İldırım
İldırımın cəbhəyə üç-dörd aydı gəldiyi,
Onun bu dağda-daşda bircə şeydi bildiyi.
Döndərib insanları skeletə – kölgəyə,
Düşmən ölüm gətirir bu xalqa, bu ölkəyə.
Qəzəbindən basaraq, dişini dişi üstə,
Deyirdi: – Düşmənlərin əsməsəm başı üstə,
Bir cilovsuz yel kimi, bir qorxunc tufan kimi,
Yaxmasam nəfəsimlə yurdunu vulkan kimi,
Anadan əmdiyim süd qoy olsun haram,
Düşmənə nicat yoxdur nə qədər ki, mən varam!..
Mənim dostum dağlarda boy atıb böyümüşdü,
Ölümlə pəncələşib, qurd ürəyi yemişdi.
Günü ovda keçərdi qışda, qarda, boranda,
Evdə bayram olardı o, ovdan qayıdanda.
Anadan doğulanda polad kimi bərk idi,
Üç-dörd ayda cəbhədə bir qat daha bərkidi.
Terekin sahilində çəkərkən bir gün keşik,
Güllələr şinelini etmişdi deşik-deşik.
Sevinmişdi gördükcə sahildə leş yığını,
Səssiz axan suların qandan qızardığını.
Bağlanmışdı Terekin sularına ürəyi,
Sanki basdırılmışdı bu dağlarda göbəyi,
Ölümün pəncəsindən sağ çıxmışdı çox dəfə –
Düşmənin güllələri dəyməmişdi hədəfə.
Sanki o bir qalaydı, o bir dəmir bədəndi:
Məncə, onu qoruyan məhəbbətdi, Vətəndi!
İldırım kəşfiyyatdan qayıdanda hər gecə,
Qoltuğundan bir şəkil çıxarırdı gizlicə.
Dönə-dönə öpərdi onu ay işığında;
Yaranardı alnının körpə qırışığında
Təmiz ürəkdən doğan bir yığın dərin sual,
Onu dağlar ardına çəkirdi dadlı xəyal,
Aldığı məktubları gəzdirərdi cibində,
Bəzən torpaq səngərin oturaraq dibində,
Oxuyardı yüz dəfə oxuduğu məktubu...
Sevən könüllər üçün böyük təsəllidir bu.
Bir səssizlik içində dincələrkən ortalıq,
Birdən yada düşürdü son öpüş, son ayrılıq:
Yarın topuğa qədər uzanan hörükləri,
O ipək hörükləri, o ilan hörükləri,
O can verib, can alan qara, badamı gözlər.
Hər zaman əsir edər sevən adamı gözlər.
Çimnazın gözəlliyi saymaqla gəlməz başa,
Görən valeh olurdu o boya, o göz-qaşa.
Rəng alaraq günəşdən, güllərdən, çiçəklərdən,
Yurdunda sayılırdı birinci göyçəklərdən,
İldırımın ömrünün baharıydı, yazıydı;
Onu gözəlləşdirən dağların havasıydı!..
Heç xatirdən çıxarmı toy günü, toy gecəsi,
Könülləri dindirən saz səsi, kaman səsi!
Ürəkdən silinərmi o dadlı xatirələr,
Xəyal göylərindəki qanadlı xatirələr...
Düşündükcə Çimnazı, gülürdü öz-özünə,
Varlıq bir röya kimi görünürdü gözünə.
Hicran şüşə qəlbinə dalbadal daş atırdı,
Yuxuda Çimnazını qucaqlayıb yatırdı...
Ayılıb görürdü ki, hicran yolu bağlayıb,
Çimnazın əvəzinə tüfəngi qucaqlayıb...
Gecə
Gecədir, döyüşçülər səngərlərdə dincəlir,
Arabir uzaqlardan ağır top səsi gəlir.
Bəzən fişəng atılır, dönür gecə gündüzə,
Bir kəs görünməz, baxsan, göz işlədikcə düzə,
Ağ buluddan göylərin alnı qırış-qırışdır,
Hava soyuqdur, hələ nə payızdır, nə qışdır.
Terek qəzəblə axır, yenə də qan-qan deyir,
Boğmuşam sularında minlərlə düşmən, deyir.
Görürsən ki, ulduzlar hərdən göz qırpır aya.
Göylərdə hər nə varsa, bir-bir əks edir suya.
Hələ seyr edin yaşıl söyüd ağaclarını,
Sanki yuyub darayıb Terekdə saçlarını.
Bu dünya görmüş yollar, bu düm ağ saçlı yollar,
Çox şeyləri xatırladır, bu qoca yaşlı yollar.
Əllərində tüfənglər, əllərində yabalar,
Ana Vətən uğrunda bizim ulu babalar
Vaxtilə düşmənləri bu yollarla qovmuşlar,
Burunlarını burda qanatmışlar, ovmuşlar.
Fikrə gedir Qafqazın ağ papaqlı dağları,
Həsrətlə xatırlayır dəbdəbəli çağları.
Əsgərlərsə səngərdə dirsəklənib otlara,
Baxırlar hərdən aya, hərdən ağ buludlara.
Hamı bir bülbül kimi cəh-cəh vurub dil açır,
Hamının ürəyində min bir əməl gül açır.
Biri ağrı hiss edir köz tutan yarasında,
Biri papiros çəkir ovucu arasında,
Biri öz süngüsilə bir ad yazır torpağa,
Oxuyur dodaqaltı: “Zülfün gəlməz darağa...”
Biri də öz bəxtini ulduzlardan asıbdır,
Deyir, görəsən, fələk alnıma nə yazıbdır...
Mənim qəhrəmanımsa görünür xeyli dalğın,
Beynində həlli müşkül sual vardır bir yığın.
Uşaqlıqdan ekizdir İldırımla igidlik...
Az keçir, birdən-birə pozulur bu sakitlik.
O yanda təyyarələr yerə bombalar tökür,
Bombalar bir qırpımda yerin bağrını sökür.
Yanır göz qabağında, od içində bir şəhər,
Alov sütunlar qalxır yerdən ta göyə qədər.
Yanğının tüstüləri qarışır buludlara,
Səpilir kədər tozu çiçəklərə, otlara.
Göydən yerə quşbaşı, qapqara bir qar yağır,
Gecənin sükutunu pozduqca çığır-bağır.
Bürüyür küçələri alovlardan ləpələr,
Yanır qoca qarılar, yanır dilsiz körpələr.
Ağ birçəkli analar al qanlara boyanır,
Yanır sevgi, məhəbbət, yanır gözəllik, yanır.
Əcəl didərgin salır yuvasından bülbülü,
Qızıl gülün bağlarda göyə sovrulur külü...
Qaqqıldaşaraq köçür başqa yerə durnalar,
Necə dözsün bu dərdə, bu kədərə dumalar!
Göründükcə bu dəhşət İldırımın gözünə,
Od tutub yanırdı o, deyirdi öz-özünə:
– İnsanın dərya qədər kədəri olsa belə,
Gərək qəm dəryasından üzüb çıxsın sahilə.
Üz-üzə gəlsən əgər ölümlə – qorxma, bərk dur!
Yaxşı yadında saxla, hərbin qanunu budur.
Sən tez tərpən, sən ölç-biç düşməninə kəfəni,
Sən onu öldürməsən, o öldürəcək səni!
Meşədə, dağda, daşda güd, qanlı qatili güd,
Ürəyinin başından vur, eyləmə tərəddüd!
Güllən qurtarsa, işdir, karıxma-dişlərin var,
Qoyma salamat çıxsın əlindən qart canavar...
Nə qədər ki, ayağın yerdən üzülməmişdir,
Tüfəngin qundağilə kəlləsini əzişdir.
Sözüm yadigar olsun silahlanmış hər gəncə,
Ölmək daha yaxşıdır, qul olmaqdansa, məncə!
Çalış, səndən danışsın zamanın dodaqları,
Bəzənsin şərəfinlə tarixin yarpaqları.
Adına bağ salınsın, adına gül əkilsin,
Adın əsrlər boyu məclislərdə çəkilsin!
Hücum
İldırım qabaqdaydı bölmə hücum edəndə,
Bir neçə yoldaşilə birinci girdi kəndə.
Gördüyü vəhşətlərdən halqalandı gözləri,
Bir yanda hıçqırıqlar, bir yanda qan izləri.
Baxdıqca, ürəklərə dərd gəlir ləpə-ləpə,
Məsum dodaqlarilə on aylıq dilsiz körpə
Başsız bir gənc qadının döşlərini əmirdi...
İldırımın ürəyi nə daşdı, nə dəmirdi, –
Birdən saraldı rəngi, doldu gözləri yaşla,
Cumdu körpəyə doğru həyəcanla, təlaşla.
Baxmadı naləsinə, baxmadı fəryadına,
Anasından ayırıb verdi başqa qadına.
Hər tərəfə baxırsan, qan çıxıb dizə qədər...
İnsanlıq simasını itirmiş bu vəhşilər.
Üzməkdən zövq alırlar dəryasında qanların,
Budur “mədəniyyəti”, “mədəni” düşmanların!
Budur bəşəriyyətə vəd etdikləri “cənnət”...
Əvəzsiz qalmayacaq bu cinayət, bu vəhşət!
Bir tərəfdə əl-ayaq, bir yanda başsız bədən,
Kəndin sağ qalanları, çıxıb zirzəmilərdən,
Öpürlər əsgərlərin əlindən-ayağından...
– Qovun bu cəlladları Vətənin torpağından! –
Deyərək əsgərlərə baxırlar heyran-heyran,
Qeyd edir dəftərinə bunu ağ saçlı zaman...
Yeridikcə ildırım baxırdı sola-sağa,
Kəndin küçələrində dönmüş meyidlər dağa.
Evlər yanıb olurdu bir ovuc kül yığını,
Söndürməz göz yaşları, söndürməz bu yanğını.
Bu yanğın söndürülər yalnız qəzəblə, kinlə.
İldırım öz-özünə deyirdi: “Yaxşı dinlə,
Körpənin naləsini, ananın fəryadını, –
Süngünlə yer üzündən sil faşizmin adını!”
Budur, döşü kəsilmiş cansız yatan bir gözəl
Ümidlə yaşayırmış bundan beş-on gün əzəl.
Gənc yaşında, doymadan sevgidən, məhəbbətdən,
Bir anda qara əllər boyuna biçmiş kəfən.
İldırım bu gözələ qəlbi yaralı baxdı,
Kinindən, qəzəbindən gözləri şimşək çaxdı,
Dedi: – Qırmasam əgər cəlladları kökündən,
Onları qovmasam bu dağların ətəyindən,
O qansızlar mənim də eşqimi oğrayarlar,
Mənim də Çimnazımı bu sayaq doğrayarlar! –
Budur, dar ağacında gömgöy göyərmiş bir qız,
Yellənir sinəsində onun bir varaq kağız.
Bu dilbər azadlıqçün boğazdan asılmışdır,
Döşündəki kağıza bu sözlər yazılmışdır:
“Hər kim partizanların göstərməsə yerini,
Boğazında görəcək ölümün kəndirini”.
Budur, ikicə qoca, qar tək ağarmış başı,
Birinin on yaşı var, birinin doxsan yaşı.
Budur, bir qadın kəsdi yolunu İldırımın,
Tez boynuna doladı qolunu İldırımın.
Silah tutan əlindən, bir də alnından öpdü,
Solğun dodaqlarından gül səpdi, çiçək səpdi.
“Dünyaya gətirdiniz yenidən bu xalqı siz,
Bizi də doğrardılar bir az gec gəlsəydiniz!”
Dərin izləri vardı gözlərində kədərin,
Yanmışdı yurd-yuvası bu dərdli dərbədərin.
Dalğın baxışlarında bir dünya qəzəb vardı,
İldırımı bağrına basmaqda səbəb vardı.
Deyirdi: “Qonşu kəndə aparın, mən də gedim,
Balamı cəlladların əlindən xilas edim...”
Ana qoşuldu qəzəb, intiqam dalğasına,
Milyon könüldən doğan bu ilham dalğasına...
İldırımgil cumurdu, alıb yüz qan bir qana,
Yanlarında saçları pərişan dərdli ana.
Cumduqca nəfəsindən külə dönürdü sağ-sol,
Cumurdu, ağ günlərə açıb süngüsüylə yol...
Qış
Gecədir, bu dağlarda nə yazdır, nə də payız,
Təbiət sərib yerə bircə varaq ağ kağız...
Üstündə yazı yazır əsgərlərin ayağı,
Gecə-gündüz ilhamı coşqun – şairsayağı.
Əlində buzdan bıçaq, dayanıb yollarda qış,
Qocalar söyləyir ki, heç belə qış olmamış.
Dağların qoynundakı bulaq donub, çay donub,
Göylərdə zənn edirsən ulduz donub, ay donub.
Əl-ayağa dolaşır qışın saçı-saqqalı,
Hər tərəf müəmmalı, hər tərəf macəralı.
Nə səs var, nə səmir var: sükut, dərin bir sükut...
Bəzən ayın üzünü tutur qara bir bulud.
Bulud çəkilən kimi gülümsəyir göydə ay,
Ayın gözəlliyini özündə əks edir çay...
Hər yanda qar təpəsi, hər yanda qar yığını,
Bir sözlə, demək olmur qarın bu ağlığını.
Baxdıqca göz qamaşır, yerlər ağ, göylər ağdır,
Təbiət yatmışsa da, döyüşçülər oyaqdır.
İldırım qorxmayırdı nə soyuqdan, nə qardan,
Bir hədiyyə almışdı bu son günlərdə yardan:
Bir toxunma yun köynək, bir cüt qalın yun əlcək,
İçi yun, meşin papaq, yun corab, üstü bəzək,
Boz şinel isə soyuq keçməyən bir qalaydı,
Bu geyimlə dağlarda gəzmək ona qolaydı!
Kəşfiyyatda
Təbiətin hüsnünə mat-mat baxan İldırım,
Kinlə dolu gözləri şimşək çaxan İldırım.
Mühüm tapşırıq aldı bu gecə komissardan,
Sevincindən qaynadı damarlarındakı qan.
İki dostuyla birgə durub düşdülər yola,
Yoldaşlar bir ağızdan dedi: – Uğurlar ola –
Gah yoldan keçirdilər, gah çöldən keçirdilər,
Gah çaydan keçirdilər, gah göldən keçirdilər...
Bellərində qumbara, əllərində avtomat,
Üzə-üzə keçdilər Tereki sağ-salamat...
Bir çox yerdə sürünüb qarlar üstə səssizcə,
Bir kəndə yaxınlaşdı üç yoldaş yarı gecə.
Verilən tapşırığı düşünərək bir qədər,
Kəndin kənarındakı bir qapını döydülər...
Qapını açan qadın heyrətdən donub qaldı,
Qaldırıb qollarını qartal tək qanad çaldı.
Qollarını boynuna doladı İldırımın,
Gözü doldu, ürəyi qanadı İldırımın.
Gözləri kölgəliydi, saçları pərişandı,
Görünür zavallının ürəyi-bağrı qandı.
Görünür xeyli vardır saçlar daraq görməyib,
Onu bu dərdli ana daramayıb, hörməyib...
Soyuqdan ağ dişləri dəyirdi bir-birinə,
Dərya dalğalanırdı qəlbimdə qan yerinə.
Başında cındır yaylıq, əynində cırıq köynək,
Durmuşdu İldırımın qarşısında əsərək.
Dərd qatdı dərdli ana dərdinə İldırımın,
Sanki qəlbinə batdı min iynə İldırımın...
Bu ev, ev deyildi, yox, matəmxanaydı artıq,
Bir xəstə uzanmışdı yerdə, üst-başı açıq.
Çox ağır nəfəs alıb inləyirdi dərindən,
Matdım-matdım baxırdı, tərpənmirdi yerindən.
Tökərək gözlərindən gildir-gildir yağışlar,
“Məni qurtar!” – deyirdi o yalvaran baxışlar,
Böyük faciələrin şahidiydi gözləri,
Gömgöydü üz-gözündə təpiklərin izləri.
Cəlladların bu kəndə ayaq basdığı gündən,
Qara yellər əsmişdi bu qönçənin üstündən.
Dünənki bu gözəl qız indi bir skeletdi,
İldırım baxıb qıza, dərin bir fikrə getdi.
Yerlər, göylər bilir ki, bir il əzəl Larisa,
Gözəllər arasında təkmiş gözəl Larisa.
İldırım əyilərək qarşısında bu qızın,
Vətənin göylərində səssiz sönən ulduzun
Öpdü alnından doğma, mehriban ata kimi,
Qırıldı içindəki ürək sazının simi.
Ana, gözləri yaşlı, dilə gəlib danışdı,
Elə bil, İldırımla otuz ildi tanışdı.
Dedi: – Qardaş, mən deyim dərdimi, sən qulaq as:
Yadlarla birgə gəldi bu ellərə kədər, yas.
Nəğmələr yüksələrdi bu evdən bir zamanlar,
Hər yanı bürümüşdü indi ahlar, fəğanlar.
Belə deyildi bizim ellər bundan irəli,
Talandı varlığımız onlar kəndə girəli.
Bir körpəm, bir qızımla kənddən çıxa bilmədik,
O gündən bu günədək bir kərə də gülmədik.
Larisanın atası meşədə partizandır:
Bir xəbər bilməyirik ondan xeyli zamandır.
Hər gün gəlib sordular: “De, görüm, ərin hanı?”
Dinmədin, dar etdilər başıma gen dünyanı.
Gözümün qabağında doğradılar körpəmi,
Doldu dərdli könlümə dünyanın dərdi, qəmi.
Qızım Larisa buna dözməyib vərəm oldu,
Tökdüyü göz yaşından quru torpaq nəm oldu.
Kim bilir, ürəyində nə arzular bəsləyir...
Hətta yuxusunda da qardaşını səsləyir.
Gör bir nə günə saldı ananı bu göz dağı,
Ömrümün ağacının qırıldı şah budağı...
Bu ölüm diyarında nə çörək var, nə dərman,
Ancaq hələ ölməyib qəlbimizdəki inam,
Çox da bu ana, bu qız dəmir bir qəfəsdədir,
Gələcəksiniz deyə, qulağımız səsdədir.
Oğul, dözmək ölümdür ayrılığa, hicrana.
Gəldiyiniz yollara qurban olsun bu ana!
Budur, bahardan müidə gətirən qaranquş tək
Uçdunuz bu yerlərə... sevindi dərdli ürək!..
Burda tamam eylədi ana macərasını.
İldırım xatırlayıb öz doğma anasını,
Böyük hörmətlə öpdü bu qadının əlindən,
Qəlbə təsəlli verən sözlər yağdı dilindən,
Bir neçə sözlə dedi nə üçün gəldiyini...
– Danış, bu ətraflarda öyrənib bildiyini.
Ana dedi: – Bu kənddə oturmamışam bekar,
Gəzmişəm hər nə qədər canavar yuvası var.
Alın bu kağızları, bunlar sizə gərəkdir,
Məni yaşadan yalnız bir Vətən, bir ürəkdir!..
Birdən qapı döyüldü, hamı kəsildi bir daş,
Sanki anaya soyuq tər gəldi yavaş-yavaş.
Qorxudan yarpaq kimi dili-dodağı əsdi,
– Aman!.. – dedi... İldırım onun sözünü kəsdi.
Səssizcə, dostlarilə gizləndilər çardaqda,
Silahı hazır tutub oldular göz-qulaqda.
Evə bir zabit girdi, yanında iki soldat,
Zabitdə parabellum, soldatlarda avtomat.
Baxdılar qanlı-qanlı bir anaya, bir qıza.
İnsan demək günahdır bu üç acgöz qansıza.
Arvad geyimli zabit bərəldərək gözünü,
Təkrar etdi hey təkrar elədiyi sözünü:
– De ərinin yerini, deməsən öldürərik,
Biz sizə faşistlərin gücünü bildirərik!..
Ərin hardadır? Söylə!
– Bilmirəm...
– Axmaq qarı,
Ölmək istəmirsənsə, düzünü söylə, barı.
Partizanlar hardadır?
– Bilmirəm!
– Yox, bilirsən!
Bizi axmaq zənn edib üstümüzə gülürsən?!
Ay qız, dillən, sən söylə, dinməsən öləcəksən!
Cavab versən, unutma, sevinib güləcəksən...
Dinmirsən? Al payını: bir, iki, üç, dörd, beş... on...
Zavallı Larisanın ömrünə verildi son...
Ana öpüş yağdırdı öz qızının nəşinə.
Getmə! – desən, durarmı axşamın günəşinə,
İldırım inanmadı gözüylə gördüyünə...
Düşmən solğun dilbəri saldı gör bir nə günə!
Üçü də Terek kimi birdən köpürdü, daşdı,
Qəzəbli baxışları od saçdı, alov saçdı.
Atıldı üç qəhrəman evin ortalığına,
Xəncərlər iş görməmiş bu yerdə girməz qına.
Daxmanın divarları bütün bələndi qana...
Bu hala şaşqın-şaşqın durub baxırdı ana...
İntizar
Gecədir... ay pul səpir Terekin sularına,
Baxdıqca göz qamaşır şiş dağların qarına.
Yel əsir, qalın meşə səslənir kaman kimi,
Hər əsgər səngərində durmuş qəhrəman kimi.
Ay çimib qurulanır ağ buludlar içində,
O nə bilir ki, yanır bəşər odlar içində.
Parıldadıqca ayın nurilə qarlar, buzlar,
İnsanın gözlərinə görünür şux ulduzlar.
Göy üzünə mıxlanmış bir qızıl mismar kimi,
Bəzən də parçalanmış qıpqırmızı nar kimi.
Başqa bir mənzərə var bu zaman göydə, yerdə.
Saz çalıb aşıq Əsgər oxuyur gözəlləmə,
Deyir: – Qoymaram yadlar toxunsun gözəlimə...
Xəyal qovur məhəbbət səhrasından sərabi,
Oxunur varaq-varaq azad eşqin kitabı.
Meşələr səsləndikcə, axdıqca şır-şır sular,
Könüllərdə gül açır xoş duyğular, arzular,
Söhbət düşür səhərki qanlı vuruşmalardan,
Necə döyüşdüyünü nəql edir hər qəhrəman.
Evindən məktub alan oxuyur məktubunu,
Yalnız əsgər olanlar hiss edər, duyar bunu.
Daha bir məktub var ki, gözləyir İldırımı,
O dilsiz kağız sanki səsləyir İldırımı.
O çoxdan gəlməliydi, hamı qalıb nigaran.
Bir həyəcan doğurur bu ayrılıq, bu hicran.
Dostları qəm bürüyür, – Ona nə oldu? – deyə,
Biri deyir: – Görəsən, niyə gecikdi, niyə?
Biri deyir: – Bəlkə də, başında bir xata var!..
Dostluğun qiymətini burda bilir insanlar.
Az keçir, bir partlayış səs salır bu dağlara,
Əsgərlər bir qırpımda uzanır torpaqlara.
Terekin o tayında başlanır bərk athaat,
Səsləndikcə qumbara, səsləndikcə avtomat,
Hamı deyir: – Görəsən, nə olmuşdur o tayda?
Buludlar arasından bunu seyr edir ay da...
Budur, qonşu təpəyə dırmanır dörd qaraltı,
Səngərlərin yanında dayanır dörd qaraltı.
Ən qabaqda gələni yerişindən bildilər,
Onu dövrəyə alıb sevindilər, güldülər.
Mərdlər – İldırım! – deyə, sarıldılar boynuna,
Yağış kimi suallar yağdırdı dostlar ona.
İldırım bir-bir dedi başlarına gələni,
Nə artıq, nə də əskik... Oxucum, sən biləni...
Gözləri şimşək çaxan komandir gəldi dilə,
İldırımdan soruşdu ürəkdən gülə-gülə:
– Terekin o tayında kimlərdi atışanlar?
– Ürəkləri intiqam oduyla alışanlar!
Bizdik orda körpünü alt-üst edib dağıdan,
Bizdik intiqam alan – qan-qan! – deyə yağıdan.
Sayca bizdən çoxdular, nərə çəkdim, bağırdım,
Tək başıma qırxını avtomatımla qırdım,
Komandir İldırımın öpüb dodaqlarından,
Dedi: – Ey dağlar oğlu, qəhrəmansan, qəhrəman!
Al, bu da sevgilindən gələn məktub!..
– Ver, görüm!
Ah, görəsən nə yazır göz bəbəyim, dilbərim! –
Səsləndi birdən-birə könül sazının simi,
Uzun müddət aclığa dözmüş adamlar kimi,
Yeyirdi gözlərilə hər sözü, hər kəlməni...
– Dostlar, həyat yoldaşım təbrik eləyir məni:
Yazır ki, oğlum olub!..
– Var ol, İldırım, var ol!
Körpənlə bu dünyada hər zaman bəxtiyar ol.
– Arvad soruşur – ona nə ad qoyum, söylə, mən!
Əsgərlər bir ağızdan dedilər ki, yaz-Vətən! –
Yayıldı Vətən səsi dağlara dalğa-dalğa,
Yenə dərin bir sükut sökərkən ortalığa.
Bahar tək baxışları gül səpdi, çiçək səpdi,
Girib torpaq evciyə məktubu öpdü, öpdü.
Öz ilkinin iyini, ətrini duydu onda,
Qəlbində xoş duyğular oyandı bircə anda.
Arzular qanadlandı könlümdə bir quş kimi,
Cəh-cəh vurdu güllərin üstünə qonmuş kimi.
Əlini yastıq edib uzandı yatağında,
Canlandı can yoldaşı gözünün qabağında.
Üzünü görmədiyi oğlunu qucaqladı,
Öpdü... Ona can verdi bu ilk öpüşün dadı.
Gözü yumuldu... fəqət dodaqları gülürdü,
Bu gülüşdən gecənin sinəsi sökülürdü.
Səhər günəş nur səpdi qazmaya ətək-ətək,
Qalxdı öz yatağından qalibiyyət, gələcək!
Döyüşən ordu, Babayurd, Zibəryurd, 1942
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ildirim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
TənhalıqYenə yağış yağdı, ildırım çaxdı,Coşdu, dalğa-dalğa çağladı dəniz.
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani