Gəl gör, ey bülbül, bu gülşəndə nə halım var mənim,Bir güli-rənayə bənd olmaq xəyalım var mənim!

Mən necə eşq aləmindən əl çəkim, səbr eyləyim,Naz ilə min can alan bir məhcəmalım var mənim?!

Aşiqə naz eyləyir, neyçin rəqibə yar olur?Yarıma yetsə əlim, ondan sualım var mənim.

Ruzigarım qoy qaralsın o qara zülfün kimi,Fəxr edib mən də deyəm, cahü cəlalım var mənim.

Çox da Yusif öz Züleyxasın görüb fəxr etməsin,Qoy gəlib görsün, necə qaşı hilalım var mənim!

Vahida, fəxrlə hər gün söylə sən öz yarına:Sevgili, istəkli bir əhli-kamalım var mənim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love