Əziz Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. Ondakı incə, duzlu yumor söhbətlərinə məlahət verərdi.

Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu (1921-ci il müqaviləsi əsasında). 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar.

İranda alman faşizminə rəğbət bəsləyən, nökərçilik göstərənlər yox deyildi. Onlar çox çalışırdı ki, ordumuz İranda olduğu müddət ərzində ölkədə hərc-mərclik olsun. Bunun qarşısını almaq bizim borcumuz idi.

O vaxt orduya çağırılmışlar sırasında mən də İranda idim. Təbrizdə düşmən təbliğatına uyan tacirlər, mülkədarlar, alverçilər və qeyriləri Tehrana qaçmışdılar. O zaman Tehranda ingilis qoşunları olurdu. Təbrizdə küçələr, bazarlar dilənçilərlə, əlillərlə dolu idi. Hələ yoldan keçənlərə əl uzadan cındır geyimli qarılar, qızlar, körpələr... Hərbi şuranın üzvü Əziz Əliyev bizim rəhbərimiz idi.

O bizi toplayaraq dedi ki: “Biz İranın daxili işlərinə qarışmırıq. Ölkədə sakitliyi qoruyub hərc-mərcliyə yol verməməliyik. Biz bu ölkəyə müharibəylə gəlməmişik. Bütün əhaliyə açıq-aydın bildirməliyik ki, bizim xanla, tacirlə, mülkədarla və qeyriləri ilə işimiz yoxdur. Sovet ordusunun bir nəfərindən də İran əhalisi pislik görməyəcək.

Əlbəttə, zülmdən, işgəncədən cana doymuş kəndlilər, əlsizayaqsızlar, kəndxudalara, mülkədarlara, xanlara qarşı ayağa qalxıb qisas, intiqam almaq üçün ölüm-dirim vuruşuna girişmək istəyəcəklər. Lakin faşizmlə müharibə vaxtı, qoşunumuzun burada olduğu zaman buna əsla yol vermək olmazdı. Hamımız özümüzü sovet vətəndaşına layiq aparmalıyıq. Siz bunu çox yaxşı bilirsiniz”.

Hərbi şuranın üzvü Əziz Əliyevin əmrilə bir qrup təbliğatçı ayrıldı. Bu qrupun sədri Yunis Hacıyev, müavini mən oldum. Hacıyev Bakıya çağırılandan sonra onu mən əvəz etdim.

Əziz Əliyev bütün hadisələrin içərisindəydi. Onun qayğıkeşliyi, alicənablığı, xeyirxablığı, mehribanlığı hamımızı heyran etmişdi. Hamımız ona hədsiz rəğbət bəsləyirdik.

Əzizin dediyi kimi xalq arasında olduq, buraya gəlişimizin mənasını kütlələrə anlatdıq.

Tehrana qaçmış mülkədarlar, tacirlər, alverçilər Təbrizə və digər şəhərlərə qayıtdı.

Onu da deyim ki, qoşunumuz sərhədi keçərkən özlərini yaxşı aparmayan bir sıra hərbi xidmətçilər araya çaxnaşma düşməsin deyə tərəfimizdən müvəqqəti həbs edilmişdilər. Mənim yanıma bir çox adam övladlarının həbsdən buraxılmasıyla əlaqədar xahişə gəlirdi Mən Əziz Əliyevə bu barədə müraciət etdim. Əziz Əliyev dedi ki: “Biz onları hələlik, arada sakitlik olsun deyə saxlayırdıq. İndi sən yanına gələnlərdən müvəqqəti tutulanların adlarını, familiyalarını soruşub dəftərinə yaz və qətiyyətlə de: bu gün, sabah buraxdırarıq.

Qoy bilsinlər ki, bizim ölkədə şairə necə hörmət bəsləyirlər”.

İki gün müddətində tutulanlar azad edildi. Mən “sağ ol-var ol, Allah səni saxlasın” kimi təşəkkürlər qazandım.

Az müddətdə Cənubi Azərbaycan əhalisi bizim ordu nəfərlərindəki insani sifətlərə heyran qaldı. Hərbi Şuranın üzvü Əziz Əliyevin adı Cənubi Azərbaycanda dillər əzbəri oldu.

Əziz Əliyev bütün hadisələrlə maraqlanır və öz məsləhətlərini bizə yetirirdi.

Biz Əziz Əliyevə öz gördüyümüz işlər haqqında məlumat verəndə qüsurumuzu da gizlətməzdik.

O da bizimlə böyük qardaş kimi, səsini ucaltmadan, açıq, aydın və çox təsirli bir tərzdə müsahibə aparardı.

Yeri gəlmişkən deməliyəm ki, Təbriz və digər şəhərlərdə çox acınacaqlı bir məsələnin də şahidi olduq. Azərbaycanlılar məktəblərdə öz ana dillərində deyil, fars dilində təhsil alırdılar. Məktəb daxilində öz doğma ana dilində danışmağa cürət edən uşaqlar məktəbdən xaric olunurmuş...

Təbrizdə 12 minə yaxın erməni yaşayırdı. Onlar şahdan öz ana dillərində məktəb açmağa icazə ala bilmişdilər. Daha əcayib bir məsələ. Kürdlərin dağlardan şəhərlərə gəlişi qadağan imiş, kürdləri quldur, cani kimi qələmə verib əhali arasında vahimələr yaratmışdılar. Əziz Əliyev İranda müxtəlif dilli xalqların bir-birilə dostluq etməsini vacib məsələlərdən biri kimi irəli sürdü. Kürdüstanda sakitlik olsun deyə oraya Mehbalı Əmiraslanovu və digər bir yoldaşı vəziyyəti öyrənmək üçün göndərdi. Bunun böyük təsiri oldu. Kürdlər Əmiraslanovu “Əmiri asi” deyə adlandırırdı. Kürd qazıları Təbrizə gəldilər. Onları müşayiət edən bir dəstə də gəlmişdi. Qəribədir. Təbrizdə dərhal dükanlar, restoranlar, evlərin qapıları bağlandı. Əhali elə bildi ki, şəhərdə qətl, qarət başlanacaq. Yox, belə olmadı. Kökü olmayan təbliğat heçə döndü. Yenidən dükanlar, restoranlar, bağlı qapılar açıldı. Əziz Əliyevin kürd və İran xalqları arasında bu ülfəti, dostluğu yaratması təqdirəlayiq bir iş oldu. Təbrizdə Əziz Əliyevin kürd qazıları, ruhaniləri ilə dostluq, qardaşlıq söhbətində Mehbalı Əmiraslanovla birlikdə mən də iştirak etmişəm (Sonralar bizimlə görüşən kürd xalqının mərd oğullarını Məhəmməd Rza şah Tehranda dar ağacından asdırdı). Onlar bizə Rza şahın kürd xalqına etdiyi zülmlərdən, hər hüquqdan məhrum edildiklərindən danışırdılar. Onlar söz verdilər ki, nə qədər sovet qoşunları İrandadır, bizim tərəfdən kimsənin burnu belə qanamayacaq.

Bu görüşlərdən sonra qazinin qardaşı mənim üçün ceyran vurub hədiyyə gətirmişdi.

Təbrizdə konsert salonu, teatr binası və qeyri-mədəni ocaqlar yoxdu. Əziz Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet teatrı Təbrizə qastrola gəldi. Opera teatrı sənətkarlarını qarşılamağa vağzala əllərdə gül dəstələri bütün Təbriz getmişdi, desəm yanılmaram.

Əziz Əliyev kürdləri teatr artistləri tərəfindən verilən bir konsertə dəvət etdi. Kürdlər lojalarda oturmuşdular.

Paltarları, çalmaları rəngarəngdi. Bellərində qəmələri, silahları vardı.

Konsertdə müğənnimiz Sara Qədimova “Kürdün gözəli” mahnısını oxumağa başlayan kimi kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət bürüdü. Kürdlər birdən səhnədə göründülər. Bir-birlərinin qurşağından yapışıb kürdcə oxuyaraq yallı getdilər. Salonu arasıkəsilməyən alqışlar bürüdü. Bu, təbrizlilər üçün, bizim üçün unudulmaz hadisə oldu.


Əziz Əliyev həkim olduğundan Təbriz əhalisinin vəziyyətini, ehtiyacını nəzərə alaraq Təbrizdə əhaliyə məccani xidmət göstərən xəstəxana açdırdı. Bakıdan həkimlər çağırıldı. Xəstəxananın müdiri, baş həkimi çox gözəl insan, çox yaxşı həkim Qədimov oldu. Tez bir zamanda Təbrizdə böyük hörmət və şöhrət qazandı.

Əziz Əliyevin bir təşəbbüsü də alqışa layiqdir. Əziz, ucuz, eybəcər Amerika filmləri görmüş, əhaliyə Azərfilmin çəkdiyi filmləri göstərməyi irəli sürdü. Bakıdan “Kəndlilər”, “İsmət” və digər filmlər gətirildi.

Yadımdadır. Sərin bir payız axşamı Gülüstan bağında, açıq havada “Kəndlilər” filmi göstərildi. Hava getdikcə soyuyurdu. Lakin əhali yerdə oturub həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə təbrizlilər əsərin qəhrəmanını şiddətli alqışlarla qarşılayırdılar.


Biz Təbrizə gəldiyimiz vaxt məscidlərin qapıları qıfıllı idi. Soruşduq, dedilər ki, Rza şah bağlatdırıbdır. Bizdən soruşdular ki, bu məsələyə siz necə baxırsınız. Cavab verdik ki, bu sizin öz daxili işinizdir. Bir də soruşdular ki, sizdə necə, məscidlər işləyirmi?

Cavab verdik ki, bizdə dindarlara məscidə getməyi qadağan edən yoxdur. Məlum oldu ki, qadınlara çadra örtmək də yasaq imiş. Bir azdan məscidlər işə başladı. Maraqlanıb bir neçə məscidə getdik. Rövzəxanlar əvvəlcə Leninin ruhuna fatihə, Stalinə cansağlığı və Qızıl Orduya faşizm üzərində qələbə arzulayaraq öz dini işlərini davam etdirirdilər.

Mən aşura günü Təbrizdə qəribə bir hadisənin şahidi oldum. Təbrizin mərkəzi küçəsində böyük bir izdiham göründü. Bunlar zəncir vuranlardan, başlarını yaranlardan, sinə vuranlardan ibarətdi. Təbriz ajanları bu izdihamın qarşısını kəsə bilmədi. Dəstənin qabağında bir adam ələmlər arasında Stalinin əksini aparırdı. İzdihamdan bu sözlər yüksəlirdi: “Məhv olsun zalimlər, qəhr olsun cəlladlar. Yaşasın hürriyyət, ədalət. Yaşasın şurəvilər!” Ajanlar yoxa çıxdı...


...Bir zarafat daha... Hər axşam opera teatrımızın tamaşalarında olurduq. Həmin dostumuz deyirdi ki, “Koroğlu” operasında mənalı bir şey varsa, o də təlxəkdən ibarətdir. Təlxəksiz “Koroğlu” “Koroğlu” olmazdı. Təlxək səhnədə peyda olan kimi dostumuzun kefi kökəlirdi. Mən yoldaş Əziz Əliyevdən icazə alıb bir zarafat düzəltdim. Səhnə arxasına gedib güclə Hidayətzadəni hazırladım. Sonra gəlib sakit lojada oturdum. Bir azdan Hidayətzadə həyəcanlı gəlib Əziz Əliyevə müraciət etdi: yoldaş hərbi şura üzvü, xoşagəlməz bir hadisə baş verib.

– Nə olub ki?

– O olub ki, təlxək rolunu oynayan artist İsgəndərov bərk naxoşlayıb, bu gecə tamaşa təlxəksiz olacaq.

– Çarəmiz nədir. Onsuz oynayın.

Dostumuz qızarıb, bozarırdı. Əsəbi anlar keçirirdi.

– Necə yəni onsuz oynayın? Təlxəksiz də “Koroğlu” olar. Durun gedək mehmanxanamıza nərdimizi oynayaq. Qoy bunlar da özləriyçün təlxəksiz oynasınlar.

Əziz: – Getmək yaxşı düşməz. Tamaşaçılar bizi görüblər. Getsək haqqımızda nələr danışmazlar, – dedi.

Hidayətzadə səhnəyə getdi. Dostumuz isə çox pərt, qanıqara lojada oturub heç səhnəyə tərəf baxmırdı. Tamaşa başlandı. Birdən “Nay, nay, nay, nay, nay” deyib dünbək çala-çala təlxək səhnədə göründü.

Dostumuz ucadan “Adə, təlxək gəlib ki” deyə bağırdı. Salondakıların hamısı lojamıza tərəf baxdı...


Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırmışdı. Məclisdə on, on iki nəfər adam vardı. Sovet adamlarından məclisdə Əziz Əliyev, Mehbalı Əmiraslanov və mən vardıq. Təbrizin cavan xanəndəsi başladı. Qəzəl oxunduqca qubernator hiddətlənirdi. “Bunu məclisdən kənar eləyin” kimi sözlər deyirdi. Lakin xanəndə qəzəlin sonunda

Süleyman, qafil olma, yaxşı bax ətrafa şairsən
Cinayət aşdı həddindən, haray sal ki, vətən yandı.

sətirlərini oxuyan kimi Fəhimi də, digərləri də qəzəblərini süni təbəssümlə əvəz edərək məni alqışladılar, təriflədilər...


Mən Bakıya məzuniyyətə gəlməli idim. Əziz mənə dedi ki, sənə bir əmanət verəcəyəm, bizim ailəyə çatdırasan.

Yola çıxan gün yanına getdim... Mənə əl boyda bir qutu verdi. Lakin başqa yoldaşlarımız düyü, kişmiş və qeyri şeylər alıb göndərirdilər. Qutunun içində nə olduğunu bilmirdim.

Bakıda Əzizgilin evinə gəldim. Həyat yoldaşı məni hörmətlə qarşıladı. Məktubu və qutunu ona verdim. Qutunu açdılar. İçində qələm, karandaş, karandaşyonan, pero və məktəbli uşaqlara lazım olan şeylər vardı.

Əzizin həyat yoldaşı Təbrizdəki həyatla, güzəranla maraqlandı. Mən ona o qədər lazımi şeylərin olduğundan danışdım ki... Təbrizə qayıdanda ona ailəsindən məktub apardım. Məktubu oxuyub Əziz Əliyev gülə-gülə dedi ki: “Təbriz mağazalarını qiyabi evimizə köçürmüsən ki...” Əlbəttə, Əziz evlərinə ailəsi üçün çox şey göndərə bilərdi. Lakin bu onun xarakterinə uyğun deyildi.

Əziz Əliyevlə müharibədən sonra da görüşərdik. Təbrizdəki günləri yada salardıq. Dağıstanda olduğu zaman hər görüşdə mənə deyərdi ki, “Həmişə Moskva səfərindən qayıdan zaman Mahaçqalada düş, keçən günləri təkrar yada salaq”.

Bəli, hər görüşdə biz o günləri xatırlayardıq.

Cənubi Azərbaycanda yazılan şeirlər hadisələrdə yaxından iştirak etməyimin bəhrəsidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets