Page 3 of 6 · 33%

Nadir

Peşəmin janrı, xüsusiyyəti belədir, gülməlidir.

Qorxmazov

Lap mənim adamımsan... Balam, ağlamalı kimə gərəkdir. Bir də canım... bu naz-mazını burax... Mənim üçün o xudojnik Əzimov deyilsən ki, tələbə babasan. Çək şəklimi, al maaşını.

Nadir

Dinməyin, çəkirəm.

Qorxmazov

Yoldaş Nadir, bir mənə de görüm... Belə otursam... (Barmağını çənəsinə qoyur.) İnsan bəşəriyyətinin xoşuna gələr, yoxsa bu sayaq?! (Barmağını gicgahına qoyur.)

Nadir

Hər ikisi mənalıdır.

Qorxmazov

Heç xəbərin var ki, ya bu şəkli çəkməklə sən özünü tarixə salırsan?

Nadir

Xeyr.

Qorxmazov

Sən hələ məni yaxşı tanımırsan. Eh, hardan tanıyasan ki, sən hələ detski malçiksən.

Nadir

Nəyəm?

Qorxmazov

Detski malçik, yəni uşaq-muşaq. (Döşünə döyür.) Gözümün qanlısıdır özündən danışan adam. Əclafdır döşünə döyən. İnsan gərək həmişə partirot olsun.

Nadir

Portret?

Qorxmazov

Xeyr, partirot, yəni vətənbaz! Mən bir vətənbaz kimi deyirəm ki...

Nadir

Sakit... çəkirəm...

Qorxmazov

Onda bir dəqiqə... İcazənizlə bir başımı düzəldim. (Cibindən bir yekə, iri diş daraq çıxarıb tüksüz başını darayır.)

Nadir (zarafatla)

Yoldaş Qorxmazov, bərk basmayın, dişləri sınar.

Qorxmazov

Gülmə, evlənərsən sonra sənin də saçlarına baxarıq.

Nadir

Bir dəqiqə mənalı baxın ki, gözlərinizi çəkirəm.

Qorxmazov

Adə bu süpürgəni nə tez-tez soxursan gözlərimə, yoxsa qəsdin məni kor eləməkdir?!

Nadir

Qəsdim ağlınızı gözlərinizdə əks etdirməkdir.

Qorxmazov

Balam, bu qədər ağlı (alnına vurur) bu fındıq boyda gözlərə necə yerləşdirəcəksən?

Nadir

Bu, sənətin sirridir.

Qorxmazov

Mözücədir, möcüzə! (Qorxmazovun burnuna milçək qonur. Burnunun hərəkətilə milçəyi qovmağa çalışır.)

Nadir

Tamam hərəkətsiz!

Qorxmazov zəngi basır. Dəmirov gəlir.

Dəmirov (Qorxmazovun əlini tutur)

Salam.

Nadir

Tərpənməyin.

Qorxmazov (dili topuq çala-çala)

Adə, Dəmirov, sənin ala gözünə aşiq olmamışam ki, havayı maaş aldın bəsdir, tez burnumdakı milçəyi qov getsin.

Dəmirov (əlilə milçəyi qovur)

Rədd ol! (Milçək yenidən onun burnuna qonur, yenə hərəkətlər göstərir.)

Qorxmazov

Adə, bu şoğəribi kabinetimdən qovsana getsin!

Nadir

Səssiz, hərəkətsiz!

Dəmirov

Bu dəqiqə. (Kepkasilə Qorxmazovun burnuna çəkir və otaqdan guya milçəyi qovub, pəncərədən dışarı çıxarır.) Qırğom... (Qorğmazova) Atası yandı.

Qorxmazov

Onun yox, mənim atam yandı... Axmaq...

Dəmirov

O adam... sizin şey, gəlib deyir ki...

Qorxmazov

Get, məşğulam. Mən iş vaxtı, vəzifə başında atamı da tanımıram. Hər kimsə rədd elə getsin.

Dəmirov

Baş üstə.

Qorxmazov

Adə Dilavər gəlib?

Dəmirov

Bəli, öz otağında zad yazır, şeir daklad... (Stol üstündən bir şey götürüb cibinə qoyur.)

Qorxmazov (Nadirə)

Yoldaş rəssam, bu Dəmirovu bir o əlidüzlüyünə görə saxlamışam, yoxsa...

Nadir

Siz yaxşı bilərsiniz.

Dəmirov (Nadirə)

Qorxmazovun paltosunu tuturam, tuturam... Cib yaylığımla çəkməsinin tozunu silirəm, silirəm. (Əyilib Qorxmazovun çəkməsini və balağını təmizləyir). Ancaq öldürsələr də əyilən deyiləm.

Nadir (gülür)

Görürəm.

Dəmirov

Mənim başıma nə bəla gəlirsə, əyilməzliyimdən gəlir.

Qorxmazov

Varam bu sədaqətə.

Dəmirov

Müavinin Gülara xanım isə deyir ki, bu şeydir, yaltaqlıq.

Qorxmazov

Napras yerə... (Nadirə) Yoldaş qarğaturist, adam harda işləyirsə işləsin, gərək öz xüsusi kadrosunun qədrini bilə. And içmişəm ki, bu Dəmirovu lap qəbrəcən özümlə aparım.

Dəmirov

Bağışlayın, oracan gedə bilməyəcəyəm... Ancaq mən dost yolunda canından keçən adamam. Yoldaş Qorxmazov, istəmirəm ki, qanınızı qaraldım. Xəbərçilik əclaflıqdır. Amma bayaq dərzi Heydərlə paltar biçən barənizdə ağızlarına gələni dedilər... Biri dedi ki, sən boşboğazsan...

Qorxmazov

Sən, yoxsa mən?

Dəmirov

Nə mən, nə sən... siz...

Qorxmazov

Yaxşı, ay səmimi dost, sən onlara nə cavab verdin?

Dəmirov

Hə... dedim nankorlar!

Qorxmazov

Bərəkallah...

Dəmirov

Alçaqlar!

Qorxmazov

Afərin.

Dəmirov

Əclaflar!

Qorxmazov

Maşallah!

Dəmirov

Sonra dedim ki...

Qorxmazov

Yaxşı, bəs bu ağır sözlərdən sonra onlar sənə heç nə demədilər?

Dəmirov

Xeyr.

Qorxmazov

Nə əcəb?

Dəmirov

Çünki, ona görə ki, mən onları ürəyimdə söydüm.

Qorxmazov

Qorxağın biri, qorxaq, tez get Dilavəri yanıma çağır. (Dəmirov gedir. Qorxmazov əsəbiləşir.) Canım, bu zəhrimar qurtarmadı? Mən fotoqrafların qədrini indi bilirəm. Bir sekuntda çıq-çıq qurtardı getdi. Sən isə acı bağırsaq kimi uzadırsan bu şoğəribi.

Nadir

Bu sənət əsəridir. Bu dəqiqə qurtarıram.

Qorxmazov

Bu əziyyəti ki, mənə verirsən, olmaz ki, bir iş də görəsən?

Nadir

Nə iş?

Qorxmazov

Deyirəm yavan şəkildən şey çıxmaz, avtoritetimi qaldırmaqçın olmaz ki, döşümdə heç olmasa bir-iki orden və beş-altı medal da çəkəsən?

Nadir

Onda gərək ordenlərinizi taxıb gələydiniz.

Qorxmazov

Hələ verməyiblər axı... avansom deyirəm.

Nadir

Bağışlayın, mənim orden paylamağa ixtiyarım yoxdur.

Qorxmazov

Danışdı da... Bu sayaq ki, mən işləyirəm, gec-tez alacağam.

Dilavər (gəlir)

Salam! Həyatın bu müəmmalı, mənalı dəmlərində bəndə pişəzvaxt hüzuri mübarəkinizdə hazır.

Qorxmazov

Paho, paho... Dilavər, otur görək.

Nadir

Mən qurtardım.

Qorxmazov

Yaxşı, get, sonra karnaval şəkillərilə yanıma gələrsən... (Nadir gedir.) Düz demirəm Dilavər? Parkdakı sərgilər zamanı mənim də nitqim olacaq, sonra da karnavaldır, qoy camaat bizim sayəmizdə özüyçün kefə baxsın. Bəs canlı təbliğat necə olar, canım!

Dilavər

Əlbəttə.

Qorxmazov

Dilavər, bir dəqiqə bağışla. (Zəng vurur.) Ədə, Nəqdəli, mənəm ey, salam. Ürəyim yaman səksəkidədəir axı. Orden barədə deyirəm ey... Vallah qorxuram ki, burda partkom, mestkom mənə badalaq gələ! Qorxmayın? Gözümü bir ona dikmişəm, sənin nazirliyə xodun var axı. Mən ölüm göz-qulaqda ol! Xatircəm olum, öpürəm... Necə? Yaxşı malımız var. Nəinki köç-külfətini, lap bütün qohum-əqrəbanı, dost-aşnalarını göndər, ölməmişəm ki, sağ ol! (Dəstəyi yerinə qoyur.) Ordenimiz də belə. Dilavər, vallah sən hər yanıma gələndə cavanlığımız yadıma düşür.

Dilavər

Mənim də.

Qorxmazov

Adə, Novxanı bağları yadındadır?

Dilavər

Bəs yox?

Qorxmazov

Bağırsaq qovurması, qutab, kabab, şərab... araq...

Dilavər

Pəh-pəh... (Zümzümə eləyir.)

Qorxmazov

Adə məsciddə mərsiyə deməyin yadına gəlir? Onda səndə küpdən çıxan səs vardı ha...

Dilavər

Söhbəti dəyişsək yaxşıdır.

Qorxmazov

Dilavər, gözümə bir təhər görünürsən, aşna. Yenə mənsiz harda vurmusan?

Dilavər

Çün əz qəza təsadüfi oldu. Canınçin bu saat dönmüşəm şirə, pələngə, əjdahaya, hərif istəyirəm çıxsın qabağıma.

Qorxmazov

Bir söz demirəm ki, bu araq şoğərib ki var, ondan siçanın da boğazına töksən pişikdən ştraf istər.

Dilavər

Pəh-pəh, ölmə, ölmə... tapmısan. (Oxuyur.)

Sənin eşqinlə əzəldən elə sərməstəm ki,
Zərrə təsir edə bilməz gözəlim vodka mənə.
İştaham xeyli kasıbdır, nə gərəkdir ki, plov,
Yetər ey sevgili canan quru selyodka mənə.
Gər yıxılsam küçədə, tez tut əlimdən qaldır,
Durma başdan-başa çək eşq ilə sən şotka mənə.

Qorxmazov

Varam sənin belə məzəli cözlərinə.

Dilavər

Üzünüzə demirəm, həqiqətən siz çox böyük vücudsunuz. Heyf, səd heyf, özünüz özünüzü tanımırsınız. Əz qəza bir az əvvəl Bayramalı ilə əsnayi müsahibədə ərz eləyirdim ki, bu mənsəb sizin kimi nadir bir vücud üçün çox balacadır, bəli.

Qorxmazov

Sağ ol qədir bilən dostum, sağ ol! Məsələ yerdə deyil. Yadından çıxartma ki, mənim kimi adam balaca bir yeri böyüdə bilər.

Dilavər

Siz də düz deyirsiniz, o da. Ancaq ürəyim yaman yanır. (Bu an Bayramalı podnosda dilim-dilim kəsilmiş qovun-qarpız gətirir.) Pəh, pəh, ölmə, Bayramalı, ölmə!

Bayramalı

Borcumdur.

Qorxmazov (zəngi basır, Dəmirov götürür)

Adə Dəmirov...

Dəmirov

Salam!

Qorxmazov

Uzun eləmə, get! Yanıma heç kəsi buraxma... Biz millət işiylə məşğuluq. Nitqə hazırlaşırıq. (Dəmirov gedir.) Varam belə zavxoza...

Bayramalı

Məni gözləyənlər var, mən gedim. (Gedir.)

Qorxmazov

Can yandıran adamdır.

Dilavər

Çox.

Qorxmazov

Yaxşı, Dilavər, sənin gözəl mühasib olduğunu bilirəm. Görüm indi o biri sənətini necə göstərəcəksən? Nitqimi deyirəm ey, yazıb qurtarmısan, ya yox?

Dilavər

Çoxdan... Alın, baxın! (Ona çox qalın bir dəftər verir.)

Qorxmazov

Adə bu boyda reç olar ki, yazıbsan. Azı on kilo gələr. Aşna, bunun hamısını danışsam nitqim səhərəcən qurtarmaz ki...

Dilavər

Əslən bir o qədər uzun deyil. Yarısı nəsrlədir, yarısı da nəzmlə. Nəzm hissəsi doqquz min beytdir.

Qorxmazov

Pah atonnan! Bir-iki cümlə oxu görüm reçim necə çıxıb. Xamuş.

Dilavər

Həyatın şən qucağında, a yoldaşlar, tavarişi,
Atelye modamın ali qurulmuşdur bütün işi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets