Page 1 of 2

Kərim kişinin evi. Pəncərələrdən bağça görünür. Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur.

Durna

Sevgisiz bir ömrün nə mənası var,
Könlümün könlündən təmənnası var,
Aç mənə qəlbini, aç varaq-varaq,
Səninlə əl-ələ bir dünya quraq,
Ömrümün ən gözəl dəqiqələri
Sənindir, sənindir, ey vəfalı yar!

Qəmər gəlir.

Qəmər

Salam Durna, evdə kim var?

Durna

Təkəm, kimdən çəkinirsən ki.

Qəmər

Dedim bəlkə...

Durna

Bəlkə nə?

Qəmər

Heç... bəxtəvərsən, Durna!

Durna

Sənə baxıb öz-özümə deyirəm ki, kaş mənim gözəl-göyçək bir qardaşım olaydı, Qəməri alaydım ona. Sənə heyfim gəlir. Bilmirəm, kimə qismət olacaqsan, kimə.

Qəmər

Mənimçin qorxma... Pisinə qismət olmaram. (Kitabları yoxlayır.) Aha, Durna, görürəm qiyabi instituta yaman hazırlaşırsan ha...

Durna

Sənə zarafat gəlməsin. İşdə qabaqcıl olan gərək imtahanda da qabaqcıl ola. Bir ay sonra Moskvaya yola düşməliyəm.

Qəmər

Məndə huşa bax ey. Moskva dedin yadıma düşdü. Təzə xəbərdən xəbərin var? Muştuluğumu verməsən demiyəcəyəm.

Durna

Bilirəm, bilirəm, o, sabah Moskvaya gedir.

Qəmər

Elədir. Həm kənd təsərrüfatı sərgisinə, həm də olimpiadada çıxışa. Bəs sən? Göz dəyməsin, boy-buxun, gözəllik deyirsən səndə, könülləri dindirən məlahətli səs deyirsən səndə...

Durna

Əvvəla hələ imtahana hazır deyiləm, ikinci də atama görə. Bilirsənmi, atamın könlünü qırmaq istəmirəm. Amma heç bilmirəm, bu ayrılığa necə dözəcəyəm. (Qəzeti göstərir.) Budur, bax... Muraddan yazırlar. Bu onun şəkli, bu da qoşmaları, heç bilirsən nə qəşəng mahnılardır. (Oxuyur.)

Ellər yaradıb nə gözəl səni,
Şümşaddır sənin əllərin, Durna!
Buludtək tutub ay camalını
Sənin o qara tellərin, Durna!
Sevdim səni gözəl Durnam,
Sevdim səni can Durnam,
Sevdim səni maralım.
Gəlməz sənsiz bir an qərarım, Durna!
Sevdim səni gözəl Durnam,
Sevdim səni can Durnam!

Qəmər

Doğrudan nə gözəl sözlərdir. Elə hey səndən deyir. Durna sən çox xoşbəxtsən, özünə layiq bir oğlan tapmısan. Özü qəşəng, sözü qəşəng, səsi qəşəng... Kolxozda da birincilərin birincisi. Yaxşı, bir de görək atanla barışdılar, ya yox.

Durna

Yox, atam onun əlindən yaman acıqlıdır. Deyir ki, sən də onunla birgə, mənim kökümə balta çalırsan.

Qəmər

Balta niyə? Bu yarışdır. Kim qabaqdadırsa hörmət də, şöhrət də onundur, onun.

Durna

Əlbəttə, atam əyri yollarla özünə əmək-günü yazdıranlara – əvvəl başdan öz qohumlarına güzəştə getməsəydi, bu kökə düşməzdi. Təqsir özündədir. Mən də, Murad da vaxtında ona xəbərdarlıq elədik. Sözümüzü qulaq ardına vurdu. İndi ayılıb, ancaq gecdir.

Lalə təngnəfəs gəlir.

Lalə

Hanı o Kərim dayı?

Durna

Salam harda qaldı, ay qız?!

Lalə (hirsli)

Evimizdə. De görüm, hanı Kərim dayı?

Durna

Neyləyirsən onu?

Lalə

Onunla davam var, davam.

Durna

Aləm sülhdən danışır, sən dava-dava deyirsən. Yenə nə olub ki?

Lalə

Nə olacaq? Dursun məndən qaçır. Gecə-gündüz dilindən Durna düşmür.

Durna

Mənim günahım nədir?

Lalə

Sən ona meyl göstərməsən, o bu qələti eləməz. Deyir sənin eşqinlə meşədə qırqovulların, turacların nəslini kəsib.

Qəmər

O getsin öz nəslinin hayına qalsın.

Durna

Yalandır, böhtandır.

Lalə

Bəs onda niyə məndən qaçır? Düşüb qalıb barınızın qabağında. Məni bədbəxt eləmə, Durna! (Ağlamsınır.)

Durna

Bədbəxt niyə olursan, ay qız?! Ağlama, özünü ələ al. Sən niyə onun hər sözünə inanırsan, axı?

Qəmər

Gör bir özünü nə günə salmısan ki, Dursun da səndən qaçır.

Durna

Əslinə baxsan onu ərköyün böyüdüb bu hala salan ata, anasıdır. Eh Lalə, Lalə!

Qəmər

Lalə, sən əvvəllər yaman qoçaq qızdın. Ona qoşulanı tamam dəyişmisən.

Lalə

Neyləyim, özümlə deyil, sevirəm axı...

Durna

Sənə sevmə deyən kimdir. Sevirsənsə özünü elə apar ki, ayağa düşməyəsən. Sən niyə, qoy o səni kölgə kimi izləsin. Qoy o sevinsin ki, sən onu sevirsən.

Lalə

Əvvəllər elə idi. Amma indi.

Qəmər

Sən onun ayağını çayxanalardan, meyxanalardan yığışdıra bilsən, onda sənə deyərik, afərin Lalə, afərin!

Durna

Onda sevməyinin də bir mənası olar!

Lalə

Yəni deyirsən ki, doğrudan da, Dursunu sevmirsən?

Durna

Mən öz sözümü bayaq dedim.

Lalə (sevincək)

Durna, vallah hər yerdə, həmişə, demişəm, yenə də deyəcəyəm. Bu mahalda gözəllikdə məndən sonra ikinci yeri sən tutursan. Gəl bir öpüm səni. Toyumuza hələəlbət ikinizi də çağıracağam.

Qəmər

Biz də hələəlbət gələrik.

Lalə

Onda mən gedim. (Oxuyur və oynayır.)

O mənim öz yarımdır, öz Dursunumdur,
Dövlətimdir, varımdır, öz Dursunum.
Mən onunam, o mənim öz Dursunum,
Siz də gəlin, qol qoyun, birinci eşqimizə,
Tuf, tuf, tuf, yaman göz dəyər bizə.

Bayırdan Dursunun səsi gəlir. Lalə diksinir.

Dursun

Sən haralısan, haralı, Durna!
Dursun əlindən yaralı Durna!
Uca dağların maralı, Durna!
Maralı, maralı, maralı Durna!

Dursun başını pəncərədən içəri soxanda Laləni görüb qaçır. Lalə onun dalınca cumur.

Lalə

Hara qaçırsan?.. Dayan ay birminci dələduz!

Durna və Qəmər gülüşürlər.

Durna

Qəmər, kim nə deyir desin. Mənim Laləyə yazığım gəlir. Onu bu bataqlıqdan çəkib qurtarmaq lazımdır.

Qəmər

O çox bacarıqlı qızdır. Heyf ki, pis adama rast gəlib. Onu Dursunun təsirindən ancaq sən qurtara bilərsən.

Durna

Mən bu barədə çox düşünmüşəm. Qəmər, onu öz briqadamıza keçirsək necə olar?

Qəmər

Çox yaxşı olar... yaxşı fikirdir.

Durna

Elə də eləyəcəyəm.

Qəmər

Onu analığından ayıra bilsək, bəxti açılar.

Durna

Bunu lap düz deyirsən. Onu eliyərəm.

Qəmər

Mən mane olmayım, gedim Durna!

Durna

Hara belə tələsirsən?

Qəmər

Olimpiadaya gedənlərin baxışına. Heyf, heyf ki, sən getmirsən.

Durna

Qəm yemə!.. Qocalmamışıq ki... Qəmər, tez-tez gəl! Sensiz yaman darıxıram.

Qəmər

Gələrəm, Durna, gələrəm. (Gedir.)

Kərim və Nisə gəlir.

Kərim

Qızım... bir az əvvəl bizim həyətdən vaz atıb qaçan Laləydi?

Durna

Bəli, ata, o idi!

Kərim

O, bura niyə gəlmişdi ki?

Durna

Heç... Elə belə gəlmişdi də.

Kərim

Bilmək olmaz niyə gəlmişdi?

Durna

Ata, istəyirəm, laləni öz briqadamıza keçirəm. Dursundan uzaqlaşar, onda görərsən necə ağıllı qız olar.

Kərim

Olmaz ki, elə Dursunu da götürəsiniz öz briqadanıza.

Durna

Onsuz sizin briqadanın işi keçməz ki.

Kərim (hirsli)

Sən nə cürət eləyib mənimlə bu dildə danışırsan. Yox, yox, sən əvvəllər belə deyildin. Görünür, dil verənin var. (İstehza ilə) Ay Nisə, (qəzeti göstərir) kim deyir ki, saz pis şeydir. Elə deyil?

Nisə

Əlbəttə, a kişi, doğrudan a... Bu aşıq Muradı çağırsana, bizə bir qədər saz çalıb oxusun.

Kərim

Əcəb qandın! Buyurun, bu da mənim ömür yoldaşım.

Durna

Mən qandım, ata... Amma bir də belə tikanlı sözlər eşitmək istəmirəm. (Acıqlı otaqdan çıxır.)

Kərim

Əlbəttə istəməzsən. Sərf eləmir, axı! Neştər yaraya dəydi? Barakallah qız böyüdən!

Nisə

Əlbəttə, barakallah... Əyər, əskiyi varsa, vur başımı yar! Mənciyəz qızımız barədə deyilənlərin bir kəlməsinə də inanmıram.

Kərim

Ay ilana zəhər verən kərtənkələ!

Nisə

Qızım səninçün körpə uşaq deyil. Bir başına vur ki, o gecə-gündüz qiyabi instituta imtahana hazırlaşır. Əlindən dəftər, kitab düşmür. (Miz üstdəki kitabları göstərir).

Kərim (bir kitabı götürüb Nisəyə göstərir)

Qiyabi institutda, Leyli Məcnun?!

Nisə

Nə Leyli Məcnun?!

Kərim

Görünür, qızımızın birinci imtahanı Leyli Məcnun əhvalatından olacaq.

Nisə

Leyli Məcnundan olanda nə olar ki?! Onu bilmək də böyük işdir.

Kərim

Bəli uzun işdir. Mən indi başa düşürəm ki, ayağımın altını qazıyan düşmənim öz evimin içindəymiş.

Nisə

Səhvin var. Düşmənin öz ürəyinin içindədir. Bir yaxşı fikirləş!

Kərim (hirsli)

Nə istəyirsiniz məndən? Ağzından süd qoxusu gələn aşığın biri adımı-sanımı çırpdı yerə.

Nisə

Eh... qohumbazlıq eləməyəydin. Nəcəfçin keçərsənmiş. Dursunçun keçərsənmiş... Bax, axırda belə olarsan. Təqsirlərin hamısı özündədir, özündə...

Kərim

Heç eybi yoxdur. Mən hələ sağam. Bu günün sabahı da var. (Yadına nəyi isə salır.) Yaxşı, bəs sən buna nə deyirsən ki, bütün mahalda biabır olmuşuq.

Nisə

Yenə nə olub ki?

Kərim

Nə olacaq, heç nə, qulağıma çatıb ki, qızımız o aşıq Muradla küncdə-bucaqda, bağda, bağatda, dərədə, təpədə xəlvət-xəlvət görüşürlər.

Nisə

Görüşsünlər də... Kişi, bəlkə doğrudan da Murad qızımızı istəyir.

Kərim

Qızımızı istəyən qapımıza adam göndərər.

Nisə

Kişi, deyirəm bəlkə qızımızın xasiyyətinə yaxından bələd olmaq istəyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets