Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardım,İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.

Bir sədaqətli gözəl tapmadım aləmdə, qərəz,Bu az ömrümdə çox ətrafı gəzib axtardım.

Can hanı məndə, məni eşqdir indi yaşadan,Onu canan mənə vermişdi, yenə qaytardım.

Könlüm aldatdı məni hüsnünə məhparələrin,Sanmayın, mən bu vəfasızlara bel bağlardım.

Fələkin qəddi bükülmüşsə, mən ondan qocayam,Onda ki, yoxdu nə dünya, nə fələk, mən vardım!

Səni mən istədiyim günlər ölürdüm sənsiz,Eşqimin sirrini könlümdə nihan saxlardım.

Vahidəm, eşqdə mən indi də sabitqədəməm,Varam öz yarım ilə mən necə əvvəl vardım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love