Arazın o tayında
Page 2 of 3 · 33%
Bülbül dedi: “Süleyman, bu təbrizlilər qəribə adamlardır. Bir də gördün ki, həmin bu cavan adam sabah qabağımıza çıxıb deyəcək, ağalar, mən qarpız qabıqlarını satıyam. Sənə satacaq, hünərin var alma, alacaqsan”.
Dedim ki, Təbriz qəşəng şəhərdir. Baharı çox gözəldir. Dar küçələrdən keçəndə uca barılardan başqa bir tikintini görmürsən. Lakin hər qapıdan içəri girəndə gözəlliyə heyran olursan. Barıların içərisində nəzərə çarpmayan evlər, meyvə ağacları, üzümlər, güllər, çiçəklər, gözləri oxşayır. Şəhərin ətrafındakı yoxsul evlərinin qabağında üzümlük və çiçəklik vardır.
Təbrizin qışı sərt olur. Bəzən şaxta adamı qılınc kimi kəsir. Belə qış aylarında yoxsulların halı çox ağır olur. Qışda yanacaq üçün odun çox baha satılır.
Bir az kömür tapıb kürsü quran daxmalarda ailə güclə qızına bilir. Bir dəfə şəhərkənarı məhəllələrinin birində çox acınacaqlı bir mənzərənin şahidi oldum. Bir döngədə xərək içində kişə bükülmüş bir meyit gördüm. Meyitin dövrəsində buz üstündə titrəyə-titrəyə ağlayan bir neçə oğlan və qız uşağı vardı. Yaxınlaşıb məsələylə aşina oldum. Meyit qoca bir bənnanın idi.
Yoxsullar yayda birtəhər dolana bilərdilər. Qış ayları onlar üçün çox ağır olurdu. Evlərdə yanacaq yox idi, bazarda odunun qiyməti çox baha idi.
Hətta elə evlər vardı ki, orda ailələr üstlərinə salmağa qalın yorğan belə tapa bilmirdilər.
Küçələrdə buzlar üstə ayaqyalın, başıaçıq gəzən uşaqların vəziyyəti adamı sasıdırdı.
Axşamlar dadlı yeməklərin qoxusunu ətrafa yayan restoranların qapısında dilənən oğlan, qız uşaqları adamın ürəyini yandırırdı. Biz cibimizdə nə artıq pul vardısa, bu məsum balalara verirdik. Bəzi dilənçi uşaqlar bizi öz aralarında bölüşdürmüşdülər. Məsələn, biri məni, digər dilənən uşaqlara göstərib deyirdi ki: “Siz bu ağaya yaxınlaşmayın, bu mənim ağamdır. Siz də özünüzə başqa ağa tapın”.
Bu körpələr haqqında düşünən, onları bu vəziyyətdən xilas üçün çarə axtaran hanı? Şair, gəl döz bu dərdlərə görüm necə dözürsən!
Ailənin imkanı olmadığından meyiti döngədə qoyub dəfn üçün yol keçənlərdən kömək istəyirdilər. Cibimdə olan bir neçə tüməni onlara verib ürəyi yaralı düşüncələr içərisində oradan ayrıldım. “Memarın faciəsi” poemam həmin hadisənin məhsuludur.
Sovet qoşunları İran torpağına daxil olmamışdan əvvəl kürdlərin dağlardan aşağı, şəhərlərə gəlməsi qadağan idi. Bizim İranda olmağımız bu xalqların dostluğunun möhkəmlənməsinə səbəb oldu.
Doğrudur, kürdlər ilk dəfə dəstə-dəstə Təbrizə gələndə yuxarı təbəqədən olanların kürkünə birə düşdü. Dükan-bazar bağlandı. Şəhərdə gediş-gəliş azaldı – adamlar evlərdə oturub nəyinsə baş verəcəyini gözləyirdi.
Lakin heç bir hadisə baş vermədi.
Əksinə, gözəl, əlamətdar dostluq təntənəsi nümayiş etdirildi. Bakıdan Təbrizə qastrola bir dəstə artist gəlmişdi. Sara Qədimova da onların arasındaydı.
Təbrizdə teatr binasında konsert verilirdi. Kürd xanları tavus quşu qədər rəngli libasda, belləri qəməli, silahlı lojalarda konserti dinləyirdilər.
Qurban Pirimovun müşayiətilə Sara Qədimova “Kürdün gözəli” mahnısını oxuyanda kürdlər dayana bilmədi. Öz dillərində səhnəyə afərinlər yağdırdılar. Daha sonra hamısı lojalardan çıxıb səhnəyə toplaşdılar.
Bir-birilərinin qurşağından yapışıb oxuya-oxuya yallı getdilər. Doğrudan da çox maraqlı, görməli mənzərəydi. Salondan alqış sədaları uzaqlara əks edirdi.
Bu axşam hamının xatirində dərin izlər buraxdı. Səhəri bütün şəhər əhalisi bu gözəl hadisədən danışırdı. Beləliklə, kürdlər haqqında gedən fitnəli şayiələrə son verildi.
Opera teatrımız Təbrizdə müvəffəqiyyətlə çıxış edirdi. Orucluq ayı idi, lojalarda oturanlar iftarını teatrda açırdı. Onlar üçün restoranlardan plov, kabab və qeyri-ləziz xörəklər gətirilirdi. Onlar iftar aça-aça tamaşaya baxırdılar.
Bir tamaşa zamanı teatrın foyesində gödəkboylu bir adam yanaşdı. Məni bir tərəfə çəkdi. Mən onu dərhal tanıyıb Cavadzadə yoldaş dedim. O: “Xeyr, mən Pişəvəriyəm” deyə cavab verdi. Mən onu “Bakıda Qızıl Qələmlər İttifaqı”nın fəaliyyəti vaxtından tanıyırdım. O zaman o “Kəndli” qəzetinin redaktoru idi. Onunla bir neçə dəfə görüşümüz də olmuşdu.
Pişəvəri məndən xahiş etdi ki, bizim məsul yoldaşlarla onu görüşdürüm. “Zindandan təzə buraxılmışam. Məqsədim Təbrizdə “Tüdə”ni yaratmaqdır. Burada arzuma yetməsəm Tehrana getməliyəm”.
Mən onun bu arzusunu bizim yoldaşlara çatdırdım. Yoldaşlarımız bu işə laqeyd baxdılar. Mən Pişəvərini (Cavabzadəni) yaxşı tanıdığımı, bizim adam olduğunu başa salmağa çalışırdım. Söhbətdən belə çıxdı ki, Təbrizdə olan məsul işçi yoldaşlarımızın bu böyük şəxsiyyət haqqında heç bir məlumatları yoxdur. Hətta bir nadan dedi ki, “Onu zindandan bilərək buraxıb üstümüzə göndəriblər. Şübhəli adamdır. Biz onunla görüşmək istəmirik”.
Bunu söyləyən Cənubi Azərbaycanda xeyirxah fəaliyyət göstərmək əvəzinə silah alverilə, qadınlara sataşmaqla və ciblərini doldurmaqla məşğul olan Ağa Səlim Atakişiyev (Səlim Petroviç) idi. Nə isə. Pişəvəri belə qəbuldan çox pərt oldu. Təbrizdə qalmayıb Tehrana getdi.
Yeri gəlmişkən deyim ki, həmin Ağa Səlim Təbrizdə və onun ətraf kəndlərindən silah yığmağı bir şübhəli adama tapşırmışdı. Həmin ailə vaxtilə Bakıda bizim sabiq Spasskaya küçəsində yaşayırdı.
Bir gün Mirzə İbrahimov mənə dedi ki, məni bir fəhlə ailəsi evinə qonaq çağırır. Gəl bərabər gedək. Zavallı vaxtilə Bakıda fəhləlik edirmiş. İndi də burada ehtiyac içindədir. Gəl gedək, yoxsa könülləri qırılar...
Bərabər həmin ailəyə qonaq getdik. İçəri girən kimi diksindim. Mən kimi görsəm yaxşıdır. Kor Əlini. Ağasəlim Atakişiyev üçün silah toplayan gəncin atasını. Kor Əlini...
Onlar da məni görən kimi özlərini itirdilər. Kor Əli əlbəttə, tamamilə kor deyildi. Bir gözünün qapağı yatıq idi. Bu Kor Əli Bakıda məşhur Qoçu Ağakərimin qardaşı idi. Məhlə onların əlindən göz açmazdı. Adam oğurlamaq, adam öldürmək onun əlində su içmək kimi bir şeydi. Bəli, bu evdə mənim dəmirçi atamı, əmimi və anamı tanıdıqlarını və İrana gələndən sonra polis tərəfindən soyulduqlarını bizə nəql etdilər.
Bu evdən çıxandan sonra Mirzə İbrahimova bu “fəhlə” Əli kişinin kim olduğunu açıb deyəndə mat qaldı. Atakişiyev və Kor Əli görünür ta Bakıdan çox yaxşı tanışmışlar. Ağakişiyev biz ziyalıları yaman tərif edirdi. Amma əlaltdan xeyirxah, azadixah adamlarla görüşümüzə mane olurdu. Bir dəfə mənim maşınımda Səttarxanın qardaşını yanımıza gətirdib onunla söhbət etdik. Bu münasibətlə Atakişiyev bizə min cür siyasi ləkələr vurmağa çalışırdı. Nəhayət, mən Ərdəbildə onun adamlarının qəbzlərini öz puluma dükanlardan geri alıb Təbrizdə yığıncağımızda müzakirəyə qoydurdum. Onun adamları dükanlardan şey alanda pul verməzdilər. Əvəzinə bir barmaq kağıza qol çəkib dükançıya təqdim edərdilər. Bu hadisədən sonra Atakişiyev bizi bir qədər təqib etmədi.
Bir gün xəbər gəldi ki, Sərabın Dağ kəndlərinin birində sovet adamları xanı və oğlunu öldürüb izini itiriblər. Əlbəttə, bu, düşmənlərin şayiəsi idi. O kənddə bir nəfər də sovet adamı olmurdu. Qubernator bizim ştaba bu haqda etiraz bildirdi. Həmin kəndə Həsən Şəhgəldiyevlə məni göndərdilər. Biz maşınla Səraba gəldik. Sərabda olduğumuz zaman bəzi yoldaşlarımız otaqdan, yaxud kənddən kənara çıxmırdılar. İdarə işiylə və dadlı yeməklər yeməklə məşğuldular... Bir paramız isə həyatın içərisində olmağı istəyirdik. Bizə nə tapşırıq verirdilərsə dərhal icrasına başlayırdıq. Bu dəfəki səfərdə Sərabda bir gün qalmalı olduq. Polis idarəsinə getdik. Dağ kəndinə onlarla birlikdə getməyi lazım bildik. Polis rəisi bizə əmniyələr verməkdən imtina etdi.
Dedi ki: “Kəndlərdə əmniyələrimizi tutub silahlarını alırlar. Müqavimət göstərdikdən öldürürlər də. Siz zamin olsanız birlikdə gedərik”. Biz zamin olduq ki, onların başından bir tük əskik olmayacaq. Atlara minməli olduq. Mənə bir xam at gətirdilər. Bəli, bu at bəlkə də minilməmişdi. Polis həyətində at məni az qalmışdı yerə çırpsın. Bu atı mənə bilərəkdən vermişdilər. Digər bir at gətirdilər. Təəccüblü burasıdır ki, həmin ata nə əmniyə rəisi, nə də əmniyələr mindi.
Üzü dağlara doğru hərəkət etdik. Atlarımızı sürətlə dağ yoluyla çapırdıq.
Şahgəldiyev atı bir ayaq, bir ayaq sürürdü. Çox yerdə onu gözləməli olurduq... İrəlidəki yollar bizi dağlara doğru aparırdı. Gedəcəyimiz kəndə az qalmışdı ki, əmniyə rəisi və əmniyələr atları qamçılayıb kəndə bizdən əvvəl girməyə can atdılar. Mən də atı çapdım. Onlar atları kənddə bir daxma qarşısında saxlayıb yerə endilər.
– Bu nə işdir, siz bizdən zaminlik istəyirdiniz. Necə olur ki, bizdən əvvəl kəndə girməyə cürət edirsiniz dedim. Əmniyə rəisi dedi ki, bax bu ev şurəvilərindir. Mən istədim ki, onları buradaca silahlı surətdə sizə göstərim.
Nə isə Şahgəldiyev də gəlib çıxdı. Otaqda bir neçə adam vardı. Bunlar tudəçilərdəndi.
Xan və oğlu haqqında sorğu-suala başlandı. Hamı bir ağızdan dedi ki, Xan və oğlu qaçmışdır. Onları öldürən olmamışdır.
Xanın malikanəsinə getməli olduq. Xanın evi qarət edilmişdi. Evin müəyyən yeri yandırılmışdı. Bir mangalın dalından bir nəfər yuxulu gözlərilə bizi süzdü. Bu xanın qardaşı idi. Belə bir hadisəyə baxmayaraq, tiryək çəkməklə məşğuldu. Digər otaqdan iki qadın çıxdı. Biri xanın arvadı, digəri bacısı idi. Xanın bacısı örpəyini başından götürüb ayaqlarımın altına atdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-arazin-o-tayinda
Use ← → keys to move, R for a random poem
More by this author
Şarj-nəzirə*Günlərin bir günündə
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Poems by other poets
Bir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,