Gülün eşqində gərək bülbüli-nalan oxusun,Aşikar eyləməyib dərdini, pünhan oxusun!

Musiqi xadimidir bülbüli-şeyda özü də,Gərək aşiqlə bərabər edib əfğan oxusun!

Ürəfa əhlinə dünyada cəhənnəmdir o yer,Varıb ariflər olan məclisə nadan oxusun.

Əsr qiymətli əsərlər tələb eylər bizdən,Elmi əşarı gərək yaxşı qəzəlxan oxusun.

Borcumuzdur, Vətən hər sahədə əmr etsə bizə,Qoymayın tərbiyəsiz kimsəni, hədyan oxusun!

Ən gözəl nəğmeyi-Davudu düşünməz cahil,Bu muğamatı gərək elmli insan oxusun.

İki dünyadan o bir saniyə artıqdır – əgər,Aşiqin qəmli görüb naz ilə canan oxusun.

Bilməyən kimsə nə var arizi-cananda, gərək,Məktəbi-eşqdə əvvəlcə “Gülüstan” oxusun.

Qarabağdır bizim öz ölkəmizin Şirazı,Qoy bu tarixi həqiqətləri hər yan oxusun!

Hər ziyafətdə bizim adətimizdir, Vahid,Qız-gəlin şadlıq ilə oynasın, oğlan oxusun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love