Page 1 of 2

Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.

Pir baba. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (Yasəmən samavarı gətirib süfrəyə qoyur). Yasəmən, Qəmər durubdurmu?

Yasəmən. Qəmər sübh tezdən durub meşəyə gedibdir.

Pir baba. Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman meşə rütubətdir, gəzməsin, dağa çıxsın, təmiz hava udsun.

Yasəmən. Qəmər şəhərdə o qədər darıxıb, sıxılıbdır ki, buraya gələndən bəri evdə oturmaq istəmir. Deyir: Ana can, doqquz ay dərs zamanı günlərimi sanamışam ki, yay fəsli haçan gələcəkdir ki, Pir babama qonaq gedəm, doyunca meşəni, dağı, çəməni gəzəm.

Pir baba. Qoy gəzsin, yesin, içsin, hələ gəlsin. Ancaq gəzməyə yoldaşı yoxdur. Məni tutur ki, Pir baba, dur gəzməyə gedək. Deyirəm, ay qızım, babanın nə gücü qalmışdır ki, sənə yoldaşlıq etsin, sənin iti ayaqlarınla yeriş etsin. Deyirəm, səbir et, qardaşın Çinkiz gəlsin, o zaman ürəyiniz istədikcə gəziniz.

Yasəmən çay tökub Pir babaya verir.

Yasəmən. Pir baba, Qəmər ilə Çinkizi görəndə elə bil ki, dünya mənimdir. Neçə mehriban bacı-qardaşdırlar. Neçə məni sevib, ehtiramımı saxlayırlar. Çinkiz ona atalıq edir. Bax nə sənə baxdı, nə mənə, bacısını oxutdu.

Pir baba. Çinkiz çox ağıllı, kamallı cavandır.

Yasəmən. Allah sevkili ərimi əlimdən aldısa da, yerində belə oğul qoydu.

Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur.

Qəmər. Baba, sabahın xeyir.

Pir baba. Qızım, aqibətin xeyir.

Qəmər. Baba, tap görüm, mənim bu dəsmalımdakı nədir?

Pir baba. Qızım, kirpidir.

Qəmər. Vay, baba, nədən bildin?

Pir baba. Dəsmalına bax, özün bilərsən.

Qəmər (baxır). Hə, kirpinin tikanları dəsmalı dəlib çıxıbdır.

Pir baba. Bu kirpini nə edəcəksən?

Qəmər. Sənin bostanına buraxacağam.

Yasəmən. Qızım, bu heyvan bostanı tərk edər.

Qəmər. Pir baba, beləmi?

Pir baba. Yox, ağıllı qızım, fikrini anlayıram. Kirpi bostanın qurdlarını yeyib tələf edir, onu salamat saxlar.

Yasəmən. Qızım, bunu sən haradan bilirsən?

Qəmər. Mən kitabda oxumuşam, Pir baba da təbiətin içində yaşayıb, görüb-götürübdür. Baba, təzə qoruqçunu aparım bostanına buraxım. (Gedir.)

Pir baba. Yasəmən, görürsən oxumaq nə gözəl şeydir.

Yasəmən. Baba, doğru deyirsən, ancaq oxuyub elmli olandan sonra, bizim kəndli qızları öz ayağı çarıqlılarına ərə getmirlər.

Pir baba. Nə üçün getmirlər? Ürək elmə-zada baxmaz. Səni bəyzadələr istəyirdilər. Bəs nə üçün getmədin?

Yasəmən. Çünki Əlimərdanı sevirdim. Biz müsəlmança oxumuşuq. Onlar kimi elmimiz yoxdur. (Qəmər daxil olur.) Qızım, gəl otur, çayın soyuyur.

Qəmər (çay içərkən). Baba, indi tap görüm, bu çiçəkləri nə edəcəyəm?

Pir baba. Dəstə tutub otağına qoyacaqsan.

Qəmər. Yox, baba, bilmədin. Bunlardan tac hörüb sənin başına qoyacağam. Səni bu meşənin, bu bağların sultanı edəcəyəm.

Gülüşürlər.

Pir baba. A qızım, mənim bu qoca qulaqlarıma kahdan bir gəlib çatır ki, rəiyyətlər üsyan edib padşahlarını taxtdan salırlar. Sən də təzədən mənim başıma tac qoymaq istəyirsən.

Qəmər. Onlar öz rəiyyətləri ilə ədalətlə rəftar etməyiblər. Fəqət, sən öz vəzifəni çox yaxşı ifa etmisən. Ona görə də meşə əhli məni öz tərəflərindən vəkil seçib hüzurunuza göndəriblər ki, bu tacı qəbul edib onlara sultan olasan.

Gülüşürlər.

Pir baba. Qızım, bu gətirdiyin vəkalətnaməyə tülküləri, dovşanlar, kəkliklər, qırğovullar da gol çəkirlərmi?

Qəmər. Onlar tərəfindən bir qədər narazılıq oldu, fəqət, əksəriyyət səni özlərinə sultan seçdilər.

Pir baba. Qızım, bu meşənin sultanlığını qəbul edirəm, bu şərtlə ki, sən də mənə vəliəhd olasan.

Gülüşürlər.

Qəmər. Mən də qəbul edirəm. (Qapı döyülür.) Birdən Çinkiz ola!

Gedib qapını açır. Hacər xanım, Zəhra xanım, Şəmsi bəy daxil olurlar.

Hacər xanım. Qəmər, nə gözəl, nə göyçək qız olmusan. (Onu öpür.)

Yasəmən. Ah, nə əziz qonaqlarım gəlmiş. (Hacər xanım ilə görüşürlər.) Buyurunuz, buyurunuz, Pir baba çox şad olacaqdır.

Hacər xanım. Qəmər, bu mənim oğlum Şəmsi bəy, bu da qızım Zəhradır. Tanış olunuz.

Qəmər onlara əl verir, qonaqlar Pir baba tərəfə gəlirlər.

Pir baba. Hacər xanım, çox xoş gəlmisiniz, səfa gətirmişsiniz, mən qocanı yad etmisiniz, buyurun əyləşin.

Otururlar.

Hacər xanım. Züleyxa xalama qonaq gedirik, dedim dönüb sizlə görüşüm. Çoxdan bəridir ki, sizdən xəbərim yoxdur. Yaxşı oldu ki, Qəməri də gördüm, maşallah gözəl qız olubdur.

Yasəmən. Qəmər on gündür ki, dərslərini qurtarıb gəlibdir. Dedi, ana, gedək bu yay Pir babaya qonaq olaq, o da təkdir.

Pir baba. Xalisə vəfat edəndən bəri burada Topal ilə ikimiz oluruq. Yasəmən istədi məni də kəndə öz yanına aparsın, razı olmadım, çünki balıq susuz yaşaya bilməyən kimi, mən də meşəsiz ömür sürə bilmərəm.

Hacər xanım. Çinkizdən nə xəbər var?

Qəmər. Mənə yazmışdı ki, iki gündən sonra çıxacağam, gərək bu gün-sabah gəlib çıxsın.

Şəmsi bəy. Çinkiz həkimlikmi oxuyur?

Qəmər. Bəli.

Zəhra xanım. Yenə Kiyev şəhərində oxuyur?

Qəmər. Bəli, orada oxuyur.

Hacər xanım. Uşaqlar, durun gedin, bir az meşədə gəzin.

Yasəmən. Qoyun, çay təzələyim, içsinlər, sonra gedərlər.

Hacər xanım. Zəhmət çəkməyin, bir azdan sonra gedəcəyik. Xalam bizi gözləyir.

Pir baba. Nə tələsirsən? Buradan Züleyxa xanımgilə yarım saatlıq yoldur, bir az rahat olub, çörək yeyərsiniz, sonra gedərsiniz. Ona kimi də cavanlar meşədə gəzərlər. Qəmər də bu gün məni meşə sultanı tə’- yin edibdir. Təzə sultanın hökmü belədir, gərək tabe olasınız.

Gülüşürlər.

Şəmsi bəy. Meşə sultanı Pir babadan rica edirəm ki, mənə öz ormanında bir qədər ov etməyə izin versin.

Pir baba. İzin verirəm, ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən.

Şəmsi bəy. Öz tüfəngim odur faytonda, sizinkinə ehtiyac yoxdur. Xanımlar, buyurunuz.

Hacər xanım. Şəmsi, Heydərquluya de ki, atları açıb rahat etsin, bir azdan sonra gedəcəyik.

Şəmsi bəy. Yaxşı, deyərəm.

Gedirlər.

Yasəmən. Xudaya, Çinkizi də bunlarla belə mehriban görsəydim, dünyada bir qəmim olmazdı.

Hacər xanım. Yasəmən, iyirmi ildir ki, mən bədbəxt ana oğlum Çinkiz üçün göz yaşı tökmüşəm. Sənə Yasəmənə həsəd aparmışam ki, Çinkizi bağrına basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı?

Pir baba. Hacər xanım, bu günə kimi səbir etmisiniz, yenə də etməlisiniz, yoxsa cümləmizi böyük bəlaya salarsınız. İndiyə kimi sirr açılmayıbdır, bundan sonra da açılmamalıdır.

Yasəmən. Hacər xanım, mən də sizdən rica edirəm ki, məni bəlaya salmayasınız, məgər mən Çinkizə doğma ana kimi baxmamışam?

Hacər xanım. Doğru deyirsən, sən Çinkizə həqiqi analıq etmisən. Ölənə kimi sənə qul olsam, yenə də borcundan çıxa bilmərəm.

Pir baba. Hacər xanım, indi bizim sə’yimiz onda olmalıdır ki, ataları kimi cavanların da arasına ədavət düşməsin.

Hacər xanım. Pir baba, Çinkizin burada olmasının xətası çoxdur. Şahbaz bəyin qohum-əqrəbası dinc durmayacaqdır. Qorxuram onu da Əlimərdan kimi tələf edələr.

Yasəmən. Nə qədər ki, Əlimərdan tutulmamışdı, sağdı, onun qorxusundan Çinkizə əziyyət verə bilmirdilər, amma indi mən də qorxuram.

Pir baba. Hacər xanım, Çinkizin gələcəyi üçün heç fikirləşmisinizmi?

Hacər xanım. Bəli, o barədə xalam ilə danışmışam. Onun fikri odur ki, dayısı oğlu Əli bəyin qızını ona ala və cəmi mülkünü də onların adına keçirə. Əli bəyin qohum-əqrəbası çoxdur, ona heç kəs bata bilməz. Yasəmən, sən bu fikrə nə deyirsən?

Yasəmən. Mən nə deyəcəyəm? Çox gözəl fikirdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İki dost, iki düşmən

Avqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.

12 min
Mister Greyin köpəyi

Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi.

6 min
Son ümid

Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.

7 min
Bax mən buna yoxam

İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu.

7 min

Poems by other poets