Dördüncü pərdə
Page 2 of 2 · 50%
Səkkizinci şəkil
Tacir Xəlilin evi. Pərdə açılarkən uzaqdan atışma səsləri eşidilir. Xəlil həyəcanla pullarını sayır.
Xəlil
Canıma qorxudan düşüb vic-vicə,
Nəbi dağıdacaq kəndi bu gecə.
Qapı döyülür. Leyla yan otaqdan çıxır.
Leyla
Xeyir ola, a kişi?
Xəlil
Danışma, dayan.
Leyla
Yox, qapını açma, qorxuram yaman!
Qapı yenə döyülür.
Xəlil
Ay qapını döyən, kimsən, bir dillən?
Qurd Kərim
Kərimdir, tez ol aç.
Xəlil
Kərim?
Qurd Kərim
Mənəm, mən.
Xəlil tez qapını açır. Qurd Kərim içəri girir. Xəlil onu görüb təəccüblə baxır.
Qurd Kərim
Daha qaçaqlarda qalmayıb tutar,
Dövrəyə alıbdır bizi qazaqlar.
(Göz vurur.)
Nəbi yaralıdır, gizlət evində,
Niyə mat-qut oldun, kişi, sevin də!
Xəlil
Əsirəm, doğrusu, adı gələndə,
Yüz qurban kəsərəm Nəbi öləndə.
Gətirmə evimə.
Qurd Kərim
Nə üçün?
Leyla
Divan Başına min manat qiymət qoyub, qan.
Evimdə tapılsa mənə söz gələr.
Qurd Kərim
Qoy barı bu sözü desin özgələr.
(Qulağına nə isə pıçıldayır.)
Xəlil
Necə?
Qurd Kərim
Bəli, bəli... naçalnik özü.
Heç kəsə hələlik demə bu sözü.
Xəlil
Çox gözəl.
Qurd Kərim
Gəlirik, sən yer hazırla.
(Gedir.)
Xəlil
Gül açır könlümdə böyük arzular,
Məndən düşə bilməz allah da şəkkə.
Əziz qonaq girib yorğan-döşəyə
Dincəlsin, kim istər o dincəlməsin?
Kim istər evinə qonaq gəlməsin?..
Leyla
A kişi, başa düş, gəl sarsaqlama,
Ağrımaz başına yaylıq bağlama.
Xəlil
Danışma, deyildir bu, arvad işi,
Öz tüpürdüyünü yalamaz kişi.
Leyla
Qorxuram, axırda çıxa bir əngəl,
Deyəsən başını girləyib əcəl.
Xəlil
Çərənləmə, dedim!
Leyla
Sözdür, deyirəm.
Xəlil
Hələ bundan sonra artacaq rütbəm,
Bu saat Nəbigil bizə gələcək,
Yaxında taleyim, baxtım güləcək.
Asan deyil etmək Nəbini qonaq.
Leyla
Bu işin axırı çox pis olacaq.
Xəlil
Arvad, səfehləmə.
Leyla
Ağıla bax, ala!
(Qaramat atır.)
Xəlil
Arvad, tez, yubanma, sən yer hazırla!
Qapı döyülür. Nəbi Qurd Kərimin və Tapdığın çiyninə dayalı halda içəri girir. Nəbinin başı sarıqlıdır.
Xəlil
Olsun ayağının altında başım.
Nəbi
Bu kimin evidir, Kərim, qardaşım?
Qurd Kərim
Allah bəndəsinin.
Nəbi
Kişi, mənə sən
Sifətdən bir qədər tanış gəlirsən.
Xəlil
Yaxşılıq etmisən bir zaman mənə.
(Kənara)
Gərək əvəzini qaytaram sənə!
Nəbi
Tutur gözlərimi bir qara pərdə
Bir çara göstərin düşdüyüm dərdə.
Qurd Kərim
Nəbi, nə deyirsən, özünə gəl.
Nəbi
Ah...
Xəlil
Uzun et Nəbinin ömrünü, Allah!
Nəbi
Bir içim su verin...
Xəlil
Bu saat.
Qurd Kərim
Dayan!
Su sənə zərərdir, ağırdır yaran.
Nəbi
Bəs Qəhrəman hanı? Bəs Vəli hanı?
Qurd Kərim
Düşmənlər tutmuşdur bütün hər yanı,
Onlar atışırlar.
Nəbi
Durmayın, gedin,
Barı yoldaşlara bir kömək edin!
İgidə yaraşmaz evdə oturmaq.
Qurd Kərim
Nəbisiz qoymaram kənara ayaq.
Tapdıq
Doğrudur, biz gedək, sənsə burda qal.
Nəbi
Kərim, yox, sən də get, vuruş, qılınc çal!
Adımdan Həcərə tez yetir xəbər.
Yığıb dost-aşnanı gəlsin köməyə,
Həcərsiz uçulur başıma göylər,
Hicran neştərini vurur ürəyə.
Nəbini uzandırırlar.
Xəlil
Kaş mənə dəyəydi o güllə...
Nəbi
Dostum,
Yanıram su verin mənə bir qurtum.
Qurd Kərim
Yaramaz.
Nəbi
Di, gedin.
Qurd Kərim
Yaxşı, bu saat.
Nəbi
Qoy səni gəzdirsin hələlik Boz at.
Qurd Kərim
Gedək, dostlar, gedək bitməyib dava! (Kənara)
Nəbinin dərdinə tapılar dava.
(Tüfənglə Nəbini vurmaq istəyir. Nəbi gözünü açır.)
Nəbi can, üstünü açma bu qədər,
Xəstəsən, xəstəyə tez soyuq dəyər.
(Onun üstünü örtür.)
Nəbi
Get, dedim.
Qurd Kərim
Gedirik.
(Gedir.)
Nəbi (Xəlilə)
Qapını bağla!
Xəlil
Allah, sən Nəbini bəladan saxla!
Yenə atışırlar.
Nəbi
Bizimkilərdir.
Qəhrəmanla Vəli ər oğlu ərdir.
Çıxardar onları Həcər tələdən.
İgid də qorxarmı oddan, güllədən?!
Xəlil
Yoxdur bu ellərdə Həcərin tayı.
Nəbi
Qorxutmaz Həcəri düşmənin sayı.
Həcərin saçları dalğa-dalğadır,
İpək birçəkləri halqa-halqadır,
Davada Nəbiyə polad arxadır,
Yazmışam adını ürəyə, Həcər,
Hardasan, gəl yetiş köməyə, Həcər!
Yaram çox ağrıdır...
Xəlil
Qorxma, inşallah,
Qalxarsan ayağa lap bu gün, sabah,
Ürəyini sıxma, qovraqsan, qovraq,
Kiçik bir güllədən yıxılarmı dağ?!
Nəbi
Ah, yata bilsəydim əgər doyunca...
Xəlil
Nədir bu patrondaş, xəncər, tapança,
Qoy açım bunları, uzan, yat, dincəl...
(Nəbinin belindən yaraqlarını açıb taxçadakı yorğan-döşəyin altında gizlədir.)
Nəbi
Görünür ki, məndən uzaqmış əcəl.
Xəlil
Gecən xeyrə qalsın, mən getdim, sən yat.
Nəbi (Sayıqlayır.)
Düşmən oynatmasın meydanımda at!
Verin Boz atımı, Mehdi, durma, cum,
Həcər, yanımca gəl, qoçaqlar, hücum!..
Yağdırın düşmənə güllədən yağış.
Leyla
Nəbi, yatmamısan?
Sayıqlayırmış...
(Çıxır, daldan fit səsləri gəlir.)
Xəlil
Deyəsən bərk yatıb, ayılmaz daha,
Arzuma yetişdim, şükür Allaha.
(Yavaşca bayır qapıya tərəf gedərkən Nəbi birdən sıçrayır.)
Nəbi
Dayan, hara? Dayan!.. Cavab ver, hara?
Xəlil
Dəstəmaz almağa.
Nəbi
Hara?
Xəlil
Bayıra.
Nəbi
Tərpənmə yerindən deyirəm sənə,
Mən aman vermərəm alçaq düşmənə.
Xəlil
Ay aman, ay haray.
Nəbi
Al, haramzadə.
(Onu vurur.)
Yaşamaq haramdır sənə dünyada.
Bu halda bayırdan səs-küy qalxır. Fit verilir, qapı açılır. Güllələr içəri yağış kimi yağır. Nəbi yerindən sıçrayır. Divara söykənib atışmağa başlayır.
Nəbi
Sən də al payını, hiyləgər tülkü!
Hələ ölməmişəm, sağam, bir, iki...
Nəbiyə xəyanət?..
(Qurd Kərimi vurur. Bu vaxt hər tərəfdən qazaqlar içəriyə tökülüşürlər. Nəbini araya alırlar. Hər tərəf düşməndir.)
Mahmud bəy
Təslim ol, Nəbi!
Yoxsa öldürərik səni it kimi.
Tez qandalaqlayın! Dustağımsan sən,
Görərsən, dərini soyacağam mən.
Aparın!..
Nəbi
Aparın, gələr ki, bir gün
Sizin kökünüzü kəsərək bütün.
Nəbini qorxutmaz nə dar, nə zindan,
Bir üzə gülməyir həmişə dövran.
Mahmud bəy
Aparın!..
Nəbi
Gedirəm öz ayağımla,
Mən fəxr eləyirəm, qandalağımla.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-qacaq-nebi-dorduncu-perde
Use ← → keys to move, R for a random poem