Page 1 of 3

Cənubi azərbaycanlı qardaşlarımızın taleyi məni həmişə düşündürmüşdür. İlk gənclik illərində yazdığım bir neçə kiçik şerim bu mövzudadır. 1934-cü ildə qələmə aldığım “Yaxşı yoldaş” poemasında da bu məsələdən bəhs açmışam.

1940-cı ildə tamaşaya qoyulmuş “Qaçaq Nəbi” mənzum dramasında bu haqda daha ətraflı söhbət getmişdir.

Böyük Vətən müharibəsi illərində isə Arazın o tayında qan qardaşlarımızla görüşmək, dərdləşmək mənə qismət oldu. Müharibə təzəcə başlanmışdı. Alman faşistləri bizə qonşu ölkələrdə (İranda) fitnə-fəsad yaratmasınlar deyə, qoşunlarımız İran torpağına daxil oldu. İran qoşunları isə çox yüngül müqavimət göstərdi. Ordu başçıları, zabitlər əsgərləri özbaşına buraxıb qaçdılar. Qaçarkən kəndlərdə hərbi paltarlarını kəndlilərlə dəyişir, təğyirlibas edirdilər.

Hamamsızlıqdan paltarları bitli kəndlilərə bu sərfəli idi. Bir çox kəndlilər isə onlardan köhnə yamaqlı paltar əvəzinə silah alırdılar. Baş verən kiçik toqquşma zamanı yalnız bir İran təyyarəsi sovet Azərbaycanının bir rayon mərkəzinə bir-iki bomba ata bilmişdi.

Təbrizə isə bir sovet təyyarəsi xətərsiz bir neçə bomba atmışdı. İran zabitlərindən əsir düşən də olmuşdu. İran ordusunda olan azərilər müqavimət göstərməmişdi. Əhali ilə birlikdə Qızıl Ordu hissələrinə yol göstərmişdilər.

Şəhərin varlıları Tehrana qaçmışdılar (Nəhayət, sovet ordusunun xeyirxah məqsədlə İrana girdiyini bilib yenidən Təbrizə qayıtmışdılar).

Təbrizə sovet Azərbaycanın qabaqcıl ziyalılarından bir qrup gəlmişdi. Mən də onların sırasında idim. Mən bir neçə nəfərlə Tehranda olmalıydım. Lakin bu məni heç də maraqlandırmırdı. Mən qan qardaşlarımla yaxından görüşmək, həyatlarını dərindən öyrənmək məqsədilə Tehrana getmədim. Təbrizdə qaldım. Bu gözəl şəhərdə keçirdiyim mənalı günlər, aylar indi də xatirimdədir. Təbrizdəki siyasi qruppanın rəisi Yunis Hacıyev, müavini isə mən idim. Yunis Hacıyev Bakıya çağırıldıqdan sonra onu mən əvəz etdim. Dəstəmizdə rayon Partiya Komitəsi katibləri, icraiyyə komitəsi müdirləri vardı.

Şəhər hadisələrlə doluydu. Əhali Qızıl Ordu nəfərlərini əhatə edib Sovet İttifaqı haqda onlara suallar yağdırdılar. Təbrizdə biz azərilərin görünməsi böyük hadisəyə çevrildi. Qucaqlaşmalar, öpüşmələr. Sevincdən doğan göz yaşları.

Təbriz küçələrində dilənçilər də az deyildi. Küçədən keçənlərə körpə əllər uzanırdı. Yolçular bu zarıyan uşaqlara əhəmiyyət vermədən keçirdilər.

“Qaraçılar məhəlləsi” adlanan yer isə həyatın dibi idi, – desək yanılmarıq. Ehtiyac üzündən bu darısqal, natəmiz məhəllədə özünü tümənlərə satan qadınlar, qızlar vardı.

Cənublu qardaşlarımızın həyatı çox ağırdı.

Məktəblərdə yalnız tədris pulu verməyə gücü çatanların balaları oxuyurdu. Məktəblərdə tədris fars dilində keçirdi. Məktəb divarları arasında öz ana dilində (azəricə) danışanlar məktəbdən qovulurdu. Şəhərdə yalnız bir xəstəxana vardı.

Yoxsulların xəstələri dava-dərmansız keçinirdi.

Şəhərdə mədəniyyət ocaqları yox idi desək, yanılmarıq. Bunun yerinə tiryəkxana və ümumxana vardı.

Yoxsulların balaları gün çıxandan-gün batana bir qarın çörəyə ərbablar üçün işləyirdi.

Sovet adamlarının bu torpağa gəlişi xalqın gözünü açdı. Şəhərdə təzə həyat başlandı. “Azərbaycan”, “Şahin” adlı qəzetə nəşr edildi. Həvəskarların dram dərnəkləri işə başladı.

Məni şairlər maraqlandırırdı.

Əvvəla onu deyim ki, ilk günlərdə Təbrizdəki acınacaqlı vəziyyət məni yaman sıxmışdı. Bir neçə gün yemək-içməkdən qalmışdım. Nəhayət, bu vəziyyətə alışdım. Bir ay müddətində yazdığım bir neçə şeri mətbuata verməkdən çəkindim. Təbrizdəki şairlərlə tanış olmadan, onların şairlik qüdrətlərini bilmədən bunu etməkdən çəkindim. Sovet şerimizin adını ucada tutmağı hər şeydən üstün bildim. Təbrizdə şairlər vardı. Mir Mehdi Etimadla, Hilal Nasiri və Əli Fitrətlə tanış oldum. Bunların yalnız birinin bir kitabçası nəşr olunmuşdu. Bu kitabın müəllifi Mir Mehdi Etimad idi. Hilal Nasirinin Təbrizdə və Ərdəbildə kitab-dəftər mağazası vardı. Əli Fitrət isə Təbriz dəmir yolunda keşikçi vəzifəsində çalışırdı. Dəmir yoluna yaxın yerdə kiçik bir xanəsi vardı. Həmin daxmada o mənə və Mirzə İbrahimova beş-altı qoyun baş-ayağından çox dadlı yemək hazırlamışdı. Bizimlə görüşəndən sonra azəricə şeirlərini qəzetlərdə çap etdirməyə başladı. Mən bu şair dostlarımla görüşdən sonra Süleyman Hikmət imzasıyla şeirlər dərc etdirməyə başladım. İlk şerim “Vətən yandı” idi.

Doğrudan da Cənubi Azərbaycan od içindəydi. Onun zəngin varını Tehrana daşıyırdılar. Tehrandan da xarici ölkələrə daşınırdı.

Yadımdadır. Təbrizdə gizli polis rəisi Sərhəng Seyf demokratlara, bizə hüsn-rəğbət bəsləyənlərə gizlicə divan tuturdu. Təbriz zindanları azadixahlarla doluydu. Bir gün bir bayram münasibətilə Təbriz qubernatoru Fəhimi bir ziyafət düzəltmişdi. Sərhəng Seyf mənimlə yanaşı oturmuşdu. Mənə bir sıra müəmmalı suallar verirdi. Təbrizdə arayıb tapdığımız gənc müğənni başmaqçı Xəyyam da burada idi. Xahiş etdilər ki, Xəyyam oxusun.

Xəyyam “Vətən yandı” qəzəlimi oxumağa başladı. Qubernator Fəhimi və Sərhəng Seyf qəzəlin ilk sətirlərindən qəzəbləndilər. Öz aralarında müğənni başmaqçı Xəyyamı məclisdən başqa yerə aparmağı qərarlaşdırdılar. Lakin qəzəlin sonunda:

Süleyman, qafil olma, yaxşı bax ətrafa şairsən
Cinayət aşdı həddindən, haray sal ki, vətən yandı...

beytini eşidən kimi ikisi də üzlərində süni təbəssümlər yaratdılar. Başmaqçı Xəyyamı rahat buraxıb məni alqışladılar. Sərhəng Seyf mənə “Abco” (pivə) içirməyə çalışırdı. Mən də ona müharibə illərinin arağını içirməyə başladım. Bu işdə mənə yanımızda oturan sovet süvari diviziyasının komandiri polkovnik Alekseyev də kömək etdi. Bir azdan sonra Sərhəng Seyf özünü itirdi. Qubernator Fəhiminin əmrilə onu məclisdən apardılar.


Cənubi Azərbaycanda maşınla, atla və piyada bir çox dağ kəndlərində oldum. Mən müharibədən əvvəl Moskvada hərbi təhsil almışdım. Hərbi şöhrətim “batalyon komissarı” idi. Təbrizdə süvari diviziyasına təhkim olunmuşdum. Polkovnik Alekseyevin təşəbbüsü ilə süvari məşqlərini keçdim, yaxşı at çapmaq öyrəndim. Döşümdə patrondaş, çiynimdə karabin silahım, bir də Alekseyevin hədiyyəsi “parabellum” yarağım vardı. Alekseyev Finlandiya cəbhəsində iştirak etmiş komandirdi. O mənə həmin cəbhələrdə olmuş “Artist” ləqəbli gözəl bir at və gümüş bəzəkli qılınc da bağışlamışdı.

Azərbaycan Opera Teatrı Təbrizdə qastrolda olanda Bülbül “Koroğlu” tamaşasında həmin atı minərdi.

Bir gün dostum Bülbül ilə balaca küsüşmüşdük. Atlara baxan əsgərə tapşırdım ki, mənim atımı daha teatra verməsinlər.

Bir axşam “Koroğlu” tamaşasında Bülbül səhnəyə arıq, görkəmsiz faytonçu atı ilə çıxdı. Tamaşadan sonra Bülbüllə görüşdük. İkimiz də sözsüz gülməyə başladıq. Nəhayət, Bülbül dilləndi. “Şair, axırda qəhrəman Koroğlunu fayton atına da mindirdin”.

Bundan sonra Bülbül yenə həmin “Artist” ləqəbli atla çıxış etdi. Ata “Artist” ləqəbi təsadüfi qoyulmamışdı. At doğrudan da çox qəşəng və çox oynaq idi.


Təbriz indi də gözlərimin önündədir. Onun bir böyük küçəsi vardır. Biz orada olanda əhali həmin küçəyə Səttarxan-Bağırxan xiyabanı adını verdi. Həmin küçədə mehmanxana (Firdos mehmanxanası), mağazalar, restoranlar yerləşir. Təbrizdə əhalini siyahıyaalma o qədər də inandırıcı deyil. Əhalinin müəyyən qismi müəyyən səbəblərə görə siyahıyaalınmadan boyun qaçırırdı. Verilən rəsmi məlumata görə o zaman Təbrizin əhalisi 300 minə qədərdi.

Təbrizdə 12 min erməni yaşayırdı. Demək olar ki, şəhərin mərkəzindəki mağazaların səhmanlısı onların idi.

Təbrizdə vur-tut bir zavod vardı. Bu pivə zavodu Budaqyansın idi.

Şəhərdə bir kinoteatr binası vardı.

Bakıdan Təbrizə bizim “Azərfilm”in çəkdiyi əsərlər gətirildi. Bu işlərə də mən nəzarət edirdim.

Biz çox ucuz qiymətə bu filmləri bina sahiblərinə xalqa göstərmək üçün verirdik.

Bir gün şəhər bağında “Kəndlilər” filmini əhaliyə göstərirdik. Açıq havada soyuğa baxmayaraq, tamaşaya hamı böyük maraqla baxırdı. Az keçmədi quşbaşı qar yağmağa başladı. Lakin kimsə yerindən tərpənmədi. Təbrizdə sanki hamı alverlə məşğuldur. Məsələn, bir küçədən keçirsən, orada qəribə mənzərəyə rast gəlirsən. Sanki alçaq mərtəbəli evlər mağazadır. Hər evin küçəyə açılan pəncərələrində hər şey satılır. Məsələn, bir pəncərədə üzüm, yemiş, digərində quru meyvə nəzərə çarpır. Pəncərənin bir gözü bir qardaşa, digər gözü digər qardaşa məxsusdur.

Təbrizdə istədiyin şeyi adama zorla da sata bilirlər. Bir gün Bülbüllə birlikdə küçə ilə gedirdim. Bir cavan adam qabağımızı kəsib Bülbülə müraciətlə “Ağa, mən bu qəlyanaltını satıyam”.

Bülbül: – Canım, get sat.

Cavan oğlan: – Ağa, bu qəlyanaltını vallah satıyam.

Bülbül: – Gülüm, dedim ki, get sat!.. Mən çəkən deyiləm. Mənim qəlyanım yoxdur, altını neyləyirəm.

Cavan oğlan bizdən ayrıldı. Bir az sonra başqa bir yerdə yenə qabağımızı kəsdi.

Cavan oğlan: – Ağa, mən bu qəlyanaltını satıyam...

Bülbül: – Canım, get sat da... nə istəyirsən məndən...

Cavan oğlan getdi. Üçüncü dəfə yenə qabağımıza çıxdı.

Cavan oğlan: – Ağa, mən bu qəlyanaltını satıyam.

Bülbül: – Bala, qiyməti neçədir?

Cavan oğlan: – Bir tümənə...

Bülbül: – Al bala, bu sənin bir tümənin, xoş getdin. Qəlyanaltın mənə gərək deyil.

Cavan oğlan alverindən xeyli razı bizdən uzaqlaşdı. Doğrudan da heç nəyə gərək olmayan köhnə qəlyanaltını da Təbrizdə yaxşı qiymətə satmaq olarmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets