Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Zülm eyləmə, qoy söyləməsinlər, can alansan.

Soldurma o gül çöhrəni, aldanma rəqibə,Öz qədrini, bil ki, nə qədər indi cavansan.

Əğyarə inanma, gözəlim, qorxuram ondan,Çox sadəsən, hər söz ki, deyirlər, inanansan.

Güldən də, çiçəkdən də, günəşdən də gözəlsən,Sən baği-məlahət yetirən sərvi-rəvansan!

Gördüm, yenə min naz ilə biganəyə baxdın,Çox şübhəyə saldın məni, bildim nigəransan.

Gör bir nə gözəllikdə yetirmiş səni tale,Həsrət çəkir aləm sənə, məşhuri-cahansan.

Vahid, bu qədər səndə ki, var eşq-məhəbbət,Dünya qocalıb getsə, çətin sən qocalansan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love