Dedim: – Ey qönçdəhan, könlümü qan eyləmisən,Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən!

Dedim: – İnsaf elə, incitmə məni, aşiqinəm,Dedi: – Get, sirrimi dünyaya əyan eyləmisən!

Dedim: – Ağlatma məni sərv boyun şövqində,Dedi: – Göz yaşını bihudə rəvan eyləmisən.

Dedim: – Axır, gözəlim, bağı-baharım sənsən,Dedi: – Sən ömrünü həsrətlə xəzan eyləmisən.

Dedim: – Az çəkməmişəm gözlərinin həsrətini,Dedi: – Öz könlünü yersiz nigəran eyləmisən.

Dedim: – Eşqində əsirəm, mənə bəs xeyri nədir?Dedi: – Əvvəldən bu sevdadə ziyan eyləmisən.

Dedim: – Eşq atəşi neylər mənə, qorxan deyiləm!Dedi: – Biçarə, yanarsan, nə güman eyləmisən?!

Dedim: – Ey gül, mən əzəldən də gözəl aşiqiyəm,Dedi: – Sən ruhini eşq ilə cavan eyləmisən.

Dedim: – Hər gün səri-kuyində dolanmaqdır işim,Dedi: – Vahid, nə gözəl yerdə məkan eyləmisən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love