Ah, kim hər gün yetər min qəm dili-naşadimə,Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.

Gülşəni-eşqində könlüm qan olur qönçəsifət,Hər zaman kim, ey güli-rəna, düşərsən yadimə.

Bəsdir, ey gərdun, mənə hicran qəmi, təni-rəqib,Sən nə hacət daş atırsan xaneyi-bərbadimə?!

Yel dəyib hər sübhdəm eylər xəmidə qamətin,Hər zaman eylər həsəd sərv ol qədi-şümşadimə.

Qətlim üçün dəmbədəm gərdun cəfa tiğin çəkib,Həqq özü bir rəhm versin rəhmsiz cəlladimə.

Kafirəm, versəm əgər meyxanə küncün məscidə,Eybi yoxdur, qoy desinlər küfri-aləm adimə.

Vahida, bu şeri yaz, göndər hüzuri-Müznibə,Nola gər, ustaddır o, çəksə qələm iradimə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love