Page 2 of 2 · 50%

Qatı qaranlıq əridi. Dan yeri söküldü, payız günəşi üfüqdən çırtdayıb çıxdı, Məmmədxan pəncərəyə zillənən gözlərini tez-tez döydü, o, işıqdan qaçır kimi yorğanına bürünüb gizləndi. – “Bəlkə bu gün də üstünü vurmamaq?” – o, gözlərini bərk-bərk yumunca Murtuzovla Qaloşlu adam qulluğunda dayandı. – “Bax bu daz Murtuz sehrli bir açar kimi Şəhla xanımın dəmir qapı dərbəndinə düşməzmi?..” – Məmmədxan vurnuxdu, yenə də selə dönən tər onu boğdu, başını çıxarınca, işığın gücləndiyini, pərdələri saya-hesaba almadan bütün işığın içəriyə dolduğunu gördü. O, istər-istəməz yerindən qalxıb əzik-üzük paltarlarını pis-pis geyindi, baltanı əlinə alıb küncdə gizlədi, qapıdan çıxıb eşikdə girələndi, göz qoydu, qulaq verdi, hər kəs öz işində-peşəsində idi. Gecəki külək də kəsmişdi. Gözdəyən qaraltılar, qulağagələn hənirtilərdən iz-əlamət yox idi. Bəlkə ötən gecə qatili qara basırmış, heç bir şey yoxmuş?! Ya bəlkə o qaraltı, hənirtilər Bənnaoğlunun təyin etdiyi pusquçularmış?.. – “Ax bu dünyada, bu daşçıoğluna necə də bir odlu güllə yapışdıran olmadı, bu kafir balası torpaqda çürüyə, dağa-daşa çəkilənlərin cancığazları dincələ?! Elə bil ki, bəs güllə batmayan tilsimdir, bənna balası, Dolu kimi yağan güllənin altından da dirigözlü çıxır... Neçə-neçəsi ölüb, neçə-neçəsi yaralanır, ancaq bu Bənnaoğlu naçalnik od içindən dipdiri çıxıb, sağ-salamat qalır, özü də bu dünyada heç bir atışmanı saya-hesaba almır”.

Mehmandan sonra Məmmədxanın xoşuna gəlməyən, bir oxa çevrilib onun gözlərinə batan bir adam vardısa, o da Bənnaoğlu milis rəisi Cabir idi. Daha bəs kim?.. Komsomol Altay, altıaylıq Altay! “– Heç kəs qadın azadlığının əleyhinə çıxa bilməz!” – deyə cingiltili cır səsilə klubu doldurur. – “Niyə çıxmır, cənab Altay! Çıxanda nə edəcəksən? Çıxan da olub, hələ ötən də!” – Məmmədxan özünə çay dəmləyib iri bir çaynik çayı qaynar-qaynar, üfürə-üfürə içdi. – “Bəs daha kim?” – deyə Məmmədxan çay məhrəbasıyla sel-suya çevrilən tərini sildi, yenə də isti tər qaynaya-qaynaya çıxıb onun murdar vücudunu guya yuyacaqmış kimi süzdü. – “Bax Vahidovun özü də!” – Məmmədxan göz dolandırıb baxdıqca Balışın intiqamını almaq üçün onun necə də çox-çox tərəfdarları olduğunu görürdü, halbuki Məmmədxan öz qara niyyətini yerinə yetirəndə bu sahibsiz qızın heç zaman bu qədər havadarları olduğunu düşünməmişdi. Sanki peşəkar sərxoş əsnəyib ayılır, tutduğu əməllərin içi ona əliçi kimi aydın görünürdü. Demək tək bir əlac, bu alaşıq-dolaşıqdan çıxmaq, o qızıl saatın zəncirini uzadıb hərləyə-hərləyə Mehmanın boğazına dolamaq, gözləri kəlləsinə çıxana qədər çəkmək, – bəsdir, siz buyuran olsun! – deyincə dartmaq, bizim əlbuyruqçumuz oluncaya qədər onu hövkələməkdir, – özü-özüylə vuruşan Məmmədxan qara sifətini bürüyən tərini sildi, qapını çəkib bərk-bərk örtdü, qıfılladı, sonra yan-yörəsinə baxdı. Qıfılı dartışdırdı, sinəsini dönüb arıtladı, göyə baxdı. Göy ayaz idi, silinmiş dəyirmi güzgü kimi parıldayırdı. – Bəlkə elə bu gündüzün, gündüzçağı qaçmaq? – Məmmədxan çiyinlərini dartıb büzüşdü, girdələnib dəyirmiləndi. – Axşamdan qoyulan gözətçilər indi keçidlərdə, adlamacalarda, bəndərgahlarda dayanıblarsa necə? – deyib udqundu. – Lap qoydular şəhərdən çıxdım. Kənarda bu girəvələrin birisində məni yaxalamazdılarmı, durmasam, dayanmasam atmazlarmı?.. Yox, əlac ancaq-ancaq xorum-xorum rüşvət alan, Allahını-imanını danıb, isti-isti qan basdıran bu daz oğlu Murtuzun, özcüyəzinin üstünə getmək; var-yoxu boğazına tıxayıb, əl-ayağını yalayan köpəyə çevirməkdən ibarətdir. Qoy bu köpək haphapla sən tərəfdən o tərəfə hürsün, səni qorusun, sənin köpəyin olsun!”

Məmmədxan bu ümidlə də öz ayaq barmaqlarının ucunda yeriyib küçəni qət etdi, özünü tox tutmuş halda ötüb həyətdə qır-qırıntını təmizləyən Qaloşlu adamdan keçib özünü Murtuz Murtuzova yetirdi.

– Hə, nə var Məmmədxan dadaş? – deyə Murtuzov yağlanmış kimi parıldayan daz başını qaldırıb dostunun zəhər damcılayan sifətinə diqqət etdi: – Hə nə olubdu belə, aşna ovqatına soğan doğranıbdır?

– Nə olacaqdır?! – deyə Məmmədxan əllərini ovuşdurdu. – Bədbəxtlikdən savayı nə ola bilər?

– Nə bədbəxtliyi, ədə! – Yemək yerindən yeni kabab qoxusu almış kimi burnu gicişən Murtuzov dik dikəlib Məmmədxanın qaralıb-qırışan, acıtmalı xəmir kimi bir az da şişib köpən sifətini seyr etdi. – Nə olubdur, ədə?

– Bu Balış da, – Məmmədxan boğazında tilişkəli sümük qalmış kimi udqununca fürsəti fövtə vermək istəməyən Murtuzov soruşdu:

– Axşamkı tamaşanın pozulmağınımı deyirsən, ədə?

– Bəli də, Murtuz qardaş!

– Demək, sən komsomol Altayın dilinə düşdün.

Murtuzov işin dərində olduğunu almış kimi Məmmədxanın qırışıq içində gizlənən gözlərinə zənn etdi.

– İndiki zamanda komsomolun dil-dişinə düşməkdən də böyük bir bədbəxtlik hanı? Hər yerdə Altay oturub-durub danışacaq, asıb-sovuracaq, o boyda yağlı anbarı da vurub sənin ağzından çıxaracaqdır.

– Anbar cəhənnəmə, – deyə Məmmədxan yaxın adamının üstünə zıqqıldadı, – anbar gora.

– Necə anbar gora, ədə! – Murtuzov ildırım vurmuş kimi sarsıldı.

– Yoxsa daş gəmirəcəyik biz burada, yoxsa qaya?!

– Lap daş da gəmirərik, lap qaya da gəmirərik. Təki başımıza bu boyda bir daş düşməyəydi.

– Bəs daha bundan da böyük bədbəxtlikdir, nə daşdır?

– Ondan daha böyük bir bədbəxtlik mənə üz veriblər, başımıza dağ uçubdur.

– Olmaya arvadın baş-gözünü bu klub-filan üstündə ötən axşamkı tamaşa bərədə əzmisən, o da həkimə-zada qaçıbdır?

– Belə olsaydı, dərd yarı idi!..

– Ya bəlkə vurub qolunu sındırıbsan bu kafər qızının, – deyə Murtuz qolunu qaldırıb biləyini göstərdi. – Lap lülə sümüyü qırılıbdır?

– Qolu yox, boynu sınıbdır, – deyə sifəti acıtmalı xəmir kimi şişib birdən-birə göbələk kimi köpəşən Məmmədxan başını çiyni üstünə döndərdi, – boynu, boynu, Murtuz qardaş!

– Necə?.. Nə boynu, ədə, axmaq, – deyə Murtuzovun iri burnu qırışdı. O, çox cızıltılı yağlı tikə qoxusu alan mövru pişik kimi sanki ətrafını qoxuladı. Məmmədxanın var-yoxunu gözlərinin qabağına gətirincə onun içi güldü. – Belə bir hadisə onu xeyli varlanmaq, bundan da artıq xeyli şişmək, peysərini yoğunlatmaq vədini verdi. Adətən bir xəyanət, ya cinayət baş verincə Murtuzovun qırışıq üzü açılar, onun çiçəyi çırtlayırdı. Mollalar ölümdən, aşıqlar toydan zövq alan kimi Murtuzov da cinayət-xəyanətlərdən zövq alır, yeni gəlir mənbəyini görüncə onun aşığı alçı dururdu. Murtuzov özünü dəyirmançı, istintaqa düşən cinayət və xəyanəti dən hesab edirdi. Əgər rayonda cinayət və xəyanət tez-tez baş verirdisə, demək, Murtuzovun dəyirmanında yekə-yekə dən tayları üst-üstə növbəyə dururdu. Elə bu zamanda o özünü “mübariz ər kimi gözə verir, işini işlədib külli qazancını edirdi. Necə deyər o, girəvəsinin əlinə keçirdiyi adamı soymalayır, barmaq kimi lütləyirdi. Əgər cinayət və xəyanət hadisələri təsadüfdən-təsadüfə olursa, yəni bu işlər azalmağa başlayırdısa, sanki Murtuzovun başına göydən ağır bir əlləmə düşür, o, əzizi ölən kimi qara yasa batır, sudan çıxarılan, quru qum üstünə atılan balıq kimi çapalayırdı. İndi o, zahirən Məmmədxanın gətirdiyi bu xəbərdən həyəcan keçirmək istəsə də, az qala çırtıq vurub ötən axşamkı Məşədi İbadın əvəzində oynamaq istəyirdi. Ayrı cürə onun xörəyi azalacaq, kabab şişləri pas tutacaq, zəfəran-plov əvəzində onun ocağının üstündə his bağlamış əriştə-umac qazanı bağlanacaqdı. Murtuzov isə öz iti dişləri ilə yeməyə, sökməyə, bəzən də acgöz zəli kimi yapışıb sorub şişməyə adət etmişdi. Daha onun ayrı bir gözətləməsi, arzusu yox idi. Bunun üçün Murtuz Murtuzov çox dərindən, diqqətlə, iştahlı bir maraqla, peysərini qaşıya-qaşıya Məmmədxanın gecənin içində xeyli şişib torbalanan gözlərinə, hücumçu nəzərlə baxıb daz başını əsdirdi.

– Hə, Murtuz qardaş, başıdaşlı özü özünü asıbdır. – Məmmədxan əlini atıb dostunun ətəyindən tutdu.

Murtuzov ətli dodağını marçıldatdı.

– Harda belə, ədə?

– Anbarda, – deyə Məmmədxan dolambacı hərlənirdi, – mən yazıq da, bu sabah ertə bizim anbarçanın qapısını açanda onu üzüaşağı kəndirdən sallanan görmüşəm!

– Demək?.. Demək? – Murtuzovun daz başı da güldü. – Görəsən, axı niyə! Görəsən, axı nə üstə balam?

Məmmədxanın çiyinləri çatıldı, onun şişkin sifəti yayılıb daha da enləndi:

– Hirsindən!.. Hikkəsindən!.. Qısqanmağından!.. Məni min hoqqaya salmağından!.. Min bir bəd əməlindən-felindən, klubdakı min bir oyunundan, ərini burada qoyub gündə bir lotu-potuya ərə getməyindən!..

– İndi deyirsən, elə Balış kəndirdən asıla qalıbdır? – Murtuzov özünə güc verib içəridən üfürülüb ciddiləşdi, süni də olsa kədərləndi.

Məmmədxan müqabilindəki Murtuzun mərəzini yaxşı bildiyindən, rəsmi cəhətdən heç bir dəstəvuz vermək istəmədi. Necə deyər, oyun pərdə altında getməyə başlayırdı.

– Bəyəm, mən özünü asan adama heç əl vura bilərəmmi? – deyə qatil əllərini döşündə çarpazladı. – Qoy cümlə-cahan görsün ki, bu namussuz mənim başıma necə pəstah açıbdır?!.

– Demək, istintaq başlanacaqdır!.. – Murtuzov durdu, daz başı gülə-gülə gəzindi: – Demək istintaq hər şeyi aydın edəcək, bulanığı duruldacaq, xılti-milti, yalan-doğrunu üzə çıxaracaqdır!..

– Əlbəttə, əlbəttə, yoldaş Murtuzov, – deyə Məmmədxan müstəntiqin qabağında xeyli əyildi, özünün iynə ulduzundan keçməyə hazır olduğunu bildirdi. – Gərək, sən özün, Murtuz qardaş, var-yoxuma göz olasan, haqqı da nahaqdan ayırd eləyəsən!..

– Onda birbaş məhkəmə həkiminə xəbər vermək, haqqı-nahaqqı ona demək, başını yaxşı-yaxşı piyləmək gərəkdir! – deyə Murtuzov məsləhət verdi, onlar bir-birinin nə demək istədiklərini işıldayan məkrli gözlərindən oxudular.

– Belə ki, həkim, sən deyənsayağı, haqqına xülasə versin, – Murtuz əlini qılıncına qaldırdı. – Dam dirək üstündə dayanan kimi istintaq da həkimin xülasəsi üstündə dayanacaqdır!

– Ötən axşamüstü gördüm, – deyə Məmmədxan özü də hiss etmədən səsini yavaşıtdı, yan-yörəsinə baxıb xısıldadı. – Salam verdim, gülümsədi, halbilən kişidir...

– Demək, həkim sənə xoş sifət göstərdi? – deyə Murtuzovun gödək, sarımtıl, bığının seyrək tükləri qabarıb dikəldi. Sonra o özünü geriyə çəkdi, sanki ilan udmaq istəyən kirpi qınına çəkildi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

194420 min
XXXIII

Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:

19447 min
XXXIV

Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..

194413 min
XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 min

Poems by other poets