Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,Eşqində bir ancaq mənim ömrüm hədər oldu.

Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı,Tale mənə yar olmadı, bir dərdi-sər oldu.

Mən ağladım öz halıma, biganə sevindi,Şükr eylə ki, mən qaldım, o məndən betər oldu.

Kuyində mənə zülm eləyəndən biri qalmıb,Ahım odu yandırdı, hamı dərbədər oldu.

Yıxmaqdı məni məqsədi namərd rəqibin,Bar vermədi məqsudi, bütün bisəmər oldu.

Ayrılmaz idik bir-birimizdən, aramızda,Göz dəydi bizə, bəlkə də, bir bədnəzər oldu.

Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir.Hər kim vətənin sevdi, o əhli-hünər oldu.

Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət!İnsanlıq ilə ömr eləyən bəxtəvər oldu.

Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər,Dünyaya gəlib-getdi, hayıf, bixəbər oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love