Page 3 of 3 · 67%

Murad

Yaxşı... Onda mən özüm ona deyərəm.

Durna

Yox demə... O, bu ağır günlərdə yaman əsəbiləşib... Kənardan da ona bizim barəmizdə qəribə sözlər deyiblər. Kişini yaman özündən çıxarıblar. Qorxuram o bizim bu sevgimizə mane ola.

Murad

Olmaz, Durna, olmaz!.. O, ağıllı kişidir. Heç güman eləmirəm ki, atan, bir-birinə qırılmaz tellərlə bağlı iki qəlbin əməllərinə qarşı çıxsın.

Durna

Orası doğrudur!

Murad

Dediklərimin hamısı doğrudur, hamısı. (Oxuyur.)

And olsun baharın çiçəklərinə,
Sən mənim qəlbimin gözüsən, Durna!
Günümsən, ayımsan, səadətimsən,
Bu cavan ömrümün özüsən, Durna!
Dilimin ən şirin sözüsən, Durna!

Durna

Bu cavan ömrümün mənası sənsən,
Vuran ürəyimin sevdası sənsən.
Günüm sənsən, ayım sənsən
Günümsən, ayımsan, səadətimsən.
Bu cavan ömrümün özüsən, Murad!
Dilimin ən şirin sözüsən, Murad!

Murad

Sən mənimsən, mən səninəm əzəldən,
Çiçək açmış çəmənimsən əzəldən.

Durna və Murad (birlikdə)

Sənsən mənim eşqim, arzum, diləyim,
Ayrılarmı ürəyindən ürəyim!

Durna

Aman ürəyim, canım ürəyim!

Murad

Günüm sənsən!

Durna

Ayım sənsən!

Durna və Murad (birlikdə)

Günümsən, ayımsan, səadətimsən.
Bu cavan ömrümün özüsən, Murad (Durna)
Dilimin ən şirin sözüsən, Murad (Durna)

Durna

Muradcan! Sən bu sözləri hardan tapırsan?

Murad

O xəzinənin açarını mənə sənin gözəlliyin, məhəbbətin, azad, xoşbəxt vətənimin cah-cəlalı veribdir. Durnacan, indi mənim könlümdə bircə arzum var.

Durna

Nə arzu?

Murad

Bu yarışda üstün gəlib dünya xalqlarının ümid ocağı Moskvanı görmək.

Səhnə arxasından Murad və Durnanı səsləyirlər.

Murad

Nə var, Qəmər?

Qəmər

Kolxoz sədri deyir ki, briqadasının əmək günü hesabatını tez özüylə gətirsin.

Murad

Bu saat!

Qəmər

Durna, sən də gəl... Sənə sözüm var!

Durna

Nə deyirəm ki...

Gedirlər. Hilal çay dəmləyir. Dursun gəlir. Çiynində tüfəng, belində patrondaş var. Təpədən dırnağa ovçu paltarındadır. Dudkeş də əlindədir.

Dursun (dudkeşi durbin kimi işlədir)

Hanı bu Hilal dayı?

Hilal (dudkeşi ondan alır)

Səhərdən bununçun gəzirdim.

Dursun

Amanın günüdür, Hilal dayı!

Hilal

Nə üz verib?

Dursun

Ölmüşəm götür məni yerdən.

Hilal (gülür)

Nə olub axı?!

Dursun

Mənə qəşəng yağlı bir qırqovul.

Hilal

Qırqovulu neyləyirsən?

Dursun

Canana söz vermişəm. Mən ölüm, Hilal dayı, meyitimi yerdə qoyma... Mənə qırqovul.

Hilal

Özümü səninçün qırqovul eləməyəcəyəm ki... Buyur mən qırqovul, vur məni!

Dursun

Məni aldada bilməzsən. Sən qırqovula yox, tülküyə daha çox oxşayırsan.

Hilal

İndi ki, belə oldu... Al payını! Buyur, bax odur, qırqovul ağacda... (Ağacdakı sağsağanı ona nişan verir.) Tez ol, tüfəngini sazla. Nişan al!

Dursun

Alım da. Xoşbəxtlikdən patronların hərəsinə bir kilo barıt doldurmuşam. Dəysə atasını yandıracaq.

Hilal

Dəyər, inşallah!

Dursun

Qayadan, dağdan olsaydı, adam ehtiyat üçün söykənərdi ona.

Hilal

Qaya, dağ mən... Söykən mənə. (Özünü Dursuna dayaq eləyir.)

Dursun

Hilal dayı, altı addım geri. Qulaqların batar. Sonra bütün qazandığın gedər dava-dərmana. Atıram. (Dua oxuyur.) Bismillah, zabisimillah və rəhmətullah.

Hilal

Nə oxuyursan, adə?!

Dursun

Qorxu duası. Atdım. (Bir güllə atır və özündən gedir.)

Hilal

Adə Dursun, qalx ayağa. (Dursunu yoxlayır). Bu murdar oldu ki... (Tələsik gedib samovardan stəkan qaynar su alır və Dursuna içirir.)

Dursun

Vay, vay... Yandım ki.

Hilal

Qışqırıq salma... Get qırqovulunu götür. Halaldır, özün vurmusan.

Dursun yanmış dilini bayıra çıxarmış vəziyyətdə səhnədən çıxır.

Hilal

Anan ölməsin, belə ovçu!

Dursun ölü sağsağanla gəlir. Oynayaraq oxuyur.

Dursun

Birminci sevgim Durna,
Dərdimə həkim Durna,
De ki, adaxlanmışam
Soruşsa hər kim Durna!

(Durna görünür. Dursun onun qabağında oynayır.)

Qapında bir qulam qul,
Mərd oğulam, mərd oğul.
Eşqinlə vurmuşam mən
Ən birminci qırqovul.

Durnası, bax, bu qırqovulu birminci eşqimin biriminci gülləsilə vurmuşam.

Durna

Bu nədir, dedin?

Dursun

Qırqovul, Durna, yox ey Durna qırqovul.

Durna

Bu ki alacadır.

Dursun

Balacadır?.. Düz deyirsən... Bunların nəsli getdikcə cırlaşır.

Durna

Balaca yox alaca...

Dursun

Hilal dayı allah şahididir ki, mən qırqovul vurmuşam, qırqovul.

Durna

Yenə nə içmisən? (Ondan kənara çəkilir.)

Dursun

Tut suyu... Ağ ciyərə xeyri var. Vallah bilmirəm, nə görmüsən o aşıq Muradda. Mən isə...

Durna

Bu barədə bir kəlmə də... Eşitdinmi?

Dursun

Bir kəlmə nədir ki, min kəlmə deyəcəyəm. Bir “hə” de, nəinki araq, yerli-dibli heç su da içmiyim.

Durna

Eh, içki olan-olmaz ağlını da beynindən yuyub aparıb.

Dursun

Durnacan! Bilirəm, o aşıqdır, sənə deməyə cürbəcür bicbic sözlər tapır. Sən də inanırsan ona. Heç eybi yoxdur. Bu yaxınlarda onun adını adımla, səsini səsimlə batırmasam, lap bambılıyam, bambılı. O söz aşiqidirsə, mən əsil birminci məhəbbət aşiqiyəm. Eşqimizə and olsun! (Ayaqlarına düşür.)

Durna

Əl çək. Utanmaz!

Lalə gəlir. Dursun özünü itirir.

Lalə

Ay birminci bihəya!.. Kimin ayaqlarına düşmüsən, hə?

Dursun

Sənə nə? Sən kim, mən kim?!

Lalə

Necə, necə?

Dursun

Ay qız, bərkə qalsa, mən heç səni kökündən tanımıram.

Lalə

Ah, birminci vicdansız!

Durna

Lalə, sən, bu birminci məhəbbətini götürüb aparsan, səndən çox razı qalaram.

Lalə

Sən razı qalarsan? Heç inana bilmirəm. Muradı gözaltı eləməyin bəs deyil, indi də mənimkinə əl atırsan.

Durna

Səhvin var, Lalə, mən sənin o birminci məhəbbətini tanımaq belə istəmirəm.

Dursun

Nə dedin? Gec-tez mən özümü sənə tanıtdıraram, görərsən.

Lalə

Yenə harda içmisən, ay gic-gici!

Dursun (yaltaqlanır)

Hardan bildin?! Cici-cici.

Az içsəydim olardı haram,
Ötürmüşəm beş yüz qram.

Lalə

Tez ol, düş qabağıma!

Dursun

Ey, məni arvad yanında tək görüb üstümə kişilənmə! (Tüfəngini Laləyə doğru tutur.)

Lalə tüfəngini onun əlindən qapır.

Lalə

Düş qabağıma!

Dursun (əllərini yuxarı qaldırır)

Mən təslim! Ancaq nahaq kefini kök eləyirsən. Bir patron vardı, allaha şükür onu da atmışam.

Gedirlər.

Durna

Adam öz-özünün düşmənidir. Yazıq Lalə!.. Mən səni onun əlindən qurtarmalıyam.

Murad gəlir.

Murad

Bağışla, Durnacan!.. Gecikdim. İndicə burdan gedən Dursundu?

Durna

Oydu! Əl çəkmir ki, çəkmir.

Murad

Nə deyir axı?

Durna

Deyir ki, ölürəm dərdindən... Nə bilim, sevirəm səni, birminci və axırımıncı məhəbbətimsən.

Murad (gülərək)

Kişini niyə süründürürsən, cavabını versənə!

Durna (zarafatla)

Hələ fikirləşirəm.

Gülüşürlər.

Murad

Qoy bizi görək. Özü cəhənnəmə... O, Laləni də bədbəxt eləyib. Eh Durna, bu torpağın üstündə möhkəm dayana bilməyən adamlar hələ də var.

Durna

Elədir, Murad!

Murad

Durnacan! Bəzən səni qollarım arasına alıb yüksəklərə uçmaq və oradan bu ucsuz-bucaqsız gözəl dünyamızı sənə göstərmək istəyirəm. (Onu qolları arasına almaq istərkən birdən Dursun gəlib çıxır.)

Dursun

Aha, keçmisiniz xəlvətə.
Podpolnı məhəbbətə?

(Çayçının dudkeşini qapıb haray salır.) Ay haray, birminci məhəbbətimi oğurladılar.

Murad

Rədd ol burdan. Sərxoşun biri sərxoş!

Dursun

Sərxoş özünsən ki, gündüz günorta çağı birminci sevgilimi qucaqlayırsan. (Muradla əlbəyaxa olur.)

Murad

Səsini kəsəcəksən, ya yox?

Dursun

Boğuldum, kömək eləyin.

Səsə kolxozçular gəlirlər.

Xor

Nə olub, nə olub.
Nə olub, deyin bizə.
Nə dərd üz verib sizə?
Baharın xoş çağında,
Güllərin qucağında.

Heç savaşarmı insan,
Heyranıq buna heyran!
Çalın, oynayın, gülün,
Ömrün qədrini bilin!

Dursun

Vallah bu Dursun canı,
Gördüm öpür Durnanı.

Murad və Durna (birlikdə)

Təqsir o nadandadır,
Əqilsiz insandadır.

Xor

O, nə qanır baharı,
Bu gözəl laləzarı.
Aşıq durma, sazı al,
Oynamaq havası çal.

Rəqs edirlər.

Xor

Gülür həyat, gülür bahar,
Gözəl Durna, dur oyna!
Aşıq Murad, mizrabını
Sən də saza vur oyna!

Yaşıl geyib bizim dağlar,
Çiçəklənib bu bağlar.
Çalın, gülün şadlıq edin,
Ələ düşməz bu çağlar.

Dursun

Hamısını Kərim dayıya deyəcəyəm.

Qəmər

Hamımız bilirik, atası biləndə nə olar. Bizim yerdə sevgi azaddır.

Dursun

Azaddır, azaddır. Onu bilin ki, Durna mənim olacaq, vəssalam!

Qəmər

Onu boynunun ardını görəndə görərsən.

Dursun

Sən də mənim üstümə kişilənirsən? (Ona tərəf hücum etmək istəyir.)

Lalə gəlir, Dursun özünü itirir. Adamların arasında gizlənmək istəyir.

Lalə

Aha... yaxşı əlimə keçmisən...

Dursun

Sansız təşəkkür! (Dursun iki qızı yaxalayıb zorla onların qoluna girir.)

Lalə qayıdıb Dursunu yaxalayır. Kolxozçular oxuya-oxuya gəlir.

Xor

Mizrabı tellərə vurduqca aşıq Murad
Var olsun dünyalar durduqca aşıq Murad!
Könlümüz açıldı gözəl səsindən,
Həyata can gəldi xoş nəfəsindən!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets