mənim, özcə qanuni ərinin? – deyə kişini boğazladı. – Özündə itirib məndə niyə axtarırsan, bu it balasını?!
– Axır, Məmmədxan qardaş, tamaşaya cəmi bircə saat da qalmayıb, – deyə Əbdülsalam paltosunun yaxasını açıb cib saatını çıxardı, qapağını qaldırıb onu Məmmədxanın qızaran gözlərinə tutdu. – Bir görürsənmi? Düz qırxca dəqiqə. Bunun geyinməyi, səhnəyə çıxmağı, heç bilirsənmi nə qədər çəkəcəkdir? Özü də bu gün axır premyeramızdır. Bayramımızdır! Biz heç zaman ləngiyə bilmərik! Onsuz da qəzetə bizi gözüqıpıq sərçəyə döndəribdir!
– Mənə nə, mənə! – deyə heybətli sifət alan anbardar xatırladı.
– Axır, mənə nə, Məşədi İbadoğlu?
– Necə mənə nə? – Əbdülsalam dayanıb israr etdi. – Məgər sən, Məmmədxan qardaş, bizim vətəndaş deyilsən?
– Mən səndən də min qat artıq vətəndaşam, sonra?
– Sonrası Balış bacıdır!.. Bəlkə sən hirslənib onu içəridə qoyub, doğrudan da, Məşədi İbad kimi arvadı qıfıllamısan?
– Mən sənin kimi təlxək, oyunbaz, kələkbaz deyiləm, Əbdülsalamoğlu Əbdülsalam!
– Bəs indi necə olsun, necə olsun, Məmmədxan qardaş?
– Get, o yorğan-döşəkdə zıqqıldayan arvadını yeltələyib lüt-üryan səhnəyə çıxart, qoy düz dünya o mələk mənzərə tamaşa qılsın.
– O, illər zarıncısıdır, vallah, Məmmədxan qardaş!
– Cəhənnəmə-gora ki, illər zarıncısıdır, it qızı!
– Bəs, Balış axır nə olsun, Məmmədxan qardaş!
– Mən səndən soruşmalıyam, əbləh! – deyə Məmmədxan müqabilində dayanan, onun hər sözünü yeyən, tutduğundan qopmaq istəməyən Əbdülsalamı xırxaladı. – Balışı sən məndən yox, mən səndən soruşmalıyam, arsız!
– Mən dünən gecə özüm Balışı sağ-salamat sizin evə müşayiət elədim, – deyə Əbdülsalam udquna-udquna izahat verməyə başladı. – Bu gün gündüz də Balış bacı bizə görünmədi. Güman etdim ki, o rolunu əzbərdən də əzbərə bilir. Yəqin ki, Məmmədxan qardaş üçün evdə məşğuldur. – Əbdülsalam paltosunun yaxasını düymələyib qollarını yanına saldı.
– Lap sən mənim boynumu vurursan, Məmmədxan qardaş!
– Mən niyə, oğraş!
– Çünki Məmmədxan qardaş, Gülnazsız “O olmasın, bu olsun” olmaz!
– O, Sərvər itoğlunu, Altayın mirzəsini Balışın yerinə basın! Özünün də bütün vücudu, bütün yör-yöndəmi, yerişi, gülüşü zənənədir!
– Olmaz, Məmmədxan qardaş, əsla ondan Gülnaz olmaz. O, uzun, arıq, hoqqarın biridir!
– Demək sizə yumşaq lazımdır! – deyə Məmmədxan təkrar Əbdülsalamı yaxalayıb bayıra itələdi. – Gedin özünüzə fahişə tapın, ituşağı! Gedin özünüzə lotu tapın, donuzuşağı! – Məmmədxan stol üstündə parıldayan iri qəməltiyə baxınca Əbdülsalam qapıdan püfürək çıxıb cəld əkildi. O, küçəaşağı, kluba doğru qanadlandı, içəriyə girib arakəsmələrə göz gəzdirdi. Balışı heç yanda görmədi, başını sallayan aktyorlar da dinmədi. Artıq salonun səsi, səhnə arxası otaqları titrədirdi.
– Açın pərdəni!
– Çəkin pərdəni!
– Məşədi İbad!
– Məşədi İbad!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xxvi
Use ← → keys to move, R for a random poem
More by this author
Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXVIIIAxşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.
XXXIXMehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?
XLHələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.
Poems by other poets
Afaqı tutdu gün kimi yarın gözəlliyi,Məhv etdi mehr ü mahı nigarın gözəlliyi
Məhəmməd bəyəNəzmi-şəkərbarın gəldi yetişdi,Ay Qasımın püştü pənahı Məmməd!
Bir gündə ölən ekizlərAnnələrinə*Eldəgəz və Yurdavar üçün*
Khosrow and Shirin, chapter 62در اندیش ای حکیم از کار ایامکه پاداش عمل باشد سرانجام